Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-707/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-272/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, əvvəlcə 255.666,63 manat məbləğdə əsas borc, 30.973,72 manat məbləğdə cərimə, 30 manat məbləğdə dövlət rüsumu, cəmi 286.670,35 manat məbləğdə pulun, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, 76.316,48 manat məbləğdə cərimənin, 30 məbləğdə dövlət rüsumunun, cəmi 76.346,48 manat məbləğdə pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 5.000 manat məbləğdə dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğdə pulun tutularaq, iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında 21.02.2018-ci il tarixli AZ- Cİ/02 nömrəli və 21.02.2020-ci il tarixli AZ-CL/03 nömrəli malların tədarük edilməsinə dair alqı-satqı müqavilələri bağlansa da, müqavilə üzrə malların adı, sayı, qiyməti qəbul edilsə də, dəbbə pulu ilə bağlı hissəsi cavabdeh tərəfindən imzalanmayıb və qəbul edilməyib. İddiaçı cavabdehin dəbbə pulu barədə razılaşmanı imzalaması barədə heç bir sübut təqdim etməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, baxmayaraq ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi xahiş edilmişdir, mübahisənin predmeti bölünən olduğu və iddiaçı tərəfindən də apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamə yalnız iddia təmin olunan hissədə yoxlanılmalıdır. Bu kontekstdə hüquqi qiymətləndirmə aparıldıqda işdən müəyyən olunur ki, iddiaçı (tədarükçü) ilə cavabdeh (alıcı) arasında 21.02.2018-ci il tarixli AZ-CL/02 saylı tədarük müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək, müqavilədə nəzərdə tutulan malları cavabdehə təqdim etsə də, cavabdeh təqdim edilmiş malların dəyərini ödəmək öhdəliyini vaxtında icra etməmişdir. Nəticədə cavabdehin iddiaçıya 255.666,63 manat məbləğdə əsas borcu yaranmışdır. İşə birinci instansiya məhkəməsində baxılan dövrdə həmin borc cavabdeh tərəfindən iddiaçıya tam ödənilmişdir. Müqavilənin 7.4-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş pul ilə bağlı vəzifələrin vaxtında yerinə yetirilməməsinə görə alıcı tədarükçüyə ləngimənin hər gününə görə borcun ümumi məbləğindən 0,1% məbləğdə cərimə ödəməlidir. Hazırda iddiaçı müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilə şərtlərinə əsasən cavabdehə hesablanmış 76.316,48 manat məbləğdə dəbbə pulunun ödənilməsini tələb edir. Belə ki, mübahisəli borcun yarandığı 21.02.2018-ci il tarixli AZ- CL/02 saylı tədarük müqaviləsinə 21 və 22 saylı əlavələrdə malın dəyərinin 50%-nin əlavənin imzalanmasından 15 gün müddətində, məbləğin qalan 50%-nin mal tədarük edildikdən və faktura imzalandıqdan sonra 30 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, təqdim edilmiş mallara görə elektron qaimələr müvafiq olaraq 10.04.2020 və 20.05.2020-ci il tarixlərdə imzalandığından, malların dəyərinin son hissəsi 20.06.2020-ci il tarixədək ödənilməli idi. Lakin cavabdeh həmin elektron qaimələr üzrə 255.666,63 manat məbləğdə borcunu 29.09.2020-17.03.2021-ci tarixləri arasında ödəmiş, bununla da, təqdim edilmiş malların dəyərinin ödənilməsi öhdəliyinin icrasını gecikdirmişdir. Tərəflər arasında bağlanmış müqavilənin dəbbə pulu ilə bağlı şərtin nəzərdə tutulduğu səhifəsinin imzalanmaması, belə olan halda dəbbə pulunu ödəmək öhdəliyinin yaranmaması barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası bildirir ki, birincisi, cavabdeh əsas borcu tamamilə ödəməklə 21.02.2018-ci il tarixli müqaviləni qəbul edir və bütövlükdə mübahisə etmir. İkincisi, əgər cavabdeh müqavilənin iddiaçıda olan nüsxəsinin fərqləndiyini, onda qalan nüsxədə isə dəbbə pulu şərtinin nəzərdə tutulmadığını irəli sürürsə, müqavilənin onda olan nüsxəsini Məhkəməyə təqdim etməli idi ki, bunu da etməmişdir. Üçüncüsü, göstərilən dəlilin yalnız əsas borc ödənildikdən sonra irəli sürülməsi, bundan əvvəl və xüsusilə pretenziyaya cavab məktubunda həmin hala istinad edilməməsi sözügedən arqumentin inandırıcılığına tənqidi münasibət tələb edir. Dördüncüsü, müqavilənin hər səhifəsinin imzalanması şərti mülki qanunvericiliklə müəyyən edilməmişdir. Konkret bu halda, tərəflərin bərabərliyi və iradə sərbəstliyi nəzərə alınaraq, əgər müqavilənin bütün səhifələrinin imzalanması cavabdeh üçün xüsusi əhəmiyyət kəsb edirdisə, bunu iddiaçıya bildirmək və hər səhifənin imzalanmasını tələb etmək, bu mümkün olmadıqda isə müqaviləni bağlamaqdan imtina etmək yolu ilə ilk mərhələdəcə məsələnin uyğun həllinə nail ola bilərdi. AR Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəyə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. AR Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, həm kreditorun, həm də borclunun əsaslı mənafelərini, eləcə də əsas borcun cavabdeh tərəfindən tam şəkildə ödənildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləği azaldaraq 5.000 manat məbləğdə müəyyən etməsi qanuni, əsaslı və ədalətli olmuşdur ki, bütün bunlar da apellyasiya şikayətinin dəlillərinin əsassızlığına dəlalət edir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-272/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-707/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-707/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver