Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-721/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2298/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 05.09.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərindən birtərəfli olaraq imtina etdiyini nəzərə alaraq, müqavilə üzrə müəyyən edilmiş 20.000 manat məbləğdə əsas borcun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğdə pulun, cəmi 20.031 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianı təminetmə tədbirinin tətbiq edilməsinə dair ərizə də təqdim edərək, yekun məhkəmə aktı qəbul edilənədək cavabdehin mülkiyyətində olan Şəki rayonu Baş Layısqı kəndində yerləşən 1,57 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması, satılması və özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə, cavabdeh borcun ödənilməsindən yayınmaq üçün mülkiyyətində olan əmlakı sata, başqasının adına keçirə bilər. Bu hal isə gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasını mümkünsüz edə bilər. Ərizəyə əlavə edilən DƏDRX 1 saylı Bakı ərazi idarəsinin 28.04.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, cavabdehin adına 1.57 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.05.2021-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Qərardadın əsaslarına görə, “... İddiaçı MMC-nin cavabdeh X1 qarşı iddia tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən cavabdehin ondan təzminatın tələb edilməsi üçün əsas verən müqavilə şərtlərinin pozuntusuna yol verilməsini təsdiq edən ilkin sübutları da məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Lakin bununla belə, iddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır, əks halda, görülmüş belə tədbirlərin cavabdehlərin və ya üçüncü şəxslərin hüquqlarının pozulması halını yaratması mümkündür.” Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verib, ləğv edilib, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə qərardadında qeyd edir ki, iddianın təmin tədbirinin zəruriliyi əsaslandırılmayıb və iddia tələbinin əsaslı olmasına dair sübutlar məhkəməyə təqdim olunmayıb. Məhkəmə bu halı qeyd edərkən işin hallarını və iş üzrə olan sübutları nəzərə almamışdır. Belə ki, iddia tələbindən görünür ki, cavabdehdən böyük məbləğdə pul tələb olunur və məhkəmə hələ bu halı araşdırmayıb, iddianın əsaslı olubolmadığına dair bir qənaətə gəlməyib. İddianın təmin tədbirinin mahiyyəti və əhəmiyyəti də ondan ibarətdir ki, işin araşdırılmasına başlanmadan gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasında çətinlik yaranmasın deyə iddiaçının pozulmuş hüquqlarının qorunmasıdır. Məhz bu səbəbdən də qanunvericilikdə iddianın təmin tədbiri ərizəsinə dərhal baxılmaqla bağlı imperativ göstəriş vardır və iddianın əsaslı olub-olmamasının iddianın təmin tədbirinə hər hansı bir aidiyyatı yoxdur. Bakı Kommersiya Məhkəməsinin 24.05.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 157 və 158-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər və buna prosesin istənilən mərhələsində yol verilir, hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir, iddianı təmin etmək üçün, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək cavabdehə və başqa şəxslərə qadağan edilə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddianın təmin edilməsi mülki (iqtisadi) iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, bu tədbirin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər, bu tədbirin tətbiq olunması isə o halda realizə olunur ki, iddia ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlsin. İddianı təmin etmə tədbirinin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. İddianı təmin etmə tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Bu baxımdan, iddianı təmin tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. İddianı təmin tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” İşdən görünür ki, iddianı təmin tədbiri barədə ərizə təqdim edilənədək və ya onunla birlikdə Məhkəməyə iddianın mahiyyəti ilə bağlı heç bir ilkin sübut təqdim edilməmişdir. Digər tərəfdən, 1,57 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, ümumi birgə paylı mülkiyyətdədir. Bu mənada məhkəmə kollegiyası şikayətlə razılaşmır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayət qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2298/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-721/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-721/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver