Məhkəmə qərarları › İş №2-2(103)-687/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-687/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-687/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" şirkətinin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə yük daşıma xidmətinin dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1451/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs "xxxx" MMC) məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli MGL/HDS/011217 nömrəli “Daşınma və gömrük xidmətləri üzrə ümumi müqavilə”nin şərtlərinə əsasən onun göstərdiyi ekspeditor (yük daşıma) xidmətlərinə görə cavabdeh tərəfindən ödənilməmiş cəmi 5.762,49 manat məbləğdə xidmət haqqı borcunun, o cümlədən hazırkı iddiaya görə onun tərəfindən mediasiya (dövlət rüsumu) üçün çəkilmiş cəmi 100 manat miqdarda xərcin və vəkil (nümayəndə) üçün çəkilmiş 310 manat xərcin cavabdehdən tutulub onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixli ümumi müqaviləyə əsasən 3.230,19 manat məbləğdə xidmət haqqının, mediasiya xərcinə görə 66,33 manatın və vəkilin göstərdiyi yardıma görə 310 manatın, cəmi 3.606,52 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qismən təmin edilmiş hissədə ləğv edilərək, iddianın tam rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, qətnamə iddia müddətinin tətbiqi hissəsində qanuni və əsaslı deyil. Belə ki, qətnamədə iddia müddətinin keçmədiyi göstərilsə də, bu hal əsaslandırılmayıb. Halbuki, adi riyazi hesablama yolu ilə xx.xx.2018-ci il tarixli LLC23350 nömrəli invoys və onun əsasında təqdim edilmiş xx.xx.2018-ci il tarixli EAAH 008756 nömrəli elektron qaimə üzrə iddia müddətinin keçdiyi asanlıqla müəyyən edilir. Məhkəmə baxışında iddiaçının ona verilmiş konkret "Borc hansı tarixdən gecikdirilir" sualına "xx.xx.2018-ci il tarixli LLC23350 nömrəli invoys və onun əsasında təqdim edilmiş xx.xx.2018-ci il tarixli EAAH 008756 nömrəli elektron qaimənin təqdim edildiyi tarixdən" cavabı iddia müddətini keçdiyini təsdiq edir. Başqa sözlə, hüququnun pozulduğu və iddia müddətinin axımının başlandığı gün iddiaçıya məlumdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia təmin olunan hissədə ləğv edilərək, həmin hissədə də iddianın rədd olunması xahiş edildiyi, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissəyə, tərəflər arasında mübahisəsiz olduğundan, toxunulmamalı, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə yalnız iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə MGL/HDS/011217 nömrəli Daşınma və gömrük xidmətləri üzrə ümumi müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, ekspeditor (iddiaçı) müqavilənin 3-cü bəndində müəyyən edilmiş pul məbləğinə ve müştərinin (cavabdeh) hesabına müştərinin sifarişi ilə yüklərin beynəlxalq daşınmasını təşkil etmək, daşınma haqqında müqavilə bağlamaq (müştərinin adından, ya da öz adından), daşınma üçün lazım olan sənədlərin alınması, yaxud onların rəsmiləşdirilməsi, məsələn: nəqliyyat qaimələri, konosamentlər, avia qaimələr və dəmiryol qaimələri, gömrük və ya digər rəsmiləşdirmələrin təşkili, yükvurma-yükboşaltma işlərinin yerinə yetirilməsi, yükün kəmiyyətinin və keyfiyyətinin yoxlamasının həyata keçirilməsi, yükün saxlanılması, yükün göndərilməsinin təmin edilməsi, ya da yükün təyinat məntəqəsində alınması, tərəflərin razılığı ilə digər xidmətlər müqavilənin predmetini təşkil edir. xx.xx.2018-ci il tarixli LLC23350 nömrəli invoys və həmin invoysa istinad edən xx.xx.2018-ci il tarixli HR 653803 nömrəli elektron vergi hesab-fakturasından məlum olur ki, iddiaçı tərəfindən 3.230,19 manat dəyərində daşıma xidməti cavabdehin sifarişi əsasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür; Maddə 852.1. Espeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir; Maddə 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. Tərəflər arasında yük daşıma müqaviləsinin bağlanması, müqaviləyə əsasən iddiaçı tərəfindən xidmətlərin göstərilməsi, lakin cavabdeh tərəfindən 3.230,19 manat dəyərində daşıma haqqının ödənilmədiyi işin mübahisəsiz hallarıdır, cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə ilə çıxış etmişdir. Mülki Məcəllənin: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır; Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Daşınma və Gömrük Xidmətləri Üzrə MGL/HDS/011217 saylı Ümumi Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və 3 il müddətində qüvvədə qalır. Göründüyü kimi müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə qurtarmışdır ki, bu halda məhkəmə müqavilə tələbi üzrə iddia müddətinin 3 il olmasını nəzərə alaraq, hesab edir ki, göstərilən müqavilə tələbi üzrə iddia müddəti keçmədiyindən hazırki işə münasibətdə iddia müddətinin tətbiqi barədə ərizə tətbiq oluna bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və məhz bu mənada apellyasiya şikatətinin dəlillərini əsaslı sayır. Belə ki, xx.xx.2017-ci il tarixli Daşınma və gömrük xidmətləri üzrə ümumi müqavilənin 3.2-ci bəndinə görə, ekspeditor müqavilənin əlavələrinə uyğun olaraq hər xidmət üçün müştəriyə hesab faktura təqdim edəcək, 3.3-cü bəndinə əsasən isə, müştəri verilən hesab faktura üzrə ekspeditora tam məbləği ödəyəcək. Göründüyü kimi, xx.xx.2017-ci il tarixli daşıma müqaviləsi ümumi müqavilədir ki, tərəflər arasında yaranan hüquq münasibətlərinin ümumi konturlarını və daha sonra həyata keçiriləcək fəaliyyətin ümumi hüquqi bazasını müəyyən edir. Müqavilənin 3-cü bəndi də bu kontekstdə sonrakı hər xidmət üçün hesab-fakturanın təqdim edilməsini və bundan sonra ödənilməsini tənzimləyir. Bu da özlüyündə o deməkdir ki, iddiaçının cavabdehə göstərdiyi hər bir xidmət Mülki Məcəllənin 850-ci maddəsi anlamında müstəqil əqddir. Çünki, hər bir sifariş özünəməxsus xüsusiyyətlərə (yükün olduğu və daşınacağı yer, daşımanın tarixi və müddəti, yükün harada təhvil veriləcəyi və məsuliyyətin hansı andan keçəcəyi, hər bir yükə qarşı özəl tələblər (ölçü, qablaşdırma, temperatur), daşımanın dəyəri, lisenziyalar, xüsusi icazələr və sair) malikdir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, iddia müddəti də sözügedən hər bir müstəqil əqdə münasibətdə ayrıca qiymətləndirilməlidir. Bu baxımdan, xx.xx.2018-ci il tarixli LLC23350 nömrəli invoys və həmin invoysa istinad edən xx.xx.2018-ci il tarixli HR 653803 nömrəli elektron vergi hesab-fakturasına əsasən iddiaçı tərəfindən tələb edilən 3.230,19 manatla bağlı müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı, qeyd edilən məbləğin ödənilməsini tələb etmək hüququna malik olduğu xx.xx.2018-ci il tarixdə iddiaçıya məlum olduğundan, həmin tarixdən də başlayaraq, 2021-ci ilin müvafiq günündə başa çatmış, hazırkı iddia isə xx.xx.2022-ci il tarixdə, yəni iddia müddəti 1 il ötürülməklə qaldırılmışdır. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia qismən təmin edilən hissədə gəldiyi nəticə qanuni və əsaslı deyil, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin yoxlanılan hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qətnamə yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1451/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qətnaməsi yoxlanılan - “İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli Daşınma və Gömrük Xidmətləri Üzrə MGL/HDS/011217 saylı ümumi müqaviləyə əsasən 3230,19 manat məbləğində xidmət haqqı, mediasiya xərcinə görə 66,33 manat və vəkilin göstərdiyi yardıma görə 310 manat, cəmi 3606,52 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin.” hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə iddia rədd edilsin. Cavabdeh "xxxx" şirkətinin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar