Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-72/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, ilkin iddia üzrə İddiaçı2, onun nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı2 Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair ilkin iddiası və Cavabdeh MMC-nin İddiaçı2 qarşı artıq ödənilmiş vəsaitin qaytarılmasına dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-62/2020 saylı qətnaməsindən (hakim Leyla Əliyeva) İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı1” şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdehdən 195956,90 avro məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı “İddiaçı1” şirkəti əsl İddiaçı2 ilə əvəz edilmişdir. Eyni zamanda "Cavabdeh" MMC İddiaçı2 qarşı qarşılıqlı iddia qaldıraraq 335.765,9 avro məbləğində pul vəsaitinin; 335.765,9 avro məbləğində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş uçot faiz dərəcəsi ilə hesablanmış 146.885,97 avro məbləğində faizlərin; vicdansızcasına əsassız iddia vermiş iddiaçının hərəkətlərinə hüquqi qiymətinin verilməsi və iş vaxtının itirilməsi üçün dövlətin xeyrinə məhkəmə tərəfindən ağlabatan miqdarda müəyyən edilmiş məbləğin 320 manat məbləğində bank xərclərin, 1.960 manat məbləğində auditor xərclərinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-62/2020 saylı qətnaməsi ilə həm ilk, həm də qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə İddiaçı2 apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-62/2020 saylı qətnaməsinin qismən-ilkin iddiaya dair hissədə ləğv edilməsini, ilkin iddianın təmin edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında razılaşdırılmış və icra olunmuş sifariş aktlarına əsasən, “İddiaçı1” şirkəti BP-nin X2 layihəsi üzrə maye nəqli ilə bağlı boru avadanlıqlarının təchizatına dair BP-nin MST-yə ünvanladığı sifariş aktlarının əsasında MST tərəfindən “İddiaçı1” şirkətinə ünvanlanan sifariş aktları ilə müəyyən olunmuş boru avadanlıqlarını təchiz etməyi və qarşılığında Cavabdeh MMC bu sifarişlərin təchizatı üçün müəyyən olunmuş satınalma məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında razılaşdırılmış ödəniş proseduru iki mərhələli fakturalandırma şəklində aşağıdakı qaydada razılaşdırılmışdır: 1) 95% - FCA şərtləri çərçivəsində razılaşdırılmış məntəqədən sifarişin göndərilməyə hazır olduğuna dair sənədlər əsasında tərtib olunmuş hesab-fakturanın əldə olunması və MMT-nin təqdim olunması əsasında, 2)5%- yekun sənədləşmənin təsdiqi əsasında. Cavabdeh MMC-nin göstərişləri əsasında, “İddiaçı1” tərəflər arasında razılaşdırılmış sifariş aktları ilə müəyyən edilən məhsulların təchizatını icra etmiş, əllərində olan sənədləşmələrlə bağlı araşdırma aparılmış, müəyyən olunmuşdur ki, MST şirkəti aşağıda qeyd olunan sifariş aktları və təchizat sənədləşmələri üzrə “Phoceenne” şirkətinə borca malikdir. xx xxxxxxx 2015-ci il tarixində hesabfakturaların təqdim olunmasına baxmayaraq, ödənilməli olan qalıq borc üzrə ödəniş hələ də icra olunmamışdır. Sifariş aktı üzrə müəyyən olunmuş Şərtlər və Qaydalar toplusunun müddəalarına əsasən, ödəniş proseduru düzgün tərtib olunmuş hesab-fakturanın qəbulundan və Cavabdeh MMC tərəfindən tanınmasından etibarən 30 gün ərzində icra olunmalıdır. Qalıq ödənilməli məbləğin dəfələrlə və müxtəlif üsullarla tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş icra olunmamışdır. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə xx.xx.2014cü il tarixli MST ********* saylı xx.xx.2014-cü il tarixli MST ********* R1 və MST ********* R2 saylı satınalma sifariş aktlarına əsasən hesab-fakturaları (invoysları) ödəniş üçün cavabdehə təqdim edib. Lakin həmin hesab-fakturalar üzrə ödənişlər MST tərəfindən həyata keçirilməyib. Eyni müqavilə münasibətləri çərçivəsində xx.xx.2015-ci il tarixində "Genoyer S.A.S" cavabdehə başqa bir hesab-faktura da göndərib, invoysda ödənişin xx.xx.2015-ci il tarixinədək həyata keçirilməli olması göstərilib. xx.xx.2015-ci il tarixdə MST, "Genoyer S.A.S"-ya email vasitəsilə məktub göndərib ki, ******* (bir milyon beş yüz min) Avro məbləğində vəsaiti, ödənilməsi gecikdirilmiş invoyslar da daxil olmaqla, köçürüb. "Genoyer S.A.S" şirkətinin 1695957,22 Avro məbləğində borcun ödənilməsi ilə bağlı tələbinə cavab olaraq məktubda göstərilib ki, əməliyyat vərəqi əldə edildikdən sonra yerdə qalan vəsait dərhal göndəriləcək, balans da, yəni ödənilməsi gecikdirilmiş daha 195957,22 Avro vəsait eyni bank hesabına ödəniləcək. xx.xx.2015-ci il tarixində MST, "Genoyer S.A.S"-ya email vasitəsilə daha bir məktub göndərərək oraya ******* Avro məbləğində vəsaitin ödənilməsinə dair əməliyyat vərəqini əlavə edib və vəsaitin alınmasının təsdiq edilməsini xahiş edib. Lakin ödənilmiş vəsait yuxarıda göstərilən 3 hesab-fakturanı – 195957,22 Avronu əhatə etməyib. Nə ödəniş tapşırıqında, nə də SWİFT sənədində həmin hesab-fakturalar qeyd olunmayıb. xx.xx.2018-ci il tarixində "Genoyer S.A.S" cavabdehə sonuncunun öhdəliklərinin icrası ilə bağlı məktub göndərərək icra etdiyi öhdəliklərə görə ödənişin 5%-nə aid 195957,22 AVRO ödənilməsini tələb edib. “Genoyer S.A.S” şirkəti MST-yə qarşı tələbini xx.xx.2018-ci il tarixində "İddiaçı1"ə ötürüb. xx.xx.2020-ci il tarixində "Phoocenne" 3 hesab-faktura ilə bağlı tələbi alğı-satqı müqaviləsinə əsasən ərizəçiyə satıb. Bununla əlaqədar məhkəmə baxışında “Phoseenne” şirkətini iddiaçı qismində İddiaçı2 əvəz edib. MST-nin öhdəliyi icra etməməsi və ödənilməli olduğu məbləğ haqqında məhkəmə baxışında ərizəçi MST və “BP Exploration Limited” arasında bağlanılmış müqavilələr, sifariş aktları, hesab fakturalar və malların təhvil aktlarının tələb edilməsinə dair vəsatət versə də, həmin vəsatət təmin edilməyib. Halbuki, həmin sənədlərin hamısı olmadan verilmiş məhkəmə ekspertiza rəyi əsaslı və düzgün ola bilməzdi, bu səbəbdən də təkrar ekspertizaya ehtiyac var idi və var. Ərizəçinin iddia tələblərini 15 sifariş aktının hamısına aid etməyib, tələblər ərizədə göstərilmiş 3 sifariş aktı və onların əsasında verilmiş 3 hesab-fakturaya aiddir. Dünyada ən tanınmış və nüfuzlu auditor-konsaltinq şirkətlərindən biri olan KPMG-nin rəyindən görünür ki, cavabdeh hesab fakturaya görə ərizəçiyə 195957,22 Avro ödəməlidir. Bundan başqa KPMG-nin rəyi həm də məhkəmənin əsas götürdüyü məhkəmə mühasibatlıq ekspertizası rəyində göstərilənlərin də əksər hissəsini təkzib edir. Yeri gəlmişkən, hətta ekspert rəyində belə göstərilən 3 hesab-faktura əsasında MST-nin ərizəçiyə borclu olması müəyyən edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Genoyer S.A.S” ilə MST arasındakı müqavilə əsasında birincinin cavabdehə göndərdiyi xx.xx.2015-ci il tarixli FRG2081 №-li hesab-faktura üzrə ödənişin icra müddətinin sonu kimi xx.xx.2015-ci il tarixi göstərilib. Təkcə bu, məhkəmənin gəldiyi nəticəni tamamilə təkzib edir. Hətta Mülki Məcəllənin məhkəmə tərəfindən tətbiq etdiyi 377.3-cü maddəsini əsas götürsək belə, yenə də məhkəmə haqlı deyil, belə ki, həmin maddəyə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. MST-yə ödənişin həyata keçirilməsi üçün güzəştli müddət – 1 ay – xx.xx.2015-ci il tarixinədək olan müddət verilib. İkincisi, “Genoyer S.A.S” ilə MST arasındakı yazışmalardan görünür ki, iddia müddətinin axımı həmin tarixdən sonra da dəfələrlə kəsilib – MST öz borcunu etiraf edən hərəkətlər edib. İddiaçının apelyasiya şikayətinə əlavələri onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq etməklə hüququn tətbiqində səhvə yol vermişdir. Hazırkı halda tərəflər arasında yazılı alqı-satqı müqaviləsi bağlanmadığından “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.1 və 19.1-ci maddələrinə əsasən mübahisəyə satıcının təsis olunduğu yerin qanunvericiliyi, yəni Fransa Respublikasının qanunvericiliyi əsasında həll edilməli idi. Fransa Ticarət Məcəlləsinin L110.4-cü maddəsinin İ hissəsinə əsasən malların alqı-satqı müqavilələrindən irəli gələn tələblər üzrə iddia müddəti 5 ildir. Belə olan halda iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Cavabdehə göndərilmiş 2061, 2062, 2063 saylı hesab fakturalar üzrə borc ödənilməmişdir. Ekspert rəyində sonuncu 33426,10 Avro məbləğində dəyərində hesab faktura öz əksini tapmamışdır. “X1” MMC-nin xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən MST 201401080, MST ********* R1 və MST ********* R2 saylı sifariş aktları üzrə 195956,90 AVRO borc olduğu qeyd edilmişdir. Məhkəmənin iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı2 və onun nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmənin iclasında iştirak edən ilk iddia üzrə cavabdeh “Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinə yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-62/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə ilkin iddianın rədd edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, ilkin iddianın rədd edildiyi hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası mübahisəyə Fransa Respublikasının qanunvericiliyinin tətbiq edilməli olduğuna dair iddiaçının mülahizələrini əsassız hesab edir. “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Qanunun 1.3-cü maddəsinə əsasən tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Qanunun 5.1-ci maddəsinə əsasən bu Qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir. Hazırkı halda mübahisə tərəfləri Azərbaycan Respublikasında qeydə alınmış fərdi sahibkar və hüquqi şəxs olduğundan mübahisə xarici elementli hesab edilə bilməz. Bundan əlavə alqı-satqıdan irəli gələn mülki hüquq münasibətlərinin tərəfləri olmuş “Genoyer S.A.S” və Cavabdeh MMC arasında həmin müqavilə münasibətindən irəli gələn mübahisəyə Fransa Respublikasının qanunvericiliyinin tətbiq edilməli olduğuna dair müqavilə və ya yazılı saziş yoxdur. Əksinə satınalma sifarişlərinin (işdəki ingilis dilində “Purchase order”adlı sənədlər) sonunda qeyd edilmişdir ki, bu satınalma sifarişi www.mst-az.com-da mövcud olan MST-nin standart Satınalma Qaydaları və Şərtlərinə tabedir. Həmin www.mst-az.com-da mövcud olan Satınalma Qaydaları və Şərtlərinin 32 və 33-cü bəndlərinə görə, yazılı şəkildə açıq şəkildə başqa bir şəkildə razılaşdırılmadıqda, bu ümumi şərtlər və / və ya bu şərtlərin tətbiq olunduğu müqavilələr, habelə bu ümumi satınalma şərtləri və / və ya bu şərtlərin tətbiq olunduğu müqavilələrlə əlaqəli mübahisələr, Azərbaycan qanunlarına tabedir. Bu şərtlərdən və / və ya bu şərtlərin tətbiq olunduğu müqavilələrdən irəli gələn mübahisələr olduqda, şirkətin şirkət yerinin qurulduğu hüquqi bölgə məhkəmələri tək səlahiyyətə sahibdirlər. Satıcı tərəf satınalma sifarişlərini qəbul edərək onun qeyd edilən şərtinə etiraz bildirmədiyindən həmin şərtlə razılaşdığı müəyyən olunur. Digər tərəfdən, işə birinci instansiya qaydasında baxılarkən həm ilkin, həm də qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası qanunvericiliyinə istinad edilməsi təsdiq edir ki, hər iki tərəfin iradə ifadəsi işə Azərbaycan Respublikası qanunvericiliyinin tətbiq olunmaqla baxılması olmuşdur. Belə olan halda, məhkəmənin xarici şəxslərin iştirak etmədiyi mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq münasibətləri tənzimləyən imperativ normalarını tətbiq etməklə baxması pozuntu hesab edilə bilməz. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz hallarına görə Fransa Respublikasının hüquqi şəxsi olan “Genoyer S.A.S” ilə cavabdeh "Cavabdeh” MMC arasında yazılı alqı-satqı müqaviləsi tərtib edilmədən alqı-satqı üzrə öhdəlik münasibətləri olmuşdur. Alıcı "Cavabdeh" MMC tərəfindən BP-nin X2 layihəsində istifadə edilməsi məqsədi ilə boru avadanlıqlarının təchizatı ilə bağlı satıcı “Genoyer S.A.S” şirkətinə satınalma sifarişləri (işdəki ingilis dilində “Purchase order adlı sənədlər) göndərilmiş, malların dəyəri satıcı tərəfindən göndərilmiş hesab fakturalar (işdəki ingilis dilində “Retention invoice” adlı sənədlər) əsasında ödənilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli MST-201402080 saylı sifariş aktından görünür ki, Cavabdeh MMC tərəfindən “Genoyer S.A.S” şirkətinə cəmi 1.754.746,48 avro məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli MST-201402080 R1 saylı sifariş aktından görünür ki, Cavabdeh MMC tərəfindən “Genoyer S.A.S” şirkətinə cəmi 3.640.241,82 avro məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli MST-201402080 R2 saylı sifariş aktından görünür ki, Cavabdeh MMC tərəfindən “Genoyer S.A.S” şirkətinə ünvanlanmış cəmi 789.226,17 avro məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli FRG2061 saylı saxlama invoysundan müəyyən edilir ki, “Genoyer S.A.S” şirkəti tərəfindən Cavabdeh MMC-yə MST-********** saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035800) üzrə 87.563,63 avro məbləğinə hesab faktura (invoys) təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli FRG2062 saylı saxlama invoysundan müəyyən edilir ki, “Genoyer SAS” şirkəti tərəfindən Cavabdeh MMC-yə MST**********R1 saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035801) üzrə 188.366,12 avro məbləğinə dair hesab faktura (invoys) təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli FRG2063 saylı saxlama invoysundan müəyyən edilir ki, “Genoyer SAS” şirkəti tərəfindən Cavabdeh MMC-yə MST**********R1 saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035802) üzrə 33.426,10 Avro məbləğinə dair hesab faktura (invoys) təqdim edilmişdir. İşdəki sənədlər əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2014-cü ildə Cavabdeh MMC tərəfindən “Genoyer S.A.S” şirkətinə 18 ədəd sifariş aktı göndərilmiş, müxtəlif tarixlərdə alınmış malların dəyəri üzrə Cavabdeh” MMC tərəfindən sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə (1.500.000 AVRO) həyata keçirilmişdir. İddiaçı “İddiaçı1” şirkəti iddia ərizəsində sifariş nömrəsi 7035800, ******* və 7035802, sifariş aktı nömrələri MST 201401080, MST ********* R1, MST ********* R2 olan satınalma sifarişləri əsasında satılmış mallar üzrə cavabdehin 309355,85 AVRO borc qalığı olduğunu iddia edərək həmin məbləğin cavabdehdən tutulmasını xahiş etsə də iş materiallarının 7-ci cildinin 51-ci vərəqinə əlavə edilmiş iddiaçı “İddiaçı1” şirkətinin iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində tələbin həcmini azaldaraq (Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyinə istinad edilməklə) borc qalığının 195956,90 AVRO olduğunu göstərmiş və həmin borcun tərəflər arasında təsdiq edilmiş bütün sifariş aktları və həmin aktlar əsasında tərtib edilmiş hesab fakturalar üzrə hesablandığını qeyd etmişdir. "Cavabdeh" MMC-nin iddiaya və apelyasiya şikayətinə etirazının, o cümlədən qarşılıqlı iddiasının əsasları bundan ibarətdir ki, MST**********, MST-**********R1, MST- **********R2 saylı sifariş aktları üzrə “Genoyer S.A.S” şirkətinə borc qalmamış, əksinə artıq ödəniş həyata keçirilmiş, eyni zamanda sifariş aktlarında öhdəliyin icra müddətinin 30 gün müəyyən edildiyi nəzərə alınarsa xx.xx.2018-ci il tarixdə iddia qaldırılmaqla iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. "Cavabdeh" MMC tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, İddiaçı2 "Cavabdeh" MMC-nin “Genoyer S.A.S” şirkətinə göndərdiyi bütün sifariş aktları üzrə yaranmış borcla bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarında olan “Genoyer S.A.S” şirkəti tərəfindən tərtib edilmiş iddia tələbi hüququnun güzəşt edilməsinin təsdiqi barədə xx.xx.2019-cu il tarixli məlumatdan görünür ki, “Genoyer S.A.S” şirkəti Bakı Kommersiya Məhkəməsində baxılmaqda olan özünün Cavabdeh MMC-yə qarşı iddiası üzrə tələbini Fransa qanunverciliyinə uyğun olaraq təsis edilmiş və fəaliyyət göstərən “Phoceenne” şirkətinə xx.xx.2018-ci il tarixində ötürülmüşdür. İş materiallarında olan “xxxx” Şirkəti (satıcı) ilə İddiaçı2 (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh MMC-nin 7035800, ******* və ******* saylı sifarişlər üzrə “xxxx” Şirkətinə olan borcu alıcıya satılmışdır. İş materiallarında olan alqı-satqı müqaviləsinə ötürülən tələbi təsdiq edən sənədlər qismində MST********** saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035800) əsasında verilmiş 87.563,63 avro məbləğinə dair FRG2061 saylı; MST-**********R1 saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035801) əsasında verilmiş 188.366,12 Avro məbləğinə dair FRG2062 saylı; MST-**********R2 saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035802) əsasında 33.426,10 avro məbləğinə dair FRG2063 saylı invoyslar əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 193.1-ci maddəsinə görə güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 194.2-ci maddəsinə görə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. 198.2-ci maddəsinə görə tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. Həmin Məcəllənin 196-ci maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. İstinad edilən normaların tələbləri və İddiaçı2la bağlanmış tələbin güzəşti barədə müqavilənin şərtlərinə əsasən ona əvvəlki kreditorun yalnız MST********** saylı (təchizatın daxili nömrəsi 7035800), MST-**********R1 saylı (təchizatın daxili nömrəsi 7035801) və MST-**********R2 saylı (təchizatın daxili nömrəsi 7035802) sifariş sənədləri əsasında yaranmış tələb hüququ ötürüldüyündən məhkəmə tərəfindən araşdırılmalı olan məsələ həmin sifariş aktları əsasında qalıq borcun mövcud olub-olmadığı, əgər varsa həmin borcun tutulması üçün müqavilə tələbləri üzrə Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətinin ötürülüb-ötürülməməsidir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 18902 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən “Phocenne Group of Genoyer" şirkətinə xx.xx.2014-cü il tarixli MST ********* saylı, xx.xx.2014-cü il tarixli MST ********* R1 saylı və xx.xx.2014-cü il tarixli MST ********* R2 saylı sifariş aktları üzrə ümumilikdə ödənilmiş 6.695.114,35 avro (6.667.615,91 avro (ödəniş) + 27.498,44 avro (Credite note)) məbləğində pul vəsaitinin tərəflər arasında razılaşdırılmış ümumi dəyəri 6.184.214,47 avro təşkil edən xx.xx.2014-cü il tarixli MST ********* saylı (1.754.746,48 avro), xx.xx.2014-cü il tarixli MST ********* R1 saylı (3.640.241,82 avro) və xx.xx.2014-cü il tarixli MST ********* R2 saylı (789.226,17 avro) sifariş aktları nəzərə alındıqda, Cavabdeh MMC-nin “Phocenne Group of Genoyer" şirkətinə 6.695.114,35-6.184.214,47=510.899,88 avro məbləğində artıq ödənişi olmuşdur. Rəydə qeyd edilir ki, “Phocenne Group of Genoyer" tərəfindən xx.xx.2014-cü il tarixli MST ********* saylı, xx.xx.2014-cü il tarixli MST ********* R1 saylı və xx.xx.2014-cü il tarixli MST ********* R2 saylı sifariş aktları üzrə Cavabdeh MMC-nə təqdim edilmiş ümumi məbləği 6.703.665,25 avro təşkil edən invoyslar nəzərə alındıqda Cavabdeh MMC tərəfindən ümumilikdə 6.695.114,35 avro (6.667.615,91 avro məbləğində ödənişin aparılması və 27.498,44 avro məbləğində pul vəsaitinin isə “Credite note” şəklində borcdan silinməsi) ödənişin aparılması və belə olan halda xx.xx.2014-cü il tarixli MST ********* saylı, xx.xx.2014-cü il tarixli MST ********* R1 saylı və xx.xx.2014-cü il tarixli MST ********* R2 saylı sifariş aktları üzrə Cavabdeh MMC-nin “Phocenne Group of Genoyer"ə ödənilməmiş qalan məbləğ 6.703.665,25-6.695.114,35= 8.550,90 avro müəyyən edilmişdir. İddiaçı işə apelyasiya qaydasında baxılarkən iş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatət versə də, ekspert tərəfindən hansı hesablamanın səhv həyata keçirildiyini əsaslandıra bilməmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli məhkəmə iclasında apelyasiya instansiyası məhkəməsinə təqdim etdiyi, qarşı tərəfə göndərilmiş hesab fakturaların və ödənişin ümumi məbləği ilə bağlı cədvəldə ekspert rəyində qeyd edildiyi kimi göndərilmiş hesab fakturaların ümumi məbləğinin 11.847.233,11 AVRO, ödənilən məbləğin 11.651.276,29 AVRO (aradakı fərq 195956,90) olduğunun qeyd edilməsi təsdiq edir ki, ekspert tərəfindən işdəki sənədlər əsasında hesablamalar düzgün həyata keçirilmişdir. İddiaçı tərəfindən "Cavabdeh" MMC-nin satıcı şirkətə 11.651.276,29 AVRO məbləğindən artıq sifariş aktı göndərilməsi və ya bu məbləğdən artıq mal təhvil verilməsi barədə məhkəməyə hesab fakturalardan başqa sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfin işə apelyasiya qaydasında baxılarkən təqdim etdiyi “X1” adlı hüquqi şəxsin rəyində də 195956,90 AVRO borc məbləğinin alıcıya göndərilmiş bütün fakturaların cəmi məbləğindən ödənilmiş 11.165.276,29 AVRO çıxılaraq müəyyən edildiyi qeyd edilmiş, tərəflər arasında razılaşdırılmış sifariş aktlarının ümumi məbləği qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, satıcı tərəfindən alıcıya göndərilmiş hesab fakturaların ümumi məbləği ilə ümumilikdə ödənilmiş məbləğ arasındakı fərqin 195956,90 AVRO olması işin mübahisəsiz halı olduğundan, rəydə həmin borcun məhz iddia tələbinin əsasını təşkil edən sifariş aktları üzrə yarandığının hansı sənədlər əsasında müəyyən edildiyi əsaslandırılmadığından “X1”nin rəyi iddianın və apelyasiya şikayətinin dəlillərinin əsaslı olduğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 06/233 saylı cavab məktubu və həmin məktuba əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, xx.xx.2014cü il tarixli MST 201401080; xx.xx.2014-cü il tarixli MST ********* R1 və MST ********* R2 saylı sifariş aktları üzrə "Cavabdeh" MMC tərəfindən “Genoyer S.A” şirkətinə ümumilikdə 6.667.615,91 avro məbləğində, o cümlədən xx.xx.2014- cü il tarixli MST ********* sifariş aktı üzrə 1.804.778,54 avro, xx.xx.2014- cü il tarixli MST ********* R1 sifariş aktı üzrə 4.032.303,80 avro, xx.xx.2014-cü il tarixli MST ********* R2 sifariş aktı üzrə 830.533,57 avro məbləğində ödənişlər həyata keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 18902 nömrəli xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə və işdəki sənədlərə əsasən müəyyən edilir ki, "Cavabdeh" MMC-nin "Genoyer S.A.S." şirkətinə göndərilmiş sifariş aktları əsasında sifariş edilmiş mallar üzrə borc qalığı müəyyən olunmur. Hesablama xx.xx.2014-cü il tarixli MST ********* saylı, xx.xx.2014-cü il tarixli MST ********* R1 saylı və xx.xx.2014-cü il tarixli MST ********* R2 saylı sifariş aktları üzrə göndərilmiş hesab fakturalar əsasında həyata keçirildikdə "Cavabdeh" MMC-nin “Phocenne Group of Genoyer"ə ödənilməmiş 8.550,90 Avro borc qalığı olduğu müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 570.1-ci maddəsinə əsasən əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1-ci maddəsinə əsasən müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda;570.1.2-ci maddəsinə əsasən əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Məhkəmə hesab edir ki, satıcı tərəfindən alıcıya tərəflər arasında razılaşdırılmış sifariş aktlarının ümumi məbləğindən artıq göndərilmiş hesab fakturalar digər mötəbər sübutlar olmadığı halda (dəyəri tələb edilən malın alıcı tərəfindən sifariş edilməsi, Azərbaycan Respublikasına göndərilməsi, alıcıya təhvil verilməsi barədə sübutlar və s.) cavabdehdən hər hansı borc məbləğinin tutulması üçün əsas ola bilməz. Belə ki, hesab faktura (invoys) yerli qanunvericilikdə və beynəlxalq təcrübədə satıcının alıcıya təqdim etdiyi və göndərilən malların (xidmətlərin, işlərin) siyahısını, onların miqdarı və qiymətini, malların xüsusiyyətlərini (rəng, çəki, ölçü və s.), çatdırılma şərtlərini, satıcı və alıcı barədə məlumatları əks etdirən sənəddir. Alıcı hesab faktura ilə satıcı tərəfindən dəyəri tələb edilən malı aldığını qəbul etmirsə bu zaman malın alıcıya təhvil verildiyini sübut etmə vəzifəsi satıcının üzərinə düşür. Tələb olunan borcla bağlı sübutlar satıcı "Genoyer S.A.S." şirkəti tərəfindən tələb hüququ güzəşt edilərkən İddiaçı2 təqdim edilməli olduğundan həmin sübutların məhkəmə sorğusu əsasında cavabdehlə müqavilə münasibətində olmuş “BP Exploreyşn” şirkətindən tələb edilməsi barədə iddiaçı tərəfin işə apelyasiya qaydasında baxılarkən verdiyi vəsatət MPM-nin 77.1, 373.3-ci maddələrinin tələbləri nəzərə alınmaqla məhkəmə tərəfindən təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC-nin İddiaçı2 xx.xx.2014-cü il tarixli MST ********* saylı, xx.xx.2014-cü il tarixli MST ********* R1 saylı və xx.xx.2014-cü il tarixli MST ********* R2 saylı sifariş aktları üzrə qalıq borcu olduğu hesab fakturalardan başqa digər sübutlarla təsdiq edilmədiyindən ilkin iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə eyni zamanda birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, hətta borcun mövcudluğu təsdiq edilmiş olsaydı belə Mülki Məcəllənin 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan və bu müddət iddiaçı tərəfindən ötürüldüyündən iddia təmin edilə bilməzdi. İş materiallarından görünür ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər xx.xx.2018-ci il tarixdə məhkəməyə daxil olmuş, sənədlərə iddiaçının iddia ərizəsini sürətli poçt xidmətinə məhkəməyə göndərilməsi üçün xx.xx.2018-ci il tarixdə təqdim edilməsi barədə qəbz əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, sürətli poçt xidməti poçt göndərişlərinin ünvan sahibinə ən qısa müddətdə (ən çoxu bir gün ərzində) çatdırılması xidmətini həyata keçirdiyindən xx.xx.2018-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinin xx.xx.2018-ci il tarixdə sürətli poçt xidmətinə təqdim edildiyi inandırıcı deyil. İddia ərizəsinin və əlavə edilən sənədlərin sürətli poçt xidmətinə xx.xx.2018-ci il tarixdə təqdim edilmədiyi eyni zamanda bununla təsdiq edilir ki, iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən, əsli iddia ərizəsi və digər sənədlərlə birlikdə məhkəməyə göndərilən (iddia ərizəsinin qoma hissəsində qeyd edilən və iş materiallarının 1-ci cildinin 94-cü vərəqinə əlavə edilən) poçt qəbzinin (qaimənin) üzərində göndərilən iddia ərizəsinin "Cavabdeh" MMC-nə xx.xx.2018-ci il tarixdə təqdim edildiyi qeyd edilmişdir. Belə olan halda həmin qəbzin xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə birlikdə məhkəməyə göndərilməsi üçün sürətli poçt xidmətinə təqdim edilməsi qeyri-mümkün olduğu üçün sənədlərin iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən sonra göndərildiyi müəyyən olunur. MM-nin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi satınalma sifarişlərində ödənişin həyata keçirilməsi üçün 30 günlük müddət göstərilmişdir. Bu onu göstərir ki, alıcı öz öhdəliyinin icrası üçün 30 günlük müddət müəyyən etmiş və satıcı həmin sənədi qəbul edərək hər hansı etiraz bildirməməklə bu müddətlə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda tərəflər arasında yazılı alqı-satqı müqaviləsi bağlanmadığından və alıcıya mallar müxtəlif vaxtlarda ayrı-ayrı sifariş sənədləri üzrə göndərildiyindən iddia müddətinin axımı alıcı tərəfindən sonuncu ödənişin həyata keçirildiyi tarixdən deyil, hər bir sifariş aktı üzrə mal təhvil verildiyi gündən 30 gün sonra başlamışdır. İddia müddətinin axımının iddiaçı tərəfin iddia etdiyi kimi, hesab fakturalarda ödənişin son tarixi kimi qeyd edilmiş tarixlərdən başlandığı nəzərə alınarsa belə (halbuki məhkəmə iddiaçının bu mövqeyini işin hallarına uyğun hesab etmir) tələb edilən borcla bağlı alıcıya göndərilmiş xx.xx.2015-ci il tarixli FRG2061 saylı, xx.xx.2015-ci il tarixli FRG2062 saylı və xx.xx.2015-ci il tarixli FRG2063 saylı fakturalarda ödəniş üçün son tarix xx.xx.2015-ci il göstərildiyindən həmin fakturalarla tələb olunan ödənişlə bağlı iddia müddəti xx.xx.2018-ci il tarixdə bitmiş, iddiaçı bu müddəti ötürdüyü üçün faktiki olaraq 2018-ci ilin dekabr ayında məhkəməyə göndərilmiş iddia ərizəsinə xx.xx.2018-ci il tarixdə göndərilməsi üçün sürətli poçt xidmətinə təqdim edildiyinə dair qəbz əlavə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)- 62/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı2 apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2 (113)-62/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-72/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-72/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver