Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-680/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-301/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC (hazırda İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14604,54 manat əsas borc və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.02.2021-ci il tarixli e-2-2(113)-301/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili X2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında 20.06.2016-cı il tarixli 219-LD/16 saylı lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən lizinq verən 31 ədəd damazlıq heyvanı güzəştli satış dəyərini ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 il lizinqə verir, lizinq alan həmin heyvanların güzəştli satış dəyərindən 22829,49 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan 22829,54 manat məbləği isə müqavilədə göstərilən qaydada və müddətdə, yəni 2016-cı ilin 4-cü rübündə 2075 manat, 2017-ci ilin hər rübündə 2075 (cəmi 8300) manat, 2018-ci ilin hər rübündə 2075 (cəmi 8300) manat, 2019-cu ilin 1-ci rübündə 2075 manat, ikinci rübündə 2079,54 manat məbləğində lizinq ödənişlərini həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə göstərilən 31 ədəd damazlıq heyvan cavabdehə təhvil verilmişdir. İddiaçı bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və onun müqavilə üzrə 14604,54 manat borcu qalmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı qarşısında öhdəliyi yoxdur. Belə ki, lizinq obyekti olan heyvanların idarəçiliyi onun tanışı tərəfindən həyata keçirilmiş, daha sonra 9 inək tələf olmuş, şirkətin nümayəndələri və həkimlər tərəfindən həmin tələf olmuş heyvanlara baxılmış, lakin ona heç bir sığorta ödənişi edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən 22.07.2021-ci il tarixli maliyyət arayışına əsasən cavabdehin borcu 11834,54 manat təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı məhz həmin məbləğdə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehin dəlilləri, yəni 9 ədəd inəyin tələf olması və sığorta ödənişinin verilməməsi barədə dəlillər isə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 3.3-cü bəndinə görə lizinq alan damazlıq heyvanları qəbul etdikdən sonra onları zərərin bütün növlərindən qorunması, həmçinin tələf olunması, itirilməsi məsuliyyəti lizinq alanın üzərinə düşür və müqavilə öhdəliklərindən azad etmir. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və tərəflər arasında müqavilənin bağlanması barədə hər hansı bir sübutun olmaması əsası ilə iddianı rədd etmişdir. Halbuki, lizinq müqaviləsi ilk əvvəl məhkəməyə təqdim edilməsə də, cavabdeh həmin müqavilənin bağlanması halını mübahisələndirməmiş, əksinə müqavilə üzrə ona lizinqə verilmiş heyvanların sonradan tələf olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində də təsbit olunmuşdur ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan kollegiya hesab edir ki, məhkəmənin həmin hala istinad etməsi tamamilə əsassızdır. Eyni zamanda İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə tərəflər arasında bağlanmış lizinq müqaviləsi əlavə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-301/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 11834,54 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-2(103)-680/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-680/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver