Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-712/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik X1 Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik X1 Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-2897/2023 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2005-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və onun sahibkarlıq fəaliyyətinin əsas istiqaməti avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiridir.
2. Maraqlı şəxs xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun Dövlət Sosial Müdafiə Fonduna olan borcu 2443,47 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 281,94 manat təşkil edir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik X1 Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərin surətlərindən görünür ki, Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
4. Ərizəçinin təqdim etdiyi vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan aydın olur ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlər Maraqlı şəxs elektron kabinetinə yerləşdirilmişdir.
5. Vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında müqavilədən görünür ki, tərəflər arasında vergi orqanı tərəfindən sənədlərin elektron qaydada göndərilməsinə dair müqavilə imzalanmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik X1 Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE ********) Dövlət Sosial Müdafiə Fonduna olan 2147,94 manat, İcbari Tibbi Sığorta Fonduna olan 234,66 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2147,94 manat, İcbari Tibbi Sığorta Fonduna 234,66 manat olmaqla, ümumilikdə 2382,6 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********599400, xx.xx.2023-cü il tarixli **********678500, xx.xx.2023-cü il tarixli **********304500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-2897/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) ərizə təmin edilmişdir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fərdi sahibkar kimi vergi ödəyicisi olan Maraqlı şəxs məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik X1 Baş İdarəsi tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində Maraqlı şəxs tərəfindən borc məbləğlərinin ödənilməsi təmin edilməmişdir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-2897/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və maraqlı şəxsin ölkədən çıxışına qoyulmuş məhdudiyyətin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həmin borcların Ərizəçinin Dövlət Sosial Müdafiə Fonduna 2147, 94 manat, İcbari Tibbi Sığorta Fonduna olan 234,66 manat, ümumilikdə 2382,6 manat məbləğində borcun ərizəçiyə hansı aidiyyətinin olmasını müəyyən etmək üçün həmin sənədləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik X1 Baş İdarəsindən tələb etməmişdir. Məhkəmə müəyyən etməmişdir ki, ümumiyyətlə borc nə vaxt yaranmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik X1 Baş İdarəsinin borcu tələb etmək hüququ hələ də mövcuddurmu (belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik X1 Baş İdarəsinin borcu yarandığı andan, hesablandığı andan yox, məhz yarandığı andan beş il müddətinə tələb etmək hüququ vardır). Vergi orqanı məhz bu müddət ərzində ərizə verə bilər. Tələb etmə müddəti keçdikdən sonra ərizəçidən borc tələb edilə və bununla bağlı da ölkədən çıxışa məhduiyyət barədə ərizə verilə və verilmiş ərizə təmin edilə bilməz. Məhkəmə borcun nə vaxt mövcud olması və həmin borca ərizəçinin nə qədər aidiyyətinin olmasını araşdırmamışdır. Bu o demək deyil ki, ərizəçi vergidən yayınmaqda təqsirlidir və borcu məhz o ödəməlidir. Beləliklə, məhkəmə ərizəçinin öhdəliyinin olmasını, yayındırılmış və ya ödənilməmiş vergidə onun təqsirini sübut etmədən onun ölkədən çıxışını əsassız məhdudlaşdırmışdır. Məhkəmə formal, heç bir əsas olmadan və qanunsuz olaraq belə nəticəyə gəlmişdir ki, Ərizəçiyə vergi borcu hesablanmışdırsa onun ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Məhkəmənin qeyd edilən borcların ödənilməməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, Ərizəçiyə qərarda qeyd olunan bildirişlər təqdim edilməyib, ancaq məhkəmə qərarını əldə etdikdən sonra ərizəçinin bu barədə məlumatı olmuşdur. Ərizəçinin vergidən yayınmasından söhbət gedə bilməz.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Maraqlı şəxs məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
13. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
14. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; - 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. - 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: -2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. -2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. - 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
15. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-2897/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. İş materiallarındakı işdəki şəxsi vərəqədən də göründüyü kimi, fərdi sahibkar və vergi ödəyicisi olan Maraqlı şəxs 2019-cu ildən məcburi dövlət sosial sığorta haqqı üzrə 45 manat borcu illər üzrə artaraq xx.xx.2023-cü ildə 2083,75 manat, peniya borcu 698,77 manat təşkil etmişdir. O cümlədən icbari tibbi sığorta haqqı üzrə borcu 2021-ci ilin oktyabr ayında 10 manat olmuş, xx.xx.2023-cü ildə artaraq 265,40 manat təşkil etmişdir. Maraqlı şəxs bu öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün ölkədən getmək hüququnun məhdudlaşdırılması Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin tələbinə uyğundur.
18. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, maraqlı şəxsin istinad etdiyi Azərbaycan Respublikasının 56.1-ci maddəsinin mətnində həmin normanın məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarına aid olmadığı qeyd edilmişdir. Məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə borcların müddətin keçməsi ilə silinməsi və bu öhdəliklərə xitam verilməsi qanunda nəzərdə tutulmadığından apellyasiya şikayəti bu hissədə əsassızdır. Borcun əsaslı olub-olmadığının məhkəmə tərəfindən yoxlanılmamasına dair apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, maraqlı şəxs borcla razılaşmadığı halda borcu inzibati icraat qaydasında mübahisələndirmək hüququna malik olduğu halda mübahisələndirmədiyindən və xüsusi icraat çərçivəsində məhkəmənin bu halları araşdırmaq səlahiyyəti olmadığından işə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)- 2897/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. .20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-2897/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.