Məhkəmə qərarları › İş №2-2(103)-71/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-71/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-71/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1774/2021 nömrəli qətnaməsindən (hakim Ülkər Həsənova) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra, xx.xx.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini, 670.990 manat məbləğində ödənilmiş pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1774/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 iş üzrə icraata digər cavabdeh qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 266 saylı sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Kövkəb Səfərəliyeva küçəslərinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşürnə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisi iddiaçıya həvalə edilmişdir. Cavabdeh1 təsisçi kimi cəmiyyətin gələcəkdə əldə ediləcək xalis mənfəətinin olması ehtimalına əsaslanaraq əldə ediləcək xalis mənfəətin əvəzi olaraq qabaqcadan iki dəfəyə olmaqla nümayəndəsi Cavabdeh2 vasitəsilə 670.990 manat pul vəsaitini əldə etmişdir. Lakin cəmiyyət və kooperativ 2018 və 2019-cu ilin nəticəsinə görə heç bir mənfəət əldə etməmiş və nəticədə heç bir xalis gəliri olmamışdır. Cəmiyyət Kooperativə çevrildikdə cəmiyyətin təsisçisi olmuş Cavabdeh1 Kooperativin üzvü və payçısı olmamışdır. Həmin vaxtadək Cavabdeh1 payı 2 pay, 2 manat məbləğində olmuşdur. Cavabdeh1 cəmiyyətin fəaliyyəti dövründə kassaya hər hansı bir pul vəsaiti verməmiş və eyni zamanda cəmiyyətin kreditor borcunda onun adına hər hansı borc olmamışdır. Belə olduğu təqdirdə cəmiyyətin nizamnaməsinə zidd olaraq kassa məxaric orderləri üzrə Cavabdeh1 ödənilmiş pul vəsaitinin verilməsi üçün heç bir əsas olmamışdır. Həmin pul vəsaiti cəmiyyətin debitor borcu kimi qalmışdır. Cəmiyyət kooperativ 2019-cu təsərrüfat ilini mənfəətlə deyil, zərərlə başa vurmuşdur. Cavabdeh1 nəticədə əsassız varlanmışdır. Mühasibat balansında isə Cavabdeh1 cəmiyyətə ümumilikdə 670.990 manat debitor borcu yaranmışdır. Belə olduğu təqdirdə cəmiyyətin hüquqi varisi kimi İddiaçı MTK cavabdehlərdən ona əsassız olaraq ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, heç bir nəticə olmamış və hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir.” Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1774/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 670990 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “Tac 1 Residence” MTK-ya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-1774/2021 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə və təsisçilərin razılığı ilə təsisçilərə (X2 istisna olmaqla) dividend vermişdir. Cavabdehin həmin şirkətdə yeganə təsisçinin olmadığı məhkəməyə işin faktiki hallarından aydındır. Təsisçilər arasında bölüşdürülmüş dividenddən az məbləğ ona verilmişdir. Bakı Kommersiya Məhkəməsi iş üzrə araşdırma aparan zaman araşdırmanı tam həyata keçirməmiş, dəfələrlə iddia ərizəsində göstərilən halların və iddianın əsasını təşkil edən faktların araşdırılması ilə əlaqədar verilən vəsatətləri rədd etmişdir. İddia ərizəsinin əsasını təşkil edən iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli audit rəyinə nəzər yetirən zaman auditin sənədlər əsasında deyil, mülahizələr, göstərişlər əsasında aparıldığı müəyyən olunur. Belə ki, audit yoxlamasının hansı sənədlər əsasında aparılması rəydə qeyd olunmamış, auditor şəxsi mülahizələrini rəyə əlavə etmişdir. İddiaçı MMC-nin təsisçilərə email vasitəsi ünvanladığı “analitik uçot kitabı” adı altında 2 aylıq dövrü əhatə edən (xx.xx.2019- xx.xx.2019-cu il tarixləri) hesabatda xx.xx.2019-cu il tarixli AAA264 nömrəli kassa mədaxil qəbzi ilə 136000, xx.xx.2019-cu il tarixli BBB584 nömrəli kassa mədaxil qəbzi ilə 6800 manat pulun Cavabdeh2 tərəfindən şirkətin kassasına mədaxil edildiyi sübuta yetir. Yuxarıda qeyd etdiyi kimi sözügedən “analitik uçot kitabı” təsisçilərə və eləcə də X1 email vasitəsi ilə göndərilmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, 12 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi tərəfimizdən təqdim olunan analitik uçot kitabı, email-lərin şəkilləri və emaillərin məzmunları Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul olunmalı, ən azından orada göstərilən kassa mədaxil və məxaric qəbzləri iddiaçıdan tələb olunmalı idi. Baxmayaraq ki, məhkəmə prosesi zamanı bununla bağlı tərəfimizdən vəsatət verilmişdir. Məhkəmə bunu təmin etməmiş, təmin etməmənin əsasını da izah etməmişdir. İddianın əsasını təşkil edən ikinci əsas kimi şirkətin zərərlə işləməsi qeyd olunmuşdur ki, bu da məhkəmə tərəfindən mütləq araşdırılmalı idi ki, tərəfimizdən işin obyektiv araşdırılması üçün maliyyə sənədlərinin təqdim olunması ilə əlaqədar olaraq da vəsatət verilmişdir. Belə ki, iddiaçı tərəfindən artıq sübutların gizlədilməsi təqdim olunan audit rəyi ilə, Cavabdeh2 tərəfindən kassa 142800 manat pulun mədaxil etməsini bildirməməsi ilə öz təsdiqini tapmış, İddiaçı MMC (MTK)-nın direktoru ilə cavabdehlər arasında münaqişənin olması digər məhkəmənin icraatında olan mülki işlərlə qərəzi sübuta yetirmişdir. Bu səbəbdən iş üzrə hər bir vəchlə iddiaçı tərəfindən zəruri sənədlər, sübutlar gizlədilmiş, hakim isə bu hallara göz yummuşdur. Lakin nəzərə alsaq ki, cavabdehlərin də həmin sübutları əldə etmək imkanı mövcud deyil, məhkəmə obyektiv araşdırma naminə şirkətin maliyyə sənədlərini tələb etməli idi. Belə ki, 2 aylıq dövrü əhatə edən hesabatda cavabdeh tərəfindən 142800 manat pul vəsaitinin mədaxil edilməsi öz təsdiqini tapırsa, 3 illik dövrü əhatə edən sənədlər də məhkəmənin daxili inamının formalaşması və işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün digər sübutların mövcud olacağı bir mənalı idi. Həmçinin məhkəmə tərəfindən nəzərə alınmalı idi ki, iddia ərizəsində dividendin geri alınması üçün əsas kimi şirkətin zərərlə işləməsi göstərilmişdir. Belə olan halda məhkəmə tərəfindən Mülki Məcəllənin tələbləri rəhbər tutulmalı və təsisçinin şirkətin zərərlə işləməsinə görə məsuliyyət daşımamasına dair normalara nəzər yetirməli idi. Hətta Mülki Məcəllədə təsisçinin zərərə ortaq olması müəyyən edilsə idi belə (lakin belə bir norma yoxdur) da bu zaman ən azından zərərin təsisçilərin paylarına uyğun proporsional (mütənasib) qaydada bölünməsi araşdırılmalı, zərərin bölüşdürülməsi qaydasını müəyyənləşdirən norma və təsis sənədinin bəndləri müəyyən olunmalı idi. Mülki-Prosessual Məcəllənin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu səbəbdən məhkəmə qətnamə çıxaran zaman mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin aşağıdakı normalarını tətbiq etməli idi. İddia ərizəsində “ehtimal olunan xalis mənfəət” şəklində pulun verildiyi qeyd olunur. Lakin məhkəmə nəzərə almalı idi ki, təsisçi ilə şirkət arasında təsis və dividend münasibətlərindən başqa münasibətlər ola bilməz. Başqa bir münasibətin olması üçün digər mülki əqdlərin olması zəruridir. Yəni sözügedən mübahisə üzrə iddiaçının verilən pulu necə adlandırmasından (“ehtimal olun xalis mənfəət”) və hansı qaydada verilməsindən asılı olmayaraq bu xalis mənfəətdir (dividenddir) Mülki Məcəllənin 46-cı maddəsi təsisçinin məsuliyyətinin hədlərini müəyyənləşdirmişdir. Həmin maddəyə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi Mülki Məcəlləyə görə təsisçinin şirkətin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş mübahisələr üzrə məsuliyyəti nəzərdə tutulmuşdur. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 oğu məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1774/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddia Cavabdeh2 qarşı hissədə rədd edilmiş, qətnamə həmin hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Hazırda qətnamə Cavabdeh1 tərəfindən iddianın ona qarşı təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya baxışının predmetini iddianın təmin edildiyi hissə təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış”dan görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 həmin MMC-nin 10 faiz paya malik olan təsisçisi olmuşdur. İşin mübahisəsiz halıdır ki, 2019-cu ilin iyul ayında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsisçi Cavabdeh1 633590 manat, 2019-cu ilin avqust ayında 37400 manat olmaqla cəmi 670.990 manat dividend ödənilmişdir. Bu barədə BBB-468 nömrəli, xx.xx.2019-cu il tarixli, BBB-583 nömrəli, xx.xx.2019-cu il tarixli kassa məxaric orderləri iş materiallarına əlavə edilmişdir. Orderlərdən görünür ki, pul vəsaitləri cavabdehin nümayəndəsi Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubuna verdiyi xx.xx.2021-ci il tarixli cavaba əsasən, Cavabdeh1 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlüyündən çıxması barədə qeyd xx.xx.2019-cu ildə hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmişdir. İddiaçı MTK-nın Nizamnaməsindən görünür ki, Kooperativ xx.xx.2017-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin hüquqi varisidir. Kooperativ xx.xx.2017-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin hüquqi varisidir. Kooperativin tam adı İddiaçı mənzil tikinti kooperatividir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubuna verdiyi 20 aprel 2021-ci il tarixli cavabdan aydın olur ki, İddiaçı MMC-nin ümumi yığıncağın xx.xx.2019-cu il tarixli qərarına əsasən təşkilati-hüquqi forması dəyişərək İddiaçı MTK-ya çevrilmişdir. İddiaçı iddia edir ki, 2019-cu ildə təsisçi Cavabdeh1 verilmiş 670.990 manat dividend ödənilməsi 2 səbəbə görə əsas olmuşdur: dividendin bölüşdürülməsi barədə ümumi yığıncağın qərarının olmaması, 2019-cu ildə hüquqi şəxsin mənfəətinin olmaması. Tələbin hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır.”Xalis”mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Həmin Məcəllənin 90-1.3-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. 91.3.3-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını və”maliyyə hesabatlarını”təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. MMC-nin iş materiallarına əlavə edilmiş nizamnaməsində cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi üçün xüsusi qayda müəyyən edilməmişdir. Məhkəmə araşdırmaları zamanı 2019-cu ildə MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsinə dair cəmiyyətin ümumi yığıncağının qərarının mövcud olduğu cavabdeh tərəfindən sübut edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddiaya etirazında və apellyasiya şikayətində 2019-ci ildə ona dividend olaraq ödənilmiş məbləğin bir hissəsinin geri qaytarıldığını iddia etməklə dolayısı ilə həmin məbləğin ona ödənilməsinin əsassız olduğunu təsdiq etmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1 məhkəməyə iddiaçının tələb etdiyi məbləğin bir hissəsinin-142800 manatının MMC-yə geri qaytarılması barədə möhür və imza ilə təsdiq edilməmiş “analitik uçot kitabı”ndan çıxarışdan başqa hər hansı mötəbər sübut (kassa mədaxil qəbzi və s) təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin bu dəlili digər sübutlarla təsdiq edilmədiyindən əsassız hesab edilməlidir. 2019-cu ildə İddiaçı MMC-nin mənfəət əldə etmədiyinə sübut olaraq iddiaçı məhkəməyə "xxxx" MMC-nin audit rəyini təqdim etmişdir. Qeyd edilən auditor rəyində göstərilir ki, 2010-ci ilin oktyabr və noyabr aylarında İddiaçı MMC-nın sifarişi ilə audit yoxlaması həyata keçirilmiş, yoxlama zamanı müəyyən edilmişdir ki, 2018 və 2019-cu ilin nəticəsinə görə hüquqi şəxs mənfəət əldə etməmiş, xalis gəliri olmamış, hüquqi əsas olmadan təsisçi Cavabdeh1 670990 manat dividend verilmiş, MMC-nin fəaliyyəti dövründə Cavabdeh1 tərəfindən cəmiyyətin kassasına hər hansı pul vəsaiti mədaxil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının təqdim etdiyi audit rəyində qeyd edilmiş məlumatların həqiqiliyinin yoxlanılması üçün Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1264/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubuna əsasən İddiaçı MTK-nın 2018 və 2019-cu illər üzrə ilkin mühasibat sənədləri (VHF (alış və satışa dair), qaimə fakturalar (alış və satışa dair) ödəniş sənədləri və s), mənfəət vergisinin hesablanması üçün bütün gəlir və xərc sənədləri (əmək haqqı xərci, bank xərci, sosial ayırmalar, kreditin faizlərinin ödənilməsini özündə əks etdirən sənədlər və s) ƏDV depozit hesabından çıxarış, kassa mədaxil və məxaric qəbzləri, alqısatqı müqavilələri, həmin dövrə dair səyyar vergi yoxlaması aktı, maliyyə arayışı, EHF-lər, 2018 və 2019-cu illər üzrə bəyannamələr (ƏDV, mənfəət), forma 2-lər, material texniki hesabatlar, forma 3-lər və s. sənədlərin təqdim edilməsi təmin edilmədiyindən iş üzrə ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, 2019-cu il üzrə İddiaçı MMC-nin mənfəət əldə etmədiyinə dair iddiaçının dəlili audit rəyindən başqa digər mötəbər sübutlarla (ilkin mühasibat uçotu sənədləri və s) təsdiq edilmədiyindən bu dəlilin əsaslı olduğu sübut olunmur. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.” Məhkəmə kollegiyası hesab edir ki, MMC-nin əldə etdiyi mənfəətin təsisçilər arasında bölüşdürülməsi üçün qanunda nəzərdə tutulmuş əsas-hüquqi şəxsin ümumi yığıncağın qərarının olduğu təsdiq edilmədiyindən iddiaçı təsisçisi olmuş Cavabdeh1 ödənilmiş məbləği MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma qaydasında geri tələb edə bilər. Buna görə də, iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)- 1774/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1774/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar