Məhkəmə qərarları › İş №2-2(103)-688/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-688/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-688/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2336/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 15.04.2021-ci il tarixinə 19989,15 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı, iddianın təmin etmək tədbiri görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2336/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək Cavabdehnə məxsus “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan AZ61İBAZ******************** saylı bank hesabı üzərinə işçilərinin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial) ödənilməsinə məhdudiyyət qoyulmadan 19989,15 manat həddində həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh MMC şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2336/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadının ləğv edilməsini, cavabdehin bank hesabları üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim iddianın təmin edilməsi haqqında işdə iştirak edən şəxsin ərizəsinə baxarkən işin konkret hallarını nəzərə almalı və məsələyə iddianın əsaslılığı prezumpsiyasi (ehtimalı) baxımından yanaşmalıdır. İddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslarını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddiani təmin etmə tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. İddiaçı tərəfindən iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizəsində iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasını çətinləşdirə biləcək hər hansı bir konkret halın göstərilməməsi, qeyd edilən iddianın təmin tədbiri barədə ərizənin məhkəmə aktlarının aydınlığı və hüquq müəyyənliyi prinsiplərinin tələblərinə cavab vermədiyini nəzərə alaraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(1113)-2336/2021 saylı, 04 may 2021-ci il tarixli iddianı təmin etmə tədbiri haqqında qərardadı ləğv edilməli, iddiaçının ərizəsi təmin edilməməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2336/2021 saylı, 19.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçıya olan borc artıq ödənildiyi üçün mübahisələndirilən qərardadın qüvvədə saxlanılması üçün əsas yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 tərəflər arasında mübahisənin həll olunduğunu və iddiaçının iddiadan imtinası barədə ərizə verildiyini bildirərək, şikayətin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə izahatları dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 2336/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Şikayətə apelyasiya qaydasında baxılarkən tərəflərin nümayəndələrinin izahatlarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən borc ödənildiyi üçün mübahisə aradan qalxmış və iddiaçı iddiadan imtina etmək barədə birinci instansiya məhkəməsinə ərizə ünvanlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aradan qalxdığından iş üzrə iddianı təmin etmə tədbiri görülməsinə zərurət qalmadığı üçün mübahisələndirilən qərardad ləğv edilməli, şikayət qismən təmin edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2336/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar