Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-693/2019 03.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «vurulmuş zərərin ödənilməsi tələbinə dair» iqtisadi iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.02.2019 tarixli, 2-2(81)-199/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 20 iyun 2017-ci il tarixli müqaviləyə əsasən 2017-ci ilin iyul və avqust ayları üçün, ümumilikdə, 2000 manat məbləğində borcun və öhdəliyin icra edilməməsinə görə 2000 manatın 10 faizi məbləğində, yəni 200 Azərbaycan manatı həcmində faiz məbləğinin və hüquqi xidmət üçün ödənilmiş 1500 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında imzalanmış məsləhət xidməti göstərilməsi haqqında 20 iyun 2017-ci il tarixli müqaviləyə və ona əlavəyə əsasən sifarişçinin tapşırığı ilə məsləhətçi ona mühasibat və əmək haqqı sahəsində aylıq (ƏDVsiz) 1000 manat qonorar ödənilməsi nəzərədə tutulmaqla, xidmət göstərməyi öhdəsinə götürmüş, lakin cavabdeh həmin müqavilənin 6.2-ci maddəsinin tələblərini pozaraq 60 günlük xəbərdarlıq müddətinə riayət etmədən birtərəfli qaydada müqaviləni pozmuşdur. Bundan əlavə müqavilənin 6.4-cü bəndinin tələblərinə də riayət etməmiş, iddiaçının Nazilə Alxasova adında işçisini işə qəbul etmişdir. Müqavilə ləğv edildikdən sonra 2017-ci ilin iyulun 25-də cavabdeh iddiaçıya təqdim edilmiş sənədləri geri aldığı üçün, iddiaçı müvafiq olaraq 2017-ci ilin iyul və avqust ayları üçün işlərin görülməsinə dair hesabat təqdim edə bilməyib. Lakin bu o demək deyil ki, cavadehin borc öhdəliyi mövcud olmayıb. Odur ki, cavabdeh müqavilə şərtlərini pozması nəticəsində iddiaçıya vurulmuş zərəri ödəməlidir. Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etməmiş, iddiaçının lazımi xidmət göstərmədiyindən onun problemləri yarandığını və bu səbəbdən iddiaçıya xidmət göstərilməsi üçün təqdim etdiyi sənədlərin (qovluqların) geri tələb olunaraq götürüldüyü, bununla da müqavilənin ləğv olunması barədə ona xəbərdarlıq edildiyi, eyni zamanda, Nazilə Alxasova adlı şəxsin iddiaçı təşkilatın işçisi deyil, «xxxx» MMC-nin işçisi olduğunu, habelə, iki aylıq vergi hesabatı verilmədiyi halda müqavilənin 6.2-ci bəndinin əhəmiyyətsiz olduğundan həmin bəndin etibarsız olduğunu bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.02.2019 tarixli, 2-2(81)-199/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 20 iyun 2017-ci il tarixli müqavilə üzrə 2000 manat məbləğində əsas borc və hüquqi xidmət üçün ödənilmiş pulun əvəzi olaraq 200 manat, cəmi, 2200 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, qətnamənin əsaslandırılmasında qarşılıqlı ziddiyət var. Bir tərəfdən məhkəmə 25.07.2017-ci il tarixli sənədlərin təhvilinin adını çəkir ki, faktiki olaraq bu hərəkətin mövcudluğunu qəbul etsə də digər tərəfdən iddiaçıya haqq qazandıraraq müqaviləni qüvvədə olmuş hesab edir. 25.07.2017-cəi ildə qovluqların iddiaçıdan təhvil-təslim aktı ilə geri alınması bu öz-özlyündə müqvilənin ləğv üçün ona edilən xəbərdarlıqdır. Müqavilə geri alınarkən iddiaçıya bildirilmişdir ki, müqaviləni bitirərək sənədləri geri təhvil-təslim edir. Bu bir işgüzar adətdir. Xidmət müqaviləsin borc öhdəliyi münasibətləri aid edilə bilməz Cavabdehin iddiaçıya xidmət borcu yoxdur. İddia ərizəsində xidmət müqaviləsinə xitam verilməsini, borcla əlaqələndirmək absurddur. Ümumiyyətlə, xidmətin göstərilməsi zamanı 2 ay qabaqcadan tərəfin xəbərdar edilməsi etibarsızdır çünki, hazırkı işin timsalında məsləhətçi müqavilə üzrə nəzərdə tutulmuş xidmətlər bilavasitə sifarişçinin sənədləri, maliyyə, vergi, əmək və s bu kimi əhəmiyyətli qovluqları üzrə həyata keçirilir. Məsləhətçini dəyişərəkən gərək 2 ay sifarişçi boş dayansın, dövlətə, vergiyə heç bir hesabat təqdim etməsin ki, müqavilə öhdəliyi var 2 ay gözləməlidir. Ona görə də iddiaçının istinad etdiyi bu məqam öhdəliyin pozulması deyil, müqavilənin həmin bəndinin etibarsızlığı kimi qiymətləndirilməlidir. Məhkəmə qətnamədə buna münasibət bildirməmişdir. İddiaçı maddi zərərin nədə konkret ifadə olunduğunu əsaslandırmamışdır. Çünki ortada ziyan mövcud deyil. Müqavilədə ona xitam verilməsi müddətinin gözlənilməməsi nəticəsində baş verə biləcək cərimə və ya sanksiya razılaşdırılmamışdır, cavabdeh belə bir öhdəlik üzərinə götürməyib. Belə olan halda hər hansı cərimədən və ya iddia edilən borc öhdəliyindən söhbət gedə bilməz. Odur ki, iddia tələbi əsassızdır. Mülki Məcəllənin 447.1, 447.2.1, 756-cı və MPM-in 14.2, 77.1 və 217-ci maddələrinə istinadən cavabdeh hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına görə qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun mudafiə etmiş, eyni zamanda, göstərmişdir ki, iddiaçı müqavilənin əlavəsində nəzərdə tutulan vergi məsləhətləri ilə bağlı xidməti, kifayət qədər təcrübəli mütəxəssisləri olmadığından, cavabdehdə aparılan vergi yoxlamasında iştirakını təmin edə bilməmiş, lazımi məsləhətlərini ala bilməmiş, vergi orqanı ilə problemlər yaşanmış, elə buradan da iddiaçı ilə aralarında narazılıqlar başlanmış və qənaətbəxş xidmət göstərmədiyi ona bildirilərək, 25.07.2017-ci il tarixdə təhvil-təslim aktı ilə təhvil verilmiş sənəd qovluqları geri alınmışdır. Bu isə işgüzar adət qaydasında olunan bir xəbərdarlıqdır. Xəbərdarlığın müqavilədə göstərilən 2 ay əvvəlcədən olunması şərtinə gəldikdə isə, bu şərt etibarsızdır. Çünki, aylıq mühasibət hesabatlarının və vergi qanunvericiliyi sahəsində məsləhətlər vaxtında verilmədikdə, müəssisə üçün problemlər yaranması və qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalara məruz qalması qaçılmazdır. Ona görə də qətnamənin ləğ olunmasını, iddianın rədd olunmasını tələb edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbinə dair məhkəməyə sübut təqdim etməmiş, MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinə, cavabdehin ona etirazına və onun apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, işin mübahisələndirən halları tərəflər arasında 20 iyun 2017-ci il tarixdə bağlamış «məsləhət xidməti göstərilməsi haqqında» müqavilənin 6.2-ci və 6.4-cü bəndləri üzrə razılaşdırılmış öhdəliklərin sifarişçi (cavabdeh) tərəfindən riayət edilməməsi ilə bağlı məsələlər təşkil edir. İşə əlavə olunmuş həmin müqavilənin qeyd olunan bəndləri isə aşağıdakı məzmunda təsbit olunmuşdur: 6.2. Müqavilə məsləhətçi və ya sifarişçinin təşəbbüsü ilə mütləq yazılı formada, 60 təqvim müddətindən gec olmayaraq, təqdim olunmuş məktub şəklində pozula bilər. 6.4. Hər iki tərəf bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müddətin bitdiyi tarixdən bir il sonra, tərəflər hər hansı bir məsələyə dair razılıq əldə etdikləri hallar istisna edilməklə, birbaşa və ya kiminsə xahişi ilə digər tərəfin əməkdaşlarını işə götürməməyə (birbaşa və ya üçüncü şəxslərin vasitəsi ilə) razılıq verir. İşə baxan birinci instansiya məhkəməsi qətnaməsində apardığı araşdırma zamanı müəyyən etdiyi hallara istinadən aşağıdakıları qeyd etmişdir: «Müqaviləyə əlavəyə əsasən xidmətlər, ƏDV istisna olmaqla, 1000 manat məbləğində aylıq qonarar kimi qiymətləndirilmişdir. 22.06.2017-ci il tarixli təhvil-təslim aktı ilə «Cavabdeh MMC-də icraçı direktor vəzifəsində çalışan Vüqar Ələkbərov tərəfindən aktda qeyd olunan qovluqlar «CBC» şirkətində baş menecer vəzifəsində çalışan Bəyaz Axundluya təhvil verilmişdir. 12 iyul 2017-ci il tarixdə Cavabdeh MMC tərəfindən «CBC» şirkətinə 11.07.2017-ci il tarixli (İNV Az/TC2017/3531) müqaviləyə əsasən 1000 manat ödəniş edilmişdir. 25.07.2017-ci il tarixli təhvil-təslim aktı ilə «CBC şirkətinin «Supervayzer mühasib vəzifəsində çalışan İradə Zeynalova, cəmi, 16 papka, Flash Card, Sim card və Mobil telefonu Cavabdeh MMC şirkətində icrçı direktor vəzifəsində çalışan Ələkbərov Vüqara təhvil vermişdir. Bundan sonra isə Cavabdeh MMC tərəfindən 20 iyun 2017-ci il tarixli məsləhət xidməti göstərilməsi haqqında müqavilə üzrə İddiaçı MMC-yə ödəniş edilmişdir. Cavabdeh MMC-nin 74/m saylı 18.08.2017-ci il tarixli məktubunda 20.06.2017-ci il tarixli müqavilənin 6.2-ci bəndinə uyğun olaraq müqaviləyə xitam verilməsi İddiaçı MMCyə bildirilmişdir…» Daha sonra, MPM-in 14.1, 14.2.1, 21.1, Mülki Məcəllənin 385.1, 386.1-ci maddələrinə istinadən məhkəmə qeyd etmişdir ki, Cavabdeh MMC 20 iyun 2017-ci il tarixdə məsləhət göstərilməsi haqqında müqavilənin 6.2-ci bəndinin tələblərini pozaraq müqaviləyə xitam vermək təşəbbüsü barədə İddiaçı MMC-yə müqavilədə mütləq yazılı formada xəbərdarlıq edilməsi nəzərdə tutulmasına baxmayaraq hər hansı xəbərdarlıq etməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən 25.07.2017-ci il tarixdə təhvil-təslim edilərək qovluqların qaytarılmasının müqaviləyə xitam verilməsini özündə əks etdirdiyini bildirsə də, «xxxx» MMC müqavilə tərəfi kimi müqaviləyə xitam verilməsi təşəbbüsünü mütləq yazılı formada və 60 gündən gec olmayraq ifadə etməyi öz öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, yazılı formada müqaviləyə xitam verilməsi təşəbbüsü ilə bağlı məlumat almayan İddiaçı MMC müqavilənin qüvvədə olmasını hesab edərək 2017-ci ilin iyul və avqust ayları üçün nəzərdə tutulan 2000 manat məbləğin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə iddia tələbi 2000 manat borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə 2000 manatın 10 fazi miqdarında 200 manat faiz məbləği ilə bağlı isə qeyd etmişdir ki, tərəflər arsında borcun gecikdiriləcəyi halda ona faiz hesablanması ilə bağlı hər hansı razılaşma olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Hüquqi xidmət haqqı üçün ödənilmiş 1500 manat məbləğində tələblə bağlı isə məhkəmə MPM-in 107, 115.0.6 və 119.1-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia qismən təmin edildiyinə görə həmin xidmət haqqının əvəzi olaraq cavabdehdən 200 manat pul iddiaçının xeyrinə tutulmalıdır.» İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Birincisi iş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndinə və həmin müqaviləyə əlavəyə əsasən məsləhətçinin xidmətləri üçün 1000 manat aylıq qonarar müəyyənləşdirilsə də, sifarişçi (cavabdeh) tərəfindən sənədlər (qovluqlar) 22.06.2017-ci il tarixdə təqdim edildiyi tarixdən heç bir ay keçməmiş, məsələhtçinin (iddiaçı) hesab-faktura əsasında, cavabdeh tərəfindən 12 iyul 2017-ci il tarixli 226 saylı ödəniş tapşırığı ilə iddiaçıya həmin qonarar ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilə və ona əlavədən, eləcə də cavabdehin nümayəndəsinin izahatından göründüyü kimi, iddiaçının cavabdehə göstərəcəyi xidmətlər sırasında, eyni zamanda, vergi orqanı tərəifndən aparılan yoxlamalarda iştirak etmək və vergi qanunvericiliyi üzrə məsləhətlər vermək kimi öhdəlikləri nəzərdə tutulsa da, həmin öhdəliklərini lazımınca yerinə yetirə bilmədiyindən cavabdeh tərəfindən ona xidmət göstərilməsi üçün təqdim edilmiş sənədlər müqavilə bağlanan tarixdən bir ay sonra geri alınmış və bu barədə 25.07.2017-ci il tarixdə təhvil-təslim aktı tərtib olunaraq, iddiaçı tərəfindən etirazsız olaraq imzalanmışdır ki, bu da işin mübahisələndirilməyən halını təşkil edir. Mülki Məcəllənin 428.4-cü maddəsinin tələbinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İşin qeyd olunan hallarından gründüyü kimi, konkret halda, məhz, tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən müqaviləni ləğv edən tərəfin 2 ay (60 gün) qabaqcadan bu barədə digər tərəfi yazılı məlumatlandırmaq öhdəliyi müəyyən olunsa da, cavabdeh onda aparılan vergi yoxlaması zamanı və vergi qanunvericiliyi üzrə iddiaçı tərəfindən təxirəsalınmaz şəkildə zəruri məsləhət xidməti göstəriləcəyinə ümid etsə də, bununla bağlı müqavilədə (və ona əlavədə) iddiaçının həmin öhdəliyindən irəli gələn şərtləşdirilmiş təminatı almamış, məruz qaldığı bu vəziyyətindən irəli gələrək, kreditor kimi müqavilənin dərhal ləğvini tələb etmişdir. Qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən xidmət göstərilməsi üçün iddiaçıya təqdim edilmiş sənədlərin geri alınması barədə 25.07.2017-ci il tarixdə tərəflər arasında imzalanmış təhvil-təslim aktı faktiki olaraq müqavilənin ləğvi barədə iddiaçıya edilən yazılı xəbərdarlıq kimi qiymətləndirilməlidir. Çünki, ən azından, cavabdeh tərəfindən xidmətin göstərilməsi üçün ona təqdim edilmiş sənədlərin geri alınması barədə həmin akt müqavilənin ləğvinə dair birbaşa yerində verilən bir məlumatı özündə əks etdirir. Əslində, iddiaçının həmin qovluqların təhvil-təslimi aktı ilə geri alınmasını müqavilənin ləğvinə dair ona edilən xəbərdarlıqdan başqa bir şey olmadığını başa düşməməsi ağlabatan da deyil. Digər tərəfdən, qənaətbəxş xidməti almayan, məruz qaldığı vəziyyətdən irəli gələrək öz mənafeyi naminə cavabdehin iddiaçının xidmətinə marağını itirdiyi və buna görə onun dərhal müqavilədən imtina etməsi qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 447.1-ci maddəsinin tələbinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Göründüyü kimi, Məcəllənin qeyd olunan müddəaları baxımından cavabdehin iddiaçının təqsiri üzündən müqaviləyə marağını itirməsi onun tərəfindən həmin müqavilədən imtina etməklə ona xitam verməsinə haqq qazandırır. İş materiallarından görünür ki, iddiaçı sənədlərin cavabdehə təhvil verilməsinə dair təvil-təslimi aktının imzalandığı, yəni müqavilənin ləğvinə dair xəbərdarlığı aldığı 25.07.2017-ci il tarixdən, müqavilənin 6.2-ci bəndində müqavilənin ləğvi üçün nəzərdə tutulan 2 aylıq xəbərdarlıq müddətindən bir ildən də çox müddət keçdikdən sonra (13.09.2018-ci il tarixdə), yəni, müqavilə artıq qüvvəsini itirdikdən sonra, məhkəmədə hazırkı iddia qaldıraraq 2017-ci ilin iyul və avqust ayları üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyi adı altında 2000 manat məbləğində 2 aylıq qonarar miqdarında ondan ziyan məbləğinin və Mülki Məcəllənin 449.1-ci maddəsinə istinadən özgə pul vəsaitindən istifadəyə görə həmin məbləğin 10 faizi miqdarında (200 manat) faiz məbləğinin ödənilməsini tələb etmişdir. Halbuki, Mülki Məcəllənin 447.7-ci maddəsində nəzərədə tutulur ki, müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Maddənin qeyd olunan mənası baxımından, cavabdehin müqavilədən çıxmasında təqsiri iş materiallarına əsasən müəyyən edilmədiyi təqdirdə və hər bir halda onun belə təqsiri iddiaçı tərəfindən sübuta yetirilmədiyi halda, sonuncu tərəfindən ona qarşı qaldırılan hazırkı ziyan tələbi əsassızdır. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehin müqavilənin 6.4-cü bəndinində nəzərdə tutulan şərtini pozmasını, yəni onun işçisini işə qəbul edib işlətməsi də iş materiallarına əsasən öz təsdiqini tapmır, əksinə, təkzib olunur. Belə ki, iş materiallarının 86-87-ci vərəqlərində olan əmək müqaviləsi bildirişlərindən görünür ki, tərəflər arasında mübahisə xidmət müqaviləsinin bağlandığı 20.07.2017-ci il tarixdən, cavabdehin iddiaçıya təhvil verdiyi qovluqları 25.07.2017-ci il tarixdə təhvil-təslim aktı ilə geri götürməsinə qədər müddət ərzində, adıçəkilən «Nazilə Alxasova»nın cavabdeh təşkilatda işləməmiş, o, heç iddiaçı təşkilatın işçisi də olmamış və 01.08.2017ci il tarixdən «xxxx» MMC-də çalışmış, cavabdeh təşkilatla isə əmək müqaviləsini yalnız 23.10.17-ci il tarixdə, yəni, tərəflər arasındakı xidmət müqaviləsi münasibətlərinə cavabdeh tərəfindən xitam verildikdən sonra bağlamış və 23.10.2018-ci il tarixdə isə onunla bağlanmış həmin əmək müqaviləsinin müddəti qurtarmışdır. Göründüyü kimi, iddiaçının qeyd olunan dəliləri tamamilə əsassızdır. Mülki Məcəllənin 443.1-ci maddəsində nəzərdə tutulur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddənin qeyd olunan mənası baxımından da, həmçinin, tərəflər arsındakı xidmət müqaviləsinin mübahisələndirilən 6.2-ci və 6.4-cü maddələrinin pozulmasına görə məsuliyyət nəzərdə tutulduğu müəyyən edilmədiyi halda, iddiaçının cavabdehdən hazırkı ziyan məbləğini tələb etməsi əsassızdır. Beləliklə də, qeyd edilənlərdən göründüyü kimi, müqavilənin ləğvinə görə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması faktı sübuta yetirilmir. Belə olan halda sonuncunun 200 manat faiz və hüquqi xidmət üçün 1500 manat məbləğin ona ödənilməsi barədə tələbi də əsassızdır. Lakin birinci instansiya məhkəməsi işə baxakən işin qeyd olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə almamış, qətnaməsində iddianı qismən təmin etməklə, işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hisəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını, qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.02.2019-cu il tarixli 2-2(81)- 199/2019 saylı qətnaməsi qismən, iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı Cavabdehndən 2000 manat əsas borc və hüquqi xidmət üçün ödənilmiş pulun əvəzi olaraq 200 manat, cəmi, 2200 manat məbləğində pulun tutulması barədə iddia tələbi rədd olunmalı, qalan hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 385, 392, 393, 400-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehapellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.02.2019 tarixli 2-2(81)-199/2019 saylı qətnaməsi qismən, iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehndən 2000 manat əsas borc və hüquqi xidmət üçün ödənilmiş pulun əvəzi olaraq 200 manat, cəmi, 2200 manat məbləğində pulun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamə, qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz, qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-693/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-693/2019
03.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver