Məhkəmə qərarları › İş №2-2(103)-712/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-712/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-712/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X2 qarşı pulun tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-468/2022 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən "xxxx" ASC ilə lizinq alan X3 arasında xx.xx.2016-cı il tarixli, 302-LD/16 nömrəli və xx.xx.2017-ci il tarixli 119-LD/17 nömrəli lizinq müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən lizinq verən ümumi dəyəri müvafiq olaraq 44376,5 manat və 96859,22 manat olan damazlıq heyvanlarını satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 3 il müddətinə lizinq alana lizinqə vermişdir.

2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli, 302-LD/16 nömrəli və xx.xx.2017-ci il tarixli, 119- LD/17 nömrəli müqavilələr üzrə 21,020.61 (iyirmi bir min iyirmi manat, altmış bir) manat gecikdirilmiş əsas borc və 14,025.79 (on dörd min iyirmi beş manat, yetmiş doqquz qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manatın, cəmi: 35,396.40 (on üç min altı yüz doxsan üç manat, doxsan doqquz qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2016-cı il tarixli, 302-LD/16 nömrəli və xx.xx.2017-ci il tarixli 119-LD/17 nömrəli müqavilələr üzrə 21,020.61 (iyirmi bir min iyirmi manat, altmış bir) manat gecikdirilmiş əsas borc və 14,025.79 (on dörd min iyirmi beş manat, yetmiş doqquz qəpik) manat cərimə borcu yaranmışdır.

5. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı eyni müqavilələr üzrə əvvəllər də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 23 aprel 2019-cu il tarixli 2(008)-2952/2019 №-li qətnaməsi ilə iddia tələbi təmin edilərək, 44153,97 manat pulun tutularaq hazırkı iş üzrə iddiaçıya ödənilməsi qət edilmişdir. Yəni həmin müqavilələr üzrə gecikdirilmiş borc məbləği artıq mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilmişdir. Sabunçu Rayon Məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və hazırda Yevlax Rayon İcra və Probasiya şöbəsinin icraatındadır. İcra mərhələsində 6000 manat pul ödəmiş, qalan pulu da hissə-hissə ödəməkdədir. Hazırda iddiaçı tərəfindən eyni müqavilə üzrə yenidən pul tələb edilməsi qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən cavabdeh iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1-ci, 747.1-ci, 747-1.2-ci, 748- 1.12.4-cü, 442-ci maddələrinə istinad edərək, hesab etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur və cavabdehin iddiaçıya 21.020,61 manat məbləğində ödənilməmiş borcu yaranmışdır .

7. Həmçinin məhkəmə Mülki Məcəllənin 462.1-ci və 467-ci maddələrinə istinad edərək, hesab etmişdir ki, cavabdeh üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə (cərimə) pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə 14.025,79 manat hesablanmış cərimə məbləğinin 2.120 manat məbləğinə azaldılmasını ədalətli hesab etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-468/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, X1 xx.xx.2016-cı il tarixli, 302-LD/16 nömrəli və xx.xx.2017-ci il tarixli, 119-LD/17 nömrəli müqavilələr üzrə xx.xx.2021ci il tarixinə 21.020,61 (iyirmi bir min iyirmi manat, altmış bir qəpik) manat əsas borc, 2.120 (iki min yüz iyirmi manat) manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manatın tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X6).

9. Cavabdeh X3 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddiaya etirazda qeyd olunan hallarla əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, borc məbləği şişirdilərək hesablanmış, ödənilmiş bütün pullar nəzərə alınmamışdır. Ona görə də, tələb olunan əsas və faiz borcunun kredit müqaviləsinin şərtlərinə uyğun hesablanıb-hesablanmaması xüsusi biliyə malik olan mütəxəssis tərəfindən araşdırılmalı və bu məqsədlə məhkəmə-mühasibat ekspertizası təyib edilərək rəy alınmalıdır. Həmçinin məhkəmə 2120 manat cərimə məbləğini də əsassız olaraq hesablamışdır. Belə ki, onsuz da kifayət qədər borca əlavə olaraq 2120 manat cərimə hesablanması ədalətsizdir və məhkəmə cərimə məbləğini tamamilə silmək hüququna malikdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdeh X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

15. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

16. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia qismən əsaslıdır.

19. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir (həmin maddənin dispozisiyası 14-cü bənddə göstərilmişdir).

20. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir.

21. Çünki Mülki Məcəllənin 747.1-ci maddəsinin dispozisiya şərtlərinə görə muzd ödəmək öhdəliyi lizinq alan cavabdehə aid olduğuna görə bu halı sübut etmək vəzifəsi də ona aiddir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etməmişdir.

22. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli maliyyə arayışı və cərimələrin hesablanması qrafiki (həmin qrafikdə cavabdehin bütün ödənişləri əks olunmuşdur) ilə təsdiq olunur ki, lizinq ödənişləri üzrə yaranmış borcun məbləği 21020,61 manat təşkil edir.

23. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və həmin hissədə iddia tam təmin edilməlidir.

24. Bununla yanaşı kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

25. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

26. İşin hallarını, yəni lizinq müqavilələrinin bağlanılması və müqavilələrin bitmə tarixlərini müqayisə edərək, həmçinin əsas borcların məbləğlərini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçının maliyyə arayışına əsasən 14025,79 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 2120 manat məbləğində deyil, 1000 manat məbləğində müəyyənləşdirilməlidir.

27. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(008)-2952/2019 №-li qətnaməsindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 302-LD/16 nömrəli və xx.xx.2017-ci il tarixli 119-LD/17 nömrəli lizinq müqavilələri üzrə xx.xx.2019-cu il tarixə yaranmış 43833,97 manat əsas borc və 8585,19 manat cərimə borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin qətnamə ilə iddia qismən təmin edilərək, 43833,97 manat əsas borc və 300 manat dəbbə pulunun tutulması qət edilmişdir. Göründüyü kimi həmin iddia irəli sürülərkən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 302-LD/16 nömrəli və xx.xx.2017-ci il tarixli 119-LD/17 nömrəli lizinq müqavilələri üzrə xx.xx.2019-cu il tarixə yaranmış borc məbləğinin tutulması tələbi irəli sürülmüşdür. Eyni zamanda, həmin iddiada tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi tələbi irəli sürülməmişdir. Habelə, lizinq müqavilələrinin predmeti olan damazlıq heyvanları geri qaytarılmamış, yəni Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən də lizinq müqaviləsi vaxtından əvvəl ləğv edilməmişdir. Ona görə də, iddiaçı xx.xx.2019-cu il tarixdən lizinq müqavilələri üzrə müəyyən edilən müddətlərin sonuna kimi, yəni xx.xx.2016-cı il tarixli 302-LD/16 nömrəli və xx.xx.2017-ci il tarixli 119-LD/17 nömrəli lizinq müqavilələri üzrə müvafiq olaraq 2019-cu ilin 3-cü rübü və 2020-ci ilin 1-ci rübünə kimi hesablanan lizinq ödənişlərini tələb etməkdə haqlıdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, hazırki iddia üzrə borc hesablanarkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(008)-2952/2019 №-li qətnaməsi üzrə ödənilmiş 6000 manat və ödənilməmiş 37833,97 manat nəzərə alınmışdır. Borcun şişirdilməsi ilə bağlı dəlillər isə əsaslandırılmayıb və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, kredit müqavilələrindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər sabit məbləğdən ibarətdir və ödənişlərin vaxtında aparılıb-aparılmamasından asılı deyil. Yəni ödənişlərin gecikdirilməsi cəmi ödənilməli olan məbləğin artmasına səbəb olmur (dəbbə pulu istisna olmaqla). Hazırki işdə də iddiaçının istinad etdiyi hallar tərəflər arasında bağlanmış müqavilələrin şərtləri, həmin müqavilələrdə əks olunan ödəniş cədvəlləri, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışları və cərimələrin hesablanması qrafiki (həmin qrafikdə cavabdehin bütün ödənişləri əks olunmuşdur) ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Dəbbə puluna dair isə qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsi tənasübsüz surətdə yüksək olan dəbbə pulunun tam silinməsi deyil, azaldılması imkanını nəzərdə tutmuşdur ki, hazırki məhkəmə tərəfindən həmin məbləğ azaldılmışdır.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-468/2022 saylı qətnaməsi dəyişdirilsin və cavabdeh X1 1000 manat məbləğində dəbbə pulu tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar