Məhkəmə qərarları › İş №2-2(103)-708/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-708/2024

18.07.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-708/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Nazirliyinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, e-2-2(113)-3018/2024 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X7 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 5344,87 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxx 1962-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, İSMAYİLLİ; YENİYOL K, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, e-2-2(113)-3018/2024 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.

3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Nazirliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: məhkəmə heç bir qanuna əsaslanmadan Maraqlı şəxs "X10" MMC-nin rəhbəri olmadığını qənaitinə gələrək reyestrdə rəhbər kimi qeyd olunsa da, ərizəni təmin etməmişdir. Bununla bağlı bildirmək istəyirik, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)1043/2023 nömrəli Qətnaməsindən xeyli keçdikdən sonra da hüquqi şəxsin dövlət reyestri məlumatlarında olan məlumatları hər hansı bir dəyişikliklərinə görə qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatını aparan orqana (vergi orqanına) məlumat verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

7. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

9. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

10. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

12. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

15. Belə ki, ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024- cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən,) ,"X10" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5344,87 manat məbləğində (o cümlədən, vergilər üzrə 1000 manat, faizlər üzrə 432,8 manat) olmaqla, ümumilikdə 5344,87 manat borcu vardır. Yaranmış borc məbləǧinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli **********252800, xx.xx.2023-cü il tarixli **********819400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləǧini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanın rəhbəri olan Maraqlı şəxs BAKİ ŞƏHƏRİ, YASAMAL RAYONU, PARLAMENT PROSPEKTİ, EV 1, MƏNZİL 29 ünvanında yaşayır. Ərizəyə müvafiq sübutlar əlavə edilmişdir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu mövcud olmamışdır. Odur ki, sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri qismində Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas yoxdur. “X10” MMC-nin vergiləri ödəmək öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvədə olan e-2-2(113)- 1043/2023 saylı qətnaməsi ilə Maraqlı şəxs “X10” MMC-nin direktoru təyin edilməsi barədə təsisçilərin qərarı etibarsız hesab edilmişdir. Maraqlı şəxs qətnamənin qəbul edildiyi tarixə maraqlı şəxs “X10” MMC-nin direktoru olmaması (onun həmin vəzifəyə təyin edilməsi barədə qərarın etibarsız olması) qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Odur ki, həmin MMC-nin borclarının ödənilməsinin təmin edilməsi məqsədilə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər “X10” MMC və X3 qarşı iddiası təmin edilmiş, “X10” MMC-nin təsisçilərinin adından tərtib edilmiş 28.08.209-cu il tarixli qərar və “X10” MMC-nin 3-cü redaksiyada nizamnaməsi və nəticələri etibarsız hesab edilmişdir.

18. Həmin qətnamədən görünür ki, qətnamə ilə etibarsız hesab edilmiş X10” MMC-nin təsisçilərinin 28.08.209-cu il tarixli qərarına əsasən X10” MMC-nin direktoru X5 tutduğu vəzifədən azad edilmiş, X10” MMC-nin təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Maraqlı şəxs təyin edilmişdir.

19. Ərizəçi apellyasiya şikayətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsaslanaraq qeyd edir ki, məhkəmənin istinad etdiyi qətnamə reyestr məlumatlarına daxil edilmədiyi üçün ərizə təmin edilməli idi.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, qüvvəyə minmiş qətnamə ilə Maraqlı şəxs hüquqi şəxsin rəhbəri təyin edilməsi etibarsız hesab edilmişdir. Bu faktın reyestrə daxil edilməməsi Maraqlı şəxs hüquqi şəxsin rəhbəri olmasına dəlalət etmədiyindən və hüquqi əsas vermədiyindən şikayətin müvafiq dəlili əsassızdır.

21. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, e-2-2(113)-3018/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar