Məhkəmə qərarları › İş №2-2(103)-701/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-701/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-701/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, cavabdeh “X2” şirkətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-670/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 16 avqust 2019-cu il tarixli PO00005152 saylı spesifikasiya üzrə 5.197,96 ABŞ dolları həcmində əsas borc və 259,89 ABŞ dolları həcmində cərimə məbləğinin, cəmi 5.457,85 ABŞ dolları məbləğinin, 10 oktyabr 2019-cu il tarixli PO ********* saylı spesifikasiya üzrə 5.127,67 ABŞ dolları əsas borc məbləği və 256,38 ABŞ dolları həcmində cərimə məbləği olmaqla, cəmi 5.384,12 ABŞ dolları məbləğinin, beləliklə hər iki spesifikasiya üzrə yekun məbləği təşkil edən 10.841,97 ABŞ dolları məbləğinin, o cümlədən 1.000 AZN həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.04.2021-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. Qərardadın əsaslarına görə, “İddia ərizəsini imzalamış Nümayəndə1 iddiaçının adından iddia ərizəsinə imza etmək və məhkəmədə çıxış etmək səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə) qanunla müəyyən edilmiş qaydada təsdiq edilməmişdir. İşdə olan Səlahiyyətlər haqqında şəhadətnamənin notarial qaydada təcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, İddiaçı BƏƏ qanunvericiliyinə əsasən müvafiq qaydada qeydiyyata alınaraq təsis edilmişdir (şirkətin hüquqi ünvanı - X1, Dubay). İddia ərizəsinə əlavə edilmiş 02 dekabr 2020-ci il tarixli etibarnamə Azərbaycan dilində tərtib edilərək Bakı şəhəri 38 saylı notariat ofisində İddiaçı direktoru X3 tərəfindən Nümayəndə1 verilmişdir. 21 fevral 2020-ci tarixli etibarnamə Azərbaycan dilində tərtib edilmiş Paolo Grab tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmişdir. Belə ki, işdə iştirak edən xarici hüquqi şəxs onun hüquqi statusunu, sahibkarlıq və digər iqtisadi fəaliyyətini təsdiq edən sübutları kommersiya məhkəməsinə təqdim etməlidir.” Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv olunmasını xahiş etmişdir. Şikayətin əsaslarına görə, X1 Apostil Konvensiyasının üzvü deyil. Bu dövlət bu konvensiyanı imzalamayıb ona qoşulmayıbsa, apostilin ona tətbiq edilməsi mümkünsüzdür. Belə olan halda leqallaşdırma prosedurundan istifadə edilməlidir. İddiaçı notariusa verilmiş sənədlərində leqallaşdırma sənədləri olmuşdur, əks təqdirdə notarius həmin sənədi qəbul etməyərək etibarnaməni təsdiq edə bilməzdi. Belə ki, xarici hüquqi şəxsin təsis sənədləri konsul leqallaşdırılmasından keçmiş, təsisçi direktoru Azərbaycan Respublikasında olmuş və etibarnaməni məhz leqallaşdırılan sənədlər əsasında vermişdir. Bakı Kommersiya Məhkəməsinin 08.05.2021-ci il tarixli qərardadı ilə şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, iddiaçının adından verildiyi irəli sürülən 21.02.2020-ci il tarixli 05/022020 nömrəli etibarnaməni imzalayan Paolo Grabın kimliyi və səlahiyyətləri barədə Məhkəməyə heç bir rəsmi sənəd təqdim olunmamışdır. “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun 18-ci maddəsinə əsasən, “Etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur.” Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. İddiaçının X1ndə tərtib olunan etibarnaməsi Məhkəməyə təqdim edilməmişdir. İddiaçının qeydiyyat sənədlərində onun səhmdarı və iki direktorundan biri kimi göstərilən X3 tərəfindən verilmiş 02.12.2020-ci il tarixli etibarnamə isə notariat qaydasında verilmiş, başqa sözlə, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olmamışdır. Belə ki, MPM-in: 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir; 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında ... təsdiq edilir; 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Digər tərəfdən, iddiaçının təsis müqaviləsi və nizamnaməsində C.Nağızadənin şirkəti təkbaşına təmsil etməyə və onun adından etibarnamə verməyə səlahiyyətli olması qeyd edilməmişdir. Bu mənada məhkəmə kollegiyası şikayətlə razılaşmır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-670/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar