Məhkəmə qərarları › İş №2-2(103)-684/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-684/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-684/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq borcunun ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-331/2022 nömrəli iş üzrə 06 may 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında "xxxx" ASC-yə məxsus damcılı suvarma sistemi üçün avadanlıqların quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə xx.xx.2012-ci il tarixli 32- LA/12 nömrəli müqavilə bağlanmışdır.

2. xx.xx.2012-ci il tarixli 32-LA/12 nömrəli müqavilənin: 1.1-ci bəndinə görə, lizinq verən (iddiaçı) ümumi məbləği 641.500 manat olan, bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən avadanlıqların quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş (2 nömrəli əlavə) qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə verir; 1.2-ci bəndinə əsasən, lizinq alan avadanlığın dəyərindən 64.150 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür; 4.1-ci bəndinə görə, lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə No 2) uyğun olaraq ödənişləri həyata keçirir; 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir; 4.3-cü bəndinə görə, hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər.

3. xx.xx.2012-ci il tarixli 32-LA/12 nömrəli müqavilənin 2 nömrəli əlavəsində əvvəlcədən ödənilmiş 64.150 manat nəzərə alınmaqla, tərtib edilmiş ödəniş qrafikinə əsasən lizinq alan tərəfdən ödənilməli olan məbləğlər əks etdirilmişdir.

4. "xxxx" ASC-yə məxsus, Quba rayonu ərazisində 200 ha sahədə quraşdırılmış damcılı suvarma sistemi avadanlığının lizinq alana təhvil verilməsi barədə xx.xx.2012-ci il tarixli akta əsasən, avadanlıq cavabdehə istifadəyə tam hazır işlək vəziyyətdə təhvil verilmiş, cavabdeh aktı imzası ilə təsdiq etmişdir.

5. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına görə, xx.xx.2012-ci il tarixli 32-LA/12 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya olan gecikdirilmiş əsas borcu 200.800 manat, cərimə borcu 127.318 manat təşkil edir. Qrafiklər üzrə cavabdeh tərəfindən 121.500 manat ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli 32- LA/12 nömrəli müqavilə üzrə 200.800 manat gecikdirilmiş əsas borc, hesablanmış 127.318 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 328.468 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-331/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2012-ci il tarixli 32- LA/12 nömrəli lizinq müqaviləsi üzrə əsas borc üzrə 200.800 manat, cərimə borcu üzrə 10.400 manat olmaqla cəmi, 211.200 manat məbləğdə pulun və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 350 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Qətnamənin əsaslarına görə, “... iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun əsas borcu və cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə xx.xx.2012-ci il tarixli 32-LA/12 nömrəli müqavilə üzrə 200.800 manat gecikdirilmiş borcu mövcuddur və belə olan halda əsas borcun tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş dispozitiv şərtlər mövcud olduğundan iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. ... Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 200.800 manat məbləğində əsas borcuna münasibətdə 10.400 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.”

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747, 748-1, 462 və 467-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni dəyişdirərək, tətbiq olunmuş 10.400 manat məbləğdə cərimənin ləvğ edilməsini xahiş etmişdir.

11. Şikayətin dəlillərinə görə, məhkəmə hazırkı münasibətlərdə cərimənin tətbiqinə əsas yaradan hüquqi əsasa istinad etməmişdir. Belə ki, yuxarıda qeyd edilən maddəyə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilməlidir. Lakin nə məhkəmənin qərarında, nə də iddia ərizəsində cəriməyə əsas yaradan müqavilə normasına istinad edilməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarı: “Hüquq ədəbiyyatında lizinqin əsasən 2 növü fərqləndirilir: 1) əməliyyat (operativ) lizinqi; 2) maliyyə lizinqi. Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. ... Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir.”

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apelyasiya baxışının hədləri

19. İddiaçı apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsini yalnız dəbbə pulu hissədə, qismən mübahisələndirərək, həmin hissədə dəyişdirilməsini xahiş etdiyindən, məhkəmə aktı da eyni hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. İşdə olan mötəbər sübutların məcmusu (lizinq müqaviləsi, təhvil-təslim aktları, maliyyə arayışı) və cavabdehin sözügedən halları münahisə etməməsi ilə təsdiq olunur ki, iddiaçı tərəfindən lizinq müqaviləsinə əsasən avadanlıqlar cavabdehə təhvil verilmiş, lakin sonuncu müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya müqavilə üzrə əsas və dəbbə borcu yaranmışdır.

22. Bu kontekstdə, lizinq müqaviləsinin şərtlərinə və təyinatına uyğun vəziyyətdə ona təhvil verilən lizinq obyekti əmlakdan istifadəyə görə müqavilə ilə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, lazımınca icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu, o cümlədən dəbbə pulu borcunu ödəməlidir.

23. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki, qətnamədə lizinq müqaviləsinin müvafiq bəndinə istinad edilməməsi mübahisəni mahiyyəti üzrə düzgün həll edən qətnamənin ləğvinə yaxud dəyişdirilməsinə əsas təşkil etmir. İşdə olan xx.xx.2012-ci il tarixli 32-LA/12 nömrəli lizinq müqaviləsindən göründüyü kimi, həmin müqavilənin 4.2-ci bəndi ilə nəzərdə tutulmuşdur ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

24. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilən qismi ilə əlaqədar gəldiyi nəticə yoxlanılan hissədə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlili işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-331/2022 nömrəli iş üzrə 06 may 2022ci il tarixli qətnaməsi yoxlanılan - cərimə borcu üzrə 10.400 manat məbləğdə pulun ödənilməsi - hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar