Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-684/2025 04.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-4107/2025 saylı qərardadından iddiaçıların nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Aqrar Sığorta Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Aqrar Sığorta Fondundan BS-**********- AS nömrəli sığorta şəhadətnaməsi üzrə 55680 manat sığorta ödənişin və 259 manat dövlət rüsumunun (məhkəmə xərcinin) cəmi 55939 manat pul vəsaitinin tutulub sığortalı İddiaçı2 verilməsi, cavabdeh Aqrar Sığorta Fondundan BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 134400 (yüz otuz dörd min dörd yüz) manat sığorta ödənişinin və 426 manat dövlət rüsumunun (məhkəmə xərcinin) cəmi 134826 (yüz otuz dörd min səkkiz yüz iyirmi altı) manat pul vəsaitinin tutulub sığortalı İddiaçı3 verilməsi, cavabdeh Aqrar Sığorta Fondundan BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 40000 manat sığorta ödənişinin və 211 manat dövlət rüsumunun (məhkəmə xərcinin) cəmi 40211 manat pul vəsaitinin tutulub sığortalı İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4107/2025 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçıların nümayəndəsi və vəkili X6 şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4107/2025 nömrəli qərardadının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4107/2025 nömrəli qərardadına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş, iddiaçılara hazırkı iddia ilə məhkəmə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Ödənilmiş dövlət rüsumlarının iddiaçılara geri qaytarılması qərardadda göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən iddiaçılar tərəfindən eyni tələblə (eyni tərəfə qarşı) Gəncə Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin (sədrlik edən Ə.N.Məmmədli) xx.xx.2025-ci il tarixli, e-2- 2(115)-388/2025 nömrəli qərardadı ilə iddiaçıların cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. X5 Məhkəməsi də eyni tələblə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğumuzu qərardadda göstərmişdir. Birinci instansiya məhkəməsinin sözügedən qərardadından Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir və Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli,2-2(104)-59/2025 nömrəli qərardadına əsasən şikayət təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 388/2025 nömrəli qərardadı ləğv edilmiş və iş qanunvericiliyin tələblərinə əməl edilərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Gəncə Kommersiya Məhkəməsinə qaytarılmışdır. Hər iki məhkəmənin qərardadları Bakı Kommersiya Məhkəməsinə verilən iddia ərizəsinə əlavə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin mövqeyi bundan ibarət olmuşdur ki, hazırki mübahisə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə görə tərəflərin xüsusi hüququnun bərabər hüquqlu subyekti kimi iştirakçısı olduqları müqavilə münasibətlərindən irəli gəldiyindən mülki mühakimə icraatı qaydasında baxılmalı olan iddialara aiddir. Həmin qərardad hal-hazırda qüvvədədir və birinci instansiya məhkəməsi həmin qərardadı mübahisələndirmək səlahiyyətlərinə malik deyildir. Bir sözlə gedən proseslər onu deməyə əsas verir ki, hazırki iddia ərizəsinə inzibati məhkəmə tərəfindən deyil, məhz müki mühakimə icraatı qaydasında kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4107/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəmə iddia ərizəsini yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina edərkən gəldiyi nəticəni “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq bağlanmış aqrar sığorta müqaviləsi üzrə sığorta ödənişinin tam və ya qismən verilməsi və ya verilməsindən imtina edilməsi aqrar sığorta orqanı (Aqrar Sığorta Fondu) tərəfindən qəbul edilən və inzibati akt hesab edilən qərar əsasında həyata keçirilməsi, hazırkı iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət edilməli olması, yəni hazırkı mübahisəyə mülki mühakimə icraat qaydasında baxılmalı olmaması ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, “Aqrar Sığorta haqqında “AR Qanununun 6.5-ci maddəsinə görə aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir. 6.6-cı maddəsinə əsasən aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Aqrar sığorta müqaviləsi elektron sənəd formasında da bağlana bilər. Sığorta müqaviləsi üzrə aqrar sığortalı tərəfindən sığorta haqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Aqrar sığorta müqaviləsi aqrar sığorta informasiya sistemində qeydə alınır. “İnzibati və mülki mübahisələrdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 4-cü bəndinə görə isə inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi mübasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin qərarın 5.1-ci maddəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 5.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbləri iddiaçıların Aqrar Sığorta Fondu (aqrar sığortaçı) ilə bağladıqları aqrar sığorta müqavilələrinə əsaslanaraq irəli sürdükləri sığorta ödənişlərinin tutulmasından ibarət olmaqla iddianın predmetini sığorta müqaviləsi üzrə sığortalının sığorta ödənişini tələbetmə hüququ təşkil edir. Odur ki, cavabdeh Aqrar Sığorta Fondu qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs olsa belə, hazırkı halda tərəflər arasında mübahisəli hüquq münasibətləri cavbadehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi həyata keçirdiyi inzibati orqana xas olan fəaliyyətindən deyil, xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) qismində bağladığı sığorta müqavilələrindən irəli gələn mülki xarakterli münasibətlərdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi mübasibət olduğunu “İnzibati və mülki mübahisələrdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Plenumunun qərarının 4 və 5-ci bəndlərinin tələblərinə uyğun olaraq müəyyənləşdirməmiş, nəticədə iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması barədə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Odur ki, hazırkı halda şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-4107/2025 saylı qərardadı ləğv edilsin, iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-684/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-684/2025
04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver