Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-691/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-1113/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında kənd təsərrüfat təyinatlı tütünquruducu avadanlıqların alqı-satqısı və quraşdırılması üçün MN-21-02-04 saylı xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. 2021-ci ilin iyun, iyul ayları üçün kənd təsərrüfat təyinatlı tütünquruducu avadanlıqların istehsalının qəbulu haqqında aktlara əsasən ümumilikdə 1.011.312,07 manat məbləğində işlərin görülməsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş, işlərin dəyəri iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.
2. “Ekspert LTD” şirkətinin xx.xx.2022-ci il qiymətləndirmə rəyindən görünür ki, İddiaçı müraciəti ilə bağlı Cavabdeh tərəfindən görülən işlərin qiymətləndirilməsi həyata keçirilmiş, aparılmış hesablamalar zamanı qiymətlərdə və iş həcmlərində şişirtmələrə yol verildiyi müəyyən edilmiş, görülmüş işlər 642470 manat dəyərində qiymətləndirilmişdir.
3. “X1” MMC-nin xx.xx.2022-ci il tarixli audit rəyində Cavabdeh tərəfindən görülmüş tikinti quraşdırma işləri və hesablaşmalarının vəziyyəti ilə əlaqədar aparılmış audit xidmətinin nəticəsi barədə auditor rəyində cavabdeh tərəfindən görülən işlərin dəyəri yenidən qiymətləndirmə aparılmaqla ƏDV daxil 598375 manat göstərilmiş, 494421,73 manat pulun geri qaytarılmalı olduğu qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. . İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MN 21-02-04 nömrəli malların istehsalı və təchiz edilməsinə dair müqavilə üzrə ödənilmiş olan 463.737,11 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, MN 21-02-04 saylı malların istehsalı və təchiz edilməsinə dair müqavilə bağlanmışdır. Həmin “müqavilə”-yə əsasən malların təchiz edilməsinin əvəzi olaraq cavabdehin hesabına ümumilikdə 1.092.796,73 manat məbləğində vəsait ödənilmişdir. İddiaçının müraciətinə əsasən, "xxxx" MMC və Next-Audit Konsaltinq MMC tərəfindən malların, tikinti quraşdırma işlərinin və cavabdehlə hesablaşmalarının vəziyyəti ilə əlaqədar qiymətləndirmə ekspertizası və audit keçirilmişdir. Ekspert tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 27/E nömrəli qiymətləndirmə aktına və Auditor tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, NAK-R-№016 nömrəli Auditor rəyinə əsasən, cavabdehin həyata keçirdiyi işlərin “Müqavilə”də nəzərdə tutulan öhdəliklərlə uyğun olmadığı müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən alınmış malların və görülmüş işlərin ümumi dəyəri 642.470 manat, Next-Audit Konsaltinq MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, NAK-R- №016 nömrəli Auditor rəyinə əsasən isə qaytarılmalı olan məbləğ 463.737,11 manat təşkil edir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1113/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, iddiaçı tərəf müqavilə üzrə razılaşdırılmış işlərin görüldüyünü qeyd etsə də, ancaq həmin işlərin dəyərinin məhz razılaşdırılmış 1.011.310,79 manat deyil, daha az olmalı olduğunu qeyd edir və buna sübut kimi, işə "xxxx" MMC və Next-Audit Konsaltinq MMC tərəfindən verilmiş rəyləri əlavə etmişdir.
8. Məhkəmənin mövqeyi belə olmuşdur ki, tərəflər arasında podrat müqaviləsi üzrə işlərin görüldüyü aktlarla təsdiq edildiyindən və işlərin dəyəri ödənildiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı təhvil-təslim aktlarında imzanın onlara məxsus olduğunu mübahisələndirsə də, aktlar eyni zamanda iddiaçının möhürü ilə təsdiq edildiyindən və aktlardakı möhür əksinin iddiaçıya məxsus olduğu mübahisələndirilmədiyindən aktlardakı imzalarla bağlı məhkəmə xətşünaslıq ekspertizanın həyata keçirilməsi zəruri hesab edilməmişdir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1113/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tam təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında təhvil-təslim aktı imza möhürlə təsdiq olduğundan iş üzrə ekspertiza təyin olunması barədə vəsatəti rədd etmişdir. Məhkəmə görülmüş işlərin bazar dəyirinin müəyyən olunmasını və aktın doğruluğunu aydınlaşdırmamışdır. Bakı Kommersiya Məhkəməsinin qətnaməsində təhviltəslim aktı şərtlərə uyğun tərtib edilməmiş və bu aktın qanunsuz yolla hazırlanmasına kifayət qədər dəlillər mövcuddur. Bakı Kommersiya Məhkəməsinin qətnaməsində cavabdeh tərəfindən göstərilən sübutlar işin halları ilə uyğunluq təşkil etməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
13. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
14. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
390.1-ci maddə- fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddə-tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 398.1-ci maddə-müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 398.2-ci maddə- müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 752.1-ci maddə- podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddə-əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddə- sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 769-cu maddə- əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddə- əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməldirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
15. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1113/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən tərəflər arasında bağlanmış həm alqı-satqı, həm də podrat müqaviləsinin elementlərini birləşdirən MN-21-02-04 saylı xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə ödədiyi 463.737,11 manat məbləğində pulun geri qaytarılmasını iki əsasla tələb edir: həyata keçirilən işlərin öhdəliklərə uyğun olmaması, müqavilə ilə razılaşdırılmış qiymətin yüksək olması.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı əsassızdır. Belə ki, MM-nin 390.1-ci maddəsində öz əksini tapmış müqavilə azadlığı prinsipinə uyğun olaraq, o cümlədən MM-nin 398.1-ci maddəsinə əsasən müqavilə üzrə satılmış malların və görülmüş işlərin dəyəri müqavilə tərəfləri arasında əvvəlcədən razılaşdırılmış qiymət üzrə ödənilməli olduğundan (bu qiymət bazar dəyərindən yüksək olsa belə) iddiaçının cavabdehin gördüyü işlərin dəyərini özəl qiymətləndirici şirkət vasitəsilə aşağı qiymətlə yenidən hesablamaqla qiymət fərqinin geri ödənilməsinə dair tələbinin qanuni əsası yoxdur.
19. Görülmüş işlərin müqavilə öhdəliklərinə uyğun olmadığına dair iddia tələbi ilə bağlı qarşı tərəfin məhkəməyə təqdim etdiyi işlərin təhvil-təsliminə dair aktlardan görünür ki, iddiaçı dəyəri ödənilmiş bütün işlərin cavabdeh tərəfindən görüldüyünü aktları imzalamaqla təsdiq etmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində aktlardakı imzaları mübahisələndirsə də, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, aktlar eyni zamanda hüquqi şəxsin möhürü ilə təsdiq edildiyindən, möhür əksinin iddiaçıya məxsus olduğu mübahisələndirilmədiyindən hüquqi şəxsin möhürünün yalnız qanuni təmsilçidə və ya onun səlahiyyət verdiyi şəxslərdə saxlanıldığı nəzərə alınarsa qeyd edilən sənədlərin məhkəmə tərəfindən müqavilə üzrə işlərin görüldüyünü təsdiq edən sübut kimi qəbul edilməməsi üçün hər hansı əsas yoxdur. Prosessual qənaət prinsipinə əsaslanaraq məhkəmə düzgün olaraq hesab etmişdir ki, aktlardakı imzanın kimə məxsus olduğunun yoxlanılması üçün iş üzrə xətşünaslıq ekspertizası təyin edilməsi zəruri hesab edilmir.
20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1113/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1113/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.