Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-681/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı (Maraqlı şəxs) «müqavləyə xitam verilməsi, həmin müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-745/2020 saylı xx xxxxxx 2020-ci il tarixli Cavabdeh QSC-nin qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə qərardadından həmin QSC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC Cavabdeh QSC-yə qarşı (Maraqlı şəxs) «müqavləyə xitam verilməsi, həmin müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh QSC də, həmçinin, İddiaçı MMC-yə qarşı “lizinq müqaviləsinin və ona əlavənin ləğv edilməsi, borcun tutulması və sair tələblərinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-745/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh QSC həmin qərardaddan şikayət verərək ləğv edilməsini və qarşılıqlı iddiasının icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, elektron kabinet vasitəslə qarşılıqlı iddia vermək imkanı olmamış və bu onun təqsiri üzündən deyil e-məhkəmə informasiya sistemində yaranmış texniki problemlər üzündən baş vermişdir. Bundan başqa, məhkəmənin istinad etdiyi MPM-in 156-cı maddəsində qarşılıqlı iddianın elektron qaydada təqdim edilməməsinin, eyni zamanda, 152-ci maddəsində iddianın qaytarılması əsasları müəyyən edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 376.2 və 397.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, prosessual qanunvericiliyin tələblərini nəzərə alıb belə hesab edir ki, iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə kommersiya xarakterli mübahisədir. Belə olan halda MPM-in qüvvədə olan: 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsi məhkəməyə qanunvericiliyin qeyd olunan tələblərinə zidd olaraq verilmişdir. Yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir. Şikayətin birinci dəlilinə görə iddiaçının elektron kabinet vasitəslə qarşılıqlı iddia vermək imkanı olmamış və bu onun təqsiri üzündən deyil, e-məhkəmə informasiya sistemində yaranmış texniki problemlər üzündən baş vermişdir. Birincisi, şikayətin qeyd olunan dəlillləri sübutlarla əsaslandırılmamışdır. Digər tərəfdən, qarşılıqlı iddianın verildiyi dövrü əhatə edən zaman çərçivəsində məhkəmə praktikasında, Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarından “eməhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə kifayət qədər iddia ərizələri və şikayətlər verilmiş və həmin şikayətlər baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə də göndərilmişdir. Bu baxımdan, ilkin iddia ərizəsi üzrə məhkəmə icraatının hazırlıq mərhələsində, şikayətçi lizinq təşkilatının “e-məhkəmə” informasiya sistemində elektron kabinet yaratması üçün vaxtı və imkanının olmaması heç də ağlabatan görünmür. Məhkəmə kollegiyası şikayətin, MPM-in 156-cı maddəsində, qarşılıqlı iddianın elektron qaydada təqdim edilməməsinin əsasının nəzərdə tutulmadığını, 152-ci maddəsində isə iddianın qaytarılması əsaslarının göstərilmədiyini mübahisələndirən dəlilləri ilə də razılaşmır. Belə ki, MPM-in 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 151.1-ci maddəsinin tələbi ilə müəyyən edilən ümumi qayda isə ondan ibarətdir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Əks halda, yəni, bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyi halda, iddianın məhkəmə icraatı mümkünlüyü istisna edilir. Bu Məcəllənin 10.1.1-10-3.1-ci maddələrinin qeyd olunan imperativ tələblərindən isə göründüyü kimi, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, e-məhkəmə informasiya sistemi ilə aparılır, bu zaman proses iştirakçıları tərəfindən bütün sənədlərin, o cümlədən, iddia ərizəsinin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Ən azından, MPM-in qeyd olunan 10-1-ci maddəsi ilə kommersiya mübahisələri üzrə iddia ərizəsinin məhkəməyə göndərilməsinin başqa forma və qaydası nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən isə iddia ərizəsinin məhkəməyə təqdim edilməsinin qeyd olunan formasına riayət olunmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən MPM-in 152.1.1-ci maddəsinə istinadən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması heç də prosessual qanunvericiliyin tələbərinə zidd sayıla bilməz. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən, MPM-in 151.1-ci maddəsinin tələbi baxımından, qarşılıqlı iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədyindən, onun məhkəmə icraatını mümkün saymaya da bilərdi. Hətta belə olan halda belə, məhkəmə icraatı mümkün sayılmayan iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Göründüyü kimi, hər bir halda, məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılması prosessual qanunvericilyin tələblərinə tam cavab verir. Beləliklə də, məhkəmə kollegiyası Cavabdeh QSC-nin şikayətinin birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-745/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddia ərizəsinin geri qaytarılması barədə məhkəmə qərardadlarından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh QSC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-745/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-681/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-681/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver