Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-689/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “cərimə borcunun, əldən çıxmış faydanın tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-1190/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ilə 03 fevral 2022-ci il tarixli, № AS-QQH/126 saylı qida məhsullarının idxalı ilə əlaqədar alğısatqı müqaviləsinin 6.7-ci maddəsinə əsasən 34.035,89 manat əsas, 6.126,45 ƏDV məbləği olmaqla cəmi 40.162,34 manat borc məbləği üçün müqavilə müddəti daxilində hesablanmış 36234,9762 manat müqavilə bittikdən sonra 1623,43 manat olmaqla cəmi 37858,41 manat cərimə borcunu, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1500 manat, mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 210 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində cəmi 39568,41 manat pul Cavabdeh MMC-dən tutaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə əizə verərək Cavabdeh tərəfindən- 03 fevral 2022-ci il tarixli, № AS-QQH/126 saylı qida məhsullarının idxalı ilə əlaqədar alqı-satqı müqaviləsinin 6.7-ci maddəsinə əsasən 34.035,89 manat əsas, 6.126,45 ƏDV məbləği olmaqla cəmi ******* manat borc məbləği üçün müqavilə müddəti daxilində hesablanmış 36.234,9762 manat, müqavilə bitdikdən sonra əldən çıxmış fayda 1623,43 olmaqla cəmi 37858,41 manat cərimə borcunun, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1500 manat və mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 210 məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cəmi 39568,41 manat pul məbləğinin Cavabdeh MMC-dən tutaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1190/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 2008 manat məbləğində dəbbə pulu, mediasiya xərcinin əvəzi olaraq 41 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
4. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 03 fevral 2022-ci il tarixli, № AS- QQH/126 saylı qida məhsularının idxalı ilə əlaqədar alğı-satqı müqaviləsi 01 (bir il) müddətə bağlanmışdır. Alıcı bu müqaviləyə əsasən gecikdirilən hər günə görə ödənilməyən məbləğin 0.5% faizi həcmində penya ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Alıcı tərəfindən 2022-ci ilin avqust ayının 01-dən 2023cü ilin fevral ayının 03 tarixinə qədər (187 günlük müddət) ərzində gecikdirilmiş hər gün üçün 0.5 (sıfır tam onda beş) %(faiz) 36 234, 97 (otuz altı min iki yüz otuz dörd manat, 97 qəpik) məbləğində dəbbə pulu (cərimə, penya) hesablanmışdır. Lakin, Bakı Kommersiya Məhkəməsi tərəfindən cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olması əsas gətirilərək həmin məbləğ azaldılmış və cavabdehdən tutulacaq dəbbə pul 2008 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, məhkəmənin müqavilə qüvvədə olduğu müddət ərzində hesablanmış dəbbə pulunun (cərimə, penya) bu qədər azaldılması ədalətli deyildir. İddiaçı "xxxx" MMC ilə hüquqlarını müdafiə edən vəkil “De Fendo” Vəkil Bürosunun vəkili Qanuni nümayəndə arasında 21 dekabr 2023-cü il tarixində hüquqi yardımın göstərilməsinə görə müqavilə imzalanmışdır. Belə ki həmin müqavilə əsasında “De Fendo” Vəkil Bürosu tərəfindən iddiaçı Baku Prod” MMC-yə xx.xx.2023-cü il tarixli, MT2312 seriyalı, 00224721 nömrəli qaimə faktura vurulmuş və iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində MAZ0010396 nömrəli ödəniş tapşırığı əsasında 1500 (min beş yüz) manat məbləğində ödəniş edilmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsi Vəkilə ödənilmiş pulun əvəzi olaraq tələb edilən 1500 manata dair ödənişi təsdiq etmək üçün məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının tamam başqa xx.xx.2022-ci il tarixli 639 saylı hüquqi xidmət müqaviləsi göstərildiyini lakin, vəkilin hazırki iş üzrə məhkəməyə təqdim etdiyi vəkil orderin və hüquqi xidmət müqaviləsin nömrəsi 639 olsa da, tarixi xx.xx.2023-cü il müqaviləsinə görə göstərilmədiyinə əsaslanaraq iddianı həmin hissədə təmin etməmişdir. Rüsumun yanlış ödənilməsi barədə iddiaçı, "xxxx" MMC tərəfindən rəsmi izah da verilmişdir. (Həmin məktub sübut kimi apellyasiya şikayətinə əlavə edilir). Qeyd etmək istəyir ki, iddiaçı, "xxxx" MMC tərəfindən ödəniş edilərkən texniki səhvliyə yol verilmiş və ödəniş tapşırığı hissəsində müqavilənin tarixi və nömrəsi yanlış göstərilmişdir. Qaimənin vurulması və ödəniş tarixinin eyni ayda olması, məhkəmə gedişində bu hallarla bağlı izahatlar verilməsinə baxmayaraq bunlar nəzərə alınmadan məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. Məhkəmə MM-in 449-cu maddəsinin tələblərini nəzərə almadan iddia rədd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
12. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
13. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
14. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin edilməyən hissəsində tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
17. İşdə olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 261/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ASQQH/126 saylı müqaviləyə əsasən ƏDV daxil 40.162,34 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 210 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi və mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 200 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
18. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ASQQH/126 saylı alqı-satqı müqaviləsinin 6.7-ci bəndinə əsasən alıcı müqavilə üzrə malların dəyərinin ödənilməsini pozduqda, gecikdirilən hər günə görə ödənilməyən məbləğin 0.5%həcmində satıcıya penya ödənilməlidir.
19. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı yuxarıda qeyd edilən qətnaməyə və alqı-satqı müqaviləsinə əsaslanaraq əsas borca hesablanmış cərimə, əldən çıxmış fayda və vəkil xərci məbləğlərini cavabdehdən tələb etmişdir. Belə ki, iddiaçı 36.234,9762 manat cərimə məbləğini, müqavilə bitdikdən sonra əldən çıxmış faydaya görə 1623,43 olmaqla cəmi 37858,41 manat cərimə borcunun, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1500 manat məbləği tələb etmişdir.
20. Məhkəmə cərimə məbləğini azaltmış, əldən çıxmış fayda və vəkil xərci məbləğlərini sübuta yetirilməmə əsası ilə rədd etmişdir.
21. Cərimə məbləğinin azaldılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
22. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
23. İşdə olan inkassaso sərəncamı və "xxxx" ASC-nin çıxarışından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-261/2023 saylı qətnaməsi 18 oktyabr 2023-cü il tarixdə icra edilmiş, yəni İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ASQQH/126 saylı müqaviləyə əsasən ƏDV daxil 40.162,34 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilmişdir.
24. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq cərimə borcu ilə bağlı hesab edir ki, cərimə məbləğinin qətnamə ilə müəyyən edilmiş borc məbləğinə yaxın olması, əsas borcun qətnamə çıxan tarixdən 4 ay ərzində ödənilməsi nəzərə alındıqda, məhkəmə işin hallarını, cərimənin əsas borc məbləğinə nisbətini, tərəflərin əsaslı mənafeyini nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmışdır.
25. Əldən çıxmış fayda ilə bağlı tələbin hüquqi əsası Mülki Məcəllənin 21 və 443-cü maddələridir. Lakin iddiaçı apellyasiya şikayətində Mülki Məcəllənin 449-cü maddəsinə də əsaslanmışdır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarı)
27. Məhkəmə qeyd etmişdir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. Bundan əlavə iddiaçı tələbdə yalnız müqavilə müddəti bitdikdən sonra əldən çıxmış faydanı tələb etmiş, lakin hansı dövrləri əhatə etməsini göstərməmişdir. Çünki məhkmə qətnaməsi ilə iddiaçının əsas borca dair tələbi təmin və artıq ödənilmişdir, iddiaçı tərəfindən isə əldən çıxmış faydanın hansı illər üzrə tələb edilməsi qeyri-müəyyəndir. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.
28. Qeyd edilənlərdən və müvafiq maddi hüquq normalarının tələblərindən göründüyü kimi iddiaçı əsas borcun cavabdeh tərəfindən ödənilmədiyi müddətdə ondan faydalanma faktını və ya zərərin növü kimi əldən çıxmış faydanın baş verməsi faktını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
29. Apellyasiya şikayətinin sonuncu dəlili vəkilə ödənilmiş haqqın cavabdehdən tutulması məsələsidir.
30. Məhkəmə ödəniş tapşırığının başqa müqaviləyə aid olmasını əsas gətirərək iddianı bu hissədə rədd etmişdir.
31. İddiaçı isə şikayətdə qeyd edir ki, ödəniş tapşırığında texniki səhv olub və başqa müqavilənin tarixi qeyd edilmişdir. Buna dair iddiaçının məktubu da şikayətə əlavə edilmişdir.
32. Mülki Məcəllənin 974.1-ci maddəsinə əsasən ödəniş tapşırığının və onunla birlikdə təqdim edilən hesablaşma sənədlərinin məzmunu və forması qanunla və ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə uyğun gəlməlidir.
33. Mülki Məcəllənin 974.2-ci maddəsinə əsasən ödəniş tapşırığı bu Məcəllənin 974.1-ci maddəsində göstərilmiş tələblərə uyğun gəlmədikdə bank tapşırığın məzmununu dəqiqləşdirə bilər. Ödəyiciyə bu cür sorğu tapşırıq alındıqdan dərhal sonra verilməlidir. Qanunla və ya ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş müddətdə, bunlar olmadıqda isə ağlabatan müddətdə cavab almadıqda bank tapşırığı icra etmədən ödəyiciyə qaytara bilər, bu şərtlə ki, qanunla, ona uyğun müəyyənləşdirilmiş bank qaydaları və ya bankla ödəyici arasında müqavilə ilə ayrı hal nəzərdə tutulmasın.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cərimə məbləğini təsdiq edən sübut kimi üzləşmə aktını məhkəmə təqdim etmiş, cavabdehin aktı təsdiq etməsi aktda qeyd edilmiş, lakin cavabdehin imzası və möhürü həmin aktda əksini tapmamışdır. Belə olduğu təqdirdə ödəniş tapşırığında səhvin olması yalnız iddiaçının məktubu ilə aradan qaldırıla bilməz. Ödəniş tapşırığını vermiş müvafiq bankın təsdiqləməsi zəruridir. İddiaçı texniki səhvlə bağlı mötəbər sübutu təqdim etməmişdir. Ona görə məhkəmə iddia bu hissədə də rədd etməkdə haqlı olmuşdur.
35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1190/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.