Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-726/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Maraqlı şəxs Kenan Sağlıklının iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2-2(113)-3115/2023 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Kenan Sağlıklının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 123301,33 manat məbləğində (o cümlədən, vergilər üzrə 111823,37 manat, faizlər üzrə 11437,96 manat, maliyyə sanksiyası üzrə 40 manat), Maraqlı şəxs2 şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 718,04 manat olmaqla, ümumilikdə 124019,37 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********823700 xx.xx.2021-ci il tarixli **********300200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
3. Maraqlı şəxs tərəfindən ərizə tələbinə qarşı etiraz təqdim edilməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2-2(113)-3115/2023 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, Kenan Sağlıklının (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi DYİ*****) ölkədən getmək icra orqanının rəhbəri olduğu "xxxx" MMC-nin (VÖEN: **********) və Maraqlı şəxs2 şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) xx.xx.2023 tarixinə dövlət büdcəsinə olan ümumilikdə 123301,33 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 718,04 manat məbləğində borcu tam ödənilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki məhkəmə icraatında müvəqqəti olaraq məhdudlaşdırılması nəzərdə tutulan vergi ödəyicisinin ölkədən getmək hüququ onun konstitusion hüququdur və yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Məhkəmə vergi ödəyicisinin həmin hüququnu, onun ödənilməmiş vergi borcu mövcud olduqda, məhdudlaşdırır, borc olmadıqda isə məhdudlaşdırmır. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Vergi borcunun mövcud olması barədə vergi orqanı tərəfindən əvvəlcədən səhv nəticəyə gəlinmiş, bunun əsasında vergi orqanı vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, 1-ci instansiya məhkəməsi işdə olan sənədlərə əsasən, həmin ərizəni təmin etmiş və maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Halbuki, birinci instansiya məhkəməsində də bildirildiyi kimi, pandemiya dövründə əvvəlki mühasibin səhvinə görə vergi 2022-ci ilin axırında sərəncam göndərmiş və sərəncamda yüksək məbləğdə borc yazılmışdı. Daha sonra vergi orqanlarına yazılı müraciət edərək bildirmişdir ki, hesablamalarda xəta var. Yeni mühasib əvvəlki mühasibin etdiyi səhvi görməmişdi. Vergilər Nazirliyindən müraciət qarşılığında hesablamalarda 75 % endirim olacağı barədə məktub gəlmişdir. Hal-hazırda borcun yekun olaraq nə qədər olduğunu bilmir. Bu barədə vergi orqanından dəqiq cavab gözlədiyinə görə məhkəməyə də müraciət etməmişdir. Bundan əlavə olaraq bildirmək istərdik ki, hazırda Kənan Sağlıklının anası xx.xx.1941-ci il təvəllüdlü X2 Respublikası ərazisində yaşayır. Cavabdehin anası yaşlıdır və səhhətində problemlər vardır. Bu baxımdan maraqlı şəxsin bir övlad kimi valideyninin yanına gedib-gəlməsi zəruri haldır. Həmçinin, Kenan Sağlıklı iş adamı olduğundan daim Türkiyə Respublikasına səfər etməlidir. Yəni hazırki dövrdə onun ölkədən gəliş-gedişinə məhdudiyyət qoyulmaması Azərbaycan Respublikası üçün də əhəmiyyəti vardır. Hazırda isə ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair hər hansı əsas olmamasına baxmayaraq maraqlı şəxsin hüquqları pozulmaqdadır. Göründüyü kimi, məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olubolmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Bununla da məhkəməyə verilmiş ərizə əsaslı hesab oluna bilməz. Belə ki, vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə məhkəməyə müraciət olunması imperativ göstəriş deyildir, vergi orqanının hüququ kimi müəyyən edilmişdir. Bütün bunlara əsasən qeyd olunan normanın tədbiqi ilə bağlı məhkəmə düzgün nətiəyə gəlməyərək şəxsin konstitusion hüquqlarını məhdudlaşdırmışdır. Göründüyü kimi, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinin gözlənilməsi əsas konstitusion hüquqlardan biridir. Lakin hazırki vəziyyətdə vergi məbləğinin əsaslılığı faktı mövcud olmadan məhkəmənin gəldiyi nəticə həmin konstitusion normaya ziddir. İHAM-ın məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, məhkəmələr hakimiyyət və kreditorların borcu almaq üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olub-olmamasını müəyyən etməli, ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasibliyi təmin etməlidirlər. Qanunverici, məhkəmə üçün vergi orqanı tərəfindən verilmiş, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında ərizəni təmin etmək səlahiyyəti ilə yanaşıbu cür ərizəni rədd etmək səlahiyyətini da nəzərdə tutmuşdur. İki qətnamədən hər hansı birinin seçilməsi üçün isə məhkəmə tərəfindən yuxarıda qeyd edilən məsələlərin araşdırılması zəruridir. Məhkəmə, vergi borcunun maraqlı şəxs qismində cəlb olunmuş vergi ödəyicisinəaid olmadığını, borc məbləğinin vergi ödəyicisinin ölkədən getmək qərarına gəlmək üçün səbəb olmadığını müəyyən edərsə, vergi orqanının ərzəsinin rədd edilməsi barədə qətnamə qəbuledə bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Azərbaycan Respublikasında 25 ildən artıqdır ki, yaşayır, ailəsi buradadır. 90 yaşlı xəstə anası isə Türkiyə Respublikasında yaşayır. Özü, onkoloji xəstəlikdən əziyyət çəkir və Türkiyə Respublikasında müalicə olunur. Türkiyə Respublikası Səhiyyə Sisteminə son 3 ildə edilmiş dəyişikliyə əsasən vətəndaş özü iştirak etmədiyi təqdirdə onunla bağlı heç bir sənəd və məlumatı başqa şəxsə təqdim etmirlər. Bu səbəbdən o sənədləri məhkəməyə təqdim edə bilmir. Uzun illər Azərbaycan Respublikasında biznes fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda maddi durumu bütün borcu bağlamağa imkan vermir, lakin ölkədən çıxışına məhdudiyyət qoyulmasa biznes fəaliyyətini yenidən canlandıra bilər.
8. Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
10. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
12. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
14. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X5 (X6) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, ərizə rədd edilməlidir.
18. İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
19. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin Cəmiyyətin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, Firmanın əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə tam, ədalətli və obyektiv nəticəyə gəlinməsi üçün Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib edilməməsi, onların tətbiqinin nəticə verib-verməməsi araşdırılmalı və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılması təminat üsulu kimi tətbiq zəruriliyi ilə əlaqələndirilməli idi.
20. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. İşə baxan məhkəmələr hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.
21. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
22. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X5 (X6) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı)
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
25. Mütənasiblik prinsipinin məhkəmə təcrübəsində tətbiqinin bir çox aspektləri vardır. Məhkəmə kollegiyası iş materiallarının təhlilinə əsaslanaraq hesab edir ki, hazırkı işin həlli baxımından §41-də göstərilənlərin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
26. Qeyd etmək lazımdır ki, eyni əsaslara görə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hətta Azərbaycan Respublikasının əleyhinə çıxarılmış qərar da mövcuddur ki, bu da istər ölkəmizin vergi orqanları, istərsə də məhkəmələri üçün eyni qəbildən olan işlərin qaldırılmasında və onlara baxılmasında formallıqdan çəkinmək və müəyyən mənada aktivlik göstərmək üçün ciddi siqnal olmalıdır.
27. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir (Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı, № № 74288/14 və 64568/16, 2021-ci il 14 oktyabr tarixli qərarı).
28. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin ölkədən getmək, yəni sərbəst hərəkət azadlığı kimi konstitusion hüququnun məhdudlaşdırılmasının AİHM-in və Konstitusiya Məhkəməsinin müvafiq qərarlarında ifadə olunmuş hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.
29. Bundan başqa, məhkəmə iclasında iştirak edən maraqlı şəxs, onkoloji xəstəlikdən əziyyət çəkdiyini və Türkiyə Respublikasında müalicə olunduğunu, Türkiyə Respublikası Səhiyyə Sisteminə son 3 ildə edilmiş dəyişikliyə əsasən vətəndaş özü iştirak etmədiyi təqdirdə onunla bağlı heç bir sənəd və məlumatın başqa şəxsə təqdim edilmədiyini, bu səbəbdən həmin sənədləri məhkəməyə təqdim edə bilmədiyini bildirdi.
30. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, maraqlı şəxs Kenan Sağlıklının apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2-2(113)-3115/2023 saylı qətnaməsi ləğv edilməli, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Kenan Sağlıklının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Maraqlı şəxs Kenan Sağlıklının apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2-2(113)-3115/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Kenan Sağlıklının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova