Məhkəmə qərarları › İş №2-2(103)-714/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-714/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-714/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1442/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X5 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə fiziki şəxs X5 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 09/19APM- 107 №-li xidmət müqaviləsi üzrə ona vurulmuş 3.736,62 manat məbləğində zərərin əvəzinin, 60 manat məbləğində mediasiya rüsumunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat məbləğində pulun və 87,36 manat məbləğində məhkəmə rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1442/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı X5 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, X5 (xidmət göstərən) ilə "xxxx" MMC (indiki Cavabdeh MMC) (sifarişçi) arasında 26 sentyabr 2019-cu il tarixdə 09/19APM-107 nömrəli xidməti müqavilə bağlanmış və müqaviləyə əsasən xidmət göstərən sifarişçi tərəfindən müəyyən edilmiş podrat layihəsi üzrə "xxxx" MMC-yə məxsus Daşkəsən rayonu Filiz Emalı sahəsində (Azərbaycan Respublikası daxilində) tələb olunan xidmətləri həyata keçirməyi, sifarişçi isə bu xidmət müqabilində xidmət göstərənə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı X5 həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərmiş, cavabdeh isə xx.xx.2020-ci il tarixli elektron qaimələr üzrə göstərilmiş xidmətlərin haqqını - ƏDV daxil 34.361,16 manat məbləğində pul vəsaitini xx.xx.2021-ci il tarixdə ödəmişdir. İddiaçı pul öhdəliklərinin icra edilməsinin 18 ay gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən bank uçot dərəcəsi ilə hesablanmış 3.736,62 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir (34.361,16*7.25%=2.491,18:12=207,59 manat / 207,59*18 (ay) = 3.736,62 manat). Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən ünvanlanan pretenziya məktubuna cavab olaraq cavab məktubu göndərilərək iddiaçıya bildirilmişdir ki, borclarını qəbul edirlər və borcun ödənilməsi müəyyən müddətdə təmin ediləcəkdir. Şirkətləri bir çox dövlət layihəli işlər gördüyündən, eyni zamanda bilindiyi kimi həmin müddətlərdə məlum pandemiya səbəbindən dövlət tərəfindən ödəmələr, xüsusilə də büdcə ödəmələri gecikdiyindən onlardan asılı olmayan səbəblərdən tərəflərindən borclu şirkətlərə ödənişləri gecikmişdir. X4 edilmiş ödəniş sənədindən də göründüyü kimi borc hissə-hissə deyil, onlara vəsait gələn kimi bir dəfəyə ödənilmişdir. Bu isə onu göstərir ki, onlar öz borclarını ödəməkdə qarşı tərəfə vicdanlılıq nümayiş etdirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürmüşdür. İddianın əsaslarına görə həmin zərər cavabdeh tərəfindən pul öhəliyinin icrasının gecikdirilməsi nəticəsində yaranmışdır. Bu baxımdan qeyd olunur ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki işdə də həmin əsasların mövcudluğu təsdiq olunur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə görə ödəniş olaraq xidmətin hər ayı üçün İnvoice, Akt (və ya iş saatları cədvəlinə uyğun) tərtib edilərək razılaşdırılan məbləğdə vəsait “Xidmət göstərən”in elektron qaiməni kəsdikdən sonra bank hesabına köçürmə üsulu ilə ödənəcəkdir. İşin mübahisəsiz halları da ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə EBAS seriyalı 165119, 164879 və 163606 nömrəli elektron qaimələr göndərilmiş, xx.xx.2021-ci il tarixdə isə həmin qaimələrə əsasən 29.119,63 manat və 5.241,53 manat ödənilmişdir. Göründüyü kimi ödənişlər elektron qaimənin göndərildiyi tarixdən (xx.xx.2020) 11 ay 22 gün keçdikdən sonra həyata keçirilmişdir. İddiaçı ödənişin gecikdirildiyi müddət üçün ona dəymiş zərərin məbləğini bank uçot dərəcəsinə (7,5%) əsasən hesablamışdır. Bu qayda Mülki Məcəllənin 449.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışlar. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir. Bununla yanaşı Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Çünki iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin müddət üçün hesabladıqda isə müəyyən olunur ki,cavabdeh tərəfindən pul öhdəliyinin icrasını gecikdirilməsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləği 1677,5 manat təşkil edir: 1 ay üçün (34.361,16 x 5 % = 1718; 1718 / 12 ay = 143,1); 11 ay üçün (143,1 x 11 ay = 1574,1); 22 gün üçün (1718 / 360 gün = 4,7 x 22 gün = 103,4); 11 ay 22 gün üçün (1574,1 + 103,4 = 1677,5). Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən cəmi 1677,5 manat məblğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Ona görə iddia qismən əsaslıdır. Birinci instansiya məhkəməsi isə iddianın əsası və predmetini düzgün müəyyən etməmiş, hazırki mübahisəyə zərərin əvəzinin ödənilməsi ilə bağlı yuxarıda qeyd olunan müddəaları tətbiq etməmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyi nəzərə almamışdır. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1442/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən iddiaçı X3 xeyrinə 1677,5 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar