Məhkəmə qərarları › İş №2-2(103)-704/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-704/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-704/2025 04.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1744/2025 saylı qətnaməsindən cavabdeh "X2" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. "xxxx" MMC (satıcı) "X2" MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 104 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə əsasında satıcı hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement, beton və xidmət növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. 3-cü bəndinə əsasən satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1%-i miqdarında Alıcıya cərimə tətbiq edə bilər.

2. Müqaviləyə 1 saylı Əlavə ilə tərəflər malların adı, qiyməti barədə razılığa gəlmişlər. Müqavilə və 1 saylı Əlavə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBDV seriyalı, 680404 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 4.212 manat, EBDY seriyalı 444276 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri 3.888 manat, EBEA seriyalı 294675 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri 4.252 manat, EBEC seriyalı 202711 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 4.212 manat, MT2405 seriyalı 10296596 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 4.471,99 manat olan elektron qaimələr göndərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3” MMC-dən 16.824,01 manat əsas borcun, 2.330 manat cərimənin, ödənilmiş 148 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 325 manat xidmət haqqının, cəmi 19.627,01 manat pulun alınaraq İddiaçı MMCnin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, “X3” MMC ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, 104 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinin şərtinə görə bu Müqavilə əsasında Satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement, beton və xidmət növünü “Alıcıya” satır. “Alıcı” isə malı alır və dəyərini ödəyir. “Satıcı” xx.xx.2024-cü il tarixdək üzərinə düşən öhdəlikləri yerinə yetirərək “Alıcı”ya sement satmış və xidmətlər göstərmişdir. “Alıcı” isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-yə ödəməli olan 16.824,01 manat pulu ödəməmişdir.

6. İddia tələbinin maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 21.2, 439.3, 49.1, 385.1, 389.1, 425.1-ci maddələri göstərilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1744/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas borc üzrə 16.823,99 manat, cərimə borcu üzrə 800 manat, cəmi 17.623, 99 manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142, 87 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəsaitin əvəzi olaraq 325) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 21.035,99 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən məlum olur ki, cavabdeh tərəfindən EBDV seriyalı 680404 nömrəli elektron qaiməyə əsasən 3.569,49 manat və 642,51 manat, ümumilikdə 4.212 manat məbləğində ödəniş edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndində müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri elektron qaimələrdə göstərilmiş mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində qismən təmin olunmalı, 16.823,99 manat (21.035,99-4.212) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 2.330 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edilmişdir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndindən irəli gəlir. Məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azaldaraq, cavabdehin əsas borcuna münasibətdə 800 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətli hesab etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş sənədindən məlum olmuşdur ki, iddiaçı tərəfindən Gəncə şəhər 1 saylı Vəkil Bürosuna 325 manat məbləğində pul ödənilmişdir. Bundan başqa, iddia ərizəsindən görünüb ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 148 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir. Lakin, Məhkəmə qeyd etmişdir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 142,87 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 425, 462.1, 467, 567, 600.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nümayəndə2 MMC-yə yeni direktor təyin edilib. Əvvəlki direktor Ayaz Məmmədovu tapa bilmir, telefona cavab vermir, dəfələrlə məktubla rəsmi müraciət edib sənədləri tələb edib. Lakin ona MMC, sənədləri, həmçinin də ödəniş sənədləri təhvil verilməyib. Buna görə də 17.623 manat ödənilməsi haqqında qətnamədən narazıdır. Belə ki, həmin iddianın təmin edilməsinə əsas olmuş sənədlər cavabdehdə olmalı olduğu təqdirdə yoxdur. Hesab edir ki, qətnamə qanunsuz və əsassızdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırlmışdır ki, cavabdehin iddiaçıya borcunun olmasını təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Həmin sübutları özündə əks etdirən sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmədən öncə cavabdehə pretenziya göndərilmiş və qalıq borcun ödənilməsi tələb edilmişdir. Lakin, cavabdeh bu tələblə yanaşı, müqavilə üzrə öhdəliklərinin icra edilməsindən yayınmışdır. Bundan sonra həmin vəsaitin alınması ilə bağlı məhkəməyə hazırlanan iddia ərizəsinin surəti cavabdehin elektron kabinetinə göndərilmişdir. Cavabdeh ona göndərilmiş həm pretenziya, həm də iddia ərizəsinin surətini qəbul etsə də, öhdəliklərini yenə də icra etməmişdir. Yekunda iddiaçı məcbur olub məhkəmə iddia ərizəsi ilə müraciət etmişdir. İddia əriəsinin məhkəmənin icraatına qəbul edilməsindən sonra, məhkəmə tərəfindən cavabdehə bildiriş göndərilmişdir. Lakin, cavabdeh məhkəmənin göndərmiş olduğu bildirişə belə məhəl qoymamışdır. Beləliklə, bu onu deməyə əsas verir ki, cavabdeh iddia tələbi ilə razılaşmışdır. Həmçinin, cavabdehin nümayəndəsi həmin müəssisəyə yeni direktor təyin olmasını bildirərək, həmin borcdan məlumatının olmamasını qeyd etmişdir. Hesab edir ki, cavabdehin nümayəndəsinin bu arqumetinin heç bir hüquqi əsası yoxdur. Çünki, müəssisənin direktorunun dəyişməsi heç də hər hansı öhdəliyin dəyişməsinə səbəb olmur. Əgər müəssisənin digər şəxs və ya şəxslərə borcu mövcuddursa, həmin borc yekunda qaytarılmalıdır. Digər məsələ ilə bağlı isə qeyd edir ki, sənədlərin yeni təyin olunmuş direktora təhvil verilməməsi müəssisənin daxili prosedurlarına adi işdir. Bu müəssisənin öhdəlikdən azad olunması səbəb ola bilməz.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Qazaxıstan Respublikasının Almatı şəhərində işgüzar səfərdə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və cavabdehin apellyasiya şikayətini təmin etmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini ərizə ilə xahiş etmişdir. Cavabdeh iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

16. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamə iddianın təmin edilmiş hissəsində cavabdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, Qafqazsement" MMC (satıcı) " X2" MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 104 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzrə cavabdehə mallar təqdim etdiyini, lakin cavabdeh tərəfindən həmin malların dəyərinin tam ödənilmədiyini əsas göstərərək ƏDV daxil 16.824,01 manat əsas borcun və dəbbə pulunun tutulmasını tələb edir.

22. Göründüyü kimi alqı-satqı müqaviləsi üzrə borcun tutulması hissədə iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.

23. Kollegiya qeyd edir ki, iddiaçının cavabdehə ƏDV daxil 21.035,99 manat məbləğində malların təqdim etməsi faktı həmin mallara dair iddiaçı tərəfindən cavabdehə göndərilmiş, cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış elektron qaimələrlə və həmin qaimələr üzrə cavabdeh tərəfindən edilmiş qismən ödənişlərlə (ƏDV daxil cəmi 4212 manat məbləğində) öz təsdiqini tapır.

24. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin şirkətin direktorunun dəyişilməsi, eləcə də malların təqdim edilməsi və ödənişlərlə bağlı sənədlərin yeni direktora təqdim edilməməsi hüquqi şəxsi əvvəlki direktorun fəaliyyəti dövründə yaranmış öhdəliklərinin icrasından azad etmir.

25. Belə olan halda məhkəmə kollegiyası alqı-satqı münasibətlərində satıcı olann iddiaçı tərəfindən alıcı olan cavabdehə ƏDV daxil 21.035,99 manat manat mal verilməsi faktının işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığını, cavabdehin isə həmin malların müqabilində yalnız 4212 manat məbləğində pul ödədiyini nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 16.823,99 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

1. Dəbbə pulunun tutulmasına dair iddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 800 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır.

26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1744/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar