Məhkəmə qərarları › İş №2-2(103)-695/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-695/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-695/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1226/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16710,22 manat ödənilməmiş pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 16740,22 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.04.2021-ci il tarixli e-2-2(113)-1226/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 29.04.2020-ci il tarixli 329 M/2020 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı müvafiq malları alıcının sifarişi əsasında hazırlayıb ona verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, o, cavabdehə müqaviləyə əsasən 30836 manat dəyərində müxtəlif avtomobil ehtiyat hissələri verməklə müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh razılaşdırılmış məbləğin 14125,78 manatını ödəmiş, qalan hissəsini isə hazıra qədər ödəməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təsdiq edilmiş 01.05.2020-ci il tarixdən 06.02.2021-ci il tarixədək olan dövrü əhatə edən elektron qaimələrin hesabat dövrünə dair çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 391 ədəd elektron qaimə göndərilmiş, həmin elektron qaimələrdən 3 ədədi vergi ödəyicisi, yəni cavabdeh tərəfindən, digərləri isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron sistemi tərəfindən avtomatik təsdiq edilmişdir. Həmçinin həmin elektron qaimələrə əsasən iddiaçı tərəfindən cavabdehə 30836 manat dəyərində müxtəlif mallar verilmişdir. Göründüyü kimi cavabdeh həmin elektron qaimələrə etirazını bildirməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı kollegiya qeyd edir ki, əgər birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı həmin mallara görə ödənilməyən 16710,22 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və iddia tam əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1226/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh MMC-dən 16710,22 manat məbləğində pul vəsaiti və cəmi 45 manat məbləğində dövlət rüsumları tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Xəyalə Cəmilova Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar