Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-705/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlunun və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı X1 müqaviləsi üzrə borcun tutulması, lizinq predmetinin iddiaçıya qaytarılması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-589/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 25.05.2007-ci il tarixli, 279 saylı X1 Müqaviləsi və “Öhdəliklərin verilməsi haqqında” 24.01.2014-cü il tarixli Müqavilə üzrə 1.800.000 manat əsas borcun, 1.490.781,27 manat faiz borcun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən, borclunun pul məbləğinin ödənilməsini gecikdirməsinə görə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş 2 il 8 ay 27 gün üçün illik 5% dərəcəsi ilə borc məbləğinə 04.05.2021-ci il tarixədək hesablanmış 246.750 manat faiz borcun, Mülki Məcəlləsinin 449.1; 449.2-ci maddələrinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz 2 il 8 ay 27 gün üçün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış 308.437,50 manat faizin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 4.077.195,89 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, dövlət büdcəsinin vəsaiti hesabına alınmış iddiaçının mülkiyyətindəki lizinq obyekti olan 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərinin istehsal xəttinin işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddianı təmin etmək üçün tədbiri görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərinin istehsal xəttindən istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 15.01.2021-ci il tarixli qərardadı ilə, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin iddianı təmin etmək haqqında ərizəsi təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 10.03.2021-ci il tarixli 2-2(103)-381/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 15.01.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin iddianı təmin etmək haqqında ərizəsi təmin edilməmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verdikdən sonra yenidən eyni tədbirin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərinin istehsal xəttindən istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-589/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya məhkəməsinin e2- 2(113)-1147/2021 saylı 26 fevral 2021-ci il tarixli qərardadının ləğv edilərək, iş üzrə iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının iddianı təmin etmə tədbiri haqqında ərizəsi əsassız olaraq təmin edilməmişdir. Qeyd edilən iş üzrə iddia verilən zaman iddiaçı tərəfindən mövcud Qanunvericiliyin konkret normalarına istinad edilməklə əsaslandırılmış iddianı təmin etmə haqqında ərizə ilə məhkəməyə müraciət edilərək cavabdehin könüllü olaraq sərbəst müqavilə bağlamaq hüququndan istifadə etməklə bağladığı müqavilə öhdəliyi üzrə yaranmış borcu, faiz borcunu və dəbbə üzrə yaranacaq gecikmələri ödəməyi, həmçinin, şüurlu olaraq müqavilə azadlığı hüququndan istifadə etməklə sərbəst bağladıqları müqavilələrlə bağlı gələcəkdə yol verəcəyi pozuntular ucbatından yaranacaq gecikmələri və s. ödəməyi qəbul etsə də öz öhdəliklərini qərəzli olaraq icra etməməsi, müqavilə üzrə əsas olmadığı halda vaxtı uzatmaq və süründürməçiliyə yol vermək niyyəti ilə atdığı qərəzli addımların iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməsi göstərilmiş, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına alınmış əmlakın qanunsuz istismar nəticəsində yararsız vəziyyətə düşərək sıradan çıxarıla bilməsi əks edilməklə gələcəkdə qəbul ediləcək qətnamənin icrasının çətinləşəcəyi qeyd edilmişdir. Cavabdehin öz öhdəliklərini qərəzli olaraq icra etməməsi, müqavilə üzrə əsas olmadığı halda vaxtı uzatmaq və süründürməçiliyə yol vermək niyyəti ilə atdığı qərəzli addımlar dövlət büdcəsinin vəsaiti hesabına alınmış əmlakın qanunsuz istismar sayəsində yararsız vəziyyətə düşməsi ilə nəticələnir ki, mövcud qanunvericilik bu cür halların qarşısının alınması üçün əhəmiyyəti olan iddianı təmin etmə institutunu nəzərdə tutmuşdur. Mübahisə predmeti olan “lizinq avadanlığından cavabdeh və digər şəxslər tərəfindən istifadəyə qadağa qoyulması” tələbi ilə bağlı yaranan hüquqi əsasın mahiyyəti ondan ibarətdir ki, iş üzrə tərəf olan iddiaçı müqavilə tələblərinə uyğun olaraq mülkiyyəti olan əmlakı digər tərəfə lizinqə istifadəyə vermişdir ki, tərəf lizinqin müqabilində müəyyən məbləğ razılaşdırılmış muzd ödəsin. Digər tərəf olan cavabdeh isə müqavilə üzrə qarşılıqlı razılaşmadan sui-istifadə edərək nə muzdu ödəmiş, nə də ki, qanunsuz və əsassız istismar etdiyi avadanlığı geri qaytarmışdır. Mübahisə predmeti ilə iddianı təmin etmə haqqındakı ərizənin mütənasibliyi lizinq obyektinin qanunsuz istismar nəticəsində ziyana uğrayaraq tamamilə sıradan çıxmasının gələcəkdə qəbul ediləcək qətnamənin icrasında çətinlik törətməyindən irəli gəlir. Hazırda cavabdeh və digər şəxslər səhmdarı Azərbaycan Respublikası Maliyyə Nazirliyi olan Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindəki dövlət büdcəsinin vəsaiti hesabına alınmış 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərinin istehsal xəttini müqavilə ilə müəyyənləşdirilmiş muzdu 5 ildən artıq müddətdir ki, ödəmədən faktiki olaraq qanunsuz istifadə edərək gəlir əldə edirlər. Bu fakt cavabdehin iş materiallarına elektron olaraq yüklədiyi (əlavə etdiyi) ərizəsində də təsdiqini tapır və dövlət büdcəsinin vəsaiti hesabına alınmış əmlaka cavabdehin münasibətinin səthi olmasını əks etdirir. Müraciət və tələblərinə baxmayaraq lizinq obyektindən qanunsuz istismara hələ də cavabdeh tərəfindən son qoyulmadığından və gələcəkdə bu kimi hüquqazidd hərəkətlərin törədilməsinin, lizinq obyektindən qanunsuz istismarın qarşısının alınması, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyektinin qanunsuz istismar nəticəsində ziyana uğrayaraq tamamilə sıradan çıxmasının gələcəkdə qəbul ediləcək qətnamənin icrasında çətinlik törətməyinin qarşısının alınması üçün İddiaçı QSC-nin mülkiyyəti olan 1 ədəd poliuretan aşgar qatılmış rəngli metal örtüklərinin istehsal xəttindən cavabdeh və digər şəxslərin istifadəsinə qadağa qoyulması zərurət yarandığı halda Bakı Kommersiya Məhkəməsinin bu zərurəti tətbiq etməməsi həqiqətən də təəccüb və təəssüf hissi doğurur. Göründüyü kimi, mübahisə predmeti məhz lizinq obyektinin cavabdehdən alınması, yaranmış lizinq borcunun cavabdehdən tutulmasıdır. İstifadəsinə qadağa qoyulması tələb edilən əmlak lizinq verənin xüsusi mülkiyyəti olmaqla digər şəxslərin qanunsuz istifadəsindədir, muzdu ödənilmədən qanunsuz istismar edilir, gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsi ilə alına bilən bu avadanlıq qanunsuz istismar nəticəsində tamamilə yararsız vəziyyətə düşərək sıradan çıxmaqla, həmçinin başqa bir şəxsə istifadə üçün verilməklə, eləcə də sair halların baş verməsi nəticəsində qətnamənin icrasını çətinləşdirə bilər. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-589/2021 saylı, 16.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxılması 16.06.2021-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsinin vəsatətinə əsasən 17.06.2021-ci il tarixə təxirə salınmış, lakin tərəflər iclasda səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-589/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd edilən prosessual normanın tələbindən göründüyü kimi, iddianın təmin edilməsi yalnız qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların qarşısının alınmasına yönələn prosessual tədbirdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində geniş tətbiq edilməklə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasında təsbit edilmiş hüquq və azadlıqların məhdudlaşdırılmasının hədlərinin müəyyən edilməsinin əsas meyarlarından biridir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizələrə baxılarkən məhkəmə tərəfindən yalnız iddiaçının deyil, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin təmin edilməli olduğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Hazırkı halda işə mahiyyəti üzrə baxılanadək iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan lizinq predmetindən istifadə edilməsinin cavabdehə qadağan edilməsi iddia təmin ediləcəyi təqdirdə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə deyil, işə mahiyyəti üzrə baxılanadək lizinq predmetini olduğu vəziyyətdə saxlamaq məqsədi daşıyır. Belə ki, işə mahiyyəti üzrə baxılanadək lizinq predmetindən istifadə edilməsinin cavabdehə qadağan edilib-edilməməsindən asılı olmayaraq iddia təmin ediləcəyi təqdirdə lizinq obyekti olan 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərinin istehsal xəttinin cavabdehdən alınaraq iddiaçıya verilməsi mümkündür. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-589/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-589/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-705/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-705/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver