Məhkəmə qərarları › İş №2-2(103)-71/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-71/2021

17.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-71/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli, e-2-2 (113)- 256/2020 saylı qətnaməsindən (hakim Emin Əliyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə direktoru olduğu “Urud” firması arasında bağlanmış xx xxxxxxxx 2014cü il tarixli, 14011- 0932/465824 saylı kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı direktoru olduğu “Urud” firması ilə Cavabdeh ASC arasında xx xxxxxxxx 2014-cü il tarixli, 14011-0932/465824 saylı kredit limiti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 19 faiz dərəcəsi ilə 60 ay müddətinə 90000 manat məbləğində kredit limiti ayrılmış və həmin kredit müqaviləsi çərçivəsində iddiaçının xx.xx.2014-cü il tarixli ərizəsi əsasında firmaya 70100 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsinin üsulu kimi mənzili ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra iddiaçının xx.xx.2015-ci il tarixli ərizəsi əsasında sözügedən kredit müqaviləsinə xx xxxxx 2015-ci il tarixli, 1 saylı Əlavə ilə 70100 ABŞ dolları kreditə dair müəyyən edilmiş faiz dərəcəsi 19 faiz dərəcəsinə, qarantiyaya dair müəyyən edilmiş faiz 17 faiz dərəcəsinə dəyişdirilmişdir. xx.xx.2016-cı il tarixli 2 saylı Əlavəyə əsasən isə illik faiz dərəcəsi 9% müəyyən edilmiş, kreditin qaytarılma müddəti xx.xx.2021-ci il tarixinə təxirə salınmışdır. Beləliklə, kredit müqaviləsi ilə həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəmək vəzifəsi firmanın üzərinə qoyulmuşdur. Hal hazırda iddiaçının 46237,89 ABŞ dolları əsas, 3008,72 ABŞ dolları faiz və 280,45 ABŞ dolları cərimə olmaqla, cəmi 49527,06 ABŞ dolları borcu yaranmışdır. İddiaçının təmsil etdiyi “Urud” firması ilə Cavabdeh ASC arasında xx xxxxxxxx 2014-cü il tarixli, 14011-0932/465824 saylı kredit müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilmədən bağlanmışdır. Belə ki, Firma ilə müqaviləni bağlayarkən cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək iddiaçının etimadından sui-istifadə etmişdir. Bankla bağlanmış kredit müqaviləsində kredit məbləğinin və ona hesablanacaq faizlərin dollarla verilməsi barədə ödəniş cədvəlinin xarici valyutada (dollarla) müəyyən edilməsinə baxmayaraq, faktiki olaraq kredit məbləği manatla verilmiş və manatla götürülən kredit məbləği isə ABŞ dolları ilə ödənilmişdir. İddiaçı tərəfindən sözügedən kredit müqaviləsi pul öhdəliyinin milli valyutada yaranacağı və borc məbləğinin manatla qaytarılması niyyəti ilə bağlanmışdır. Belə ki, müqavilə bağlanmamışdan əvvəl danışıqlarımızda kredit müqaviləsi üzrə borcun manatla qaytarılması öz əksini tapmışdır. Digər tərəfdən ödəniş qrafiki dollarla müəyyən edildiyi zaman, Bank tərəfindən bunun yalnız formal xarakter daşıdığı və kredit hansı valyutada verilibsə, həmin valyutada da qaytarılacağı bildirilmişdir. Belə olduqda, cavabdehə inanaraq əslində həmin əqdin gələcəkdə iddiaçı üçün hansı hüquqi nəticə yaradacağını dərk etmədən müqaviləni imzalamışdır. Nəticədə cavabdeh iddiaçını aldadaraq müqaviləni manatla deyil, dollarla bağlamışdır. Manatla tələb olunan kredit məbləğini isə konvertasiya edərək milli valyutada vermişdir. Əslində cavabdehin məqsədi iddiaçını müqaviləni bağlamağa vadar etməklə əhəmiyyətli olan məlumatları verməyərək onda müqavilə barədə yanlış təsəvvür yaratmaqdan ibarət olmuşdur. Həmçinin qanunvericiliyə əsasən borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırki iş üzrə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı Bank tərəfindən hansı valyutada kredit verilibsə, həmin valyutada da borcu qaytarmaq vəzifəsini daşımalıdır və daşıyır. Lakin cavabdeh tərəfindən mövcüd qanunvericilik normaları pozulmaqla heç bir əsas olmadan və istəyi nəzərə almadan müqavilə bağlanmış, bununla da iddiaçının maraqları pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli, e-2-2 (113)-256/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Qətnamədə əqdin etibarsız hesab edilməsi üçün istinad edilən hallara toxunulmamışdır. Məhkəmə iddia müddətinin ötürüldüyünə istinad etmiş, lakin bu mövqeyini əsaslandırmamışdır. Məhkəmə eyni zamanda hesab etmişdir ki, o bu iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmənin bu mövqeyi də əsassızdır. Belə ki, o direktor kimi hüquqi şəxsin qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsələr də iclasda iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli, e-2-2 (113)-256/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı “Urud” firmasının direktorudur. O hazırkı iddia ilə təmsil etdiyi hüquqi şəxsin Cavabdeh ASC ilə bağladığı xx xxxxxxxx 2014-cü il tarixli, 14011-0932/465824 saylı kredit limiti müqaviləsini müqaviləni mübahisələndirərək “Urud” firmasının hüquqlarının müdafiəsi üçün iddia qaldırsa da iddianı hüquqi şəxsin adından deyil, öz adından qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşır ki, qanunda qanuni təmsilçinin öz adından hüquqi şəxsin hüquqlarının müdafiəsi üçün iddia qaldırmaq hüququ nəzərdə tutulmadığından iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Subyektiv hüququn anlayışı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamədə aydın və ətraflı göstərilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, iddianın subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürülməsi onun rədd edilməsi üçün müstəqil əsas olduğundan irəli sürülmüş iddia tələbinin əsaslı olduğuna dair iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə məhkəmə tərəfindən ayrıca hüquqi qiymət verilməsinə hər hansı zərurət yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddianın rədd edilməsi qanuni və əsaslı olduğundan apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli, e-2-2 (113)-256/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli, e-2-2 (113)-256/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar