Məhkəmə qərarları › İş №2-2(103)-705/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-705/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-705/2025 04.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: nisyə alqı-satqı müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabeh Cavabdeh iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1875/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli təchizat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh spirtli məhsulları satmağı, cavabdeh isə həmin məhsulları qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. 01.07.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək satış sənədləri əsasında ƏDV daxil olmaqla 2420,11 manat dəyərində mal Cavabdeh təhvil verilmişdir. Akt İddiaçı imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli EBCM 303940 (ƏDV daxil olmaqla 141,6 manat), xx.xx.2022-ci il tarixli EBCM 300110 (ƏDV daxil olmaqla 79,92 manat), xx.xx.2022-ci il tarixli EBCM 300057 (ƏDV daxil olmaqla 15,55 manat), xx.xx.2023-cü il tarixli EBCN 909484 (ƏDV daxil olmaqla 138,24 manat), xx.xx.2023-cü il tarixli EBCO 144236 (ƏDV daxil olmaqla 283,2 manat), xx.xx.2023-cü il tarixli EBCO 144132 (ƏDV daxil olmaqla 133,92 manat), xx.xx.2023-cü il tarixli EBCO 508531 (ƏDV daxil olmaqla 104,8 manat), xx.xx.2023-cü il tarixli EBCO 504642 (ƏDV daxil olmaqla 205,34 manat), xx.xx.2023-cü il tarixli EBDA 350461 (ƏDV daxil olmaqla 125,04 manat), xx.xx.2023-cü il tarixli EBDA 381570 (ƏDV daxil olmaqla 320,64 manat), xx.xx.2023-cü il tarixli EBDA 975353 (ƏDV daxil olmaqla 183,6 manat), xx.xx.2023-cü il tarixli EBDG 735034 (ƏDV daxil olmaqla 688,26 manat) seriya və nömrəli elektron qaimələr göndərilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir.

4. 274501928855 nömrəli mədaxil qəbzi ilə 80 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 dekabr 2022- ci il tarixli təchizat müqaviləsi üzrə 2420,11 manat əsas borc, 3586,6 manat dəbbə pulunun və ödənilmiş 80 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, təchizat müqaviləsinin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların iddiaçı tərəfindən çatdırılması hallarında, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində iddiaçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, cavabdeh satılan malın bir hissəsini müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri müqaviləyə əsasən onun dəyərinə daxildir. İddiaçının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalar əsasında mallar iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsinə baxmayaraq, cavabdeh elektron qaimələrə əsasən ƏDV daxil olmaqla 2420,11 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödəməmişdir. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 5-ci maddəsinin 1-ci bəndinə əsasən cavabdeh tərəfindən müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda cavabdeh iddiaçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda cavabdeh razılaşır ki, iddiaçı təhvil verilmiş bütün mallara görə penya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, cavabdeh razılaşır ki, iddiaçı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi iddiaçını müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir.

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 567, 597.1, 598.3, 600.1-ci maddələrini göstərilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(113)-1875/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2420,11 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. İşin faktiki halları ilə bağlı məhkəmə göstərmişdir ki, cavabdeh 09 dekabr 2022-ci il tarixli təchizat müqaviləsinə imza etmədiyini, lakin malları qəbul etdiyini və dəyərini nağd qaydada ödədiyini bildirir. Qeyd edilmişdir ki, cavabdeh müqaviləyə imza etmədiyini bildirsə də, malların qəbul etdiyini təsdiq etmişdir. Həmçinin malların verilməsi ilə bağlı elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, yalnız xx.xx.2023-cü il tarixli EBDC 375863 seriya və nömrəli elektron qaimə ləğvin təsdiqi üçün göndərilmişdir. Həmin qaimə üzrə 104,8 manat isə hazırkı iddianın obyektini təşkil etməmişdir. Digər tərəfdən, hazırda cavabdeh müqavilədəki imzanın ona məxsus olmadığını bildirsə də, alqı-satqı müqaviləsi üzrə malları qəbul etmişdir. Dəbbə pulu hissəsində iddianı təmin etməyən məhkəmə, əsas kimi, hazırkı iş üzrə iddiaçının dəbbə pulunun tutulması hissəsində iddianın müdafiə etməməsinə və bununlada dispozitivlik prinsipinin tələblərinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 442, 448.1, 448.2, 567, 597.1, 600.1, 600.4-ci maddələrinə, məhkəmə xərcləri hissəsində isə və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinad etmişdir.

11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən baxış iclasından öncə vəsatət təqdim edilmişdir ki, hakim tərəfindən vəsatətdə qeyd edilən müştəri sifarişində, müqavilədə həmçinin təhvil təslim və digər sənədlərdə qeyd edilən imzaların kimə məxsus olması araşdırılmamışdır. Əvvəllər ola bilsin malları cavabdeh qəbul edib muqavilə bağlayıb. Həmçinin də qohumlar da da hazirki şirkətdən mallar almış ola bilərlər. Bu o demək deyil ki, hazirki müqavilə cavabdehin adından bağlanmışdır, malları o qəbul edib. Şirkət daxili saxtakarlıqlar olduğunu bildirir. Bu səbəbdən məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsini tələb edir.

13. Apelyator pozulmuş prossesual hüquq normaları kimi MPM-in 14.2, 185.1, 385.1.1, 357-362, 384.0.2, 386, 387.1 və s. maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda vəsatəti müdafiə etsə belə, bildirdi ki, 2400 manat məbləğində malları təhvil alıb, ödənişi isə nağd şəkildə icra edib. Mübahisələndirdiyi qaimə fakturalardaki imzalar ona məxsus olsa belə, müqavilədəki imzanın ona aid olmadığını qeyd etdi.

16. İddiaçının nümayəndəsi izahatında bildirdi ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh məhkəmə iclaslarında iştirak etməyib, onun nümayəndəsi iştirak edib və əvvəlki iclaslarda ödəniş edəcəklərini bildirsə belə, sonradan imzaları mübahisələndirib. Tətbiq edilən hüquq:

17. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

18. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən, cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etdiyindən, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, qətnamənin əsaslılığı iddia təmin edilmiş hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli təchizat müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etdiklərini, malları Cavabdeh təqdim etdiklərini, cavabdehin isə həmin malların dəyərini tam şəkildə ödəmədiyini əsas göstərərək həmin müqavilə üzrə 2420,11 manat məbləğində borcun tutulmasını tələb edir. Cavabdeh isə təchizat müqaviləsinin onun tərəfindən imzalanmadığını qeyd etsə belə, mübahisə predmeti olan malları təhvil aldığını təkzib etmir.

24. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı mübahisəyə Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən qiymət vermişdir. Belə ki, müqavilənin şərtlərindən aydın şəkildə görünür ki, mallar nisyə alqı-satqı müqaviləsi əsasında təhvil verilmişdir.

25. İşin halları ilə bağlı kollegiya qeyd edir ki, təchizat müqaviləsi üzrə iddiaçının cavabdehə 2420,11 manat məbləğində malların təqdim edilməsi faktı iş materiallarında olan hər iki tərəfin imzası ilə təsdiq edilmiş qaimə-fakturalar, eləcə də elektron qaimələr ilə öz təsdiqini tapır. Cavabdeh isə həmin malların müqabilində nağd şəkildə ödənişləri icra etdiyini bildirsə belə bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddianın əsas borc hissəsində təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

26. Bununla yanaşı, apellyasiya şikayətinin dəlillərindən biri də birinci instansiya məhkəməsinin təchizat müqaviləsinin cavabdeh tərəfindən imzalanıb-imzalanmamasının müəyyən edilməsi məqsədilə xətşünaslıq ekspertizasının təyin edilməməsi ilə bağlı olmuşdur. Kollegiya, cavabdeh tərəfindən müqavilə predmetinə aid malların təhvil alındığını etiraf etməsini nəzərə alaraq, müqavilədəki imzanın cavabdehə məxsus olubolmaması mübahisənin həlli baxımından əhəmiyyət daşımadığını qeyd edir. Beləliklə, malların təhvil alınması, tərəflər arasında alqı-satqı müqaviləsinin mövcudluğunu və həmin müqavilənin bağlanmasına dair cavabdehin iradəsinin həqiqiliyini təsdiqləyir.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1875/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar