Məhkəmə qərarları › İş №2-2(103)-694/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-694/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-694/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-2660/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2660/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadı ilə iddiaçının hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirməsi və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna malik olması halı mövcud olmadığına görə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından hazırkı işə kommersiya məhkəməsində baxıla bilmədiyindən iddia geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2660/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətini işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən etməlidir. Məhkəmə qərardadda bu maddəyə yalnız subyektiv tərkib cəhətdən qiymət verməklə yalnış nəticəyə gəlmişdir. Belə ki, maddəni tətbiq edərkən məhkəmə iş üzrə subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri kompleks şəkildə qiymətləndirib yekun nəticəyə gəlməli idi. İşin hallarından aydın görünür ki, iş sahibkarlıq fəaliyyəti ilə həm birbaşa, həm də dolayısı ilə əlaqəli olduğuna görə işə kommersiya məhkəməsində baxılmalıdır. Subyektiv tərkibə münasibətdə isə onu qeyd edirlər ki, tərəflərdən biri hüquqi şəxsdir, digəri isə əmlak istifadəsindən gəlir əldə etmək niyyətində olan fiziki şəxsdir. Göründüyü kimi, iş üzrə subyektiv tərkib də işin aidiyyətinin kommersiya məhkəməsinə aid olmasına dəlalət edir. Sözügedən maddələrdən aydın görünür ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş üzrə mübahisə isə həm birbaşa, həm də dolayısı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir. Belə ki, iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsini cavabdehə icarəyə verməkdə məqsədi gəlir əldə etmək idi. Eyni zamanda, cavabdehin də həmin qeyri-yaşayış sahəsini icarəyə götürməkdə məqsədi həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməkdən ibarət idi. Göründüyü kimi, iddia tələbləri Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2660/2022 saylı, 19 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2660/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, İddiaçı fərdi sahibkar statusu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Qanunun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin həmin Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin bu statusu əldə etmək üçün vergi ödəyicisi kimi uçota alınmaları tələb olunur. Ali Məhkəmə Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarınınn 27-ci bəndində qeyd olunur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, Azərbaycan Respublikası “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad edilən qərarından göründüyü kimi, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna malik olmadığı üçün hazırkı işə kommersiya məhkəməsində baxılmalı olmadığı üçün MPM-nin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Şikayət ərizəsində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus əmlakdan gəlir əldə etmək üçün ilkin müqavilə bağlasa da sahibkar kimi uçota alınmadığından yuxarıda qeyd edilənlərə əsasən mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2660/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2660/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar