Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-712/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayədəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-932/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC (təchizatçı qismində) ilə Cavabdeh MMC (alıcı qismində) arasında xx.xx.2023-cü il tarixli U260923/04 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən təchizatçı alıcını ikinci tərəfdən şifahi və ya yazılı şəkildə təqdim edilmiş tələbnamə – sifarişlərinə müvafiq olaraq kompüter, printer və digər ofis avadanlıqları (mallar) ilə təmin etməyi, Alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür.
3. Müqavilənin 1.2-ci bəndinə əsasən mallar barədə məlumatlar (adı, siyahısı, təsviri, çatdırılma şərti, miqdarı, qiyməti və s.) bu müqavilənin ayrılmaz hissəsi olan elektron qaimə və ya təhvil-təslim aktları ilə (Əlavə) müəyyən edilir.
4. Müqavilənin 3.1-ci maddəsinə əsasən satılan malların (avadanlığın) dəyəri müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokoluna (əlavə) müvafiq surətdə müəyyən olunur.
5. Müqavilənin 3.2-ci maddəsinə əsasən ödəniş vasitəsi Azərbaycan manatıdır və köçürmə yolu ilə təchizatçının hesablaşma hesabına köçürülür.
6. Müqavilənin 3.3-cü maddəsinə əsasən təchizatçı malları alıcıya təhvil verdikdən sonra, alıcı malların dəyərini 15 (on beş) iş günü ərzində ödəməyi öhdəsinə götürür. Mallarla əlaqədar olan bütün risklər və mülkiyyət hüququ təchizatçıdan alıcıya mallar təhvil verildiyi tarixdən keçir.
7. Müqavilənin 3.6-cı maddəsinə əsasən bu müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti, zəmanət müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq elektron qaimə və ya təhvil-təslim aktları ilə (Əlavə) müəyyən edilir. Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5697 manat əsas borcun, 220 manat cərimə məbləğinin və 110 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı bildirir ki, həmin müqaviləyə əsasən cavabdehə ümumilikdə 5697 manat dəyərində 3 ədəd “HP Pavilion x360 14-ek0017ci” markalı notbuk təhvil verilmiş, mallar cavabdehin qanuni təmsilçisi (direktoru) Qanuni nümayəndə2 tərəfindən şəxsən qəbul edilmişdir. Lakin müqavilənin göstərilən şərtlərinə zidd olaraq, cavabdehə verilmiş malların dəyərinin ödənilməsi gecikdirilmiş və bu günədək ödənilməmişdir. Belə ki, adıçəkilən müqaviləyə görə iddiaçı malları cavabdehə təhvil verdikdən sonra malların dəyəri 15 iş gün ərzində ödənilməlidir. Cavabdehə pretenziya qaydasında borcun ödənilməsi barədə bildiriş göndərilsə də, borc ödənilməmişdir.
10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2023-cü il tarixli U260923/04 nömrəli alqı-satqı müqaviləsi cavabdeh tərəfindən bağlansa da, 3 ədəd notbukun verilməsi ilə bağlı tərtib edilən məxaric qaiməsində cavabdehin möhürü yoxdur və cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 həmin qaiməyə imza etdiyini xatırlamır. Elektron qaimənin sistem tərəfindən təsdiqlənməsi isə özü-özlüyündə malların qəbul edilməsini göstərmir. Belə ki, elektron qaimələrə nəzarət əksər hallarda cavabdehin qanuni təmsilçisi tərəfindən deyil, mühasiblər tərəfindən həyata keçirilir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-932/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
12. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin tələblərinə əsasən malların təhvil-təslimi elektron qaimə ilə paralel həmçinin təhvil-təslim aktı ilə rəsmiləşdirilməlidir. Lakin, məhkəmə hazırki iş üzrə iddiaçı tərəfin təqdim etdiyi “məxaric qaiməsini” təhvil-təslim aktı kimi təfsir edərək tərəflərin müqavilə üzrə razılaşdığı qaydadan kənara çıxmışdır. Şirkətin etibarnamə üzrə nümayəndəsi və vəkili olmuş şəxs malın qəbul edilməsinə dair iddiaçının təqdim etdiyi məxaric qəbzinin cavabdehin nümayəndəsi olaraq Qanuni nümayəndə2 tərəfindən imza edilməsinin xatırlamadığını bildirmişdir. Belə ki, əgər elektron qaimə onun tərəfindən qəbul edilib, imzalansaydı o zaman möhürlə də təsdiqlənmiş olmalı idi. Odur ki, məhkəmə mallar cavabdehin qanuni nümayəndəsi yoxsa digər şəxs tərəfindən qəbul edilib-edilmədiyini müəyyən etmək üçün ekspertiza təyin etməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iddiaçının nümayədəsi X2 apellyasiya şikayətinə etiraz etdi.
16. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
18. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 20.Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
25. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli U260923/04 nömrəli alqı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir.
26. Cavabdehin mübahisələndirdiyi hal həmin müqavilə üzrə malların təhvil verilməməsi ilə bağlıdır.
27. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
28. İddiaçı tərəfindən təqdim edilən 27 sentyabr 2023-cü il tarixli məxaric qaiməsindən görünür ki, “HP Pavilion x360 14-ek0017ci” markalı 6G829EA seriyalı 3 ədəd notbuk cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 tərəfindən imza edilməklə qəbul edilmişdir.
29. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə 3 ədəd “HP Pavilion x360 14-ek0017ci” markalı notbukun göndərilməsi ilə bağlı EBDP 415384 nömrəli xx.xx.2023-cü il tarixli 5697 manat məbləğində elektron qaimə göndərilmişdir.
30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, həmin qaimə xx.xx.2023-cü il tarixdə hazırlanaraq cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixdə isə sistem tərəfindən təsdiqlənmişdir. Sonradan həmin qaiməyə cavabdeh tərəfindən hər hansı etiraz verilməmişdir.
31. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı üzərinə düşən vəzifəni yerinə yetirərək, cəmi dəyəri 5697 manat təşkil edən malların cavabdehə təhvil verildiyini sübuta yetirə bilmişdir.
32. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış mallara görə ödənilməyən ümumilikdə 5697 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
33. Cərimənin tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir
34. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 5.5-ci bəndində də müəyyən edilmişdir ki, alıcı tərəfindən təchizatçının hesablaşma hesabına köçürmələr gecikdirilərsə, hər gecikdirilən gün üçün müqavilənin 0,1 % həcmində cərimə ödəyir. Lakin bu məbləğ müqavilənin ümumi dəyərindən 10 % artıq olmamalıdır.
35. İşin hallarını, yəni cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirildiyi günlərin sayını və cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 220 manat məbləğində cərimə tutulmasını tələb etməkdə haqlıdır.
36. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş məxaric qaiməsinin cavabdehin qanuni təmsilçisi tərəfindən imza edilibedilməməsi mübahisənin həllinə təsir etmir. Çünki tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin 1.2 və 3.6-cı bəndlərindən görünür ki, malların təhvil-təslimi elektron qaimə və ya aktlarla rəsmiləşdirilməlidir. İddiaçı da müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə EBDP 415384 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə göndərmişdir. Cavabdeh isə ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etməmiş və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirməmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-932/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov