Məhkəmə qərarları › İş №2-2(103)-682/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-682/2020

03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-682/2020 03.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı “İddiaçı" MMC-nin cavabdeh "Cavabdeh" Gənclərin X2 qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1448/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “İddiaçı" MMC cavabdeh "Cavabdeh" Gənclərin X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16339,60 manat əsas borcun və 81.698,00 manat hesablanmış dəbbə pulunun, cəmi 98.037,60 manat məbləğində borcun, eyni zamanda 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında xx.xx.2017-ci il tarixində bağlanmış M- 207/X1/2017 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh (alıcı) elektron qaiməfakturalar və müvafiq hesab-faktura ilə birgə 16.339,60 manat məbləğində malları qəbul etməsinə malı qəbul etməsinə baxmayaraq, satıcı(iddiaçı) qarşısında öhdəliklərini icra etməmiş, malın dəyərini ödəməmiş 500 gün gecikdirmişdir. İddiaçı hesab edir ki, həmin borc məbləği və ödəmənin gecikdirildiyi 500 gün üçün, müqavilənin 6.2-ci bəndinə müvafiq olaraq hər günə 1% olmaqla, 81.698,00 manat məbləğində dəbbə pulu cavabdehdən onun xeyrinə tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1448/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Gənclərin X1 16.339,60 manat ödənilməmiş borc, 160,40 manat dəbbə pulu, ümumilikdə, 16.500,00 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5,05 manat məbləğində pul tutularaq, iddiaçı “İddiaçı" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə qətnamənin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə 160,40 manat dəbbə hissəsində əsassız və qeyri obyektivdir. Belə ki, cavabdeh qəsdən ödənişdən yayınaraq borcunu ödəmiş və nəticədə sözügedən vəsaiti yenidən dövriyə buraxa bilmədiyimizdən şirkətimizə külli miqdarda maddi ziyan dəymişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşaıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlilərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcu hisssəsində mübahisələndirilir. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiysı hesab edir ki, işə iddiaçının şikayəti həddində, yəni, qətnamənin əsasslılığı iddiaçı tərəfindən mübahisələndirilən hissəsində yoxlanılmalıdır. İddia tələbindən göründüyü kimi, iddiaçı 16.339,60 manat əsas borc tələbi ilə yanaşı 81.698,00 manat məbləğində dəbbə pulunun da ödənilməsini tələb etmiş, məhkəmə onun əsas borc tələbini tam təmin etmiş, dəbb pulu tələbi hissəsində isə Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməklə, həmin hissədə iddianı qismən, 160,40 manat məbləğində hissəsində təmin etmişdir (Həmin məbləğ əsas borcun 100 dəfə azaldılmış hissəsini təşkil edir). Tərəflər arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin 6.2bəndindən görünür ki, alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcı gecikdirilmiş məbləğin hər günü üçün 1% (bir faiz) dəbbə (cərimə) pulunu alıcıdan tələb etmək hüququ vardır. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən müqavilənin qeyd olunan bəndinə istinadən cavabdehə ödəmənin gecikdirildiyi 500 gün üçün 81.698,00 manat məbləğində dəbbə pulu hesablamışdır. Həmin müddəti isə 1 il 4 aylıq olan müddəti əhatə etməklə müqavilə müddətindən də kənara çıxır. Alqı-satqı müqaviləsinin 2.3-cü bəndindən görünür ki, mallar elektron qaimələr və hesab fakturalar üzrə təqdim edildiyi gündən ən geci 15 gün ərzində alıcı tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 9-cu bəndindən isə görünür ki, müqavilə bir il müddətinə bağlanmışdır. 2017-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2018-ci ilin dekabr aylarında verilmişdir. İddiaçı tərəfindən isə dəbbə pulu hesablanarkən qeyd olunan müqavilə şərtləri nəzərə alınmamışdır. Eyni zamanda, dəbbə pulunun hər gün üçün 1%-dən hesablanmasının nəzərdə tutulması da qarşılıqılı olaraq, tərəflərin əmlak mənafeyinə mütənasib hesab edilməsi də ağlabatan deyil. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hər bir halda, məhkəmə kollegiyası olunanlar baxımından, birinci instansiya məhkəməsinin tərəfindən Mülki Məcəllənin sözügedən norması nəzərə alınmaqla, iddiaçının ödənilməsini tələb etdiyi dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab edərək dəbbə pulu məbləğini azaltmaq mövqeyinə gəlməsi ilə razılaşsa da, bu azaldılmanı 160,40 manat həddində müəyyənləşdirməsini iddiaçının əmlak mənafeyinə tənasübsüz hesab edir. Bu mənada, məhkəmə kollegiyası dəbbə pulunun məbləğini, 16.339,60 manat əsas borcun 10 faizi miqdarında müəyyən edilməsini, yəni, 1 634 (16.339,60x10%) manat dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qarşılıqlı şəkildə hər iki tərəfin əmlak mənafeyinə uyğun olan ədalətli nəticə kimi qiymətləndirir. Beləliklə də məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsinin dəbbə pulu hissəsində əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1448/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilməli və onun xeyrinə cavabdehdən 16.339,60 manat əsas borc, 1.634,00 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 5 manat, ümumilikdə 17.978,60 manat tutulması və iddianın qalan hissədə rədd olunması qət olunmalıdır. MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən və MPM-in 372, 382, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı “İddiaçı" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1448/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh Gənclərin X1 iddiaçı “İddiaçı" MMC-nin xeyrinə - 16.339,60 manat əsas borc, 1.634,00 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat, ümumilikdə, 17.978 (on yeddi min doqquz yüz yetmiş səkkiz) manat 60 qəpik tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müdətində Bakı Apellyasiya Məhkəməsi Vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar