Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-692/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə (açar sözlər: müqavilə üzrə borcun ödənilməsi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1193/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə hüq 669 nömrəli “Material qiymətlisinin alqı-satqısı haqqında” müqavilə bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini (“mal”) alıcının mülkiyyətinə (təhvil) verməyi¸ alıcı isə malı qəbul edib, bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür; 1.2-ci bəndinə görə, bu müqavilə üzrə təhvil verilən mal aşağıdakılardan ibarətdir: 500 ton təkər cütləri; 500 ton təkər cütü oxları; 1.3-cü bəndinə əsasən, mal alıcıya Keşlə stansiyasının Yük həyətində elektron tərəzidə çəkildikdən sonra təhvil veriləcəkdir. Malın nəqliyyat vasitəsinə (vaqona) yüklənməsi və daşınması xərcləri satıcının vəsaiti hesabına həyata keçiriləcəkdir; 1.4-cü bəndinə görə, mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında veriləcəkdir; 2.1.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə pul məbləğinin (qiymətin) alıcı tərəfindən ödənilməsini tələb etmək satıcının hüququdur; 2.4.1-ci bəndinə görə, təhvil verənin (satın alınan) malı satıcıdan qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək alıcının vəzifəsidir; 3.1-ci bəndinə əsasən, müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşən təhvil verilən malın 1 tonunun qiyməti bu müqavilənin 1 nömrəli əlavəsində (spesifikasiyada) göstərilmişdir; 3.2-ci bəndinə görə, bu müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş məbləğ mal təhvil-təslim aktı əsasında satıcıdan təhvil alınmamışdan əvvəl təqdim edilmiş hesaba uyğun şəkildə alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir; 4.1-ci bəndinə əsasən, bu müqavilə imzalandıqdan və tərəflərin möhürləri ilə təsdiq edildikdən sonra qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədədir; 5.2-ci bəndinə görə, müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır.
2. Müqavilənin 1 nömrəli əlavəsinə (spesifikasiyasına) əsasən, yararsız təkər cütlərinin oxla 1 tonunun qiyməti ƏDV xaric 131,36 manat olmaqla, 500 tonun cəmi məbləği 65.680 manat, yararsız təkər cütü oxlarının 1 tonunun qiyməti ƏDV xaric 161,02 manat olmaqla, 500 tonun cəmi məbləği 80.510 manat, sözügedən malların ümumi dəyəri 172.600 manatdır.
3. xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli aktlarla xx.xx.2017-ci il tarixli hüq 669 nömrəli müqaviləyə əsasən ümumi çəkisi 684,45 ton mallar (təkər cütləri, təkər cütü oxları) Keşlə stansiyasında Cavabdeh MMC-yə təhvil verilərək elektron tərəzi vasitəsilə çəkilmişdir. Aktlar cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq olunmuşdur.
4. İddiaçı tərəfindən ƏDV daxil 37.423,54 manat dəyərdə malın verilməsinə dair xx.xx.2018-ci il tarixli EAAG 148895 nömrəli, ƏDV daxil 45.710,91 manat dəyərdə malın verilməsinə dair xx.xx.2018-ci il tarixli EAAG 894870 nömrəli, ƏDV daxil 6.339,69 manat dəyərdə malın verilməsinə dair xx.xx.2018-ci il tarixli EAAİ 353525 nömrəli, ƏDV daxil 9.576,18 manat dəyərdə malın verilməsinə dair xx.xx.2018-ci il tarixli EAAİ 872962 nömrəli, ƏDV daxil 9.576,18 manat dəyərdə malın verilməsinə dair xx.xx.2018-ci il tarixli EAAJ 724832 nömrəli, ƏDV daxil 9.576,18 manat dəyərdə malın verilməsinə dair xx.xx.2018-ci il tarixli EAAK 677900 nömrəli, ƏDV daxil 9.576,18 manat dəyərdə malın verilməsinə dair xx.xx.2018-ci il tarixli EAAL 933073 nömrəli, ƏDV daxil 9.576,18 manat dəyərdə malın verilməsinə dair xx.xx.2018-ci il tarixli EAAN 133595 nömrəli, ƏDV daxil 9.576,18 manat dəyərdə malın verilməsinə dair xx.xx.2018-ci il tarixli EAAO 298989 nömrəli elektron qaimələr tərtib edilərək, elektron sistem vasitəsilə cavabdehə təqdim olunmuşdur.
5. xx.xx.2017-xx.xx.2018-ci illər ərzində iddiaçı tərəfindən cavabdehə göstərilmiş metal satışı xidmətlərinə görə yaranan debitor borc barədə iddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli arayışa görə, ümumilikdə 708,18 ton mallara (təkər cütləri, təkər cütü oxları) görə ödənilməmiş borc məbləği ƏDV daxil 121.973 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən icra edilməmiş öhdəliyə görə 121.973 manat məbləğdə əsas borc və 51.750 manat məbləğdə dəbbə pulu, 400 manat məbləğdə dövlət rüsumu, cəmi 174.123 manat məbləğdə pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, iddia verilərkən ödənilmiş 64 manat məbləğdə dövlət rüsumu və 400 manat məbləğdə mediasiya xərcləri iddiaçıya aid edilmişdir.
9. Qətnamənin əsaslarına görə, “... iş materiallarında olan sübutlara əsasən iddia axımını başlandığı vaxtdan etibarən cavabdeh tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə hər hansı ödəniş edilməsi, eləcə də həmin müqavilədən irəli gələn tələblər üzrə iddia axımının kəsilməsi üçün əsas olan halların baş verməsi müəyyən edilmir.”
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 377, 375, 378, 380-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Şikayətin dəlillərinə görə, cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəlik yerinə yetirilmədiyi üçün iddia müddətinin axımı bu öhdəliklər cavabdeh tərəfindən tam icra edildikdən sonra başlanmalıdır. Məhkəmənin bu halda iddia müddəti axımını düzgün hesablamadığını və iddia müddətinin buraxılması əsası ilə iddia tələbini rədd etməsi ilə bağlı gəldiyi nəticəni qanuna uyğun hesab etmir.
13. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilmədiyi üçün müqavilənin 4.1-ci bəndi müqavilə münasibətlərinin hələ də davam etdiyini və müqavilənin qüvvədən düşmədiyini təsdiq edir. Lakin məhkəmə iddia müddətinin tətbiqi barədə məsələyə münasibət bildirərkən, müqavilənin müvafiq bəndini nəzərə almamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;
17. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır;
18. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir;
19. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;
20. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;
21. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir;
22. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir;
23. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır;
24. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə;
25. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir;
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
28. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir;
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
32. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;
33. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
“Mediasiya haqqında” AR Qanununun:
34. Maddə 24.7. Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın:
35. 3.9-cu bənd. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.”
37. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;
42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apelyasiya baxışının hədləri
43. İddiaçı apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirərək, ləğv edilməsini xahiş etdiyindən, məhkəmə aktı tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
44. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
45. İşdə olan mötəbər sübutların məcmusu ilə (alqı-satqı müqaviləsi, malların təhviltəslim aktları, elektron qaimələr) təsdiq olunur ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsinə əsasən cavabdehə 121.973 manat məbləğdə mal təhvil verilmiş, cavabdehin həmin mallara görə ödəniş etməsini təsdiq edən sübutlar isə Məhkəməyə təqdim olunmamışdır.
46. Bu kontekstdə, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya yaranan borcunu ödəməli olduğu üçün, iddia tələbi əsaslıdır.
47. Lakin cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, mübahisəyə iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir.
48. İşdən müəyyən edilir ki, iddiaçının ödənilməsini tələb etdiyi borc 2017-2018-ci illərdə təhvil verilmiş mallara görə yaranmış, alqı-satqı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə mallar sonuncu dəfə xx.xx.2018-ci il tarixdə təhvil verilmişdir.
49. Həmçinin, alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən mübahisəli müqaviləyə əsasən təhvil alınmış mallara görə müəyyən ödənişlər edilsə də (müqaviləyə əsasən cəmi 146.931,22 manat məbləğdə mal təqdim edildiyi halda, iddiaçı 121.973 manat məbləğdə borcun ödənilməsini tələb edir), sonuncu ödənişin hansı tarixdə aparılması barədə iddiaçı Məhkəməyə heç bir sübut təqdim etməmişdir.
50. Bununla da, təhvil verilmiş mallara görə cavabdehin artıq ödəniş etməli olması ən geci xx.xx.2018-ci il tarixdə iddiaçıya məlum idi. Çünki, müqavilə şərtinə əsasən əvvəl ödəniş olmalı, sonra mallar təhvil verilməli idi. Ödəniş olmadan mal təhvil verilmişdirsə, ödənişlə bağlı icranın müddəti də həmin təhvil tarixindən başlamış olmuşdur.
51. İddia müddətinin axımının başladığı xx.xx.2018-ci il tarixdən etibarən cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə hər hansı ödəniş edilməsi, eləcə də, həmin müqavilədən irəli gələn tələblər üzrə iddia axımının kəsilməsinə əsas olan biləcək halların baş verməsi işdən müəyyən edilmir.
52. Digər tərəfdən, iddia müddəti tərəflər arasında mediasiya prosesinin keçirilməsi ilə əlaqədar “Mediasiya haqqında” AR Qanununun 24.7-ci maddəsinə uyğun olaraq 30 gündən artıq olmayan müddətə dayandırılmışdir (iddiaçı mediasiya prosesinin tərəflərin razılığı ilə uzadılması barədə Məhkəməyə sübut təqdim etməmişdir). xx.xx.2022-ci il tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərəfə təqdim edilməklə mediasiya prosesi başa çatdıqdan sonra müddət bərpa edilmişdir.
53. Belə olan halda, iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən başlayaraq, mediasiya prosesi ilə əlaqədar həmin müddətin dayandırıldığı vaxt da nəzərə alınmaqla, ən geci xx.xx.2022-ci il tarixdə başa çatmışdır.
54. İşdən görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə verilmiş, bununla da iddiaçı müqavilə tələbləri üzrə qanunda nəzərdə tutulan 3 illik iddia müddətini buraxmışdır.
55. Əsas tələb üzrə iddia müddəti keçdiyindən, həmin əsas borca hesablanmış 51.750 manat məbləğdə dəbbə pulu üzrə də iddia müddəti Mülki Məcəllə 376-cı maddəsinin tələbinə görə keçmiş olmuşdur.
56. Odur ki, iddia düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən bütövlükdə rədd edilmişdir.
57. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilənin 4.1-ci bəndinə (bu müqavilə imzalandıqdan və tərəflərin möhürləri ilə təsdiq edildikdən sonra qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədədir) istinad edən, cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəlik yerinə yetirilmədiyi üçün iddia müddətinin axımının bu öhdəliklər cavabdeh tərəfindən tam icra edildikdən sonra başlanmalı olması barədə yeganə dəlili ilə razılaşmır. Belə ki, sözügedən bənd yalnız müqavilənin qüvvədə olma müddəti ilə bağlı olmaqla, müqavilə üzrə yaranan öhdəliklərin icra müddəti ilə əlaqədar şərt ehtiva etmir. Həmin şərtlər müqavilənin digər bəndləri ilə tənzimlənmişdir ki, onlara da müvafiq hüquqi qiymət verildi.
58. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
59. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1193/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova