Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-710/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh ÇAO “X1 İzdeliy Dunay-Pak”a qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3503/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh ÇAO “X1 İzdeliy Dunay-Pak”a qarşı borcun ödənilməsi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1/ İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli 30-04-21 saylı müqavilə üzrə ÇAO “X1 İzdeliy Dunay-Pak”a müəssisəsinə ödənilmiş 33.184 ABŞ dolları, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.318 ABŞ dolları, cəmi 36.502 ABŞ dolları məbləğində borc, 400 manat mediasiya xərcinin ÇAO “X1 İzdeliy Dunay-Pak”a müəssisəsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il qərardadı ilə İddiaçı MMCnin cavabdeh ÇAO “X1 İzdeliy Dunay-Pak”a qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Hazırda İddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3503/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini, İddiaçı MMC-nin cavabdeh ÇAO “X1 İzdeliy Dunay-Pak”a qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3503/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində İddiaçı MMC ilə ÇAO “X1 İzdeliy Dunay-Pak” arasında 30-04-21 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, ÇAO “X1 İzdeliy Dunay-Pak” İddiaçı MMC-nin ünvanına 2 milyon ədəd Twist-off 82mm tipli metal qapaqları Azərbaycana təchiz etməli idi. xx.xx.2021-ci ildə İddiaçı MMC 68000 ABŞ dollarını ÇAO “X1 İzdeliy Dunay-Pak”a hesabına ödəmişdir. xx.xx.2021-ci ildə İddiaçı MMC 34816 ABŞ dolları məbləğində 102400 ədəd Twistoff 82mm metal qapaqlarını ÇAO “X1 İzdeliy Dunay-Pak”dan Azərbaycanda qəbul etmişdir. Lakin indiyə qədər xx.xx.2021-ci il tarixli 30-04-21 saylı müqavilə üzrə ÇAO “X1 İzdeliy Dunay-Pak”dan qalıq malları Azərbaycana təchiz etməmişdir. Göründüyü mübahisə predmeti olan müqavilənin icra yeri Azərbaycan Respublikasıdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisə alıcı - İddiaçı MMC ilə satıcı - ÇAO “X1 İzdeliy Dunay-Pak” arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və həmin müqavilənin (7.2-ci bənd)) şərtlərinə görə tərəflər arasında yaranmış mübahisələr üzrə iddialar cavabdehin olduğu (yerləşdiyi) yer üzrə verilə bilər. Hazırki iddia üzrə cavabdeh şirkətin (ÇAO “X1 İzdeliy Dunay-Pak”) olduğu (yerləşdiyi) yer isə Ukraynadır. Belə olan halda, hazırkı iş üzrə cavabdeh ÇAO “X1 İzdeliy Dunay-Pak” Ukraynada təsis edilmiş və fəaliyyət göstərən xarici hüquqi şəxs olduğundan, tərəflər öz aralarındakı yazılı saziş ilə xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gəldiklərindən və həmin razılıq əsasında mübahisənin cavabdehin ölkəsinin, yəni Ukraynanın səlahiyyətli məhkəməsində baxılmalı olduğundan AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətli deyillər. Bununla yanaşı, iddiaçı şikayətində alqı-satqı müqaviləsi üzrə malların Azərbaycan Respublikasında qəbul edildiyini, yəni müqavilənin icrası yerinin Azərbaycan Respublikası olmasını göstərsə də, birinci instansiya məhkəməsi düzgün olaraq bildirmişdir ki, mübahisəli müqavilənin 2.1-ci bəndində malın çatdırılmasının FCA, İzmail, Ukrayna (İnkoterms 2010) şərti ilə həyata keçirilməli olması nəzərdə tutulmuşdur. FCA çatdırılma şərtinə görə isə satıcı çatdırılma ilə bağlı öhdəliyini ixrac gömrük rejimi ilə buraxılmış malın şərtdə göstərilən yerdə (hazırkı halda İzmail, Ukrayna) daşıyıcının nəqliyyat vasitəsinə yükləndiyi andan icra etmiş hesab edilir. Göründüyü kimi mübahisəli müqavilənin şərtlərinə əsasən malın çatdırılmasına dair satıcının öhdəliyinin icrası yeri Ukrayna olmuşdur. Müqavilənin icrası yerinin Azərbaycan Respublikası olması, belə olan halda AR məhkəmələrin MPM-in 443.0.7-ci maddəsinə əsasən hazırkı mübahisəyə baxmaqla səlahiyyətli olması barədə cavabdehin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, birincisi, hazırkı halda tərəflər hazırkı mübahisəyə baxılmasına dair Ukrayna məhkəmələrinin beynəlxalq səlahiyyəti barədə razılığa gəlməklə səlahiyyətli məhkəmənin MPM-nin AR məhkəmələrin beynəlxalq səlahiyyətləri barədə ümumi normalarını (o cümlədən MPM-in 443.0.7-ci maddəsi) tətbiq edilməklə müəyyən edilməsini qeyri-mümkün etmişlər. Belə ki, mülki prosesin dispozitivliyi prinsipi tərəflərin hüquqların müdafiəsi formasını müstəqil olaraq seçmək, o cümlədən də mübahisənin beynəlxalq ərazi aidiyyətini dəyişdirmək (belə dəyişdirmə mülki prosesin təşkilinin ümumi prinsiplərinə zidd olduğu hallar istisna olmaqla) hüququna malik olmalarını da ehtiva edir. Hazırkı halda tərəflər mübahisəli alqı-satqı müqaviləsində həmin müqavilədən irəli gələn mübahisələrin cavabdehin olduğu yerin məhkəməsində baxılmalı olması barədə razılığa gəlməklə mübahisənin beynəlxalq ərazi aidiyyətini müəyyən etmişlər. Tərəflər arasında bağlanmış müqavilənin digər şərtləri kimi mübahisələrin beynəlxalq ərazi aidiyyətinin müəyyən edilməsi barədə şərt də müqavilə tərəfləri üçün icra edilməsi məcburi olan öhdəliklər yaradır və tərəflərin həmin şərtə zidd olaraq digər dövlətin məhkəmələrinə müraciət etməsini istisna edir. Beləliklə, iddiaçının istinad etdiyi MPM-in 443-cü maddəsində nəzərdə tutulmuş normalar yalnız o zaman tətbiq edilir ki, tərəflər arasında mübahisənin beynəlxalq ərazi aidiyyəti barədə etibarlı saziş mövcud olmasın. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3503/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-2(103)-710/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-710/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver