Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-716/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil1, cavabdeh X1 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə iddiaçının iddianı təminetmə tədbirinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-816/2021 nömrəli iş üzrə 16 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 112.320 manat əsas borc və 3.325 manat dəbbə pulunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın təmini tədbirinin görülməsinə dair ərizə də təqdim edərək, cavabdehə məxsus olan Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi Neftçilər b/y 175 saylı bağ sahəsində yerləşən 0,05 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə, iddia məbləğinin yüksək olması, perspektivi, ağlabatanlığı nəzərə alınaraq, onun tək avtomobilləri üzərinə həbs qoyulacağı təqdirdə həmin avtomobillərin bazar dəyəri iddia olunan məbləğdən kifayət qədər aşağıdır və proporsional deyil. Ona görə də mülkiyyət hüququ ilə cavabdehə məxsus torpaq sahəsinə də özgəninkiləşdirilmə qadağası qoyulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 16.05.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ərizənin əsasları ilə eyni olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 24.05.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçıların vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 157 və 158-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər və buna prosesin istənilən mərhələsində yol verilir, hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə və başqa şəxslərə qadağan edilə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddianın təmin edilməsi mülki iş (kommersiya mübahisəsi) üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, bu tədbirin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu tədbirin tətbiq olunması o halda realizə olunur ki, iddia ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlsin. İddianı təmin etmə tədbirinin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. İddianı təminetmə tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “... iddiaçının nümayəndəsi və vəkili iddianı təmin etmək barədə ərizədə məhkəmədə iş üzrə qətnamə qəbul edilənədək e-2-2(113)-816/2021 saylı iş üzrə cavabdeh X2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, Neftçilər b/y-nin 175 saylı bağ sahəsində yerləşən 0.05000 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsinə barədə qərardad qəbul edilməsinə dair iddianı təmin etmə tədbirin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etsə də həmin ərizəni əsaslandırmamışdır. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizəsində iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasını çətinləşdirə biləcək hər hansı bir konkret halın göstərilməməsi və ərizədə qeyd olunan tələblərin məhkəmə aktlarının aydınlığı və hüquqi müəyyənlik prinsiplərinin tələblərinə cavab vermədiyini nəzərə alaraq hesab edir ki, ərizə rədd edilməlidir.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, ərizədə iddia məbləğinin yüksək olması, perspektivi, ağlabatanlığı nəzərə alınaraq, onun tək avtomobillər üzərinə həbs qoyulacağı təqdirdə həmin avtomobillərin bazar dəyərinin iddia olunan məbləğdən kifayət qədər aşağı olması və proporsional olmaması, ona görə də mülkiyyət hüququ ilə cavabdehə məxsus torpaq sahəsinə də özgəninkiləşdirilmə qadağası qoyulmalı olduğu əsaslandırılmışdır. MPM-in 264.0.5-ci maddəsinə görə, ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, həmin məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Digər tərəfdən, MPM-in 164-cü maddəsinə əsasən, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Bu mənada məhkəmə kollegiyası şikayətlə qərardadın ləğvi hissədə qismən razılaşır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş həmin məhkəməyə göndərilməli, şikayət qismən təmin olunmalıdır (MPM-in 398.0.2-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-816/2021 nömrəli iş üzrə 16 may 2021ci il tarixli qərardadı ləğv edilsin. İş həmin məhkəməyə göndərilsin. İddiaçı MMC-nin şikayəti qismən təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-716/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-716/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver