Məhkəmə qərarları › İş №2-2(103)-721/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-721/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-721/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iddia tələbi üzrə (Açar sözlər: öhdəliyin icra olunmaması, lizinq borcunun tutulması, dəbbə pulu, işin icraatının dayandırılmasına əsas verən hal) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X4 iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X2 Nofəl Göyüş oğluna qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında "xxxx" ASCyə məxsus istixana avadanlıqlarının lizinqə verilməsi barədə 29 noyabr 2016-cı il tarixli 07-LA/16 nömrəli lizinq müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 1 950 700 manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının (lizinq obyekti) dəyərini lizinq ödəniş qrafikində göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə 10 il müddətinədək lizinqə verir; 1.2-ci bəndinə görə, lizinq alan obyektin qalıq dəyərindən 100 000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür, əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır.

3. Müqavilənin 2.1-ci bəndinə görə, lizinq verənin lizinq alanın qrafik üzrə ödənişinə nəzarət etmək, lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən ödənişi bir dəfə qrafik (1 saylı Əlavə) üzrə aparmadıqda müqavilənin 5.2-5.6-cı bəndində göstərilən hərəkətlər etmək hüququ vardır; 2.2-ci bəndinə əsasən, lizinq alanın obyektin dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən respublikadaxili daşınma, saxlama, boşaltma və digər xərclərini ödəmək vəzifəsi vardır.

4. Müqavilənin 2.2.18-ci yarımbəndinə görə, lizinq alan müqavilənin şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ardıcıl olaraq bir dəfə ödənişini vaxtında yerinə yetirmədikdə lizinq verənin tələbi ilə obyekti və onun yerləşdiyi tikilini kommunikasiyalarla birlikdə ona istifadə üçün təhvil verir və müqavilənin 5.2-5.5-ci bəndində göstərilən şərtlərin yerinə yetirilməsini öhdəsinə götürür.

5. Müqavilənin 4.1-ci bəndinə görə, lizinq alan müqavilənin 1 nömrəli əlavəsində göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir; 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

6. Müqavilənin 5.1-ci bəndinə əsasən, texnikadan istifadə üçün 1 nömrəli Əlavədə nəzərdə tutulan məbləğin ödəniş müddətləri üzrə bir dəfədən artıq ödənilməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir; 5.2-ci bəndinə görə, müqavilənin 5.1-ci maddəsində göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdar etməklə, obyekti və onun yerləşdiyi tikilini kommunikasıyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir; 5.4-cü bəndinə əsasən, müqavilənin 5.1.1-5.1.5-ci bəndlərində göstərilən hallardan biri baş verikdə lizinq verən müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir və lizinq alandan obyektin dəyərinin 10%-i məbləğində cərimənin ödənilməsini tələb edir; 5.5-ci bəndinə əsasən lizinq alan tərəfindən müqavilənin 5.1.5-ci bəndində göstərilən hala yol verildikdə lizinq verən müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirə, lizinq alanın borclu olduğu məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş 26 noyabr 2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh 29 oktyabr 2016-cı il tarixli 07-LA/16 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 1 596 700 manat, gecikdirilmiş borc 555 210 manat, hesablanmış cərimə 305 365,5 manat olmaqla, ümumilikdə 860 575,5 manat təşkil edir, müqavilə üzrə 354 000 manat ödəniş edilmişdir.

8. İş materiallarına müqavilə üzrə Cavabdeh hesabından çıxarış və 29 noyabr 2016-cı il tarixli 07-LA/16 nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafiki və ödənişlərə görə cərimələrin hesablanması qrafiki əlavə olunmuşdur.

9. Cavabdeh "xxxx" ASC-nin sədrinə ünvanladığı 15 fevral 2020-ci il tarixli ərizədə bildirilmişdir ki, “...Son iki il ərzində ödəniş qrafikinə uyğun olaraq ödəniş etmək mümkün deyil. Buna səbəb kimi bir neçə faktı nəzərinizə çatdırmaq istəyirəm: 1. İstixanın tikintisi zamanı faktiki dəyərindən bir neçə yüksək qiymətləndirilməsi; 2. Bugün ölkədə yeni və müasir istixanaların sürətlə çoxalması və nəticədə bazarda bolluq yaranması və istehsal edilən məhsulun dəyərindən də aşağı qiymətə satılması ilə nəticələnməsi; 3. İki il bundan qabaq qazın hər bir kub metri 10 qəpiyə başa gəlirdisə, artıq iki ildir ki, 20 qəpikdən ödənilir; 4. Gübrə və dərmanlar idxal olunduğu üçün baha qiymətə alınması; 5. İstixananın hər iki ildən bir üstünün polietilen örtüyünün dəyişdirilməsi; 6. Ölkədə minimum əmək haqqının artırılması; 7. İstixananın bütün avadanlıqlarının xaricdən baha qiymətə gətirilməsi. ...Nəzərə alaraq, qrafikə yenidən baxaraq qiymətlərin aşağı salınaraq yenidən qrafik tərtib edilməsinə köməklik etməyinizi xahiş edirəm”.

10. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh 02 dekabr 2024-cü il tarixdə pretenziya məktubu göndərilərək əsas borcun və cərimənin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X2 Nofəl Göyüş oğluna qarşı “borcun ödənilməsi” tələbi qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixli müqavilə əsasında 06 iyul 2021-ci il tarixinə yaranmış əsas borc üzrə 611 506 manat, cərimə borcu üzrə 30 000 manat olmaqla, ümumilikdə 641 506 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.

12. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının aktı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

13. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2016-cı il tarixli 07-LA/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 26 noyabr 2024-cü il tarixinə hesablanmış 555 210 (beş yüz əlli beş min iki yüz on) manat gecikdirilmiş borcun, hesablanmış 305 365,50 manat (üç yüz beş min üç yüz altmış beş manat əlli qəpik) cərimə borcunun, hüquqi yardımla bağlı 500 (beş yüz) manat pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən, borclu (lizinq alan) lizinq obyektini lizinqə götürmüş, lakin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə maliyyə arayışının tərtib edildiyi 26 noyabr 2024-cü il tarixə sözügedən müqavilə üzrə 555 210 (beş yüz əlli beş min iki yüz on manat) manat gecikdirilmiş borc və hesablanmış 305 365,50 manat (üç yüz beş min üç yüz altmış beş manat əlli qəpik) cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər edilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən, borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinqalandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinq alanın qeydiyyatda olduğu yer və ya lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyatı məhkəmələrə müraciət edə bilərlər. Eyni zamanda bildirilmişdir ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş, hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Cavabdehin nümayəndəsi (vəkili) məhkəməyə yazılı müraciət təqdim etmiş və bildirmişdir ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra tərəflərdən asılı olmayan müxtəlif iqtisadi və s. proseslər baş vermiş, şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, 2015-ci və 2016-cı illərdə baş vermiş devalvasiyalar nəticəsində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədilə istifadə edilən gübrə və mineral maddələrin qiymətləri qalxmış, yetişdirilmiş məhsulun maya dəyəri artmış və nəticədə əldə edilən gəlirlərin məbləği aşağı düşmüşdür. Bu səbəbdən də qrafik üzrə aylıq ödəmələri vaxtında icra etmək mümkün olmamışdır. Bundan başqa, istixana avadalıqları quraşdırılarkən qiymətlərin süni şəkildə şişirdilməsi istixananın dəyərinin real qiymətindən dəfələrlə artıq olması ilə nəticələnmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin lizinq vasitəsilə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün həyata keçirilən layihələri əsasında sahibkarlara təqdim edilən bu istixanaların yaradılmasında əsas məqsəd ölkədə kənd təsərrüfatı məhsullarının bolluğunun yaradılması, kənd təsərrüfatı məhsullarına olan təlabatın ödənilməsi, qiymətlərin tənzimlənməsi, rəqabət mühitinin formalaşdırılması və s. kimi əsaslar olmuşdur. Ancaq istixananın təqdim edilmiş avadanlıqlarla birgə qiymətləndirilməsi zamanı qiymətlər artıq hesablandığından "xxxx" ASC-nin istixana layihələri özünü doğrultmamış, o cümlədən sahibkar olaraq Cavabdeh də maddi vəziyyətini ağırlaşdırmışdır. Bu lizinq müqaviləsinə qoşulduqdan sonra Cavabdeh Bakı şəhərində mülkiyyətində olan mənzili və digər əmlaklarını satıb istixananın mövcud durumunu yaxşılaşdırmağa, qrafik üzrə ödənişlərinin ödənilməsinə xərcləmişdir. Eləcə də, müqavilə əsasında verilmiş avadanlıqların istismar müddəti keçdikcə daha tez-tez təmirə ehtiyac olması da məhsul yetişdirilməsi üçün xərclərin artması ilə nəticələnir ki, bu da yekunda ödənişlərin vaxtında ödənilməsini çətinləşdirmişdir. Bundan başqa, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə əsas borc olaraq 611 506 manat, cərimə borcu olaraq 30 000 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilməsi qət edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi və hazırda cavabdehə qarşı qaldırılmış yeni iddia tələbindən görünür ki, cavabdeh qrafik üzrə öhdəliklərini vaxtında ödəyə bilməmişdir. Ancaq iddiaçı müqavilə öhdəliklərini və hətta məhkəmə qərarı əsasında müəyyən edilmiş borcu icra edə bilmədiyi halda belə, müqavilənin şərtlərinə əsasən (müqavilənin 5.2-ci və 5.6-cı bəndləri) əmlakı cavabdehdən geri almır. Əksinə iddiaçı öz hüquqlarından sui-istifadə etməklə Cavabdeh qrafik üzrə borcunu ödəyə bilməyəcəyini bildiyi halda cavabdehin borclanmasına şüurlu və məqsədli şəkildə yol verməkdə davam edir. Belə ki, icarə müqaviləsinin 5-ci bəndində müqavilənin şərtlərinin pozulmuş hesab edilməsi hesab olunan hallar və bununla bağlı tərəflərin edəcəyi hərəkətlər nəzərdə tutulmuşdur. Müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, 5.1-5.1.5 bəndində göstərilən halların biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdar etməklə obyekti və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür. Müqavilənin yuxarıda qeyd edilən bəndində öhdəlik icra edilmədiyi halda əmlakın geri götürülməsi tərəfin hüququ kimi yox, imperativ xarakterli hərəkət olaraq göstərilib. Ancaq lizinq verən tərəf münasibətləri yoluna qoymaq üçün heç bir hərəkət etmir, əmlakı geri almır, cavabdehin əsassız borclanmasına səbəb olan hərəkətə (hətəkətsizliyə) yol verir. Müqavilə üzrə öhdəliklərini icra edə bilmədiyi halda əmlak cavabdehdən geri alınmırsa, belə olan halda isə hazırkı iş üzrə iddia edilən borc və cərimə borcu hüquqdan suiistifadəyə məqsədli şəkildə yol verilməklə hesablandığından silinməlidir. Buna görə də 29 noyabr 2016-cı il tarixli 07-LA/16 saylı müqavilə üzrə 26 noyabr 2024-cü il tarixə əsassız hesablanmış 555 210 manat gecikdirilmiş borc və hesablanmış 305 365,5 manat cərimə borcunun ödənilməsi tələbinə dair iş üzrə idda rədd olunmalıdır.

16. İş üzrə icraat davam edərkən, Cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuş, bununla bağlı Cavabdeh birinci instansiya məhkəməsinə vəsatət ünvanlayaraq sözügedən icraat yekunlaşana qədər hazırkı icraatın dayandırılmasını xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin 07 aprel 2025-ci il tarixli protokol-qərardadı ilə vəsatət təmin edilməmiş, eyni tarixli qətnamə ilə isə iddia tələbinin qismən təmin olunması, cavabdehdən 29 noyabr 2016-cı il tarixli 07-LA/16 nömrəli müqavilə üzrə 26 noyabr 2024-cü il tarixə yaranmış 555 210 (beş yüz əlli beş min iki yüz on) manat əsas borc, 27 800 (iyirmi yeddi min səkkiz yüz) manat cərimə və 500 (beş yüz) manat hüquqi yardım xərci olmaqla, ümumilikdə 583 510 (beş yüz səksən üç min beş yüz on) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, həmçinin cavabdehdən 873,01 manat (səkkiz yüz yetmiş üç manat bir qəpik) məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı 555 210 manat məbləğində əsas borcu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə görə iddiaçı dəbbə pulu tələb etməkdə haqlıdır, bununla belə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeləri nəzərə alınaraq dəbbə pulu 27 800 (iyirmi yeddi min səkkiz yüz) manat məbləğində müəyyən edilməlidir.

19. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-cı, 442-ci, 448.1-ci, 462-ci, 467-ci, 747.1-ci maddələrinə istinad etmişdir.

20. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, iddiaçı lizinq müqaviləsi üzrə lizinq predmeti olan obyekti geri tələb etməməklə və onu dəfərlərlə məhkəməyə verərək əlavə borclandırmaqla vicdanlılıq prinsipini pozmuşdur, eyni zamanda o, borcun silinməsi ilə bağlı iddiaçıya qarşı ayrıca iddia tələbi ilə müraciət etməsinə və və bununla bağlı birinci instansiya məhkəməsinə vəsatət verməsinə baxmayaraq, məhkəmə əsassız olaraq icraatı dayandırmamışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apelyasiya baxışı, izahat

22. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, bununla belə vəsatət göndərərək "xxxx" ASC-yə qarşı qaldırdığı “borcun silinməsi” tələbi üzrə icraat yekunlaşana qədər hazırkı icraatın dayandırılmasını xahiş etmişdir.

23. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

28. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748- 1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 04 iyun 2021-ci il tarixli Qərardadı

35. Bənd 44. Tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqavilələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər.

36. Bənd 45. Müqavilənin həmin şərti MM-in 748-1.12-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir.

37. Bənd 48. Beləliklə, Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mülki qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz.

Apellyasiya baxışının həddi

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının predmetini qətnamənin qismən – iddia tələbinin təmin olunan hissəsi üzrə yoxlanılması təşkil edir. Belə ki, iddia tələbinin qismən təmin olunmasına baxmayaraq, iddiaçı qətnamədən şikayət verməmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

41. Kollegiya mübahisələndirilən hissə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

42. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

43. Cavabdeh borcun mövcudluğunu və məbləğini mübahisələndirməmiş, həm birinci instansiya məhkəməsinə ünvanladığı ərizədə, həm də apellyasiya şikayətində, iddiaçının lizinq obyektini geri qaytarılmasını tələb etmək əvəzinə ondan lizinq müqaviləsi üzrə borc məbləğini tələb etməklə vicdanlılıq prinsipini pozduğunu irəli sürmüşdür.

44. Kollegiya cavabdehin bu dəlilini əsassız hesab edir.

45. Belə ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

46. Tərəflər arasında bağlanmış müqavilədən aydın şəkildə görünür ki, lizinq alan müqavilənin şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə bir dəfə ödənişini vaxtında yerinə yetirmədikdə lizinq verənin tələbi ilə obyekti və onun yerləşdiyi tikilini kommunikasiyalarla birlikdə ona istifadə üçün təhvil verir (§ 4). Bu şərt tərəflər arasında razılaşdırılmış müddəa olmaqla yanaşı, birbaşa olaraq mülki qanunvericiliyin tənzimləməsindən irəli gəlir (§ 28, 37).

47. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...lizinq verənin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Mülki Məcəllənin 748-12.1 və 748-1.12.4-cü maddələrində qanunverici lizinq verənə (mülkiyyətçiyə) lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinə nəzarət etmək hüququ, lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədiyi halda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vermişdir.” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli Qərarı).

48. Məhz Mülki Məcəllənin qeyd edilən normasından və Konstitusiya Məhkəməsinin istinad edilən Qərarından çıxış edərək Ali Məhkəmə hesab etmişdir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır (§ 35 - 37).

49. Lakin lizinq obyektini geri almaq lizinq verənin vəzifəsi deyil, hüququdur və bu hüququ həyata keçirib-keçirməmək qərarını vermək də ona aiddir.

50. Odur ki, lizinq verən olan iddiaçının lizinq obyektinin geri qaytarılmasını tələb etmək əvəzinə lizinq borcunu tələb etməsi, həm tərəflər arasında bağlanmış müqaviləyə, həm də qanunvericiliyə uyğundur.

51. Xüsusilə qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilə hazırkı dövrədək qüvvədədir və cavabdeh müqavilənin vaxtından əvvəl ləğv olunmasını tələb etməmişdir.

52. Cavabdehin digər dəlili birinci instansiya məhkəməsinin icraatın dayandırılmasından əsassız olaraq imtina etməsi ilə bağlıdır.

53. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarı).

54. Cavabdehin Bakı Kommersiya Məhkəməsində irəli sürdüyü iddia tələbi, hazırda baxılan iş baxımından ümumiyyətlə hər hansı asılılıq yaratmır; belə ki, apellyatorun Aqrar Kredit və İnkişaf Agentliyinə borcunun olub-olmadığı və borcun məbləği, habelə həmin borcun tutulmalı olub-olmadığı məhz hazırkı icraat çərçivəsində qiymət verilməli məsələdir.

55. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

56. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğvi üçün (mübahisələndirilən hissədə) əsas yoxdur.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1866/2025 saylı iş üzrə 07 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar