Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-713/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Rusiya Federasiyasının hüquqi şəxsi İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, İddiaçı Rusiya Federasiyasının hüquqi şəxsi İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası hüquqi şəxsi "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-329/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşdəki sübutlardan görünür ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında Rusiya istehsalı olan arpa məhsulunun alqı-satqısı (Rusiya Respublikasından iddiaçı tərəfindən tədarük olunmaqla) barədə 002 saylı xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. 10.2-ci bəndinə əsasən malın ödənişinin alıcının təqsiri ucbatından gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün satıcı alıcıdan gecikdirilmiş məbləğdən 0,1 % cərimə almaq hüququna malikdir.
2. İşin mübahisəsiz halıdırı ki, satıcı İddiaçı MMC tərəfindən müxtəlif vaxtlarda alıcı Cavabdeh MMC-yə ümumi çəkisi 2.074,9 ton və ümumi dəyəri 381.781,6 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 649.028,72 manat dəyərində ərzaq arpası göndərilmiş, alızı tərəfindən 47.000 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 79.000 manat pul ödənilmiş, 334.781,6 ABŞ dolları borc ödənilməmişdir. Malların Azərbaycan Respublikasına idxal edildiyini təsdiq edən gömrük sənədləri, invoyslar, ödənişləri təsdiq edən hesabdan çıxarışlar iş materiallarına əlavə edilmişdir.
3. İddiaçı ilə Cavabdeh arasında imzalanmış 002 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə olan xx.xx.2021-ci il tarixli 3 saylı əlavə razılaşmaya əsasən tərəflər aşağıdakılar barədə razılaşmışlar: Müqavilənin 6.1-ci bəndində və 28 dekabr 2020-ci il tarixli 002 saylı müqaviləyə olan 1 saylı əlavə razılaşmada aşağıdakı redaktədə qəbul edilməlidir; - Ödəniş şərtləri: ödəniş ən geci 31 avqust 2021-ci il tarixinə qədər həyata keçirilməlidir. Qismən ödənişə yol verilir.
4. 26 iyul 2022-ci il tarixli 01/22 saylı müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların (ərzaqlıq arpanın) miqdarı (cəmi 2007,90 ton (2.007.900 kq)) və qiymətləri (1 tonunun qiyməti 402,38 manat olmaqla ümumilikdə 807.938,80 manat olaraq) razılaşdırılmışdır.
5. İddiaçı tərəfindən Cavabdehnə xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Rusiya Federasiyasının hüquqi şəxsi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 334.781,6 ABŞ dollarının (günün məzənnəsinə uyğun olaraq 569.128,72 manat) əsas borc, 131.930 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 224.281 manat) məbləğində penyanın və 16.739,08 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 28.456,436 manat) məbləğində əldən çıxmış faydanın, ümumilikdə isə 483.450,68 ABŞ dollarının – günün məzənnəsinə uyğun olaraq 821.866,156 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 28 dekabr 2020-ci il tarixli 002 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı İddiaçı MMC Rusiya istehsalı ərzaq arpasını Rusiya Federasiyası və Azərbaycan Respublikasının Samur qəsəbəsində (Rusiya) sərhədi DAP şərtlərində (İNCOTERMS 2020) satmağı və tədarük etməyi, alıcı Cavabdeh MMC isə malı qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Ümumilikdə, invoyslardan göründüyü kimi satıcı İddiaçı MMC tərəfindən müxtəlif vaxtlarda alıcı Cavabdeh MMC-yə ümumi çəkisi 2.074,9 ton və ümumi dəyəri 381.781,6 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 649.028,72 manat pul miqdarında ərzaq arpası göndərilmişdir. Qeyd etmək istəyirlər ki, Cavabdeh MMC İddiaçı MMC-yə ona göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə ümumi dəyəri 381.781,6 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 649.028,72 manat pul miqdarında olan borcundan cəmi 47.000 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 79.000 manat pul ödəmişdir. Bunu nəzərə alaraq bildirirlər ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ona göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə olan borcu 334.781,6 ABŞ dolları, həmin pulun bu günə olan məzənnəsi ilə 569.128,72 manat pul təşkil edir. Bundan başqa, müqavilənin 10.2-ci bəndinə görə, malın ödənişinin alıcının təqsiri ucbatından gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün satıcı alıcıdan gecikdirilmiş məbləğdən 0,1% cərimə almaq hüququna malikdir. Müqavilənin 6.1-ci bəndində göstərilir ki, alıcı malı aldığı andan iki ay müddətində ödənişi aparır. 28 dekabr 2020-ci il tarixli 002 №li müqaviləyə 20 iyun 2021-ci il tarixli 3 saylı əlavə razılaşmanın 1-ci bəndində qeyd edilir ki, ödəniş ən geci 31 avqust 2021-ci il tarixinə qədər həyata keçirilməlidir. 28 dekabr 2020-ci il tarixli 002 №li müqaviləyə 20 iyun 2021-ci il tarixli 3 saylı əlavə razılaşmanın 1-ci bəndini rəhbər tutaraq qeyd etməlidir ki, alıcı Cavabdeh MMC satıcı İddiaçı MMC-yə ona göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə alıcının təqsiri ucbatından gecikdirilməsi səbəbindən hər gecikdirilmiş gün üçün satıcı alıcıdan gecikdirilmiş məbləğdən 0,1% penya almaq hüququna malikdir. Məhz bu baxımdan alıcı Cavabdeh MMC ona göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə alıcının təqsiri ucbatından gecikdirilməsi səbəbindən hər gecikdirilmiş gün üçün İddiaçı MMC-yə 131.930 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 224.281 manat pul məbləğində penya ödəməlidir. Bundan başqa, alıcı Cavabdeh MMC ona göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə alıcı tərəfindən borcun ödənilməməsi səbəbindən İddiaçı MMC-yə 16.739,08 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 28.456,436 manat məbləğində əldən çıxmış faydanı ödəməlidir. Cavabdeh (VÖEN **********) və İddiaçı MMC (VÖEN **********) arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli 002 №li arpa alqı-satqısına dair müqavilə üzrə Cavabdeh MMC müqaviləyə əsasən, öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı MMC ağır maddi vəziyyətə düşmüşdür. Bu səbəbdən aralarında olan 28 dekabr 2020-ci il tarixli 002 №li müqaviləsindən sonra yaranmış mübahisə üzrə həmin müqaviləyə əsasən, alıcı Cavabdeh MMC satıcı İddiaçı MMC-yə satılan malın dəyərinin onun tərəfindən ödənilməmiş hissəsini təşkil edən 334.781,6 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 569.128,72 manat) və yuxarıda qeyd edilən müqavilənin 10.2ci bəndinə əsasən, alıcının təqsiri üzündən əmtəənin dəyərinin ödənilməsinin gecikdirilməsi halında satıcının ödənişin gecikdirildiyi hər bir günə görə alıcıdan ödənişin gecikdirildiyi məbləğin 0,1 faizi məbləğində tələb etmək hüququna malik olduğu 131.930 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 224.281 manat) məbləğində penyanı və 16.739,08 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 28.456,436 manat) məbləğində əldən çıxmış faydanı, ümumilikdə isə 483.450,68 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 821.866,156 manat) məbləğində pul ödəməlidir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti əsasında iş üzrə "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-329/2023 qətnaməsi (hakim Leyla Əliyeva) ilə iddiaçı qismən təmin edilmiş, Cavabdeh MMC-dən 325.985 ABŞ dolları məbləğində əsas borc, 15.000 ABŞ dolları məbləğində penya, cəmi 340.985 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 300 və dövlət rüsumunun əvəzi olaraq 550 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCyə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə əvvəla qeyd etmişdir ki, hazırkı mübahisə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış 28 dekabr 2020-ci il tarixli 002 №li alqı-satqı müqaviləsindən irəli gəlir. Həmin müqavilənin 14-cü bəndində həmin müqavilədən və onunla bağlı olan, o cümlədən onun icrasına, pozulmasına, dayandırılmasına və ya xitam veirlməsinə dair yaranan bütün mübahisələr, fikir ayrılıqları və tələblərin RF və ya Azərbaycan Respublikasında Arbitraj Məhkəmələrində (Rusiya Federasiyasında Kommersiya Məhkəmələri Arbitraj məhkəmələri adlandırılır) hər iki ölkənin qanunvericiliyinə əsasən həll olunması olması nəzərdə tutulmuşdur. Göründüyü kimi sözügedən şərtdə tərəflər mübahisələrin hansı dövlətin məhkəmələrində baxılmalı olması barədə aydın şəkildə razılaşmamışlar. Digər tərəfdən hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən təsis edilmiş və olduğu yer Azərbaycan Respublikası olan hüquqi şəxsdir.
11. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, mübahisəli müqavilənin yuxarıda istinad edilən şərtində tərəflərin müqavilədən irəli gələn mübahisələrə tətbiq edilməli hüquq barədə tərəflərin seçimi aydın şəkildə ifadə edilməmişdir. Belə ki, müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrə hər iki dövlətin qanunvericiliyin tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, mübahisənin iki dövlətin qanunvericiliyi tətbiq edilməklə həll edilməsi isə praktiki cəhətdən mümkün deyil. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər müqavilədən irəli gələn mübahisələrə tətbiq edilməli olan hüququ seçməmişlər.
12. İddiaçı mübahisəyə “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının 44-cü bəndinə əsasən mübahisəyə müqavilənin bağlanması yerinin hüququnun tətbiq edilməli olmasını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, sözügedən Konvensiya Rusiya Federasiyası tərəfindən 30 dekabr 2021-ci il tarixdə ratifikasiya edilsə də, MDB-nin İcraiyyə Komitəsinin rəsmi saytında (cis.minsk.by) MDB-nin hüquqi və digər aktlarının vahid elektron reyestrində əks olunmuş konvensiya ilə bağlı depozitari məlumatlarına əsasən həmin konvensiya Rusiya Federasiyası üçün qüvvəyə minməmişdir (konvensiyanın müddəalarına əsasən onu sonradan ratifikasiya etmiş dövlətlər üçün qüvvəyə minmə ratifikasiya fərmanı depozitariyə saxlanca verildiyi tarixdən sonra gələn otuzuncu gün baş verir). Odur ki, tərəflər arasında tətbiq edilməli olan hüququn həmin Konvensiyanın müddəalarına əsasən müəyyən edilməli istisna olunur.
13. Digər tərəfdən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qüvvədə olan “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının analoji 41-ci bəndinə əsasən əqd əsasında tərəflərin hüquq və vəzifələri, əgər tərəflər arasında razılaşma ilə digər qayda nəzərdə tutulmayıbsa, onun baş verdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, birincisi, tərəflər arasında bağlanmış müqavilədə onun bağlanma yeri göstərilməmişdir.
14. Məhkəmə mübahisəylə bağlı ilk növbədə qeyd etmişdir ki, yalan əqdin subyektiv tərəfi qəsd formasında təqsirlə ifadə olunur. Bu zaman yalan əqdin baş verməsi üçün tərəflərdən birinin iradəsinin olması kifayət etmir. Tərəflərin ümumi niyyətləri (pərdələnən əqdi gizlətmək) olmalı, eləcə də pərdələnən əqdin tərəfləri həmin əqdin mühüm şərtləri barədə razılığa gəlməlidirlər. Beləliklə, əqdin yalan əqd kimi qiymətləndirilməsi üçün əqdin hər iki tərəfin qəsdi mövcud olmalıdır.
15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh və üçüncü şəxsin iddia etdiyi kimi tərəflər arasında 28 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən əsl niyyət arpanın üçüncü şəxs "xxxx" MMC-yə satılması olduğu, yəni həmin malın üçüncü şəxsə çatdırılmalı olması həmin vaxtdan bəlli olduğu halda həmin arpanın Azərbaycan Respublikasına gətirildikdən sonra cavabdehin anbarına yerləşdirilməsi və yalnız bir il yarım keçdikdən sonra üçüncü şəxsə təhvil verilməsi ağlabatan və inandırıcı görünmür.
16. Məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh MMC-nin əvvəllər Azərbaycan Respublikasına yalnız buğda idxal etməsi faktı MMC-nin digər dənli bitkilərin idxalında da kommersiya marağının olmasını istisna etmir. Bundan əlavə yuxarıda göstərilən sənədləri cavabdehin mübahisəli alqı-satqı müqaviləsinin bağlanmasında məqsədinin digər əqdi pərdələmək olmasını təsdiq edən sübutlar kimi qəbul etsək belə, həmin sənədlər mübahisəli alqı-satqı müqaviləsi bağlanarkən cavabdehin göstərilən niyyəti barədə iddiaçının məlumatlı olmasını sübuta yetirmir.
17. Mübahisəli əqdin ikinci tərəfi olan Rusiya Federasiyasının hüquqi şəxsi İddiaçı MMC-nin səlahiyyətli vəzifəli şəxslərinin, o cümlədən həmin şirkətin direktoru S.Hamzayevin əqdin bağlanarkən niyyətinin digər əqdi pərdələmək olması iş materialları olan digər sübutlarla da öz təsdiqini tapmır.
18. Cavabdeh və üçüncü şəxs isə iddiaçının direktorunun alqı-satqı müqaviləsini bağlayarkən niyyətinin iddiaçı şirkətlə üçüncü şəxs İddiaçı MMC bağlanmış alqı-satqı müqaviləsini pərdələmək olduğunu, eləcə də “pərdələnən əqdin” tərəfləri olan iddiaçı ilə üçüncü şəxsin həmin əqdin mühüm şərtləri barədə razılığa gəldiyini sübuta yetirə bilməmişlər. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, bir qayda olaraq yalan əqdin bağlanmasında məqsəd qanunun hansısa qadağasından yan keçməkdən və ya hansısa digər səbəbdən üçüncü şəxslərdə əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarət olur. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli alqı-satqı müqaviləsinin yalan əqd hesab edilməsi üçün faktiki əsasların mövcud olması müəyyən edilmir.
19. Məhkəmə iddiaçının ödənilməsini tələb etdiyi dəbbə pulu öhdəliyin pozulması nəticələrinə mütənasib olmadığından onun azaldılaraq 15.000 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.
20. Əldən çıxmış fayda tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Rusiya Federasiyası Mülki Məcəlləsinin 15-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əgər hüququ pozmuş şəxs onun nəticəsində gəlir əldə etmişdirsə, hüququ pozulmuş şəxs digər zərərlə yanaşı həmin gəlirdən az olmayan məbləğdə əldən çıxmış faydanı tələb edə bilər. Hazırkı halda iddiaçı müqavilə üzrə öhdəliklərinin pozulması nəticəsində gəlir əldə etdiyini, eyni zamanda hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri sübuta yetirə bilməmişdir. Odur ki, əldən çıxmış faydanın tutulması hissəsində iddia əsassızdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-329/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-329/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəldən axıradək bütün məhkəmə iclasları audio-video yazı vasitəsilə həyata keçirilməsinə baxmayaraq, işə baxılması gedişində cavabdeh tərəfindən dəbbə pulunun azaldılması barədə nə şifahi şəkildə vəsatət, nə yazılı şəkildə ərizə, nə də ki, elektron qaydada ərizə verilməmişdir. Bəlkə də belə bir ərizə qətnamə elan olunduqdan sonra məhkəmə tərəfindən cavabdehin nümayəndəsi və vəkilindən alınaraq formallıq xatirinə işin içərisinə əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1.-ci maddəsinə müvafiq olaraq, dəbbə pulunun azaldılması barədə ərizə məhkəməyə yalnız elektron qaydada təqdim edilməli idi. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan dəbbə pulunun azaldılması barədə ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10- 1.-ci maddəsinin tələblərinə müvafiq olaraq verilmədiyinə görə nəzərə alınmamalı idi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-329/2023 saylı qətnaməsi 15.000 ABŞ dolları məbləğində penya hissəsində dəyişdirilməli və 28 dekabr 2020-ci il tarixli 002 №li müqavilənin 10.2-ci bəndinə əsasən, alıcının təqsiri üzündən əmtəənin dəyərinin ödənilməsinin gecikdirilməsi halında satıcının ödənişin gecikdirildiyi hər bir günə görə alıcıdan ödənişin gecikdirildiyi məbləğin 0,1 faizi məbləğində tələb etmək hüququna malik olduğu 131.930 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 224.281 manat) məbləğində penyanın tamolaraq Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
24. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçının 821.866,156 AZN məbləğində pul tələbi 28 dekabr 2020-ci il tarixli, 002 saylı müqaviləyə əsaslanır. İddiaçıya görə, 3, 9 və 11 fevral 2021-ci il tarixlərində ümumi çəkisi, 2.074,9 ton olan ərzaq arpası göndərmiş və cavabdeh isə, onun pulunu ödəməmişdir. Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olubolmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını vəs. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycanın hüquqi şəxsi "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə1 bildirdi ki, uzun illərdir taxıl məhsullarının ticarəti ilə məşğul olur. Cavabdeh MMC-nin direktoru N. Məmmədovu da buradan tanıyır. Həqiqətdə, Cavabdeh MMC-yə arpa məhsulunun satışı nəzərdə tutulmamışdır. Sadəcə olaraq, yeganə təsisçisi və direktoru olduğu Azərbaycanın hüquqi şəxsi "xxxx" MMC-nin hər hansı işçisi olmadığından və özü də, arpanı RF-dən Azərbaycana yola salmaq məqsədilə RF-də olduğundan Cavabdeh MMC-nin direktoru N.Məmmədovdan xahiş etmişdir ki, 28 dekabr 2020-ci il tarixli, 002 saylı müqaviləni imzalasın. Arpa məhsulunu RF-dən qatarla yola salmış və Bakıda da özü qəbul etmişdir. xx.xx.2020-ci il tarixli, 002 saylı müqavilə yalan əqddir və buna görə də, bağlandığı andan əhəmiyyətsizdir. Çünki tərəflər həmin müqaviləni bağlamaqdakı iradələri arpanın alqı-satqısı olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
26. Cavabdeh tərəfə və üçüncü şəxsin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Üçüncü şəxsin adından cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş məhkəmə iclasının təxirə salınması barədə vəsatət üzürlü səbəbin olması barədə sübut əlavə edilmədiyindən təmin edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
27. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 340.2-ci bənd-yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 440.1-ci maddə- Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1-ci maddə- Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2-ci maddə- tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunu: 1.2-ci maddə- xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 2.1-ci maddə- xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. 24.1-ci maddə- müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. 25.1-ci maddə- müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının.
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Vyana Konvensiyası 3-cü maddə- malları sifariş edən tərəf malların hazırlanması və ya istehsal edilməsi üçün zəruri olan materialların əhəmiyyətli hissəsinin göndərilməsi öhdəliyini öz üzərinə götürmədiyi halda, hazırlanmalı və ya istehsal olunmalı malların göndərilməsinə dair müqavilələr alğı-satqı müqavilələri hesab olunur. 53-cü maddə- alıcı müqavilənin və bu Konvensiyanın tələblərinə uyğun olaraq malların qiymətini ödəməli və onların göndərilməsini qəbul etməlidir.
Rusiya Federasiyası Mülki Məcəlləsi: 307.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, birgə fəaliyyətə yatırım etməli, pul ödəməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 309-cu maddə- öhdəliklər qanunun, digər hüquqi aktların tələblərinə və öz şərtlərinə uyğun olaraq, belə bir tələb və şərtlər olmadığı halda isə adələrinə və adətən təqdim edilən tələblərə uyğun olaraq lazımi qaydada icra edilməlidir. 330-cu maddəsinin 1-ci bəndi- müqavilə ilə və ya qanunla müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği dəbbə pulu (cərimə, penya) hesab edilir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 333-cü maddə- ödənilməli olan dəbbə pulu öhdəliyin pozulması nəticələrinə mütənasib deyilsə, məhkəmə dəbbə pulunu azaltmaqda haqlıdır. Əgər öhdəlik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən pozulursa, məhkəmə belə azalma barədə borclunun ərizəsi olduğu halda dəbbə pulunu azatmaqda haqlıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 10-1.3- kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
28. Qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
29. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-329/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. İşin hallarından görünür ki, iddiaçı iddianın faktiki əsası kimi arpa məhsulunun alqı-satqısı barədə cavabdehlə bağlanmış 002 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə istinad edərək həmin müqavilə üzrə qalıq borcun tutulmasını xahiş etmişdir. Mübahisəyə düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən satıcının ölkəsinin-Rusiya Federasiyasının qanunvericiliyi tətbiq edilərək baxılmışdır. Cavabdeh həmin müqavilə üzrə göndərilmiş malların onun anbarına daxil olduğunu və müqavilə üzrə qismən ödəniş edildiyini qəbul etsə də, iddiaya etirazında və apellyasiya şikayətində göstərir ki, qeyd edilən əqd iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış şifahi alqı-satqı müqaviləsini pərdələmiş yalan əqddir. Bu mövqeyi onunla əsaslandırır ki, Cavabdeh MMC-nin həmin müqavilənin predmeti olan arpa məhsulunu əldə etmək niyyəti olmamış, həmin müqaviləni Azərbaycan Respublikasının hüquqi şəxsi "xxxx" MMC-nin qanuni təmsilçisinin xahişi ilə bağlamışdır. 31.İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının hüquqi şəxsi "xxxx" MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə1 məhkəmə iclaslarında, cavabdehin qeyd edilən müqaviləni onun xahişi ilə bağladığını təsdiq etmişdir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, tərəflər arasında bağlanmış müqaviləyə yalan əqd (başqa əqdi pərdələmək niyyəti ilə bağlanılmış əqd) hüquqi qiymət verilməsi üçün Cavabdeh MMC ilə Azərbaycan Respublikasının hüquqi şəxsi "xxxx" MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə1 arasında arpanın onun üçün əldə ediləcəyinə dair razılaşma olması kifayət etmir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Hazırkı halda iddiaçı Rusiya Federasiyasının hüquqi şəxsi olan İddiaçı iradə ifadəsinin cavabdehlə deyil, mübahisə üzrə üçüncü şəxs qismində cəlb edilmiş hüquqi şəxslə alqı-satqı müqaviləsi bağlamaq olduğunu təsdiq edən sübutlar (bu barədə yazışmalar, məktublar və s) nə birinci instansiya, nə də apellyasiya məhkəməsinə təqdim edilməmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən Rusiya Federasiyasından göndərilən məhsul Cavabdeh anbarına daxil olmuş, ödənişlər də məhz cavabdehin bank hesabından həyata keçirilmişdir. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız əqd olduğuna dair cavabdehin mülahizələri əsassız hesab edilir.
34. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Rusiya Federasiyasının MM-nin 333-cü maddəsinə əsasən cavabdeh tərəfindən dəbbə pulunun azaldılması barədə məhkəmə iclasında hər hansı ərizə verilməmiş, bu ərizə elektron kabinetə yüklənməmiş, işə baxmış hakim prosessual pozuntuya yol verməklə məhkəmə iclasında təqdim edilməmiş ərizəni iş materiallarına əlavə edərək ərizəyə hüquqi qiymət vermişdir. Bu səbəbdən tələb edilən dəbbə pulu tam məbləğdə cavabdehdən tutulmalıdır. Bu mülahizə ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, dəbbə pulunun azaldılması barədə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən yazılı ərizə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iclasın 8.37-ci dəqiqəsində təqdim edilmiş, lakin ərizə elektron kabinetə yüklənməmişdir. İşdən eyni zamanda görünür ki, ərizə təqdim edilərkən elektron kabinetə yüklənib-yüklənmədiyi hakim tərəfindən yoxlanılmamış, ərizənin elektron kabinetinə yüklənməsi üçün nümayəndəyə məhkəmə tərəfindən vaxt verilməmiş və həmin məhkəmə iclasında qətnamə qəbul edilmişdir. Rusiya Federasiyasının Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 71-ci bəndində RF MM-nin 333-cü maddəsinin tətbiqi ilə bağlı izah edilmişdir ki, həmin normada nəzərdə tutulmuş ərizənin istənilən formada (şifahi və ya yazılı) verilməsi mümkündür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda cavabdehin yazılı ərizəsinin elektron kabinetə yüklənilməməsi ərizənin qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Buna görə də, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi dəbbə pulunun birinci instansiya məhkəməsi tərəfindən azaldılması qanuni olmaqla bərabər, əsas borcun məbləğinə mütənasib olduğundan qətnamə həmin hissədə də dəyişdirilmədən saxlanılmalıdır.
35. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-329/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı Rusiya Federasiyasının hüquqi şəxsi İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-329/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.