Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-701/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar söz: qarışıq müqavilə, alqı-satqı müqaviləsi, yük daşınması müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1457/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2024-cü il tarixli Proforma invoys sənədi SE1000-24 cihazının alınması və daşınması ilə bağlı olmuş və dəyəri 4.000 ABŞ dolları təşkil etmişdir
2. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli MT2409 seriyalı 10450686 nömrəli, dəyəri 6.800 manat olan elektron qaimə göndərilmişdir.
3. Qeyd edilmiş MT2409 seriyalı 10450686 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə nəzər yetirildikdə görünür ki, burada xx.xx.2024-cü il tarixli Proforma İnvoysa istinad olunmuşdur.
4. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 7265 saylı ödəniş tapşırığından görünür ki, 6.800 manat məbləğində ödənişin təyinatı MT2409 seriyalı 10450686 nömrəli elektron-qaimə olmuş və iddiaçı tərəfindən cavabdehə 6.800 manat məbləğində pul ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki ilk icraat
5. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.800 manat məbləğində pul vəsaitinin və məhkəməyə ödənilmiş 88 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SE1000-24 elektrik qida mənbəyinin (Power Supply) alışına və onun daşınmasına görə MT2409 seriyalı, 10450686 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura əsasında "xxxx" MMC tərəfindən Cavabdeh MMCnə xx.xx.2024-cü il tarixdə 6800 (altı min səkkiz yüz) manat pul vəsaiti ödənilmişdir. Lakin, ödənişin həyata keçirildiyi tarixdən etibarən 2 aydan çox müddətin keçməsinə baxmayaraq həmin mal Cavabdeh MMC tərəfindən bizə çatdırılmamışdır (təhvil verilməmişdir). Dəfələrlə şifahi qaydada müqavilə üzrə malın bizə təhvil verilməsini tələb etsək də, heç bir müsbət nəticə əldə edilməmişdir. Sonuncu dəfə tərəfimizdən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya göndərilərək "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərini icra edib SE-1000-24 elektrik qida mənbəyinin (Power Supply) xx.xx.2024-cü il tarixədək bizə çatdırılması (təhvil verilməsi) xahiş edilmiş, əks halda, həmin müqavilə üzrə Cavabdeh MMC-nə ödənilmiş 6800 (altımin səkkiz yüz) manat məbləğində pul vəsaitinin, Cəmiyyətə dəymiş zərərin və çəkilmiş xərclərin əvəzinin Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nə ödənilməsi ilə bağlı iddia ərizəsilə tərəfimizdən müvafiq məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Lakin müqavilə üzrə mal bu günədək bizə təhvil verilməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1457/2025 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia təmin edilərək 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 88 (səksən səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yazılı qaydada, iki tərəfli imzalanmış alqı-satqı müqaviləsi olmasa da, tərəflər arasında SE-1000-24 cihazının alınması ilə bağlı razılaşma olmuşdur. Qeyd edilmiş cihazın daşınma xərcləri daxil dəyəri iddiaçı tərəfindən cavabdehə ödənilsə də, cavabdeh tərəf qeyd edilmiş cihazi iddiaçıya təqdim etməmiş və iddiaçı ilə cavabdeh arasında olan digər yükdaşıma müqaviləsindən irəli gələn borcu üzrə silinmələrini aparmışdır.
9. Məhkəmə hesab etmişdir ki, qeyd edilmiş sənədlərdən də, göründüyü kimi tərəflər arasında razılaşma məhz SE-1000-24 cihazının alınması ilə bağlı olmuşdur. Ona görə də, cavabdeh tərəf qeyd edilmiş müqavilənin predmetini iddiaçıya təqdim etmədiyindən, buna görə ödənilmiş pulu geri qaytarmalıdır.
10. Cavabdehin dəlili olan yazılı müqavilənin olmaması ilə bağlı Məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin məhz yazılı qaydada olmasına dair qanunvericiliyin imperativ tələbi movcud deyildir.
11. Bundan başqa Məhkəmə cavabdehin digər dəlili olan, ödənilmiş pulun əvvəllər tərəflər arasında mövcud olmuş yükdaşıma müqaviləsindən irəli gələn borcdan silinməsi barədə dəlilini də, əsassız hesab etmişdir.
12. Belə ki, hazırkı ödənilmiş pul məhz SE-1000-24 cihazının alınması ilə bağlı olmuş və əgər, digər müqavilə üzrə iddiaçının borcu varsa, onu Məhkəmə qaydasında tələb etmək hüququ vardır.
13. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, 6.800 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır.
14. Bundan başqa məhkəmə qeyd etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 88 (səksən səkkiz) manat məbləğində pul da cavabdehdən iddiaçın xeyrinə tutulmalıdır.
17. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 567, 568.1, 575.1, 599.3, 627.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1457/2025 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında 05 avqust 2024-cü il tarixli daşıma müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh MMC Türkiyyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə hava yük daşımaları həyata keçirmişdir. Cavabdeh MMC-nin 07 avqust 2024-cü il tarixli, MT2408 seriyalı, 10451127 nömrəli fakturalı yükü “Silk Way” Airlines daşıyıcısı tərəfindən, **********0 nömrəli konsiment əsasında yerinə yetirilmişdir. Daşınma predmeti ümumi çəkisi 1000 kq olan metal helizon yeşik parçaları "xxxx" MMC-yə təhvil verilmiş və göstərilmiş xidmətin ümumi dəyəri 4.964 (dörd min doqquz yüz altmış dörd) manat təşkil etmişdir. Daşınma predmetinin dəyərindən başqa "xxxx" MMC-nin Cavabdeh MMC qarşısında 32.762,40 manat cərimə borcu yaranmışdır. Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş ümumi dəyəri 27404 manat olan daşıma xidmətləri üzrə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə müvafiq olaraq EBEA seriyalı, 633688 nömrəli, MT2405 seriyalı, 11352511 nömrəli, MT2406 seriyalı, 10102946 nömrəli, MT2408 seriyalı, 10451127 nömrəli və MT209 seriyalı, 10450686 nömrəlielektron qaimə göndərilmiş, "xxxx" MMC həmin qaimələri qəbul etmiş və qaimələr üzrə müvafiq olaraq xx.xx.2024-cü il tarixdə 4930 manat, xx.xx.2024-cü il tarixdə 3570 manat, 1530 manat, 510 manat və xx.xx.2024-cü il tarixdə 6800 manat ödəniş etmişdir. Hazırda "xxxx" MMCnin 4964 manat borcu qalmışdır. Cavabdeh MMC-nin isə "xxxx" MMC-yə borcu yoxdur. İddiaçı qəbul etdiyi yükün dəyərini ödəməmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçıya pretenziya göndərilmiş və yaranmış borcun 5 iş günü müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı ona edilmiş xəbərdarlığa baxmayaraq borcu ödəməmiş və xx.xx.2025-ci il tarixə 330 gün üzrə öhdəliyin yerinə yetirilməməsinə görə müqavilədə nəzərdə tutulmuş həddə hər gecikdirilmə gününə cərimə məbləği hesablanmışdır. İddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında 05 avqust 2024-cü il tarixli daşıma müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh MMC Türkiyyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə hava yük daşımaları həyata keçirmişdir. Cavabdeh MMC-nin 07 avqust 2024-cü il tarixli, MT2408 seriyalı, 10451127 nömrəli fakturalı yükün predmeti ümumi çəkisi 1000 kq olan metal helizon yeşik parçalarından ibarət olmuş, həmin yükün daşınmasına görə xidmətin ümumi dəyəri 4.964 (dörd min doqquz yüz altmış dörd) manat təşkil etmiş və yük "xxxx" MMC-yə təhvil verilmişdir. Öhdəlik tərəflər arasında bağlanmış müqaviləyə əsasən müəyyən edilmiş, həmin müqavilədən başqa hər hansı bir sənəd öhdəliyin əsası kimi çıxış etməmiş, qəbul edilməmiş, o cümlədən xx.xx.2024-cü il tarixli proformo invoys Cavabdeh MMC tərəfindən qəbul edilməmiş və bu barədə "xxxx" MMC-yə də rəsmi şəkildə bildirilmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
20. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
22. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
25. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
27. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər.
28. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
29. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür..
30. Maddə 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
39. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirildiyindən qətnamə tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1457/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.
44. Hazırki işdə də həmin maddənin bütün dispozisiya şərtləri mövcuddur.
45. Belə ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, eləcə də alıcı (iddiaçı) tərəfindən 6.800 manat məbləğində malların dəyərinin əvvəlcədən satıcının (cavabdehin) hesabına ödənilməsi, lakin müqavilə üzrə malların alıcıya təhvil verilməməsi işin mübahisəsiz hallarını təşkil edir.
46. Çünki cavabdeh birinci instansiya məhkəməsində nəinki malları təqdim etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, həmçinin bu halları mübahisələndirilməmiş və ümumiyyətlə malları verdiyinə istinad etməmişdir.
47. Apellyasiya şikayətində cavabdeh malların təqdim edildiyini qeyd etsə də, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin sübutetmə vəzifəsinin tələblərini yerinə yetirməmiş, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir.
48. Ona görə də, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən təhvil verilməmiş mallara görə ödədiyi 6.800 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
49. Məhkəmə kollegiyası apellyatorun dəlilinə münasibətdə bildirir ki, 6.09.2024cü il tarixli 7265 saylı ödəniş tapşırığından görünür ki, 6.800 manat məbləğində ödənişin təyinatı MT2409 seriyalı 10450686 nömrəli elektron-qaimə olmuş və iddiaçı tərəfindən cavabdehə 6.800 manat məbləğində pul ödənilmişdir. MT2409 seriyalı 10450686 nömrəli elektron-qaimə də isə xx.xx.2024-cü il tarixli Proforma İnvoysa istinad olunmuşdur.
50. Beləliklə, iş materiallarl ilə müəyyən olunur ki, tərəflər arasında SE-1000-24 cihazının alınması ilə bağlı razılaşma olmuşdur. Qeyd edilmiş cihazın daşınma xərcləri daxil dəyəri iddiaçı tərəfindən cavabdehə ödənilsə də, cavabdeh tərəf qeyd edilmiş cihazi iddiaçıya təqdim etməmiş və iddiaçı ilə cavabdeh arasında olan digər yükdaşıma müqaviləsindən irəli gələn borcu üzrə silinmələrini aparmışdır.
51. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdehin digər dəlili olan, ödənilmiş pulun əvvəllər tərəflər arasında mövcud olmuş yükdaşıma müqaviləsindən irəli gələn borcdan silinməsi barədə dəlili əsassızdır, hazırkı ödənilmiş pul məhz SE-1000-24 cihazının alınması ilə bağlı olmuş və əgər digər müqavilə üzrə iddiaçının borcu varsa da, onu məhkəmə qaydasında tələb etmək hüququ vardır.
52. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
53. Həmçinin mübahisələndirilən iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
54. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1457/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir, qətnamədən şikayət verilə bilməz.