Məhkəmə qərarları › İş №2-2(103)-71/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-71/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-71/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Abiyeva Kəmalə Nəbi qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, X1 cavabdeh “X13 İnvestisiya Korporasiyası” ASC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-955/2018 saylı xx xxxxxx 2018-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən iqtisadi işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-955/2018 saylı xx xxxxxx 2018-cı il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdeh “X13 İnvestisiya Korporasiyası” ASC-yə qarşı «pulun ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh “X13 İnvestisiya Korporasiyası” ASC-dən 22.282 manat borc və 1.114,1 manat faiz borcu, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında tərəflər arasında bağlanmış belə xidmət müqaviləsi mövcud deyildir. Bundan əlavə, iş materiallarında olan işlərin görülməsi barədə aktlar da “X13 İnvestisiya Korporasiyası” ASC tərəfindən təsdiq edilməmişdir. İşə baxan məhkəmə isə təsdiq edilməmiş aktlara düzgün hüquqi qiymət verməmişdir. Müqavilənin olmaması və təhviltəslim aktlarının cavabdeh tərəfindən imzalanmamasına baxmayaraq, əsassız olaraq iddianı təmin etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-2(103) 407/2019-cu il saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-955/2018 saylı xx xxxxxx 2018-cı il tarixli qətnaməsiləğv edilərək, X1 cavabdeh “X13 İnvestisiya Korporasiyası” ASC-yə qarşı “pulun ödənilməsi” tələbinə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 513/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103) 407/2019-cu il saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Yeni apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7pelyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər arasında bağlanılmış müqavilə məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddiaçının müqavilə üzrə təhvil-təslim aktı kimi əsaslandığı sənədlər cavabdeh tərəfindən təsdiq edilməmişdir. Göstərilənlərə əsasən, apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Yeni apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətini müdafiə edərək izahatında göstərmişlər ki, tərəflə onun arasında müqavilə olmuşdur. Həmin müqavilənin cavabdeh tərəfindən imzalanmış nüsxəsini qarşı tərəfin nümayəndəsi məhkəmə iclasına təqdim etməmişdir. Cavabdeh tərəfindən 5 ay ərzində ödənişlər edilmiş, sonrakı aylarda isə ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Göstərilənlərə əsasən, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Yeni apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X8 apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, iddiaçı X6 cavabdeh “X13 İnvestisiya Korporasiyası” ASC-yə qarşı «pulun ödənilməsi»nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh “X13 İnvestisiya Korporasiyası” ASC ilə iddiaçı X6 (VÖEN **********) arasında xx xxxxxx 2017-ci il tarixli ASFX17/001 saylı “Xidmət müqaviləsi” bağlanmışdır. O (iddiaçı), həmin müqaviləyə əsasən “X13 İnvestisiya Korporasiyası” ASC-nin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində təhlükəsizliyin xidmətinə rəhbərliyin həyata keçirilməsi ilə əlaqədar xidmətlər göstərmişdir. Müqavilənin predmetinə görə layihədə təhlükəsizliyi təmin etmək iddiaçının vəzifəsi olmuşdur, cavabdeh isə həmin xidmətə görə haqqı ödəməli idi. Lakin, iddiaçının göstərdiyi xidmətlərə görə nəzərdə tutulmuş haqq qismən ödənilmişdir. Belə ki, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək iddiaçının göstərdiyi xidmətin 7 ayı, yəni yanvar, fevral, aprel, iyun, sentyabr, oktyabr, dekabr ayları hesablansa da, ödənilməmişdir. Ödənilməyən məbləğ 22.282 manat təşkil edir. Dəfələrlə cavabdehə göstərilən xidmətlərə görə haqqın ödənilməsi barədə həm yazılı, həm də şifahi müraciət olunmasına baxmayaraq, müraciətlərə heç bir məhəl qoyulmamışdır. Sonuncu dəfə xx xxxxxx 2018-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət olunmuş və pulun ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Sonuncu pretenziyaya da cavabdeh tərəfindən heç bir məhəl qoyulmadığından iddiaçı məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 387.2-ci, 425-ci, 442-ci, 445-ci, 448.1-ci, 448.2-ci maddələrinə, MPM-in 4-cü, 26-cı maddələrinə əsaslanaraq, cavabdehdən 22.282 manat əsas borcun və 1.114.1 manat faiz borcunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il, xx xxxxxx 2017-ci il tarixli, xx xxxx 2017-ci il tarixli, xx xxx 2017-ci il tarixli, xx xxxx 2017-ci il tarixli, xx xxxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli görülmüş işlərin təhvil-təslimi barədə aktlardan görünür ki, iddiaçı X6 tərəfindən ASFX17/001 saylı xx xxxxxx 2017-ci il tarixli “Xidmət müqaviləsi”nə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, görülmüş işlərlə bağlı aktlar tərtib edilərək layihə rəhbəri Ş.Ələşov və kadrlar şöbəsinin rəisi E.Şahbazov tərəfindən imzalanaraq təsdiq edilmişdir. Lakin cavabdeh tərəf (nümayəndəsi) iddiaçı tərəfindən təqdim edilmiş aktların düzgün rəsmiləşdirilmədiyini izahatında bildirsə də, bununla bağlı iddiaçıya müraciət olunması, həmçinin iddiaçının gördüyü işlərlə bağlı hər hansı bir narazılığın bildirilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin nəticəsi ilə Kollegiya razılaşır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iş üzrə iddiaçı cavabdehlə arasında bağlanmış ASFX17/001 saylı xx xxxxxx 2017-ci il tarixli “xidmət müqaviləsi”nə istinad edərək, müqavilə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilməsini tələb edir. O, iddia tələbinin əsası kimi məhkəməyə “xxxx” ASC-dəki hesabına dair mədaxil və məxaric əməliyyatları barədə çıxarışı, o cümlədən “Görülmüş işlərin təhvil- təslimi barədə” Aktları təqdim etmiş, tərəflər arasındakı müqaviləni isə onda olmaması səbəbindən təqdim etməmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, tərəflər arasında xidmət müqaviləsinin mövcud olmamasına, işlərin görülməsi barədə aktların “X13 İnvestisiya Korporasiyası” ASC tərəfindən təsdiq edilməməsinə istinad edir. Kassasiya instansiyası məhkəməsinin apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018-ci il tarixlərdə aparılmış əməliyyatların kim tərəfindən həyata keçirilməsi istiqamətində araşdırma aparılmasına dair göstəriş vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası üçün məcburidir. Kassasiya instansiyası göstərişinə əməl edərək, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 2-2(103)-71/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadla “**********00009AZM00 saylı hesabın hansı fiziki və ya hüquqi şəxsə məxsus olması”, “qeyd edilən pul məbləğinin hansı sənədə əsasən köçürülməsi”, “həmin məbləğlər hansı fiziki şəxs və ya hüquqi şəxs tərəfindən köçürülməsinə” rəsmi cavab verilməsini “xxxx” ASC-yə həvalə etmişdir. “xxxx” ASC-nin M/11-1566 saylı, xx xxxx 2020-c il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, qeyd edilən **********00009AZM00 saylı hesab nömrəsi X5 məxsus olmuş, hesaba vəsait cavabdeh “X13 İnvestisiya”-nın hesabından xidmət haqqı təyinatı ilə köçürülmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin iddiaçı da olmaması işin mübahisəsiz hallarına aid olsa da, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Görülmüş işlərin təhvil-təslimi barədə” Aktlar mövcuddur. Həmin aktlarda isə sözügedən müqaviləyə istinad edilmiş, aktlar layihə rəhbəri Ş.Ələşov və kadrlar şöbəsinin rəisi E.Şahbazov, icraçı, tikinti rəhbəri tərəfindən imzalanaraq cəmiyyətə məxsus möhür ilə təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi isə öz izahatlarında aktların onlar tərəfindən təsdiq edilmədiyini qeyd etsə də, iş materiallarında olan “Görülmüş işlərin təhvil-təslimi barədə” Aktlara cavabdehin möhürünün vurulmasın hansı zərurətdən yarandığını izah edə bilməmişdir. Əksinə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” ASC-dəki hesabdan çıxarışan mədaxil və məxaric əməliyyatlardan müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018-ci il tarixlərdə köçürülmüş pulların məbləği, “Görülmüş işlərin təhvil-təslimi barədə” Aktlarında nəzərdə tutulmuş məbləğlərə uyğun olmaqla yanaşı, həmin vəsaitlərin iddiaçının hesabına cavabdeh “X13 İnvestisiya”-nın hesabından xidmət haqqı təyinatı ilə köçürülməsi məhz “X13 İnvestisiya Korporasiyası” ASC tərəfindən iddiaçının istinad etdiyi ASFX17/001 saylı xx xxxxxx 2017-ci il tarixli “xidmət müqaviləsi” üzrə aparıldığını sübuta yetirməklə, tərəflərin müqavilə münasibətlərində olmasını təsdiq edir. Beləliklə, işin faktiki halları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, xidmət müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilmiş, cavabdeh isə öhdəliklərinə tam əməl etməyərək 5 ay üzrə xidmət haqqını ödəsə də, 7 ay üzrə - 22.282 manat məbləğində xidmət haqqını iddiacıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.1.2-ci maddəsinə görə mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredotorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətləri etməkdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.3-cü maddəsinə görə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: (445.2.1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, (445.2.2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə həmin Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, borclu öz öhdəliklərini hər bir təqsirli pozuntu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır, borclunun təqsirinə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İş üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Kollegiya, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə iddiaçı öz tələbini əsaslandıra və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etdiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Bu səbəbdən cavabdehin apelyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-955/2018 saylı xx xxxxxx 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-955/2018 saylı xx xxxxxx 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən:imza Hakimlər:imzalar Sədrlik edən hakim M.N.Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar