Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-682/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-249/2022 nömrəli qətnaməsindən (hakim Aytən Əliyeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 97 nörmrəli müqavilənin ləğv edilməsi və müqavilənin baş tutmaması ilə əlaqədar təqdim edilmiş fakturaların ləğv edilməsi (qaimə, eqaimə, hesab fakturaların) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli, 97 nörmrəli müqavilədən görünür ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında təmir tikinti materiallarının alqı-satqısı barədə razılaşma əldə edilmiş və bunun əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 124407,70 manat pul köçürülmüşdür. Lakin sonradan məlum olmuşdur ki, həmin müqavilə üzrə tərəflərin iradə ifadəsi olmamış, bundan rəhbər şəxslər məlumatsız olmuş və bununla bağlı istintaq orqanında da araşdırma getmiş, həmin araşdırma zamanı bu faktlar öz təsdiqini tapmışdır. Bundan sonra tərəflər arasında olan xx.xx.2017-ci il tarixli, 97 nörmrəli müqavilənin ləğv edilməsi ilə bağlı Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdə müraciət edilərək 7 gün müddətində qarşılıqlı razılıq əsasında müqavilənin ləğv edilməsi xahiş edilmiş, lakin bugünə qədər cavab verilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e-2-2(113)-249/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022, 2-2(113)-249/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə bağlandıqdan sonra iddiaçı tərəf öz öhdəliyini yerinə yetrimiş və 124407.70 manat pulu cavabdehin hesabına köçürmüşdür. Qarşı tərəf isə öz vəzifəsini yerinə yetirməkdən yayınmış və malı alıcıya çatdırmaqdan boyun qaçırmışdır. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd edilən maddi hüquq normaları əsas verir ki, iddiaçı tərəf müqavilənin və ona bağlı olaraq ödənilmiş məbləğin ləğv edilməsini və ona dəymiş zərərin ödənilməsini cavabdehdən tələb etsin. Məhkəmə qanunun tələblərini pozmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci iltarixli, 97 nörmrəli müqavilə qarşı tərəf öhdəliklərini yerinə yetirmədiyi və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün ləğv edilməlidir. Əlavə olaraq bildiririk ki, Bakı Kommersiya Məhkəməsinin iddia tələbində fakturaların ləğv edilməsi tələb olunmasına baxmayaraq həmin sənədləri təqdim etməmişdir qeydi də əsassızdır. Belə ki, elektron məhkəmə portalında işə dair sənədlər siyahısında həmin qəbzin mövcud olduğunu görə bilərsiniz. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsinin elektron kabinetinə məhkəmə iclasının vaxtı barədə bildiriş yerləşdirilsə də, cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2 (103)-682/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, e-2-2(113)-249/2022 saylı qətnaməsi qismən-xx.xx.2017-ci il tarixli, 97 nörmrəli müqavilə üzrə təqdim edilmiş fakturaların (qaimə, e-qaimə, hesab fakturalar) ləğv edilməsi barədə iddia tələbinin rədd edildiyi hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)- 249/2022 saylı qətnaməsi müqavilənin ləğv edilməsi barədə iddia tələbinin rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti bu hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 yanvar 2017-ci il tarixli 97 saylı alqı-satqı müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya təmir tikinti materialları satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 7.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə 01 yanvar 2017-ci il tarixindən 01 yanvar 2018-ci il tarixinədək qüvvədədir. Müqavilənin qüvvədə olma müddətinin qurtaracağı tarixdən 10 gün əvvəl tərəflər müqaviləyə xitam veribverməyəcəkləri barədə digər tərəfə yazılı məlumat verməyəcəkləi halda mövcud müqavilə daha bir il müddətinə uzadılmış hesab ediləcəkdir. İşdəki iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda iddiaçı xx.xx.2017-ci il tarixdə ödənilmiş 124407,70 manat vəsaitin müqabilində mallar təqdim edilmədiyi üçün ödənilmiş məbləğin geri qaytarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə müqavilənin 7 iş günü ərzində qarşılıqlı rzılıq əsasında ləğv edilməsinə dair ərizə göndərilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə vəsatət ünvanlayaraq Cavabdeh MMC-nin müflisləşməsi ilə bağlı məhkəmə mübahisəsi olduğundan iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi aşağıdakı normalara istinad edərək hesab etmişdir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəyə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı müqavilənin ləğv olunmasına dair iddia tələbini tərəflərin həmin müqaviləni bağlamaq niyyətlərinin olmaması, həmin müqavilədən rəhbər şəxslərin məlumatsız olması ilə əsaslandırmışdır. Əqdin səlahiyyətsiz şəxslər tərəfindən və tərəflərin iradə ifadəsinə uyğun olmadan bağlanması onun ləğv edilməsi üçün yox, etibarsız hesab edilməsi üçün əsas ola bilərdir. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin ləğv edilməsi əsasları MM-in 421-ci maddəsində nəzərdə tutulduğundan, iddiaçı tərəf iddia ərizəsində həmin əsaslara istinad etmədiyindən, iddiaçının istinad etdiyi hallar isə müqavilənin məhkəmə qaydasında ləğv edilməsi üçün əsas olmadığından iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin əsasını dəyişərək tərəflər arasında bağlanmış müqavilənin cavabdehin öz əhdəliyini icra etməməsi və ödənilmiş pul müqabilində malların təqdim edilməməsi əsası ilə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, aşağıdakı normalara əsasən iddianın əsasının apellyasiya baxışı mərhələsində dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. İstinad edilən normaların tələblərinə əsasən iddianın əsasının yalnız birinci instansiya məhkəməsində və yalnız işin məhkəmə baxışına hazırlanması mərhələsində dəyişdirilməsi mümkün olduğundan iddiaçının birinci instansiya məhkəməsində irəli sürmədiyi yeni əsaslar və dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilənin iddiaçının möhürü ilə təsdiq edildiyini, müqavilədəki imza və möhürün iddiaçıya aid olduğunun mübahisələndirilmədiyini, həmin müqavilə üzrə qarşı tərəfə ödəniş edildiyini nəzərə alaraq qeyd edilən müqavilənin iddiaçının iradə ifadəsinə uyğun bağlanmış etibarlı əqd olduğuna dair nəticəyə gəlir və hesab edir ki, iddia ərizəsində qeyd edilmiş əsaslar (müqavilənin bağlanmasında tərəfin iradə ifadəsinin olmaması, hüquqi şəxsin rəhbərinin müqavilə barədə məlumatı olmaması) tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə izah edir ki, iddiaçı 01 yanvar 2017-ci il tarixli 97 saylı alqı-satqı müqaviləsinin 7.1-ci bəndinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtaracağı tarixdən (xx.xx.2023-cü il) 10 gün əvvəl müqaviləyə xitam vemək niyyətində olduğuna dair qarşı tərəfə müraciət etmək və bununla da həmin müqaviləyə xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada xitam vermək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-249/2022 saylı qətnaməsi müqavilənin ləğv edilməsi barədə iddia tələbinin rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti bu hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-249/2022 saylı qətnaməsi müqavilənin ləğv edilməsi barədə iddia tələbinin rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti bu hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-682/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-682/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver