Məhkəmə qərarları › İş №2-2(103)-680/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-680/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-680/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 12 may 2025-ci il tarixli, e-2-2(113)-1328/2025 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 41300 manat əsas borcun, 8838,2 manat məbləğində dəbbə pulu, 16106 (on altı min yüz altı) manat əldən çıxmış fayda məbləğinin, 2000 manat vəkil qonorarı xərcinin, 275 manat dövlət rüsumunun, ümumilikdə 68519,20 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, e-2-2(113)-1328/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 41.300 manat, cərimə borcu üzrə 2.000 manat olmaqla, ümumilikdə 43.300 manat məbləğində pulun, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 219 manat 90 qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təqdim edərək müddətin bərpa edilməsi və şikayətin baxılması üçün göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 may 2025-ci il tarixli, e-2-2(113)-1328/2025 nömrəli qərardadı ilə Cavabdeh MMC-nin ərizəsi rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, e-2-2(113)-1328/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin 12 may 2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şirkətin nümayəndəsi direktor olaraq yeni təyin edilib və fəaliyyəti işçilərin əmək haqqlarının ödənilməsi, klinikanın maliyyə vəziyyətinin düzəldilərək ölkə iqtisadiyyatına fayda verməkdir. Asan imzanın mövcudluğu halında avtomatik olaraq elektron məhkəmə informasiya sistemində kabinet yaradılmış olur. Lakin elektron kabinet yaradılarkən e-mail və mobil nömrə vasitəsi ilə qeydiyyatdan keçmə kimi yenilik gətirilmişdir. Qətnamənin elektron kabinetə yerləşdirilməsi o halda rəsmi qaydada təqdim edilmə sayıla bilərdi ki, mobil nömrə və elektron poçt vasitəsi ilə qeydiyyatdan keçilmiş olunardı. Lakin qeyd edilən prosedurlar yalnız icra məmuru tərəfindən cavabdehə zəng edildikdən sonra sistemə daxil olunarkən edilmişdir. Elektron məhkəmə informasiya sisteminə daxil olarkən bu cür qeydiyyat prosedurunun tələb edilməsi onu təsdiq edir ki, həmin qətnamə və məhkəmə işindən cavabdehin xəbəri ola bilməzdi. Çünki mobil nömrəyə sms bildiriş gəlməmiş, e-mail ünvanına hər hansı bildiriş gəlməmişdir. İndiki direktor klinikanın keçmiş direktoru tərəfindən aldadılmış və bütün gəliri hazırda klinikanın fəaliyyətinin normallaşdırılması üçün səfərbər edilib. Qeyd edilən qətnamənin çıxarılması və cavabdehin ondan şikayət vermə imkanının əlindən alınması klinikanın çökməsinə səbəb olacaqdır. Nəticədə hüququn ali məqsədi olan ədalətin bərpasına da nail oluna bilməyəcəkdir. Halbuki apellyasiya şikayətində qətnamənin əsassız olmasına dair kifayət qədər dəlillər irəli sürülmüşdür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1328/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, e-2-2(113)-1328/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdeh "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Digər tərəfdən EMİS-dən çıxarışlara əsasən o da müəyyən edilir ki, cavabdeh "xxxx" MMC-nin “Elektron Məhkəmə” İnformasiya sistemində elektron kabineti mövcud olsa da, sistemdə qeydiyyata alınmış elektron ünvanı (e-mail), mobil telefon nömrəsi və s. yoxdur. MPM-in: 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Yuxarıda göstərilən normanın məzmunundan da göründüyü kimi məhkəmə sənədlərinin elektron qaydada çatdırılmış hesab edilməsi üçün onlar işdə iştirak edən şəxslərin və ya onların nümayəndələrinin “elektron kabinet”lərində yerləşdirilməklə yanaşı sonunculara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmalıdır. Hazırkı halda isə cavabdeh "xxxx" MMC-nin Elektron Məhkəmə” İnformasiya sistemində elektron kabineti olsa da, elektron poçt ünvanının, mobil telefon nömrəsinin sistemdə qeydiyyata alınması iş materialları ilə öz təsdiqini tapmadığından qətnamənin cavabdehin elektron kabinetinə yerləşdirilməsi 135.8-ci maddəsinin tələbləri baxımından rəsmi qaydada verilmə kimi qiymətləndirilə bilməz. MPM-nin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizənin rədd edilməsi barədə gələrkən göstərilən halları nəzərə almamış, qətnamənin cavabdeh "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilməsini rəsmi qaydada verilmə hesab etmişdir. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda göstərilənlər nəzərə alınmaqla müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 12 may 2025-ci il tarixli, e-2-2(113)-1328/2025 saylı qərardadı ləğv edilsin. Prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar