Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-714/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: yükdaşıma müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “yükdaşıma müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-1630/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 14 fevral 2020-ci il tarixli 57/20 nömrəli yükdaşıma xidməti müqaviləsinin şərtlərindən görünür ki, daşıyıcı yük göndərənin sifarişi əsasında ona məxsus yükləri daşımaqla yükdaşıma xidmətləri göstərməyi, zərurət yarandığı təqdirdə xidmətlərin göstərilməsi üçün işçi qüvvəsini təmin etməyi, yük göndərən bunun müqabilində daşıyıcıya bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi, daşıyıcı isə onun yük daşıma xidmətindən istifadə etdiyi üçün yük göndərənə yük daşıma məbləğinin 5 (beş) faizi həcmində pul ödəməyi öhdəsinə götürür (1.1).
2. Bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı on beş gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur (2.1).
3. Daşıyıcı bu müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bir daşımanı yük göndərənin səlahiyyətli nümayəndəsinin (səlahiyyət verilmiş məsul işçisinin) yazılı və ya şifahi sifarişi əsasında həyata keçirir. Hazırkı müqavilə üzrə bütün sifarişlər 1 gün öncədən verilməlidir (2.2).
4. Daşıyıcı daşıdığı yükü yük göndərənin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə – müştəriyə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt tərtib olunur, Yük göndərənin və daşıyıcının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri (və ya şöbə müdiri) tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır (2.3).
5. Həftədə bir dəfə (hər həftənin bazar ertəsi) daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq həftə ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, təhvil-təslim aktı ilə təsdiq edilir.
6. Qeyd edilən təhvil-təslim aktı və hesab-faktura həmin gün icraçı tərəfindən yük göndərənə göndərilir.
7. Qeyd edilən məbləğin nağdsız qaydada ödənilməsi üçün həftənin çərşənbə gününədək vaxt verilir.
8. Çərşənbə günü borc məbləği ödənilmədiyi təqdirdə həftənin cümə gününədək nağd qaydada ödənilə bilər.
9. Borc məbləği cümə günü ödənilmədiyi təqdirdə növbəti həftənin bazar ertəsi Müqavilənin 3.1.6-cı bəndinin tələblərinə uyğun olaraq daşıyıcı xidmətlərin göstərilməsini dayandıra bilər. Xidmətlərin göstərilməsinin bərpası yalnız artıq iki həftə üzrə borc məbləği tam ödənildiyi təqdirdə mümkündür (4.2).
10. Yük göndərən tərəfindən ödənişlər daşıyıcıya ödəndikdən sonra daşıyıcı 1 iş günü ərzində müqavilənin 1-ci bəndində qeyd olunmuş yük göndərənin daşıyıcının yük daşıma xidmətindən istifadə etdiyi üçün yük göndərənə yük daşıma məbləğinin 5 faizi həcmində müəyyən etdiyi pulu yük göndərənin hesabına ödəyir (4.3)
11. 01 fevral 2023-cü il tarixli 35/23 nömrəli yükdaşıma xidmətlərinin göndərilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, daşıyıcı xidmət haqqı müqabilində Sifarişçinin sərəncamında olan yükləri Sifarişçidən və ya Sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və Sifarişçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı öhdəsinə götürür, Sifarişçi isə bunun müqabilində Daşıyıcıya xidmət haqqını bu Müqavilə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Daşıyıcı bu Müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bir daşımanı Sifarişçinin səlahiyyətli nümayəndəsinin (səlahiyyət verilmiş məsul işçisinin) yazılı və ya şifahi sifarişi əsasında həyata keçirir. Daşıyıcı sifarişi qəbul etdikdən sonra ən çoxu 24 saat ərzində daşımanı həyata keçirməlidir. Hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu Müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə müəyyən edilir. Müvafiq qiymətlərin sifarişi qəbul edilməmiş xidmətlər üzrə Daşıyıcı tərəfindən 15 gün öncədən bildiriş verməklə birtərəfli qaydada dəyişdirilməsi halı istisna olmaqla, sifarişi qəbul edilmiş xidmət üzrə qətidir və birtərəfli qaydada dəyişdirilə bilməz. Tərəflər razılaşır ki, bu Müqavilə üzrə icra edilmiş xidmətlərin ümumi dəyərinin 50000 manatdan yuxarı hissəsinin ödənişi zamanı manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği Sifarişçi tərəfindən Daşıyıcıya əlavə olaraq ödəniləcəkdir. Müqavilə üzrə yükün təhvil alınması və Sifarişçiyə və ya onun səlahiyyətləndirdiyi şəxsə təhvil verilməsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada iki nüsxə üzrə tərtib edilmiş və Tərəflərin səlahiyyətləndirdikləri şəxslər tərəfindən imzalanmış Qaimə ilə rəsmiləşdirilir. Əksi sübut edilənədək Qaimə aşağıdakıları təsdiq edir: yük göndərən ilə daşıyıcı arasında müqavilə; daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması və yük alan tərəfindən yükün qəbul edilməsi; müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ. Həftə ərzində göstərilmiş xidmətlər barədə xidmət haqqı göstərilməklə hər həftə Daşıyıcı tərəfindən müvafiq Təhvil-təslim aktı hazırlanaraq Sifarişçiyə göndərilir və Sifarişçinin və Daşıyıcının səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilir. Sifarişçi həmin Aktda qeyd edilən məlumatları təsdiq etmədiyi təqdirdə 5 gün ərzində bununla bağlı müvafiq iradlarını və düzəlişlərini Daşıyıcıya təqdim edir. Sifarişçi tərəfindən 5 gün ərzində imzalanıb Daşıyıcıya geri göndərilməmiş Akt artıq təsdiqlənmiş hesab edilir. Təhvil-təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının həftəlik məbləği 5 bank günü ərzində Sifarişçi tərəfindən Daşıyıcıya ödənilir. Tərəflər razılaşırlar ki, zərurət yarandıqda, qarşılıqlı razılıq əsasında Sifarişçi avans ödəməyi öz öhdəliyinə götürür. Müqaviləyə icranın nəticələri təhvil verilənədək xitam verildikdə, hesablaşmalar xitam vermənin əsaslarından asılı olaraq, bu müqavilənin 7-ci bəndində göstərilən qaydada aparılır. Daşıyıcı tərəfindən Təhvil-təslim aktı göndərildikdən sonra Sifarişçiyə həmçinin elektron-qaimə təqdim olunur. Elektronqaimənin təqdim olunması Sifarişçinin xidmət haqqını ödəməsi üçün əsasdır. Bu Müqavilə üzrə xidmətin göstərilməsini təşkil edən sənədlər bir-birini tamamlayır, amma onların arasında ikimənalılıq, uyğunsuzluq və ya ziddiyyət olarsa, hansı sənədə üstünlük verilməsi aşağıdakı ardıcıllıq prioriteti qaydasında müəyyən edilir: üzləşmə aktı; təhvil-təslim aktı; bu Müqavilə və onun Əlavələri; əmtəənəqliyyat Qaiməsi.
12. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktlardan görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2023cü il tarixli 049968 nömrəli aktla 7886 manat, xx.xx.2023-cü il tarixli 051333 nömrəli aktla 16637 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixli 054111 nömrəli aktla 1693,4 manat, xx.xx.2023-cü il tarixli 055288 nömrəli aktla 2031 manat, xx.xx.2023cü il tarixli 056122 nömrəli aktla 200 manat, xx.xx.2023-cü il tarixli 057477 nömrəli aktla 30 manat, xx.xx.2023-cü il tarixli 059137 nömrəli aktla 1160 manat dəyərində xidmət təhvil alınmışdır.
13. Elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2023-cü il tarixli EBCO 213895 seriya və nömrəli elektron qaimə 049968 nömrəli akt əsasında ƏDVsiz 7097,40 manat, xx.xx.2023-cü il tarixli EBDB 558232 seriya və nömrəli elektron qaimə 051333 nömrəli akt əsasında ƏDV-siz 14973,30 manat, xx.xx.2023-cü il tarixli EBDE 499384 seriya və nömrəli elektron qaimə 054111 nömrəli akt əsasında ƏDV-siz 1524,06 manat, xx.xx.2023-cü il tarixli EBDF 375647 seriya və nömrəli elektron qaimə 055288 nömrəli akt əsasında ƏDVsiz 1827,9 manat, xx.xx.2023-cü il tarixli EBDH 524783 seriya və nömrəli elektron qaimə 056122 nömrəli akt əsasında ƏDV-siz 180 manat, xx.xx.2023- cü il tarixli EBDJ 317586 seriya və nömrəli elektron qaimə 057477 nömrəli akt əsasında ƏDV-siz 27 manat, xx.xx.2023-cü il tarixli EBDL 393768 seriya və nömrəli elektron qaimə 059137 nömrəli akt əsasında ƏDV-siz 1044 manat dəyərində xidmətlərin təqdim edilməsi üçün tərtib edilmişdir.
14. xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərini əhatə edən iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından çıxarışdan görünür ki, sonuncu ödənişlər 049968 nömrəli akt üzrə EBCO 213895 seriya və nömrəli elektron qaiməyə istinad etməklə xx.xx.2023-cü il tarixdə 601,1 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat və xx.xx.2023-cü il tarixdə 1500 manat olmaqla ümumilikdə 6001,1 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli yükdaşıma xidməti müqaviləsi üzrə 16069,61 manat əsas borc, 10618,39 manat dəbbə pulunun və xx.xx.2023-cü il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 4602,96 manat əsas borc, 460 manat dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla 884 manat məbləğində pulun və 210 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli 57/20 nömrəli və xx.xx.2023-ci il tarixli 35/23 nömrəli yükdaşıma müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən iddiaçı cavabdehin sifarişi əsasında xidmətlər göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib bunun müqabilində müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. Lakin iddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi heç bir hərəkət edilməmişdir. Belə ki, borc məbləği tərəflər arasında tərtib edilmiş “göstərilmiş xidmətlərin təhvil verilməsi” haqqında 059137, 057477, 056122, 055288, 054111, 051333, 049968 nömrəli təhviltəslim aktlar ilə təsdiq edilir. Tərəflər arasında əldə edilmiş razılığa əsasən xidmət haqqı xidmətin dəyərindən 10% güzəştlə hesablanmaqdadır. Əlavə olaraq, xx.xx.2020-ci il tarixli müqavilənin 7.2-ci bəndinə əsasən hər gecikən gün üçün ümumi dəyərin 0,2%-i, xx.xx.2023-ci il tarixli müqavilənin 5.5-ci bəndinə əsasən hər gecikən gün üçün ümumi dəyərin 1%-i, lakin borc məbləğinin 10%-dən artıq olmamaqla dəbbə pulu hesablanmış, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, illik 5 faizlə hesablanmaqla 884 manat tələb edilir. Eyni zamanda cavabdehə xx.xx.2023 və xx.xx.2023-cü il tarixində 3 iş günü müddətində borc məbləğinin ödənilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu günədək xidmət haqqı ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən pretenziya məktublarına hər hansı reaksiya verilməməsi səbəbindən xx.xx.2023-cü il tarixində cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir, lakin xx.xx.2023-cü il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada yekun razılıq əldə edilmədiyindən MŞB/2-03959/2023 ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış tərtib edilmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1630/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış xx.xx.2020-ci il tarixli yükdaşıma xidməti müqaviləsi üzrə 16069 (on altı min altmış doqquz) manat 60 (altmış) qəpik əsas borc, 800 (səkkiz yüz) manat cərimə məbləği, xx.xx.2023-cü il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 4602 (dörd min altı yüz iki) manat 96 (doxsan altı) qəpik əsas borc, 230 (iki yüz otuz) manat cərimə məbləği olmaqla ümumilikdə 21702 (iyirmi bir min yeddi yüz iki) manat 56 (əlli altı) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 14 fevral 2020-ci il tarixli 57/20 nömrəli və 01 fevral 2023-cü il tarixli 35/23 nömrəli yük daşınması müqavilələrindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, cavabdeh isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən göstərilən xidmətlər üzrə 10% güzəşt tətbiq edilmiş, həmin güzəştlərdən sonra ümumilikdə cavabdehə 2023-cü il tarixdə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 22070,7 manat, 01 fevral 2023-cü il tarixli müqavilə üzrə 4602,96 manat dəyərində yük daşınması xidməti göstərilmiş, hesabdan çıxarış məlumatlarına əsasən, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 6001,1 manat ödəniş edilmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, 14 fevral 2020-ci il tarixli 57/20 nömrəli müqavilə üzrə 16069,60 (22070,7 manat ümumi göstərilmiş xidmət – 6001,1 manat cəmi ödənişlər) manat, 01 fevral 2023-cü il tarixli 35/23 nömrəli müqavilə üzrə 4602,96 manat məbləğində xidmət haqqı məbləğində əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
20. Məhkəmə iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə iddiaçının həm əmlak, həm də bütün diqqətə layiq mənafelərini nəzərə alaraq qeyd etmişdir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 800 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 230 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
21. Məhkəmə iddianın faiz məbləğinin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə tələb edilən məbləğ dəbbə pulu ilə tam əhatə olunur. Bu halda isə Mülki Məcəllənin 466-cı maddəsinə əsasən də 884 manat məbləğində pulun tutulması mümkün deyildir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
22. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1630/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən məhkəmə qətnaməsində qeyd olunan müqavilə üzrə mütəmadi olaraq ödənişlər edilmiş, lakin məhkəmə araşdırması zamanı bu fakt qiymətləndirilməmişdir. Həmçinin, iddiaçı tərəfindən borc məbləğlərinin və faiz borclarının hansı qaydada hesablandığı, həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktı aydınlaşdırılmamışdır. Məhkəmə tərəfindən qərar qəbul edilərkən iş materiallarında olan sübutlara nəzər yetirməmişdir. Belə olan halda isə işdə cavabdeh olan Cavabdeh MMC hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Lakin, Bakı Kommersiya Məhkəməsi iş materiallarında təsdiqedici sənədlərin təhvil-təslim aktlarının mövcud olmasını nəzərə almadan ədalətsiz qətnamə qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
25. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi; 850.1-ci maddə- yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddə-borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (Mülki Məcəllənin daşıma müqavilələri bağlanarkən qüvvədə olan redaksiyası); 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə- borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 209.3-cü maddə-işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
26. Qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1630/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. İşin birinci instansiya məhkəməsi tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 14 fevral 2020-ci il tarixli 57/20 nömrəli və 01 fevral 2023-cü il tarixli 35/23 nömrəli yük daşınması müqavilələrindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı yükü yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, cavabdeh isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən göstərilən xidmətlər üzrə 10% güzəşt tətbiq edilmiş, həmin güzəştlərdən sonra ümumilikdə cavabdehə 2023-cü il tarixdə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 22070,7 manat, 01 fevral 2023-cü il tarixli müqavilə üzrə 4602,96 manat dəyərində yük daşınması xidməti göstərilmiş, hesabdan çıxarış məlumatlarına əsasən, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 6001,1 manat ödəniş edildiyi müəyyən edildiyindən 14 fevral 2020-ci il tarixli 57/20 nömrəli müqavilə üzrə 16069,60 (22070,7 manat ümumi göstərilmiş xidmət – 6001,1 manat cəmi ödənişlər) manat, 01 fevral 2023-cü il tarixli 35/23 nömrəli müqavilə üzrə 4602,96 manat məbləğində xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur.
29. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddiaya yazılı etiraz təqdim etməmiş, daşınmanın həyata keçirildiyini və təhvil-təslim aktlarını mübahisələndirməmiş, ödənişlərlə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir.
30. Cavabdehin nümayəndəsi və vəkili Vəkil birinci instansiya qaydasında işə baxılarkən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirsə də, əsas borcla bağlı hissədə iddiaya etirazın əsaslarının nədən ibarət olduğunu göstərməmiş, yalnız cərimə məbləğinə etiraz etmiş, bəzi yüklərin girov kimi saxlandığını eşitdiyini göstərmişdir. Hər iki müqavilədə ödəmənin gecikdirilməsinə görə dəbbə pulu nəzərdə tutulduğundan mübahisələndirilən qətnamə cavabdehdən cərimə tutulması hissəsində də qanuni və əsaslı hesab edilir. Cavabdehin etirazının əsasını təşkil edən sübutlar nə birinci instansiya, nə də apellyasiya instansiyası mərhələsində təqdim edilmədiyindən məhkəmə tərəfindən mübahisə işdəki sübutlar əsasında düzgün həll edildiyi üçün məhkəmə apellyasiya şikayətini formal mülahizələrə əsaslanan şikayət kimi qəbul edərək əsassız hesab edir.
31. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2024-cü il tarixli e-2-2(113)-1630/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1630/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.