Məhkəmə qərarları › İş №2-2(103)-706/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-706/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-706/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-495/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh firması tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)-495/2020 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh firmasına qarşı cavabdehdən 3775,88 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh firması həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Kommersiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli e-2-2(113)-495/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə geri qaytarılmışdır. Daha sonra Cavabdeh firması apellyasiya şikayətinə əlavə vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-495/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti prosessual müddət ötürüldüyünə və elektron kabinet vasitəsilə verilmədiyinə görə geri qaytarılmışdır. Cavabdeh firması həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-495/2020 nömrəli qərardadı ilə şikayət elektron kabinet vasitəsilə verilmədiyinə görə geri qaytarılmışdır. Cavabdeh firması həmin qərardaddan da şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki şikayətin Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərilməsi üçün asan imzadan istifadə edərək bir neçə dəfə müxtəlif cəhdlər etsələr də, heç bir halda əməliyyat alınmamış və texniki problemlər ucbatından sistemdə xəta baş vermişdir. Azərbaycan Respublikasında hərbi vəziyyət elan edilmiş və bu tədbirlər çərçivəsində internetin verilməsində müəyyən problemlər yaranması və məhdudiyyətlərin tətbiq edilməsi fonunda obyektiv səbəblərdən sistemdə nasazlıqlar yaranmışdır. Göstərilənlərə əsasən şikayəti və ona əlavə olunan sənədləri kağız daşıyıcılar üzərindən məhkəməyə göndərmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayətə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Cavabdeh firması isə prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, qərardaddan verdiyi şikayəti Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin şikayətin geri qaytarılması nəticəsinə gəlmişdir. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, ölkədə elan edilmiş hərbi vəziyyət çərçivəsində internetin verilməsində yaranmış məhdudiyyətlərin dövlət qurumlarının, o cümlədən məhkəmələrin iş fəaliyyətinə aidiyyatı olmamış və həmin orqanlar öz fəaliyyətlərini normal qaydada davam etdirmişlər. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh firması tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-495/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar