Məhkəmə qərarları › İş №2-2(103)-699/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-699/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-699/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçının nümayəndələri X2 və X3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2-2(113)-1139/2023 nömrəli qətnaməsindən Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2021-ci il tarixdə GS-235/2021 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcıya sifariş olunmuş malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilənin ayrılmaz tərkib hissələri sayılan Əlavə ilə razılaşdırıldıqdan sonra sifariş tamamlanmış hesab olunur.

2. İddiaçı cavabdehdən xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək verilmiş olan mallara və göndərilmiş hesab-fakturalara əsasən 16.690,48 manat məbləğində borcun qaldığını və tutulmasını tələb edir.

3. Cavabdeh isə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində borcunun olduğunu inkar etmir, yalnız malların bir hissəsinin qaytarıldığını və iddianın qaytarılmış malların dəyəri olan 4.248 manat hissəsi ilə razı olmadığını bildirdi.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MECC MMC-dən GS – 235/21 saylı, xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsinə, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək göndərilmiş malların dəyəri olan 16.960,48 manat, dəbbə pulu olaraq 1.696,05 manat, 200 manat mediasiya xərci, ümumilikdə 18.856,53 manat, buna əlavə olaraq işin məhkəmədə baxılmasına dair ödənilən dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq General Supply QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 may 2021-ci il tarixində X8 Səhmdar Cəmiyyəti (satıcı) və MECC Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında GS – 235/21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə uyğun olaraq satıcı əlavədə göstərilən malları alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq təhvil verməyi öz üzərinə götürmüş və alıcı də öz növbəsində həmin malları qəbul edərək, razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin tələblərinə uyğun olaraq müxtəlif çeşidli mallar müqavilənin 3.2.1-ci maddəsinə uyğun olaraq İddiaçı QSC tərəfindən satılmış və tam qaydalara uyğun şəkildə təhvil-təslim aktları əsasında təhvil verilmişdir. Satılmış olan məhsullara dair hesab-fakturalar müqavilənin 6.2-ci maddəsində razılaşdırılmış şərtə uyğun olaraq tam şəkildə Cavabdeh MMC-yə göndərilmişdir. X4 Supply QSC müqavilə üzrə öhdəliklərini razılaşdırılmış qaydada və tam şəkildə yerinə yetirmişdir. Lakin, yuxarıda sadalananlara baxmayaraq, Alıcı tərəf uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə İddiaçı QSC tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq bugünədək ödəniş öhdəliyini həyata keçirməmişdir. Alıcının müqavilə öhdəliklərindən irəli gələn, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixini əhatə edən hesab-fakturalara uyğun olaraq 16.960,48 manat, bu ödənişlərə əlavə olaraq Müqavilənin 6.9-cu bəndində göstərildiyi kimi, gecikdirilən ödənişə görə dəbbə pulunun məbləği 1.696,05 manat, mediasiya mərhələsində iştirak etməmələri səbəbindən General Supply QSC-nin ödənişini həyata keçirdiyi 200 manat toplam olaraq 18.856,53 manat borcu vardır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1139/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixli GS-235/21 saylı müqavilə üzrə 16.960 (on altı min doqquz yüz altmış) manat 48 (qırx səkkiz) qəpik əsas, 850 (səkkiz yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 17.810 (on yeddi min səkkiz yüz on) manat 48 (qırx səkkiz) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1139/2023 saylı qətnaməsinin qismən ləğv edilərək iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaimədən göründüyü kimi 4.248 manat dəyərində mallar Satıcıya qaytarılmışdır. Qaytarılmasına əsas kimi həmin məhsulların keyfiyyətsiz olması müəyyən edilmiş və Satıcı onları qəbul etmişdir. Lakin heç bir əsaslandırma olmadan məhkəmə tərəfindən qanunun bu şərtləri pozulmuş və yanlış maddi normalar tətbiq olunmuşdur.

10. Məhkəmədə həmin məhsulların bir qisminin keyfiyyətsiz və bu səbəbdən Sifarişçi qarşısında şərtləşdirilmiş vaxtda təhvil təslim edə bilməmələrini və ümumiyyətlə cərimə məbləği ödəmək imkanında olmadıqlarını bildirsələr də, məhkəmə tərəfindən yanlış yanaşma olmuş və kifayət qədər yüksək məbləğdə cərimə məbləği tutulmuşdur. Halbuki, iddiaçı qərəzli şəkildə vaxt qazanmış və məhkəmədə fikir formalaşdırmağa çalışmışdır ki, güya cavabdeh ödənişi qərəzli şəkildə gecikdirmiş, ona görə də, yüksək məbləğdə cərimə məbləği ödənilməlidir. Məhkəmənin azaltdığı məbləğ dəbbə pulunun azaldılmasında yanlışlıq etmiş və normanı yanlış əsaslandırmışdır.

11. Mülki Məcəllənin 567 və 600.4-cü maddələri yanlış tətbiq edilmiş, tətbiq edilməli olan normalar isə tətbiq edilməmiş, bütün bunlar Qətnamənin qismən ləğv edilməsi üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, dəbbə pulunun azaldılması məhkəmə üçün məcburi olmadığı kimi, məbləğ də müəyyənləşdirilməmişdir. Məhkəmə dəbbə pulu barədə son nəticəyə cavabdehin əmlak mənafeləri, iddiaçıya olan borcun yüksək məbləğdə olması və iddiaçıya dəyən zərər nəzərə alınmaqla gəlmişdir. Bundan başqa apellyator keyfiyyətsiz malların iddiaçıya qaytarılması ilə bağlı qaiməyə istinad etmiş, lakin həmin qaimənin bu kommersiya mübahisəsinin əsası olan müqaviləyə yox, iddiaçı və apellyator arasında bağlanmış bir digər müqaviləyə uyğun kəsildiyini qeyd etməmişdir.

12. Apellyator qeyd edir ki, iddiaçıya qaytarılan 4248 AZN məbləğ iddia edilən məbləğdən azaldılmalıdır, çünki cavabdeh həmin məbləği xx.xx.2022-ci il tarixli EBBV 117909 saylı qaimə ilə geri qaytarmışdır. İşə əlavə olunan həmin qaimədən və Bakı Kommersiya Məhkəməsinin gəldiyi nəticədən də görünür ki, sözügedən məbləğin əks olunduğu qaimənin hazırkı kommersiya mübahisəsinə aidiyyəti yoxdur, çünki həmin qaimə həm tarixinə, həm də üzərində qeyd olunan müqavilə nömrəsinə görə bu kommersiya mübahisəsinin əsası olan alqı-satqı müqaviləsi ilə uyğunluq təşkil etmir. Apellyatorun istinad etdiyi qaimədə göstərilən və tərəflər arasında bağlanan digər müqavilə elektron şəkildə şəxsi kabinetdə sənədlərə əlavə olunmuşdur. Görünür ki, qaimədə istinad edilən müqavilə xx.xx.2021-ci il tarixli, GS-614/21 saylı alqı-satqı müqaviləsidir və həmin müqavilədə apellyator satıcı, iddiaçı isə alıcı tərəfdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək və təqdim olunmuş etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

15. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Mülki Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

19. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

20. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən əsas borc üzrə 4248 manat məbləğin və cərimə məbləğinin tutulması hissələrində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən hissələrdə əsasslıdır.

28. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2021-ci il tarixdə GS-235/2021 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı alıcıya sifariş olunmuş malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilənin ayrılmaz tərkib hissələri sayılan Əlavə ilə razılaşdırıldıqdan sonra sifariş tamamlanmış hesab olunur.

29. Müqavilənin 1.2-ci bəndinə əsasən malın təhvil verilməsi malın satıcı tərəfindən alıcının ünvanında tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq olunmuş təhvil-təslim aktı və digər sənədlər (qaimə, vergi hesab-fakturası və s.) əsasında alıcıya təhvil verilməsidir.

30. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

31. İddiaçı iddia tələbində cavabdehdən xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək verilmiş olan mallara və göndərilmiş hesab-fakturalara əsasən 16.690,48 manat məbləğində borcun qaldığını və tutulmasını tələb etmişdir.

32. Cavabdeh isə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində borcunun olduğunu inkar etmir, yalnız malların bir hissəsinin qaytarıldığını və iddianın qaytarılmış malların dəyəri olan 4248 manat hissəsi ilə razı olmadığını bildirdi.

33. Qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

34. Yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

35. Tərəflər arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən alıcı tərəfindən ödəniş əlavələrdə başqa şərt nəzərdə tutulmazsa, mallar çatdırıldıqdan sonra satıcının təqdim etdiyi hesab faktura əsasında 30 təqvim günü ərzində həyata keçiriləcəkdir. Müqavilələrin qeyd edilən bəndinin və yuxarıda qeyd edilmiş 1.2-ci bəndinin məzmunundan aydın olur ki, tərəflər özləri malların verilməsinin rəsmiləşdirilməsi və verilmiş mallara görə ödənişlərin məhz göndərilmiş elektron qaimələr əsasında həyata keçiriləcəyi ilə bağlı razılığa gəlmişlər.

36. İş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixli 223187 nömrəli dəyəri 2.159,4 manat olan, xx.xx.2022-ci il tarixli 717825 saylı dəyəri 354 manat, xx.xx.2022-ci il tarixli 175496 nömrəli dəyəri 64.90 manat, xx.xx.2022-ci il tarixli 170438 nömrəli dəyəri 1.368,80 manat, xx.xx.2022-ci il tarixli 174842 nömrəli dəyəri 1.416 manat, xx.xx.2022-ci il tarixli 747830 nömrəli dəyəri 1.536,50 manat, xx.xx.2022-ci il tarixli 200520 nömrəli dəyəri 236 manat, xx.xx.2022-ci il tarixli 534809 nömrəli dəyəri 885 manat, xx.xx.2022-ci il tarixli, 534434 nömrəli dəyəri 708 manat, xx.xx.2022-ci il tarixli 731270 nömrəli dəyəri 97,94 manat, xx.xx.2022-ci il tarixli 765311 nömrəli dəyəri 94,40 manat, xx.xx.2022-ci il tarixli 785881 nömrəli dəyəri 94,40 manat, xx.xx.2022-ci il tarixli 960652 nömrəli dəyəri 442,50 manat, xx.xx.2022-ci il tarixli 085850 nömrəli dəyəri 236 manat, xx.xx.2022-ci il tarixli 178807 nömrəli dəyəri 1.947 manat, xx.xx.2022-ci il tarixli 223512 nömrəli dəyəri 737,5 manat, xx.xx.2022-ci il tarixli 606034 nömrəli dəyəri 855,50 manat, xx.xx.2022-ci il tarixli 989129 nömrəli dəyəri 265,50 manat, xx.xx.2022-ci il tarixli 123565 nömrəli dəyəri 1.563,50 manat, xx.xx.2022-ci il tarixli 420548 nömrəli dəyəri 330,40 manat, xx.xx.2022- ci il tarixli 024982 nömrəli dəyəri 2.006 manat olan elektron qaimələr alıcı Cavabdeh MMC-yə göndərilmişdir.

37. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından da, görünür ki, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrdəki göstərilmiş məbləğdə olan mallar cavabdehin əməkdaşı kimi qeyd edilmiş Yıldırım Kayacan, M.Nəriman, Elnur Qədimov adlı şəxslər tərəfindən qəbul edilmişdir.

38. Cavabdeh tərəfdən qeyd edilmiş şəxslərin kim olması birinci instansiya məhkəməsində araşdırılmış, cavabdeh tərəf isə onların əməkdaşları olduğunu bildirmişdir.

39. Cavabdehin 4.248 manat manat dəyərində olan malların qaytarılması dəlili ilə bağlı kollegiya qeyd edir ki, işdə olan xx.xx.2022-ci il tarixli EBBV 117909 saylı elektron qaimədən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə dəyəri 4.248 manat olan elektron qaimə göndərilmişdir. Yəni malların qaytarılması məhz bu qeyd edilmiş elektron qaimə üzrə həyata keçirilmişdir. Qeyd edilmiş xx.xx.2022-ci il tarixli EBBV 117909 saylı elektron qaimənin isə hazırkı mübahisə ilə tələb edilən məbləğə hər hansı bir aiddiyatı yoxdur.

40. Bundan başqa həmin qaimədən görünür ki, qaiməni təqdim edən Cavabdeh MMC alıcı isə İddiaçı QSC-dir. Alqı-satqı müqaviləsi isə GS-614/21 saylı xx.xx.2021-ci il tarixli müəyyən edilmişdir.

41. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qeyd edir ki, cavabdehin hazırkı mübahisə predmeti olan alqı-sayqı müqaviləsi üzrə 4.248 manat dəyərində olan malları geri qaytarması barədə dəlili əsassızdır.

42. Cavabdehin dəbbə pulu məbləğinin yüksək olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 6.9-cu bəndində öz əksini tapmışdır.

43. Belə ki, həmin bəndə əsasən bu müqavilə üzrə və əlavələrlə müəyyən olunmuş müddət ərzində alıcı tərəfindən ödənişlərin həyata keçirilməsi gecikdirildiyi halda alıcı gecikdirilən hər gün üçün malların dəyərinin 0.1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürür. Cərimənin məbləği gecikdirilən ümumi ödəniş məbləğinin 10%-dən artıq ola bilməz.

44. Dəbbə pulunun tutulması ilə bağlı mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.

45. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

46. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən 850 manat dəbbə pulu məbləğinin tutulması barədə düzgün nəticəyə gəlmişdir.

47. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1139/2023 saylı qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilən əsas borc üzrə 4248 manat məbləğin və 850 manat dəbbə pulu məbləğinin tutulması hissələrində dəyişdirilmədən saxlanılmalıdır.

48. Həmçinin qətnamənin mübahisələndiriləən hissəsində iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1139/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar