Məhkəmə qərarları › İş №2-2(103)-689/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-689/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-689/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı X3 San. Tic.A.Şirkətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli e-2-2(113)-1476/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı X3 San. Tic.A.Şirkəti ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə YTBT2020/03 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə "xxxx" X3 San. Tic.A.Şirkəti və “Alıcı” Cavabdeh MMC dəyəri 86.300 ABŞ dolları məbləğində olan malların alqı-satqısı ilə bağlı razılığa gəlmişlər.

2. İddiaçı tərəf 86.300 ABŞ dolları dəyərində malın cavabdehə verildiyini, qeyd edilmiş məbləğdən 30.000 ABŞ dolları məbləğində pulun xx.xx.2021-ci il tarixdə ödəniş edildiyini və nəticədə 56.150 ABŞ dolları məbləğində borcun qaldığını bildirərək pulun tutulmasını xahiş edir.

3. Cavabdeh tərəf müqavilənin bağlandığını, 86.300 ABŞ dolları dəyərində olan malların verildiyini, qeyd edilmiş məbləğdən 30.000 ABŞ dolları məbləğində pulun iddiaçıya ödənildiyini və iddiaçıda 40.000 ABŞ dolları məbləğində depozit pulunun olduğunu bildirərək, qeyd edilmiş pulun tələb edilən məbləğdən çıxılmasını xahiş etdi.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı X3 San. Tic.A. Şirkəti Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 San. Tic.A.Şirkəti tərəfindən YTBT2020/03 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMCyə satılmış malların dəyəri olan 56.150 ABŞ dolları, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5.615 ABŞ dolları, cəmi 61.765 ABŞ dolları məbləğində pulun, 400 manat mediasiya xərcinin Cavabdeh MMC-dən tutularaq X3 San. Tic.A.Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə X3 San. Tic.A.Şirkəti tərəfindən Cavabdeh MMC-nin ünvanına 86.300 ABŞ dolları məbləğində mal – müxtəlif çeşiddə tərəvəz toxumları göndərilmişdir. Cavabdeh MMC göndərilən malların dəyərindən 56.150 ABŞ dolları məbləğində pulu ödəməmişdir. Beləliklə, Cavabdeh MMCnin satın aldığı mallara görə X3 San. Tic.A.Şirkəti qarşısında 56.150 ABŞ dolları məbləğində borcu yaranmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1476/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2020-ci il tarixli YTBT2020/03 saylı müqavilə üzrə 56.150 (əlli altı min yüz əlli) ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə Cavabdehndən tutularaq “X3 San. Tic.A.” Şirkətinə verilməsi, əsas borca illik 5 faiz hesablanmaqla 92 (doxsan iki) ABŞ dolları 30 (otuz) sent məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə Cavabdehndən tutularaq “X3 San. Tic.A.” Şirkətinə verilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq “X3 San. Tic.A.” Şirkətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1476/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə təmin edilmiş iddia məbləğinin azaldılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi iddianın qismən təmin olunmasına dair qətnamə çıxararkən işin faktiki hallarını araşdırmayaraq cavabdehin ədalətli məhkəmə hüququnu pozmuşdur.

9. Belə ki, Yüksel TohumTarim San. Tic.A.Şirkəti ilə Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə YTBT2020/03 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə "xxxx" X3 San. Tic.A.Şirkətivə “Alıcı” Cavabdeh MMC dəyəri 86.300 ABŞ dolları məbləğində olan 1000 paket Dilber F1 adlı bibər toxumu, 300 paket Tesla 1 adlı bibər toxumu, 250 paket Derviş F1 adllı xiyar toxumu, 500 paket Sabir F1 adlı qarpız toxumu kimi malların alqı-satqısı ilə bağlı razılığa gəliblər.

10. Qeyd edilən müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəf 86.300 ABŞ dolları dəyərində malın cavabdehə verildiyini, qeyd edilmiş məbləğdən 30.000 ABŞ dolları məbləğində pulun xx.xx.2021-ci il tarixdə ödəniş edildiyini və nəticədə 56.150 ABŞ dolları məbləğində borcun qaldığını bildirərək pulun tutulmasını xahiş edir.

11. Cavabdeh tərəf müqavilənin bağlandığını, 86.300 ABŞ dolları dəyərində olan malların verildiyini, qeyd edilmiş məbləğdən 30.000 ABŞ dolları məbləğində pulun iddiaçıya verildiyini və iddiaçıda 40.000 ABŞ dolları məbləğində depozit pulunun olmasını bildirsə də hakim qeyd olunan fakt üzrə sübutları araşdırmamış və bununla da cavabdehin təkrar məhkəməyə müraciət etməsinə səbəb olaraq ədalətli məhkəmə hüququnu pozmuşdur.

12. Cavabdeh tərəf müqaviləni bağlandığını, 86.300 ABŞ dolları dəyərində olan malların verildiyini, qeyd edilmiş məbləğdən 30.000 ABŞ dolları məbləğində pulun iddiaçıya verildiyini və iddiaçıda həmin müqavilənin icrası ilə bağlı 40.000 ABŞ dolları məbləğində depozit pulunun olmasını və həmin məbləğin müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı ödənildiyini bildirsə də hakim qeyd olunan fakt üzrə sübutları araşdırmamış, iddiaçıya həmin məbləğin verilib-verilməməsi, hansı tarixdə verilməsini araşdırmadan iddia tələbinin 56.150 ABŞ dolları pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə Cavabdehndən tutulmasına dair qətnamə çıxardaraq gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamışdır ki, bu da borc məbləğinin düzgün müəyyən olunmamasına və cavabdehin öhdəliklərinin həcminin süni şəkildə artırılmasına səbəb olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin nümayəndələrinin iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən əsas borc (56.150 ABŞ dollar) üzrə 40.000 ABŞ dolları məbləğinin tutulması hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə əsasslıdır.

25. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, X3 San. Tic.A.Şirkəti ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə YTBT2020/03 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə "xxxx" X3 San. Tic.A.Şirkəti və “Alıcı” Cavabdeh MMC dəyəri 86.300 ABŞ dolları məbləğində olan 1000 paket Dilber F1 adlı bibər toxumu, 300 paket Tesla 1 adlı bibər toxumu, 250 paket Derviş F1 adllı xiyar toxumu, 500 paket Sabir F1 adlı qarpız toxumu kimi malların alqı-satqısı ilə bağlı razılığa gəliblər. Qeyd edilən müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

26. İddiaçı tərəf 86.300 ABŞ dolları dəyərində malın cavabdehə verildiyini, qeyd edilmiş məbləğdən 30.000 ABŞ dolları məbləğində pulun xx.xx.2021-ci il tarixdə ödəniş edildiyini və nəticədə 56.150 ABŞ dolları məbləğində borcun qaldığını bildirərək pulun tutulmasını xahiş edir.

27. Cavabdeh tərəf müqavilənin bağlandığını, 86.300 ABŞ dolları dəyərində olan malların verildiyini, qeyd edilmiş məbləğdən 30.000 ABŞ dolları məbləğində pulun iddiaçıya verildiyini və iddiaçıda 40.000 ABŞ dolları məbləğində depozit pulunun olduğunu bildirərək, qeyd edilmiş pulun tələb edilən məbləğdən çıxılmasını xahiş etdi.

28. Qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

29. Sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

30. İş materiallarına əlavə edilmiş invoice sənədindən, Türk hava yolları tərəfindən təsdiq edilmiş yol sənədi və xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, X3 San. Tic.A.Şirkəti tərəfindən Cavabdeh MMC-yə 86.300 ABŞ dolları məbləğində müqavilədə göstərilən miqdarda mallar göndərilmişdir.

31. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından məlum olur ki, xx.xx.2020-ci il tarixli müqavilə, xx.xx.2021-ci il tarixli Yİ**********0003 saylı invoys əsasında Cavabdeh MMC tərəfindən X3 San. Tic.A.Şirkətinə 30.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir.

32. Cavabdeh tərəfindən ödəniş edilməsi ilə xx.xx.2021-ci il tarixli Yİ**********0003 saylı invoysda göstərilən malların X3 San.Tic.A.Şirkəti tərəfindən Cavabdeh MMC-yə göndərilməsi və sonuncu tərəfindən qəbul edilməsi bir daha öz təsdiqini tapır.

33. Cavabdeh tərəfə təhvil verilmiş malların ümumi dəyərinin 86.300 ABŞ dolları, ödənilmiş pulun isə 30.000 ABŞ dolları olduğu və iddiaçının tələbi nəzərə alındığında görünür ki, Cavabdeh MMC-nin ödənilməmiş 56.150 ABŞ dolları məbləğində borcu qalmışdır.

34. Cavabdehin iddiaçıda 40.000 ABŞ dolları məbləğində depozit məbləğinin olması və qeyd edilmiş məbləğin tələb edilən puldan çıxılmalı olması barədə dəlili isə əsassızdır.

35. Belə ki, cavabdeh iddiaçıya 40.000 ABŞ dolları həcmində pulun depozit qoyulması ilə bağlı birbaşa sübut təqdim etməmişdir. Yəni həmin məbləğin ödənilməsi və məhz hazırkı mübahisə predmeti olan müqavilə ilə əlaqədar ödənilməsi iş materiallarından müəyyən edilmir.

36. 40.000 ABŞ dolları məbləğin depozit kimi qoyulması barədə cavabdeh tərəflər arasında olan elektron (e-mail) yazışmalarını təqdim edir. Lakin həmin yazışmalarda qeyd edilən 40.000 ABŞ dollarında məbləğin ödənilməsi və ya məhz hazırkı müqavilə üzrə ödənilməsi müəyyən edilmir.

37. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı ilə aralarında imzalanmış distributor müqaviləsi çərçivəsində cavabdeh tərəfindən 40.000 ABŞ dolları depozit qoyulduğunu bildirmişdir.

38. Apellyasiya bazışı zamanı isə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflər arasında uzunmüddətli əməkdaşlıq mövcud olduğunu, mütəmadi müqavilələr imzalandığını, 40.000 ABŞ dolları məbləğində depozit pulunun hansı məqsədlə və hansı tarixdə qoyulması ilə bağlı tam məlumatlı olmadığını, cavabdeh tərəflə müvafiq dəqiqləşmələr aparması üçün məhkəmə iclasının qısa müddətə təxirə salınmasını məhkəmədən xahiş etmiş, lakin növbəti məhkəmə iclasında iştirak etməmişdir.

39. Hazırkı tələbin faktiki əsasını məhz tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli YTBT2020/03 saylı alqı-satqı müqaviləsi təşkil edir. Cavabdeh tərəfindən isə iddiaçıya 40.000 ABŞ dolları məbləğində pul verilmiş olsa belə, həmin məbləğin məhz bu müqavilə üzrə verildiyi öz təsdiqini tapmamışdır.

40. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin xx.xx.2020-ci il tarixli YTBT2020/03 saylı alqı-satqı müqaviləsi üzrə 40.000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də düzgün nəticəyə gəlmişdir.

41. Birinci instansiya məhkəməsi həmçinin cavabdehə qeyd edilən 40.000 ABŞ dolları məbləğində pulun tələb edilməsi isə bağlı ayrıca iddia qaydasında məhkəməyə müraciət edə biləcəyini də izah etmişdir.

42. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1476/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə “iddia tələbinin təmin edilən əsas borc (56.150 ABŞ dollar) üzrə 40.000 ABŞ dolları məbləğinin tutulması hissəsində” dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1476/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar