Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-704/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikasının adından İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh Kayman Adalarının “X7” Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi (direktoru) X5 və iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh Kayman Adalarının “X7” Şirkətinə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-186/2022 saylı qətnaməsindən iddiaçı “İddiaçı” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halı ondan ibarətdir ki, satıcı “İddiaçı” Şirkəti ilə alıcı “X7” Şirkətinin arasında malların alqı-satqısına dair 16 may 2014-cü il tarixində KAOC.SUP/065/14 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən təchizatçı müvafiq spesifikasiyalara əsasən malları təchiz etməyi alıcı isə malları qəbul etməyi və ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən məhsulun adı, çeşidi, miqdarı, qiyməti, çatıdırılma müddəti və şərtləri bu müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyalar ilə müəyyən olunur. Həmçinin müqavilənin 5.4-cü bəndinə əsasən tədarük edilən malların hər bir partiyası tərəflər tərəfindən adı, çeşidi, qiyməti, miqdarı, ödəniş forması, çatdırılma müddətləri, zəmanət müddətləri üzrə ayırca spesifikasiyalar üzrə razılaşdırılmalıdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı “İddiaçı” Şirkəti Cavabdeha qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X7” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 16 avqust 2019-cu il tarixli PO ********* saylı Spesifikasiya üzrə 5 197.96 ABŞ dolları həcmində əsas borc və 259.89 ABŞ dolları həcmində cərimə məbləğinin cəmi 5 457.85 ABŞ dolları məbləğinin, 10 oktyabr 2019-cu il tarixli PO ********* saylı Spesifikasiya üzrə 5 127.67 əsas borc məbləği və 256.38 ABŞ dolları həcmində cərimə məbləği olmaqla cəmi 5384.12 ABŞ dolları məbləğinin, beləliklə, hər iki spesifikasiya üzrə yekun məbləği təşkil edən 10 841.97 ABŞ dolları məbləğinin, o cümlədən, 1000 AZN həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra məhkəmə iclasında cavabdeh əsl cavabdehlə əvəz olunaraq, “X7” Şirkəti cavabdeh kimi işə cəlb olunmuş, Kayman Adalarının Cavabdehı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmetini 16 avqust 2019-cu il tarixli PO ********* saylı və 10 oktyabr 2019-cu il tarixli PO ********* saylı Spesifikasiyalar üzrə alıcı tərəfindən ödənilməmiş əsas borc məbləğləri və həmin məbləğlərin gecikmə cərimələrinin məbləğlərinin ödənməsi təşkil edir. 16 avqust 2019-cu il tarixli PO000005152 saylı Spesifikasiya ilə bağlı: Tərəflər arasında imzalanmış 16 avqust 2019-cu il tarixli PO ********* saylı Spesifikasiyaya əsasən alıcı tərəfindən öhdəlik götürülmüşdür ki, təchiz ediləcək malların dəyərinin 50%-i əvvəlcədən alıcı tərəfindən Spesifikasiya PO ********* imzalandıqdan sonra əvvəlcədən ödəniş üçün hesabı təqdim etdiyi gündən etibarən 10 bank günü ərzində, malların dəyərinin qalan 50%-i isə, təchizatçı malların göndərilməyə hazır olması haqqında bildiriş aldığı gündən etibarən 10 bank günü ərzində həyata keçirilməli idi. Müqavilə tərəfi olaraq satıcı öz müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirərək malların göndərilməyə hazır olması haqqında bildiriş hesab-faktura ilə birlikdə alıcıya xx.xx.2019-cu il tarixində təqdim edilmişdir. Buna baxmayaraq alıcı tərəfindən Müqavilə və Spesifikasiya PO ********* üzrə ödəniş öhdəliyi həyata keçirilməmişdir. Qeyd edilən spesifikasiya üzrə ümumi məbləğin 100%-i hələ də ödənilməyib. Tərəflər arasında olan müqavilənin 7.2-ci bəndinə əsasən “Təchiz edilən mallar üzrə ödəniş alıcı tərəfindən vaxtında ödənilmədikdə, təchizatçı, alıcıya hər gecikmə günü üçün ödənilməmiş məbləğin 0.1 faizi miqdarında cərimə təqdim etmək hüququna malikdir, lakin bu məbləğ ödənilməmiş məbləğin 5%-dən çox olmamalıdır”. PO ********* saylı Spesifikasiyanın əsas borc məbləği 5197.96 ABŞ dollarıdır. 5197.96x5%=259.89 ABŞ dolları. Beləliklə cərimə məbləğinin cəmi 259.89ABŞ dollarıdır. Cəmi məbləğ: 5457.85 ABŞ dolları (5 197.96+259.89) 10 oktyabr 2019-cu il tarixli PO000005229 saylı Spesifikasiya ilə bağlı: Tərəflər arasında imzalanmış PO ********* saylı, xx.xx.2019-cu il tarixli Spesifikasiya üzrə alıcı tərəfindən öhdəlik götürülmüşdür ki, təchiz ediləcək malların dəyərinin 50%-i əvvəlcədən Alıcı tərəfindən Spesifikasiya PO ********* imzalandıqdan sonra əvvəlcədən ödəniş üçün hesabı təqdim etdiyi gündən etibarən 10 bank günü ərzində malların dəyərinin qalan 50%-i isə təchizatçı malların göndərilməyə hazır olması haqqında bildiriş aldığı gündən etibarən 10 bank günü ərzində həyata keçirilməli idi. Müqavilə tərəfi olaraq satıcı öz müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirərək malların göndərilməyə hazır olması haqqında bildiriş hesab-faktura ilə birlikdə alıcıya xx.xx.2019-cu il tarixində təqdim edilmişdir. Buna baxmayaraq alıcı tərəfindən müqavilə və Spesifikasiya PO ********* üzrə ödəniş öhdəliyi həyata keçirilməmişdir. Qeyd edilən spesifikasiya üzrə ümumi məbləğin 100%-i hələ də ödənilməyib. Tərəflər arasında olan müqavilənin 7.2-ci bəndinə əsasən “Təchiz edilən mallar üzrə ödəniş Alıcı tərəfindən vaxtında ödənilmədikdə, təchizatçı, alıcıya hər gecikmə günü üçün ödəninlməmiş məbləğin 0.1 faizi miqdarında cərimə təqdim etmək hüququna malikdir, lakin, bu məbləğ ödənilməmiş məbləğin 5%-dən çox olmamalıdır”. PO ********* saylı Spesifikasiyanın əsas borc məbləği 5127.67 ABŞ dollarıdır. 5127.67x5%=256.38 ABŞ dolları. Beləliklə, cərimə məbləğinin cəmi 256.38 ABŞ dollarıdır. Cəmi məbləğ: 5384.12 ABŞ dolları (5127.67+256.38). Qeyd edildiyi kimi satıcı öz öhdəliklərini həyata keçirmiş, malları tam şəkildə və qüsursuz olmaqla (keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq olmadan) alıcıya təhvil vermişdir, lakin, alıcı tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Alıcı tərəfin isə öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında yaranmış borc məbləği 5384.12+5457.85 cəmini təşkil etməklə yekunda 10841.97 ABŞ dolları məbləği yaratmışdır.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddia ərizəsində qeyd olunan Spesifikasiyalar (Sifarişlər) üzrə malların nə vaxt alıcıya çatdırılması barədə heç bir məlumat və sübut yoxdur. Məhkəmə iclaslarında malların çatdırılmasına dair iddiaçıdan sübut tələb etdikdə, iddiaçı məhkəməyə tamamilə başqa, artıq hər iki tərəfin tam icra etdiyi, iddia ərizəsinə aidiyyəti olmayan PO...5092 saylı Spesifikasiya (Sifariş) üzrə çatdırılma sənədləri təqdim etmişdir (Delivery note). Əgər iddia ərizəsi ilə mübahisə edilən, yəni P0...5152 nömrəli xx.xx.2019-cu il tarixli Spesifikasiyanın (Sifarişin) şərtlərinə əsasən malların alıcıya təhvil verilmə tarixi xx.xx.2019-cu il və PO...5229 nömrəli, xx.xx.2019-cu il tarixli Spesifikasiyanın (Sifarişin) şərtlərinə əsasən malların alıcıya təhvil verilmə tarixi xx.xx.2019-cu il qeyd olunduğu halda, yəni spesifikasiyaların (Sifarişlərin) imzalandığı gündən 2-3 ay sonra, satıcının alıcıya malları xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində (Spesifikasiyaların Sifarişlərin imzalandığı tarixlərdən əvvəl) çatdırmış olması mümkün deyil. Əgər iddiaçının dediyi kimi mallar alıcıya əvvəlcədən çatdırılıbsa, onda həmin mallara dair nə səbəbdən yenidən sifarişlərin imzalanası və malların çatdırılma müddəti kimi sifarişlərin tarixləri yox, 2-3 sonra göstərilməsi də aydın deyil. İddia ərizəsi ilə mübahisələndirilən P0...5152 nömrəli xx.xx.2019-cu il tarixli və PO...5229 nömrəli xx.xx.2019 il tarixli Spesifikasiyalar (Sifarişlər) üzrə mallar bugünə kimi cavabdehə çatdırılmayıb və cavabdeh olaraq, dəfələrlə qarşı tərəfə bildirilsə də çatdırılma həyata keçirilməmişdir. Bundan əlavə, məhkəməyə sübut kimi təqdim edilən “Tərəflər arasında borcun olmamasına” dair xx.xx.2019-cu il tarixli (yəni iddiada göstərilən P0...5152 nömrəli xx.xx.2019-cu il tarixli və PO...5229 nömrəli xx.xx.2019 il tarixli Spesifikasiyaları (Sifarişləri) əhatə edən) üzləşmə aktı ilə müəyyən olunur ki, həqiqətən də iddiaçı şirkət tərəfindən cavabdehə son iki sifariş üzrə heç bir çatdırma etməyib və buna görə də iddiaçının cavabdehin ona heç bir borcun olmamasını göstərən aktı imzalamışdır. Beləliklə, xx.xx.2019-cu il tarixli PO...5152 saylı sifarişə əsasən malların çatdırma günü xx.xx.2019-cu il müəyyən edilib və iddiada qeyd edildiyi kimi mallar hazır olduqdan sonra iddiaçı cavabdehə İnvoice - hesab-faktura göndərməli idi, cavabdeh də hesab-fakturanı alındığı gündən 10 bank günü ərzində 50% ödənişi etdikdən sonra mallar göndərilməli və mallar alındıqdan sonra qalan 50% ödəniş həyata keçirilməli idi. xx.xx.2019-cu il tarixli PO...5229 saylı sifarişə əsasən malların çatdırılma günü xx.xx.2019-cu il müəyyən edilib və iddiada qeyd edildiyi kimi mallar hazır olduqdan sonra iddiaçı cavabdehə "invoice" göndərməli idi, cavabdeh də "invoice"in alındığı gündən 10 bank günü ərzində 50% ödənişi etdikdən sonra mallar göndərilməli və mallar alındıqdan sonra qalan 50% ödəniş həyata keçirilməli idi. Lakin, qeyd olunan heç bir sifariş üzrə iddiaçı tərəfindən cavabdehə 50% ödənişin edilməsi üçün invoysların (hesabfakturaların) göndərilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan çatdırılma sənədləri (Deliveri note) tamamilə başqa - xx.xx.2019-cu il tarixli PO...5092 saylı sifarişə aiddir. Əgər həmin sifariş üzrə artıq mal göndərilibsə, iddiaçı şirkət həmin artıq malın geri qaytarılmasını və ya artıq mala görə ödənişin edilməsini tələb edə bilərdi. Lakin, iddiaçı tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olmayan və üstəlik tərəflər arasında formalaşan işgüzar adətlərə uyğun gəlməyən əsassız iddialar irəli sürürlər. Tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü maddəsinə əsasən çatdırılan hər partiya malın adı, çeşidi, qiyməti, miqdarı, ödəniş şərtləri, çatdırma müddəti və sair şərtləri ayrıca Spesifikasiya ilə (Sifarişlə) rəsmiləşdirilir. Bu şərtdən də göründüyü kimi, çatdırılması tələb olunan mal üçün ayrıca sifariş vərəqəsi rəsmiləşdirilir. Beləliklə, iddia tələbində qeyd olunan sifarişlər üzrə mallar cavabdeh şirkətə lazım olduğu üçün əlavə sifariş verilib, iddiaçının dediyi kimi, artıq çatdırılmış malın rəsmiləşdirilməsi hesab edilə bilməz. Ən azı iddia ilə ödənişi tələb olunan sifarişlər üzrə çatdırılma şərtinə nəzər yetirilsə görünər ki, cavabdeh şirkət həmin malların alınmasını 2-3 ay sonrakı müddət üçün nəzərdə tutaraq sifariş vermişdir. Ona görə də, iddia tələbləri rədd edilməlidir.
6. Cavabdehin etirazına münasibətdə iddiaçının nümayəndəsi bildirir ki, təqdim edilən 4 növ sübutla malların həqiqətən cavabdehə çatdırıldığı sübuta yetirilir. Belə ki, iş üzrə 3 ədəd spesifikasiya var. Bunlardan 5092 ilə bitən əsas sənəd 08 iyul 2019-cu il tarixdə tərtib olunub. Həmin sifariş formuna nəzər yetirdikdə görünür ki, burada 3 ölçüdə boru sifariş edilir. Bunlar aşağıdakılardır: 219x80 mm sifariş edilmişdir 650 m, 325x10 mm sifariş edilmişdir 600 m, 89x10 mm sifariş edilmişdir 4000 m. Daha sonra 2 yeni sənəd tərtib edilir: PO 5152 (xx.xx.2019-cu il tarixli) və PO 5229 (xx.xx.2019-cu il tarixli). Bu 2 sənədin tərtib edilməsinə zərurət əsas sifariş forması olan PO 5092-də göstərilən malların nəzərdə tutulandan ölçüdən artıq ölçülərdə gəlməsi idi. Belə ki, tərəflər arasında olan işgüzar qaydaya və müqavilənin 5.4-cü bəndinə (birlikdə götürülməklə) əsasən ilk sifariş əsas sifariş formu ilə verilir, daha sonra malların faktiki gəlişinə uyğun yeni sifariş - faktiki gəlmiş malların ölçülərini özündə əks etdirən sifariş sənədi tərtib edilir və ödənişə məhz bu yeni sənədlər verilir. PO 5152-dən müəyyən edir ki, 325x10 mm ölçüdə sifariş edilmiş mal 600 m nəzərdə tutulsa da, 651.85 m ölçüdə gəlmişdir. PO 5229-dən isə müəyyən edər ki, 219x80 mm ölçüdə sifariş edilmiş mal 650 m nəzərdə tutulsa da, 701 m ölçüdə və 89x10 mm ölçüdə sifariş edilmiş mal 4000 m nəzərdə tutulsa da, 4096 m ölçüdə gəlmişdir. Yəni PO 5152-nin və PO 5229-un mahiyyəti faktiki ölçüləri bildikdən sonra dəqiq ölçüyə uyğun sənəd təqdim edilib. Məhkəməyə təqdim edilən hesab fakturalar (commercial invoys) adlı sənədlər isə təsdiq edir ki, satıcı tərəfindən alıcıya təqdim edilir və alıcı ödənişi həyata keçirir. Hesab-fakturaların hamsının sağ yuxarı küncünə baxdıqda aydın şəkildə müəyyən edilir ki, hansı invoys-hesab faktura hansı PO üzrə tərtib edilmişdir. Yəni hesab-fakturalardakı mallar və onların istər ölçüləri, istərsə də qiymətləri birə-bir PO-lar spesifikasiyalar ilə üst-üstə düşür. Məhkəməyə təqdim edilən çatdırılma təhvil-təslim (delivery notes) adlı sənədlər isə bütün təhvil-təslim sənədlərinin üzərində Karasu şirkətinə məxsus anbar möhürünün olmasını və bu möhür sənədin təsvirində göstərilən malların cavabdeh şirkət tərəfindən onların anbarına daxil olmasını təsdiq edir. Bundan əlavə, bu sənədlərin üzərində həm də logistika şirkətinin möhürü vardır ki, bu da özlüyündə logistika şirkəti tərəfindən Karasu şirkətinə birbaşa təhvil-təslimi təsdiq edir. Yəni bu yükləri logistika şirkəti gömrükdən sonra birbaşa satıcının (iddiaçının) tapşırığı üzərinə alıcıya-cavabdeh Karasu şirkətinin anbarına təhvil vermişdir. Həmçinin təhvil sənədləri göründüyü kimi faktiki gəlmiş malların detallarını öz üzərində təsvir edir. Qeyd edilənlərlə yanaşı təhvil-təslim aktları üzərində olan vaqon nömrələrinə diqqət yetirilməlidir. Bu vaqon nömrələri həmçinin X3 18-ci qrafası ilə üst-üstə düşür ki, bu fakt artıq malların cavabdehə çatdırılmasını danılmaz edir. 325x10 mm borunu gətirən 63840243 saylı, 219x80 mm və 89x10 mm borunu gətirən 56598816 saylı və 89x10 mm borunun digər qismini gətirən 63776504 saylı olan vaqon nömrələri birə-bir X3 18-ci qrafasında qeyd edilmişdir. Məhkəməyə təqdim edilən X8 adlı sənədlər isə birbaşa malların hansı vaqonlarda hansı tarixlərdə və hansı müqavilə və spesifikasiya üzrə kimin adına gətirilməsini və ən vacibi sözügedən malların ölkə ərazisinə idxalını sübut edir. 3 nüsxədə təqdim edilən YGB-lər məhz 3 spesifikasiyada əsk edilmiş sifariş edilən malların təsvirini özündə əks etdirir. Təqdim edilmiş YGB-lər malların çatdırılması ilə yanaşı həmçinin cavabdehin iddiaları üzərinə malların gec çatdırılmasına dair mülahizələrini də inkar edir. Belə ki, PO 5092-yə əsasən malın çatdırılması müddəti 60-90 gün aralığı idi. PO-nun tarixi 08 iyul 2019-cu il tarixi, bu tarixdən ən maksimal çatıdırılma müddəti 3 ay, bu da edir ən geci 08 oktyabr 2019-cu il (bazar günü) 07 oktyabr, mal 8-i tarixində gömrük rəsmiləşməsi edilib. Bununla sübut olunur ki, satıcı tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilib. Həmçinin, malın çatıdırılması məhz ilkin ödənişin ödənildiyi tarixdən hesablanmalıdır. Göründüyü kimi cavabdehin müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi və ya gec icra edilməsi barədə iddiaları əsassızdır.
7. Birinci instansiya məhkəməsinə aşağıdakı sübutlar təqdim edilmişdir:
8. 053/0819 saylı xx.xx.2019-cu il tarixli kommersiya fakturasına əsasən, cəmi 5.197,96 ABŞ dolları, 060/1019 saylı, xx.xx.2019-cu il tarixli kommersiya fakturasına əsasən, cəmi 5.127,67 ABŞ dolları məbləğində ödəniş “X7” Şirkətinə təqdim edilmək üçün tərtib edilmişdir.
9. “X7” Şirkəti və “NTD Service S.R.O” şirkəti tərəfindən tərtib edilmiş çatdırılma sənədlərinə əsasən, xx.xx.2019-cu il tarixində 219x80 metr, 89x10 metr ölçülərində, xx.xx.2019-cu il tarixində 89x10 ölçülərində, xx.xx.2019-cu il tarixində 325x10 mm ölçülərində mallar “X7” Şirkətinə təhvil verilmişdir.
10. xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən PO ********* saylı sənəd üzrə 325x10 mm ölçülərində 651.85 metr boru, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən PO ********* saylı sənəd üzrə 89x10 mm ölçülərində 2.874 metr boru, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən PO ********* saylı sənəd üzrə 219x8 mm ölçülərində 701.84 metr boru rəsmiləşdirilmişdir.
11. xx.xx.2019-cu il tarixində imzalanmış aktda qeyd olunmuşdur ki, 30 noyabr 2019cu il tarixinə “X7” Şirkətinin “İddiaçı” şirkətinə avans ödənişləri və kreditor borclarının qalıqları üzrə heç bir borcu yoxdur.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında müqavilə imzalanmış, iddiaçı müqavilə üzə malları göndərməyi, alıcı isə malları qəbul etməyi öhdəsinə götürmüşdür. Bununla bağlı olaraq PO ********* saylı spesifikasiya tərtib olunmuş və iddiaçı tərəfindən mallar Kayman Adalarının Cavabdeha təhvil verilmişdir. İddiaçı qeyd olunan spesifikasiyada nəzərdə tutulandan artıq malların təhvil verildiyini bildirərək, sonradan əlavə olaraq PO ********* və PO ********* saylı spesifikasiyaların tərtib edildiyini qeyd etmişdir. Kayman Adalarının Cavabdehın nümayəndəsi artıq ölçülərdə verilən malların tərəflər arasında razılaşdırılmış spesifikasiyada nəzərdə tutulan 10% güzəştlə bağlı olduğunu qeyd edərək, PO ********* və PO ********* saylı spesifikasiyalar üzrə malların təhvil verilmədiyini bildirmişdir.
13. Məhkəmə Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə istinad edərək, qeyd etmişdir ki, iddiaçı PO ********* və PO ********* saylı spesifikasiyalar üzrə malların təhvil verildiyini iddia etsə də, qeyd olunan spesifikasiyalar üzrə malların təhvil verilməsi sübuta yetirilməmişdir. Əlavə olaraq məhkəməyə təqdim edilmiş gömrük bəyannamələrində malların PO ********* saylı sənəd üzrə rəsmiləşdirildiyi qeyd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, bu halda iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
14. Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2022-ci il tarixli e-2-2(113)-186/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim X6).
15. İddiaçı “İddiaçı” Şirkəti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, PO ********* ilkin sifariş PO-su olub, mallar ölkəyə idxal edildikdən sonra faktiki ölçülərdə artıq gəlmə halı baş verdiyi üçün sırf həmin artıq ölçülərin hissəsinə görə daha 2 ədəd PO tərtib edilib və cavabdehdən dətələb edilən məhz artıq gəlmiş ölçülərin məbləğidir. Bu 3 ədəd PO-nun bir-biri ilə qarşılıqlı əlaqəsini də dəfələrlə sübut ediblər. Yəni iddianın bütün mahiyyəti bunun üzərindədir ki, satıcı malı alıcıya sifariş edilən kəmiyyətdən (ölçü olaraq) artıq təhvil verir. Alıcı da malın artıqlığına dair heç bir irad bildirmədən onu qəbul edir. Bununla izah olunur ki, tərəflər 2014-cü ildən bəri tətbiq etdikləri işgüzar adət belə qaydada formalaşmışdır. 1-ci sifariş verilir PO tərtib edilir, 2-ci mal gəlir, 3-cü artıqdırsa yenidən sırf artıq hissələrə yeni PO tərtib edilir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apelyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi iddiaçı tərəfindən düzgün verilməmişdir. Cavabdeh tərəfindən verilən üç fərqli-fərqli sifarişlər iddiaçı tərəfindən iddia ərizəsində qarışdırılmışdır. Belə ki, iddiaçı iddia tələbinin predmeti olmayan sifariş üzrə (Spesifikasiya P**********) guya artıq gələn malların pulunu istəyir (bütün əsaslandırmanı bu istiqamətdə aparır), lakin iddia tələblərini başqa iki sifariş üzrə tələb edir. İddia tələbinin predmetinin təşkil edən və hər birinin tarixi, çatdırılma müddəti, ödəniş şərtləri fərqli olan iki sifariş (P********** və P**********) üzrə mallar cavabdeh şirkətə bu günə kimi çatdırılmayıb. Ümumiyyətlə iddiaçı tərəfindən cavabdeh şirkətə çatdırılan son mallar tamamilə başqa və iddia tələbinin predmeti olmayan sifariş üzrə olmuşdur və həmin sifariş üzrə cavabdeh tərəfindən ödənişlər də həyata keçirilmişdir. İddiaçı qeyd etdiyi və cavabdeh şirkətdə mövcud olmayan işgüzar adətlərə istinad etsə də, həmin işgüzar adətləri sübut edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi (direktoru) X10 və iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
21. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
22. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
25. Belə ki, işin halları ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya sifariş formu üzrə 3 ölçüdə boru sifariş edilmişdir. Bunlar aşağıdakılardır: 219x80 mm ölçüdə 650 m., 325x10 mm ölçüdə 600 m., 89x10 mm ölçüdə 4000 m.
26. Həmin sifariş üzrə iddiaçı tərəfindən 05 iyul 2019-cu il tarixli PO-000005092 saylı spesifikasiya tərtib edilmiş, lakin mallar nəzərdə tutulan ölçüdən artıq ölçülərdə gəlmişdir.
27. Belə ki, 219x80 mm ölçüdə sifariş edilmiş mal 650 m. nəzərdə tutulsa da, 701 m. ölçüdə, 325x10 mm ölçüdə sifariş edilmiş mal 600 m. nəzərdə tutulsa da, 651.85 m. ölçüdə, 89x10 mm ölçüdə sifariş edilmiş mal isə 4000 m. nəzərdə tutulsa da 4096 m. ölçüdə gəlmişdir.
28. Həmin hallar iş materiallarında olan xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən də öz təsdiqini tapır və işin mübahisəsiz halını təşkil edir.
29. Eyni zamanda qeyd olunan mallar iddiaçı tərəfindən cavabdeh şirkətə təhvil verilmiş və lakin sonuncu tərəfindən yalnız sifarişdə nəzərdə tutulan ölçülərdə olan boruların ödənişi həyata keçirilmiş, artıq ölçülərlə bağlı heç bir ödəniş edilməmişdir.
30. Bundan sonra iddiaçı artıq gəlmiş ölçülərlə bağlı ödənişlərin edilməsi üçün 2 ədəd yeni xx.xx.2019-cu il tarixli PO-000005152 saylı və xx.xx.2019-cu il tarixli PO- 000005229 saylı Spesifikasiyalar tərtib etmiş və cavabdehə təqdim etmişdir. Lakin cavabdeh həmin Spesifikasiyalar üzrə ödəniş etməkdən imtina etmişdir.
31. Hazırda iddiaçı məhz həmin spesifikasiyalar üzrə ödənişin həyata keçirilməsini tələb edir.
32. Cavabdeh isə PO-000005092 saylı spesifikasiya üzrə malların nəzərdə tutulan ölçüdən artıq ölçülərdə gəlməsi faktını etiraf edir, lakin bildirir ki, iddiaçı hazırki iddianı xx.xx.2019-cu il tarixli PO-000005152 saylı və xx.xx.2019-cu il tarixli PO- 000005229 saylı Spesifikasiyalar üzrə deyil, PO-000005092 saylı Spesifikasiya üzrə qaldırmalı idi. Çünki xx.xx.2019-cu il tarixli PO-000005152 saylı və xx.xx.2019-cu il tarixli PO-000005229 saylı Spesifikasiyalar üzrə ona ayrılıqda ümumiyyətlə heç bir mal verilməmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır.
34. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli PO-000005152 saylı Spesifikasiyadan görünür ki, onda 325x10 mm ölçüdə 51,85 metr malın, xx.xx.2019-cu il tarixli PO-000005229 saylı Spesifikasiyadan isə görünür ki, onda 219x80 mm ölçüdə 51,84 metr və 89x10 mm ölçüdə 96,10 metr malın verildiyi qeyd olunmuşdur. Hər iki Spesifikasiya cavabdeh tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.
35. Göründüyü kimi hər iki Spesifikasiyada qeyd olunan malların həcmi və qiymətləri məhz 05 iyul 2019-cu il tarixli PO-000005092 saylı Spesifikasiya üzrə malların artıq gətirilmiş, lakin cavabdeh tərəfindən ödənilməyən hissəsinə uyğun tərtib olunmuş və onların tərtib olunmasında yeganə səbəb PO-000005092 saylı spesifikasiya üzrə malların ölçüdən artıq gəlməsi olmuşdur. Əks təqdirdə, yəni cavabdeh həmin Spesifikasiyaların tərtib edilməsinə razı olmasaydı, onları təsdiq etməkdən imtina edər və ya bununla bağlı, habelə tərtib olunmuş yeni spesifikasiyalar üzrə malların təhvil verilməsi ilə bağlı iddiaçıya qarşı hər hansı pretenziya irəli sürərdi. Lakin hazırki işdə həmin hallar mövcud deyil.
36. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər məhz bu şəkildə də həyata keçirilmişdir.
37. Eyni zamanda nəzərə alınır ki, PO-000005092 saylı spesifikasiya üzrə artıq ölçülərdə verilən malların tərəflər arasında razılaşdırılmış spesifikasiyada nəzərdə tutulan 10% güzəştlə bağlı olması hər hansı sübutla təsdiq olunmur.
38. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrində isə göstərilmişdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
39. Bu baxımdan kollegiya hesab edir ki, mübahisəli Spesifikasiyalar üzrə malların verilməməsi ilə bağlı cavabdeh tərəfin dəlilləri əsassızdır.
40. Göründüyü kimi, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
41. Ona görə də, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən 16 avqust 2019-cu il tarixli PO ********* saylı Spesifikasiya üzrə 5197,96 ABŞ dolları və 10 oktyabr 2019-cu il tarixli PO ********* saylı Spesifikasiya üzrə 5127.67 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
42. Dəbbə puluna dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
43. Tərəflər arasında bağlanmış alq-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən təchiz edilən mallar üzrə ödəniş alıcı tərəfindən vaxtında ödənilmədikdə, təchizatçı, alıcıya hər gecikmə günü üçün ödənilməmiş məbləğin 0.1 faizi miqdarında cərimə təqdim etmək hüququna malikdir, lakin bu məbləğ ödənilməmiş məbləğin 5%-dən çox olmamalıdır.
44. Qeyd olunanları və işin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən alınan malların dəyərini, malların təhvil verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi 16 avqust 2019-cu il tarixli PO ********* saylı Spesifikasiya üzrə 259,89 ABŞ dolları və 10 oktyabr 2019-cu il tarixli PO ********* saylı Spesifikasiya üzrə 256,38 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğlər azaldılaraq, müvafiq olaraq hər Spesifikasiya üzrə ayrı-ayrılıqda 50 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir.
45. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir.
46. Eyni zamanda kollegiya qeyd edir ki, göstərilmiş hüquqi xidmətə görə 1000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə sübutlar təqdim edilmədiyinə görə həmin vəsait cavabdehdən tutulması üçün əsaslar mövcüd deyil.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı “İddiaçı” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-186/2022 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Kayman Adalarının “X7” Şirkətindən iddiaçı “İddiaçı” Şirkətinin xeyrinə 5197,96 ABŞ dolları məbləğində əsas borc və 50 ABŞ dolları məbləğində cərimə, habelə 5127,61 ABŞ dolları əsas borc və 50 ABŞ dolları cərimə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova