Məhkəmə qərarları › İş №2-2(103)-690/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-690/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-690/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2018-ci il tarixli müqavilə üzrə 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin, yəni yarızirzəminin texniki pasportda göstərilən göstəricilərə uyğun, qeyriyaşayış sahəsi yerləşən binanın 1-ci mərtəbəsində iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1486/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2018-ci il tarixli müqavilə üzrə 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin, yəni yarızirzəminin texniki pasportda göstərilən göstəricilərə uyğun, qeyri-yaşayış sahəsi yerləşən binanın 1-ci mərtəbəsində iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 5 ünvanında yerləşən 76.8 kv.m qeyriyaşayış sahəsi “pilot lahiyə çərçivəsində” sökülərək, əvəzinə 120.0 kv.m ölçüdə qeyriyaşayış sahəsi, yəni yarızirzəmi tikiləcək hündürmərtəbəli binanın eyni mərtəbəsində texniki pasportda göstərilən göstəricilərə uyğun iddiaçıya təhvil veriləcəkdir. Yaşayış binasının tikintisi başa çatdığından iddiaçı tərəfindən cavabdehə müraciət olunaraq verilməli olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələb olunmuşdur. Cavabdeh bir neçə dəfə müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Lakin təkidlə tələb etdikdən sonra cavabdehin nümayəndələri iddiaçını tikilmiş binanın qaraj hissəsinə apararaq iddiaçıya veriləcək sahənin orada olmasını bildirmişlər. Bununla qəti şəkildə razı olmayaraq, müqavilədə şərtləşdiyi şəkildə sökülmüş obyektinin yerləşdiyi mərtəbədə texniki pasportda göstərilən göstəricilərə uyğun, yəni yarızirzəminin təhvil verilməsini tələb edərək iddiaçıya məxsus olmuş, sökülmüş qeyri-yaşayış sahəsinin çıxarışında qeyri-yaşayış sahəsi yazıldığını, qarajların çıxarışı olmadığını, bütün bunlarla yanaşı söküntüdən əvvəl qeyriyaşayış sahəsinin yarızirzəmi olmasını təsdiq edəcək fotoşəkillərin olmasını da bildirsə də heç bir əhəmiyyəti olmamış və cavabdehin nümayəndələri təkidlə hündürmərtəbəli binanın qaraj hissəsindən iddiaçıya yer veriləcəyini bildirmişlər. Həmçinin qeyri-yaşayış sahəsinin hüquqi statusunu və texniki göstəricilərini müəyyən etmək üçün "xxxx" MMC tərəfindən araşdırma aparılaraq xx.xx.2022-ci il tarixli, G-02/22-017 nömrəli rəy verilmişdir. Həmin rəy ilə bir daha təsdiq olunur ki, sökülmüş binanın baş planına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 5 ünvanında yerləşən 76.8 kv.m qeyri-yaşayış sahəsinin daxili hündürlüyü 2.80 metr olmuşdur ki, bunun da 1.80 metr hissəsi torpağın planlaşdırma səviyyəsindən aşağıda olmuş, qalan 1.00 metr hissəsi torpaq səviyyəsindən yuxarıda olmuş və torpaq sahəsindən yuxarıda olan hissədə pəncərələr olmuşdur. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə Bakı Kommersiya Məhkəməsinin 12 may 2022-ci il tarixli, e-2-2(113)-1486/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 120.0 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi hazırki binada yerləşdiyi mərtəbədə, yəni yarızirzəmidə İddiaçınə təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmuşdur. Apellyasiya şikayətində irəli sürülmüş tələb və şikayətin dəlilləri Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, sonradan apellyasya şikayətinə əlavə təqdim edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022, 2-2(113)- 1486/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-nin 218cü maddəsinin tələbini pozmuş, iddia tələbindən kənara çıxmışdır. İddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinin müqavilənin 1.1-ci və 1.4-cü bəndlərində göstərilən formada, yəni yarızirzəmidə iddiaçıya təhvil verilməsi mümkün deyil. Çünki cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, binanı elə formada inşa etmişdir ki, binanın qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməli olan hissəsində yarızirzəmi mövcud deyil. Göstərilən səbəbdən də iddia tələbində qeyri-yaşayış sahəsinin, yəni yarızirzəminin texniki pasportda göstərilən göstəricilərə uyğun, binanın 1-ci mərtəbəsində təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçıya məxsus sökülmüş qeyri-yaşayış sahəsinin daxili hündürlüyü 2.80 metr olmuş, bunun da 1.80 metr hissəsi torpağın planlaşdırma səviyyəsindən aşağıda, qalan 1.00 metr hissəsi torpaq səviyyəsindən yuxarıda olmuş və torpaq sahəsindən yuxarıda olan hissədə pəncərələr olmuşdur. Lakin cavabdeh torpağın planlaşdırma səviyyəsindən 3.30 metr aşağıda və pəncərələri olmayan sahəni bizə vermək istədiyi üçün məhkəməyə müraciət olunmuşdur. İddiaçıEİM-ə məxsus sökülmüş qeyri-yaşayış sahəsinin yarızirzəmi olması və pəncərələrinin olması, obyektin texniki pasportu, fotoşəkillər və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, G-02/22-017 nömrəli rəy ilə tam olaraq sübut olunmuş, məhkəmə də qeyri-yaşayış sahəsinin yarızirzəmi olması ilə bağlı sübutları qəbul etmişdir. Hansı ki, tərəflər arasında bağlanmış müqavilənin birinci bəndində cavabdeh inşa olunacaq binada 120 kv.m ibarət qeyri-yaşayış sahəsini (yarızirzəmini) mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Ancaq ətraflı araşdırma aparmadan və məhkəməmühəndis-ekspertizası təyin edilməsi barədə qərar qəbul etmədən, həmçinin binanın qaraj hissəsinə yerli baxış keçirtmədən qeyri-yaşayış sahəsinin hazırki binada yerləşdiyi mərtəbədə iddiaçıya təhvil verilməli olması qənaətinə gəlmişdir. Bu isə o deməkdir ki, qətnamənin icra edilməsi mümkün olmayacaq və əlavə məhkəmə mübahisələri yaranacaqdır. Çünki “hazırki bina”, “yerləşdiyi mərtəbə” deyəndə konkret olaraq hansı binanın hansı mərtəbəsinin nəzərdə tutulmasını müəyyənləşdirmək mümkün deyil. Bunu müəyyən etmək üçün məhkəmə-mühəndis-ekspertizası təyin edilməsi barədə qərardad qəbul edilməli idi ki, ekspert yeni tikilmiş binanın layihə sənədlərinə və binanın özünə baxış keçirərək həmin halları müəyyən etsin. Tərəfimizdən məhkəmə-mühəndis ekspertizası təyin edilməsi ilə bağlı vəsatət verilməmişdir. Ona görə ki, tərəfimizdən tikinti mütəxəssisinin rəyi məhkəməyə təqdim olunmuşdur. Əgər məhkəmə hesab edirdisə ki, iş üzrə məhkəmə-mühəndis-ekspertizası təyin olunmalıdır, məhkəmə öz təşəbbüsü ilə həmin ekspertizanı təyin edə bilərdi. Binanın qaraj hissəsi texniki mərtəbə hesab olunduğundan həmin hissə nə qeyri-yaşayış, nə də ki, yarızirzəmi kimi qəbul oluna bilməz. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya təklif olunan sahənin qaraj, zirzəmi və ya yarızirzəmi olubolmamasını müəyyən etmədən qətnamə çıxarmaqla düzgün nəticəyə gəlməmişdir. Məhkəmə mübahisələndirilən qətnamədə maddi hüquq norması olaraq MM-nin 752 və 755-ci maddələrinə istinad etməklə səhv nəticəyə gəlmişdir. Çünki tərəflər arasında podrat müqaviləsinin şərtləri mövcud olmamışdır. İşə baxılması xx.xx.2022-ci il tarixə təyin olunmuş, cavabdehin iştirakını təmin etmək üçün xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərə təxirə salınmış, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1486/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış, notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, cavabdeh yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binaların söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 5 ünvanında yerləşən, ümumi sahəsi 76.8 kv.m olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil almağı, cavabdeh tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra 120 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini (yarımzirzəmi) hazırki binada yerləşdiyi mərtəbədə, yəni yarızirzəmidə iddiaçıya təmirsiz şəkildə təhvil verməyi, iddiaçı isə imzalandığı tarixdən etibarən 10 (on) gün ərzində ona məxsus qeyri-yaşayış sahəsini söküntü üçün cavabdehə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən qeyri-yaşayış sahəsini isə qəbul etməyi öhdələrinə götürmüşlər. Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən xx.xx.2018-ci il tarixli müqavilə üzrə götürdüyü öhdəliyə əsasən 120 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin, yəni yarızirzəminin texniki pasportda göstərilən göstəricilərə uyğun olaraq ona təhvil verilməsini xahiş etmişdir. Cavabdeh pretenziya məktubuna cavab verməmiş, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə iddiaya etiraz təqdim etməmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə cavabdeh tərəfindən inşa edilmiş binada yerləşən onlara təklif olunan qeyri-yaşayış sahəsinin fotoşəkilləri təqdim edilmişdir. "xxxx" MMC-nin mütəxəssis rəyində qeyd edilir ki, “Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 5 ünvanında sökülmüş binanın iddiaçıya məxsus olmuş sahəsitəqdim edilmiş daşınmaz əmlakın dövlət reyestindən çıxarış və texniki pasporta əsasən qeyri-yaşayış sahəsi kimi qeydə alınmışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə zirzəmi kimi nəzərdə tutulmuşdur. Sökülmüş binanın baş planına əsasən sözügedən hissənin daxili hündürlüyü 2,80 metr olmuş, bunun da 1.80 metr hissəsi torpaq planlaşdırma səviyyəsindən aşağı, qalan 1 metr hissəsi torpaq səviyyəsindən yuxarı olmuşdur. Torpaq səviyyəsindən yuxarıda olan hissədə pəncərələr olmuşdur. Bu səbəbdən həmin hissə texniki göstəricilər təsnifatına əsasən zirzəmi mərtəbəsi kimi qeyd olunmuşdur. Sökülmüş ərazidə inşa edilən yeni tikilinin təqdim edilmiş baş planında həmin hissələr torpaq səviyyəsindən aşağı 3,30 metr kimi göstərilmilş və qaraj təyinatı üzrə istifadə edilir. Bu səbəbdən sökülmüş qeyri-yaşayış sahəsi qaraj sahəsi ilə əvəzləşdirilə bilməz. İddiaçıya məxsus olmuş sökülmüş hissənin hüquqi və texniki statusunun qeyri-yaşayış sahəsi olduğu müəyyən olunur.” İş materiallarına iddiaçıya məxsus olmuş, sökülmüş qeyri-yaşayış sahəsinin texniki göstəricilərini əks etdirən texniki pasportu əlavə edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəni Mülki Məcəllənin podrat müqaviləsi ilə bağlı hüquq münasibətlərini tənzimləyən 752.1, 755-ci maddələrinə istinad etməklə həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə podrat müqaviləsinin ünsürləri olmadığından (cavabdeh tikintini iddiaçının sifarişi əsasında həyata keçirməmiş, tərəflər arasında cavabdehə yerinə yetirilmiş işin müqabilində iddiaçı tərəfindən muzd ödəniləcəyi barədə razılaşma olmamışdır) birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşdəki iddiaçı tərəfindən təqdim edilmiş sübutlara və iddiaçının nümayəndəsinin izahatına əsəsən müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçının mülkiyyətində olmuş, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 5 ünvanında yerləşmiş 76.8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanı sökərək yerində inşa ediləcək binada yarızirzəmidə iddiaçıya sahəsi 120 kv.m olan qeyriyaşayış sahəsi verməyi öhdəsinə götürmüş, lakin inşa edilmiş binada yarızirzəmi olmadığı üçün iddiaçıya təklif edilmiş sahə qaraj hissədə olduğu üçün iddiaçı tərəfindən qəbul edilməmişdir. İddiaçı məhkəmədən müqavilə üzrə öhdəliyinə əsasən cavabdehin üzərinə inşa etdiyi binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin verilməsinin həvalə edilməsini xahiş etsə də, məhkəmə iddiaçıya cavabdehin inşa etdiyi binasının yarımzirzəmisində qeyri-yaşayış sahəsi verilməsi barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsi MPM-nin 218.3-cü maddəsinin tələbini pozaraq iddiaçının irəli sürdüyü tələb üzrə qətnamə qəbul etməmişdir. MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddaçının tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixdə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdehin inşa etdiyi binada iddiaçıya məxsus sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə təqdim edilməli olan qeyri-yaşayış sahəsinin binanın 1-ci mərtəbəsindən deyil, yarızirzəmi hissədə verilməsi nəzərdə tutulduğundan cavabdehin üzərinə həmin binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsi verilməsi barədə öhdəlik qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə izah edir ki, iddiaçı qeyd edilən normaların tələblərinə əsasən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək inşa etdiyi yeni binanın layihəsində yarızirzəmi hissə (bir hissəsi torpaq saviyyəsindən aşağıda, bir hissəsi isə yuxarıda olan qeyri-yaşayış sahəsi) nəzərdə tutmamış cavabdehə qarşı öhdəliyin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi barədə iddia qaldıra bilər. Nəticə hissə Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1486/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1486/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar