Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-690/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi Açar söz: xidmət müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər İmanov Azad Nizam oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı daşıma müqaviləsinə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-1556/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı (icraçı) və “AS Texnoservis MMC” (sifarişçi) arasında ASOR190004/5 saylı xx.xx.2019-cu il tarixli kiçik həcmli yüklərin daşınması haqqında müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən sifarişçi kiçik həcmli yüklərin daşınması xidmətinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada həmin xidməti İVECO DAİLY markalı **-HJ-*** DQNli nəqliyyat vasitəsi ilə göstərməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən göstərilən xidmətin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. 2.4-cü bəndinə əsasən icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır. 3.1-ci bəndinə əsasən sifarişçinin vəzifələri: 3.1.2. İşi icrasından sonra təhvil almaq; 3.1.3. Göstərilmiş xidmətin dəyərini ödəmək. 3.1.4. Xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini icraçıya ödəmək. 3.2-ci bəndinə əsasən icraçının vəzifələri: 3.2.1. Müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi xidmətləri həyata keçirmək; 3.2.2. Xidmətin göstərilməsi ilə əlaqədar sifarişçiyə məlumat vermək; 3.2.3. Xidməti vicdanla yerinə yetirib sifarişçiyə təhvil vermək. 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir. 4.2-ci bəndinə əsasən hazırki müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 5.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan torpaq-qazma işləri ilə bağlı xidmətlərin xidməti xx.xx.2019-cu ilədək qüvvədədir. Müqavilə tarixinin bitməsinə ən az on beş gün qalmış tərəflərdən hər hansı birinin müqaviləyə xitam verilməsi barədə digər tərəfə yazılı müraciət etməzsə müqavilə eyni müddətə uzadılmış hesab olunur.
3. 01 yanvar 2019-cu il tarixli ASOR190004/5 saylı müqaviləyə 2 saylı əlavə olan xx.xx.2021-ci il tarixli qiymət razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi (yüklərin daşınması) üçün tərəflər aşağıdakı qiyməti müəyyən edirlər. - 1. İVECO DAİLY yük-sərnişin markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə aylıq xidmət haqqı – 2.000 manat.
4. Əlavə 2 olan qiymət razılaşdırılma protokolu tərəflərin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir.
5. İddiaçı "xxxx" ASC-nin Sumqayıt filialında olan bank hesabından çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə həmin hesaba 3.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi icarə müqaviləsi göstərilmişdir.
6. İddiaçı tərəfindən pretenziya məktubu ilə cavabdeh AS Texnoservis MMC-yə müraciət edilərək müqavilədə nəzərdə tutulmuş xidmətlərə görə xidmət haqqının ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh AS Texnoservis MMC-yə qarşı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “AS Texnoservis MMC”-nin kiçik həcmli yüklərin daşınması haqqında xx.xx.2019- cu il tarixli ASOR190004/5 saylı müqaviləyə əsasən ona borclu olduğu 7.600 manat məbləğində pulun və mediasiyaya ödənilmiş 51 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında kiçik həcmli yüklərin daşınması haqqında xx.xx.2019-cu il tarixli ASOR190004/5 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən AS Texnoservis MMC-nin müqavilə üzrə ona 7.600 manat ödənilməyən xidmət haqqı qalmışdır. AS Texnoservis MMC tərəfindən həmin məbləğin ona könüllü şəkildə ödənilməsi barədə cavabdehə pretenziya məktubu göndərməsinə baxmayaraq cavabdeh tərəfindən həmin borcun ona geri qaytarılması ilə bağlı heç bir tədbir görülməmiş və həmçinin cavabdeh tərəfindən pretenziya məktubuna heç bir münasibət bildirilməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-1556/2023 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehin ona 7.600 manat məbləğində ödənilməmiş borcunun olduğunu qeyd etsə də, həmin borcun yaranması əsaslarını (göstərilən xidmətlərin həcmi, dəyəri, xidmətin göstərildiyi zaman aralığı və s.) konkretləşdirməmişdir. Bundan əlavə iddiaçı tərəfindən ümumiyyətlə sözügedən müqavilə üzrə 7600 manat dəyərində xidmət göstərilməsini təsdiq edən sübutlar (müvafiq xidmətlərin göstərilməsi barədə cavabdehin sifarişi, sifariş əsasında göstərilmiş xidmətlərin təhvil-təslim aktı, göstərilmiş xidmətlərə görə ümumi xidmət haqqının miqdarını təsdiq edən hesab-fakturalar və s.) məhkəməyə təqdim edilməmişdir.
11. Məhkəmə bank hesabından çıxarışa əsasən cavabdehin əvvəllər ödəniş etməsinin təsdiq edilməsi və göstərən halın xidmətlərin göstərilməsinə dəlalət etməsi barədə iddiaçının istinad etdiyi dəlillər ilə bağlı qeyd etmişdir ki, əvvəla, hesabdan çıxarışda AS Texnoservis MMC tərəfindən edilən 3.000 manat ödənişin nömrəsi və tarixi göstərilməyən icarə müqaviləsinə əsasən aparılması qeyd edilmişdir. Digər tərəfdən həmin ödənişi mübahisəli müqavilə üzrə ödəniş kimi qəbul etsək belə, göstərilən ödəniş yalnız mübahisəli müqavilə üzrə əvvəllər xidmətlərin göstərilməsini və həmin xidmətlərə görə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq etməklə, mübahisəli müqavilə üzrə cavabdehin iddiaçıya hazırda borcunun olması faktını müəyyən etmək üçün kifayət etmir.
12. Məhkəmə qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab etmişdir ki, məhkəmə xərcləri – hazırkı halda iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-1556/2023 saylı qətnaməsinin ləğv edilərək iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi prosesində şifahi qaydada vəsatət verərək göstərilən xidmətlərin həcminin dəyəri xidmətin göstərildiyi zaman aralığı barədə cavabdehə sorğu ünvanlamasını tələb etməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən vəsatəti təmin edilməmişdir. Hesab etmişdir ki, apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin buraxdığı yanlışlıqlar aradan qaldırılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən Bakı Kommersiya məhkəməsinin 2- 2(113)-1556/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qət olunmalıdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İşə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də (elektron kabinetinə bildiriş yerlşdirilməklə) məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir.
16. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 857-ci maddəsinə əsasən daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yük alana dərhal bildiriş verməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-1556/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. İşdəki sübutlardan görünür ki, İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında ASOR190004/5 saylı xx.xx.2019-cu il tarixli kiçik həcmli yüklərin daşınması haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı İVECO DAİLY markalı 99-HJ814 DQN-li nəqliyyat vasitəsi ilə Cavabdeh MMC-nin sifarişi əsasında kiçik həcmli yüklərin daşınması xidmətlərini cavabdehə göstərməyi, cavabdeh isə göstərilən xidmətlərin qarşılığında xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür.
21. Cavabdeh iddiaya etiraz edərək iddiaçıya borcu olmadığını bildirdiyindən borcun mövcud olduğunu təsdiq edən sənədləri təqdim etmək öhdəliyi (sübutetmə yükü) iddiaçının üzərinə düşdüyü halda iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir Halbuki tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndində nəzərdə tutulmuşdur ki, icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, elektron işdə olan sənədlər iddianın təmin edilməsi üçün kifayət etmədiyindən iddia rədd olunmalıdır.
22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)- 1556/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1556/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.