Məhkəmə qərarları › İş №2-2(103)-700/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-700/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-700/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə vəzifəsi, yeni sübutların apellyasiya instansiyası məhkəməsinə təqdim olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 19 dekabr 2023cü il tarixdə 63/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə görə, müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq, “Alıcı” malın dəyərini ödəməyi, “Satıcı” isə “Alıcı" ya əlavədə göstərilən malların zəmanətli və tam işlək təhvil verməsini öhdələrinə götürürlər.

3. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin dəyəri bu müqavilənin ayrılmaz hissəsi olan X3 ilə tənzimlənir və köçürmə yolu ilə “Alıcı” tərəfindən “Satıcı”ya ödənilir; 2.2-ci bəndinə görə, malın qiyməti müqaviləyə ediləcək əlavələrdə göstəriləcək qiymət razılaşdırma protokolu ilə müəyyənləşdirlir; 2.3-cü bəndinə əsasən, müqavilə üzrə qiymətlər xarici valyutanın Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müqavilənin tarixinə müəyyən olunmuş məzənnəsi əsasında hesablanmışdır və ödəniş AZN ilə ediləcəkdir. Rəsmi məzənnə müqavilənin tarixi məzənnəsinə nisbətdə 5% (beş faiz)-dən çox artdığı təqdirdə müqavilənin qalıq dəyəri həmin artıma mütənasib olaraq artır.

4. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların adı, miqdarı və qiyməti “Satıcı” tərəfindən tərtib və təqdim olunan Qaimə-Faktura və Hesab- Fakturada göstərilir; 3.3-cü bəndinə görə, bu müqavilə ilə müəyyən olunan şərtlər çərçivəsində “Satıcı” Qaimə-Fakturada göstərilən mallarla “Alıcı"nı təchiz etməyi öz öhdəsinə götürür, “Alıcı” isə ona təhvil verilmiş malların dəyərini ödəməyi qəbul edir; 3.4cü bəndinə əsasən, “Alıcı” Qaimə-faktura üzrə göndərilmiş malların təxirəsalınmadan (aşkar olunan qüsurların “Satıcı” tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür; 3.5-ci bəndinə görə, mallar, təqdim olunmuş qaimə-fakturaya uyğun olaraq, “Alıcı”nın ünvanına çatdırıldıqdan sonra “Satıcı” tərəfindən təhvil verilmiş, "Alıcı" tərəfindən isə qəbul edilmiş hesab olunur.

5. Müqavilənin 4.1-ci bəndinə görə, zəmanət müddəti alətlərin istismara verildiyi tarixdən 12 aydır, bu müqavilə üzrə satılan malların keyfiyyəti satıcı tərəfindən verilmiş keyfiyyət sertifikatı və test sertifikatları ilə təsdiq edilməlidir. Zəmanət altındakı qüsurlu hissələrin əvəzi “Satıcı” tərəfindən həyata keçirilməlidir. Satıcı qüsurlu hissələri əvəsiz olaraq dəyişdirmək üçün alıcını ehtiyat hissələri ilə təmin etməlidir. Satıcını yazılı tələbi əsasında alıcı qüsurlu hissələri qaytarmağı öz üzərinə götürür. Belə göndərmə ilə bağlı bütün xərclər satıcı tərəfindən ödənilməlidir.

6. Müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 31 dekabr 2024-cü il müddətinədək öz hüquqi qüvvəsini saxlayır.

7. 19 dekabr 2023-cü il tarixli 1 nömrəli X2 görə 1043,12 manat məbləğində, 16 yanvar 2024-cü il tarixli 2 nömrəli X2 əsasən 260,78 manat məbləğində, 22 fevral 2024-cü il tarixli 4 nömrəli X2 uyğun olaraq 601,8 manat məbləğində, 01 mart 2024-cü il tarixli 4 nömrəli X2 əsasən 902,7 manat məbləğində, 01 mart 2024-cü il tarixli 5 nömrəli X2 müvafiq olaraq 43 329 manat məbləğində malların verilməsi razılaşdırılmışdır. Qeyd edilən protokollarda həmçinin göstərilmişdir ki, ödəniş 100% əvvəlcədən alıcı tərəfindən satıcının bank hesabına köçürülmə yolu ilə həyata keçirilir.

8. 05 mart 2024-cü il tarixli **********0 saylı “Malların təhvil-qəbul aktı”na əsasən satıcı tərəfindən alıcıya 42 126 manat dəyərində, 18 mart 2024-cü il tarixli 25 saylı akta əsasən 601,80 manat dəyərində, 10 sentyabr 2024-cü il tarixli **********6 saylı akta əsasən 1203,60 manat dəyərində malların təhvil verilməsi hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

9. Satıcı tərəfindən alıcıya 34 904,40 manatlıq mal satışına dair 29 mart 2024cü il tarixli EBEB087289 saylı e-qaimə, 902,70 manatlıq mal satışına dair eyni tarixli EBEB089191 saylı e-qaimə və 1203,6 manatlıq mal satışına dair 26 oktyabr 2024-cü il tarixli MT**********95 saylı e-qaimə tərtib edilərək göndərilmişdir.

10. 15 yanvar 2025-ci il tarixli ödəniş tapşırığından göründüyü kimi Cavabdeh MMC tərəfindən 2630 manat məbləğində, 24 yanvar 2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1500 manat məbləğində ödəniş edilmişdir.

11. 15 yanvar 2025-ci il tarixli “köçürmənin aparılması haqqında” bildirişə əsasən, alıcı tərəfindən 473,4 manat məbləğində, 24 yanvar 2025-ci il tarixli bildirişə əsasən 270 manat məbləğində ƏDV ödənişləri edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı MMC (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 28 508,80 manat (ƏDV daxil) borcun (ƏDV 4348 manat), 163 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 1000 manatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandırmış və qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq mallar təhvil verilmiş, cavabdeh tərəfindən müqavilənin şərtlərinə uyğun ilkin olaraq 14 940 manat (on dörd min doqquz yüz qırx manat) ona ödənilmişdir. Cavabdеhin bu günə olan borcu ƏDV daxil 28 508,80 manat təşkil edir (ƏDV-siz 24 160 manat) və sonuncu tərəfindən ödənilməli olan 28 508,80 manat borc (iyirmi səkkiz min beş yüz səkkiz manat səksən qəpik) bu günədək ödənilməmişdir. Göstərilən səbəbə görə də tərəfindən prеtеnziya məktubu ilə cavabdehə müraciət olunmuş, lakin naməlum səbəblərdən ödənişlər həyata keçirilməmişdir. Odur ki, mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtmək zərurəti yaranmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdeh avadanlıqların əldə еdilməsi hüququna malik olduğu kimi, həmin avdanlıqların dəyərini ödəmək vəzifəsinin daşıyıcısı olmuşdur. Lakin cavabdеh avadanlıqları qəbul еtsə də, avadanlıqların dəyərini ödəməməklə müqavilə öhdəlyini pozmuşdur.

14. Sonradan iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, 23 635,4 manat ƏDV daxil borcun, 163 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 1000 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsinin 17 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehdən ƏDV daxil 23 635,4 manat borc məbləğinin, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manatın və dövlət rüsumunun əvəzi olaraq 163 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, tərəflər arasında beton alqı-satqı müqaviləsi bağlanmış, mallar cavabdehə təhvil verilmiş və cavabdehə eqaimələr göndərilmişdir. Həmin e-qaimələr cavabdeh tərəfindən ləğv edilməmiş, düzəliş üçün iddiaçıya qaytarılmamış, lakin cavabdeh müqaviləyə əsasən yaranmış borcunu ödəməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, təhvil-təslim aktları və qismi ödənişlərlə təsdiq olunduğu üçün 23 635,4 manat borc məbləğinə dair hissədə iddia tələbi təmin edilməlidir.

18. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 443.1-ci, 568.1-ci, 579.1-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad etmişdir.

19. Qətnamədən cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını aydınlaşdırmamış, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının təqdim etdiyi malların bir hissəsi qüsurlu olduğundan həmin mallarla cavabdehin borcunun əvəzləşdirildiyini nəzərə almamaqla əsassız nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

21. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi ərizə ünvanlayaraq başqa məhkəmə prosesində iştirakı ilə bağlı məhkəməyə gələ bilmədiyini bildirməklə prosesin təxirə salınmasını istəmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

22. İşin halları, cavabdehin (apellyatorun) nümayəndəsinin ərizədə qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də onun şikayətinə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

27. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

31. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

32. Maddə 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.

33. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

35. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.

36. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

37. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.

38. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

39. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

45. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

47. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

48. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

49. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

50. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

51. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

Apellyasiya baxışının həddi

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

54. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

55. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

56. Kollegiya, iddiaçının təqdim etdiyi qüsurlu mallara görə tərəflərin borcu əvəzləşdirilməsi ilə bağlı cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlili əsassız hesab edir.

57. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh malların qüsurlu olduğunu irəli sürsə də, konkret olaraq nəyə əsasən və hansı malların qüsurlu olması, qüsur nəticəsində dəymiş zərərlə bağlı hər hansı dəlil təqdim etməmişdir.

58. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 40, 41).

59. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində üzrlü səbəblərlə bağlı iştirak etmədiklərini qeyd etsə də, nə həmin üzrlü səbəblərlə bağlı sübutları, nə də müvafiq sübutların özünü təqdim etməmişdir. Yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər (§ 44).

60. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma (§ 44) həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.

61. Digər tərəfdən nəzərə alınmalıdır ki, satıcı alqı-satqı müqaviləsi üzrə qüsurlu mallar verdiyi halda, mülki qanunvericilik alıcıya bununla bağlı bir sıra hüquqlar vermişdir. Belə ki, cavabdeh bu halda iddiaçıdan qüsurun aradan qaldırılmasını və ya əşyanın əvəz edilməsini tələb edə bilərdi (§ 35, 36) – hansı ki, tərəflər bunu xüsusi olaraq müqavilə də nəzərdə tutmuşlar (§ 5).

62. Müqavilədə xüsusi olaraq göstərilmişdir ki, cavabdeh qaimə-faktura üzrə göndərilmiş malların təxirə salınmadan (aşkar olunan qüsurların iddiaçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.

63. Başqa sözlə, cavabdeh qüsuru aşkar etdikdən sonra iddiaçı tərəfindən təqdim edilən qaimələrə etirazını bildirə və qüsurların aradan qaldırılmasını tələb edə bilərdi.

64. Buna görə də cavabdehin məhz iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bu hala istinad etməsi ağlabatan olmamaqla, vicdanlılıq prinsipinə də ziddir.

65. Eyni zamanda cavabdeh, mövcudluğunu iddia etdiyii qüsurlarla bağlı dəymiş zərərin yekun borcdan çıxıldığını bildirsə də, bununla bağlı iddiaçı ilə bağladığı hər hansı razılaşma təqdim etməmişdir. Halbuki, öhdəliyin əvəzləşdirilməsi qarşılıqlı xarakter daşıyır (§ 31, 32) və yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda birtərəfli qaydada baş verir.

66. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1762/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar