Məhkəmə qərarları › İş №2-2(103)-699/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-699/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-699/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı “xxxx” Şirkətinin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-835/2021 saylı, 16.03.2021-ci il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” Şirkəti (Türkiyə Respublikasının hüquqi şəxsi) Cavabdeh MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 12.600 avro məbləğində əsas borc və əldən çıxmış faydaya görə 2017-ci il tarixinə Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq ümumi məbləğin 15% həcmində, 1.890 avro, ümumilikdə 14.490 avro borc məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” Şirkəti ilə Cavabdeh MMC arasında 23.06.2017-ci il tarixli xidməti müqavilə bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən icraçı “xxxx” Şirkəti sifarişçi Cavabdeh MMC-nin sifarişinə əsasən 23- 25 noyabr 2017-ci il tarixdə Bakıda keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində iştirak etmək üçün boş sahə (X42 kv) verilməsi, ümumi təmizlik və təhlükəsizlik xidmətləri göstərməyi, sifarişçi isə öz növbəsində 12.600 avro ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh MMC-nin “xxxx” Şirkətinə 12.600 avro borcu yaranmışdır. Bağlanmış müqavilənin ödəmə şərtlərinə əsasən müqavilə məbləğinin ödəmələrin 30%-i müqavilə imzalandığı anda, 35%-i 25 sentyabrda, geri qalan 35%-i isə 25 oktyabrda ödəniləcək. Onlar cavabdehə 21.05.2020-ci il tarixində yazılı xəbərdarlıq göndərərək borcu ödəmələrini xahiş etmişlər. Lakin cavabdeh borcu hələ də ödəməmişdir. Beləliklə, Cavabdeh MMC-nin iddiaçı “xxxx” Şirkətinə olan əsas borcu 12.600 avro və əldən çıxmış mənfəətə görə 2017-ci il tarixinə Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq ümumi məbləğin 15% həcmində - 1890 avro, ümumilikdə, 14.490 avro məbləğində borcu yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-835/2021 saylı, 16.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MMC-dən 12.600 avro məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” Şirkətinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia müddətini üzrsüz səbəbdən ötürdükdən sonra 2021-ci ilin yanvar ayında məhkəməyə müraciət etmiş, buna görə də iddia müddətinin tətbiq edilməsi və həmin əsasla da iddianın təmin edilməməsi barədə tərəfimizdən məhkəməyə ərizə ilə müraciət edilmişdir. Lakin məhkəmə həmin ərizəni qəbul etməmiş və cavabdehin məktubunu əsas götürərək iddianı təmin etmişdir. Məhkəmə həmin hissədə qanunu düzgün tətbiq etməmiş və bununla da iş üzrə səhv nəticəyə gəlmişdir. Çünki, iddia müddətinin dəyişdirilməsi yolverilməzdir və qanuna görə, o cümlədən MM-nin 374-cü maddəsinə əsasən iddia müddətinin dəyişdirilməsinə dair hər-hansı razilaşmanın və ya əqdin hüquqi qüvvəsi yoxdur. Bundan əlavə təqdim olunan 01.07.2021-ci il tarixli məktub iddia müddətinin axımının kəsilməsi haqqında nəticəyə gəlməyə əsas vermir. Çünki, həmin məktubu borcun etiraf edilməsini təsdiq edən sənəd kimi qəbul etmək qanunsuz və əsassızdir. Əgər biz borcun etiraf edilməsini təsdiq etmiş olsaydıq onun heç olmasa bir hissəsinin ödənişini təmin edərdik. Lakin indiki halda maliyyə vəziyyətinin pis olmasına görə 3 ay müddətində möhlət verilməsinin xahiş edilməsi hesab edirəm ki, iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilməz. Bundan başqa, 23.06.2017-ci il müqavilə üzrə müqavilənin əsas şərti ondan ibarətdir ki, müqavilə bağlanan vaxt, yəni 23.06.2017-ci il tarixdə tərəfimizdən müqavilə dəyərinin 3000 avro hissəsi ödənilməli idi. Həmin məbləğ tərəfimizdən ödənilməmiş, bununla da artıq həmin tarixdən, yəni 23.06.2017-ci ildən etibarən iddia müddətinin axımı başlamışdır. Qeyd edilən ödənişin edilmədiyi tarixdən müqavilə şərtləri pozulmuş və həmin tarixdən sonra iddiaçı müqaviləyə xitam verməli və digər şəxslə (şəxslərlə) müqavilə bağlayaraq həmin sərgi xidmətini göstərməli idi. Bunu etmək əvəzinə iddiaçı şirkət iddia müddətini ötürəndən sonra, yəni 3 il 6 aydan sonra 2021-ci ilin yanvar ayında məhkəməyə müraciət etmiş, bununla da qanunu pozmuşdur. İşə baxılması 30.06.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı barədə xəbərdar edilsələr də iclasa gəlməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-835/2021 saylı, 16.03.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissədə yoxlayaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarından görünür ki, “xxxx” Şirkəti (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 23 iyun 2017-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” Şirkəti Sifarişçi Cavabdeh MMC-nin sifarişinə əsasən 23-25 noyabr 2017-ci il tarixdə Bakıda keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində iştirak etmək üçün boş sahə (X42 kv) verilməsi ümumi təmizlik və təhlükəsizlik xidmətləri göstərməyi, sifarişçi isə öz növbəsində 12.600 avro ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən “xxxx” Şirkətinə ünvanlanmış 01.07.2020-ci il tarixli 02/05-193 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh MMC ilə “xxxx” Şirkəti arasında bağlanmış 23.06.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMCnin “xxxx” Şirkətinə olan 12.600 avro borcun 8.000 avro hissəsini şirkətinin maliyyə vəziyyətinin yaxşı olmaması səbəbinə görə 3 ay ərzində ödəniləcək. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1-ci, 442, 443.1 və 448.1-ci maddələrinə istinad edərək iddianın əsas borcun tutulması hissəsində təmin edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin apelyasiya şikayətini əsassız, birinci instansiya məhkəməsinin isə iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən olunmuşdur. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəyə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur ki, ödəmələrin 30 %i müqavilə imzalananda, 25-% 25.09.2017-ci ildə, 35 % isə 25.10.2017-ci il ödəniləcək. Bu şərtə əsasən xidmətin dəyəri 25.10.2017-ci il tarixdə tam ödənilməli idi, həmin tarixdən üç illik iddia müddəti hesablandıqda iddia müddətinin axımı 25.10.2020-ci ilədək olmuşdur. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.11.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri - kreditora borcun etirafını nəzərdə tutan məktub formasında ifadə oluna bilər. Cavabdeh iddiaçıya 01.07.2020-ci il tarixdə borcun etirafı ilə bağlı məktub göndərdiyindən iddia müddətinin axımı həmin tarixdə kəsilmiş və yenidən başlamışdır. Buna görə də iddiaçı 07.01.2021-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də iddia müddəti ötürülməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-835/2021 saylı, 16.03.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-835/2021 saylı, 16.03.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar