Məhkəmə qərarları › İş №2-2(103)-727/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-727/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-727/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və nümayədəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1286/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı qismində İddiaçı MMC (əvvəlki adı ilə "xxxx" MMC) ilə alıcı qismində Cavabdeh MMC arasında 01 oktyabr 2022-ci il tarixli, AB/B-36/1022 nömrəli beton alqı-satqısı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə görə satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə edilən əlavə(lər)də göstərilən tərkibdə, texniki göstəricilərə uyğun vəziyyətdə beton məhsulunu alıcıya verir, alıcı isə həmin malı qəbul edərək malın dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödəyir

3. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti və ödəniş qaydaları müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə edilən əlavə(lər)də müəyyən edilir.

4. Müqaviləyə edilmiş 1 saylı əlavənin (spesifikasiya və xüsusi şərtlər) 2.2-ci bəndinə görə müqavilə üzrə ödənişlər satıcı və alıcı tərəfindən razılaşdırılmış şəkildə avans (100%) olaraq hər bir partiya sifariş üzrə satıcıya bank köçürmə yolu ilə ödənilir. Mal sonradan ödəmə şərtilə alıcıya satılarsa, satıcı tərəfindən mala dair müvafiq elektron qaimənin alıcıya təqdim olunmasından sonra 15 gün ərzində verilən malın dəyəri tam şəkildə satıcıya ödənilməlidir.

5. Müqavilənin 3.7-ci bəndinə əsasən tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra, alıcı tərəfindən elektron qaimənin ləğv olunmasından və ya təsdiq edilməməsindən asılı olmayaraq, mal alıcı tərəfindən qəbul edilmiş sayılır. Tərəflər əlavə olaraq müvafiq təhvil-təslim aktı imzalaya bilərlər.

6. Müqavilənin 5.2-ci bəndinə görə alıcı müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya əsassız olaraq malın təhvil alınmasını gecikdirdikdə, hər gecikən gün üçün satıcıya ödənilməyən məbləğin 0.5% həcmində cərimə ödəməlidir. Cərimə satıcı tərəfindən bildirildiyi tarixdən etibarən üç gün ərzində ödənilməlidir.

7. Müqavilənin 7.3-cü bəndinə əsasən tərəflər arasında hər hansı razılıq əldə edilmədikdə, aralarında yaranmış mübahisə üzrə mediasiya sessiyaları Bakı şəhərində yerləşən mediasiya təşkilatı tərəfindən aparılmaqla, mübahisələrə tərəflərin müraciətinə əsasən satıcının hüquqi ünvanı üzrə məhkəmədə baxılacaqdır. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 68924,98 manat (ƏDV daxil) qalıq borc, müqavilə üzrə hesablanmış 6892,49 manat cərimə, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 410 manat və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat olmaqla, cəmi 76727,47 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı bildirir ki, iddiaçı 01 oktyabr 2022-ci il tarixli, AB/B-36/1022 nömrəli beton alqısatqısı müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan müvafiq növdə beton məhsulunu cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malın dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, iddiaçıya 68925 manat (ƏDV daxil) ödənilməyən borcu qalmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mala görə qalıq borcun ödənilməsini xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Bundan sonra iddiaçı mübahisənin həlli məqsədilə ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir.

10. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

11. Daha sonra cavabdeh işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatət ilə müraciət edərək, işin ərazi aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1286/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilməmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1286/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

14. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırmadan iş üzrə ərazi aidiyyətini pozaraq qətnamə çıxarmışdır. Belə ki, iddia tələbi Cavabdeh MMC-nin rəsmi dövlət qeydiyyatının olduğu yerə görə (Ağstafa rayonu, Vurğun ŞTQ,AZ0500) Gəncə Kommersiya Məhkəməsinə ünvanlanmalı idi. Birinci instansiya məhkəməsinə vəsatət və ərizə təqdim olunsa da, hakim onlara münasibət bildirməmişdir. Həmçinin ərazi aidiyyətla bağlı ərizəyə ayrıca akt şəklində baxılmalı idi. Bu baxımdan cavabdeh hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1286/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Mülki Prosessual Məcəllənin 385 və 386-cı maddələrinin tələblərini pozduğuna görə ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz verərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndinə əsasən, tərəflər arasında hüquq mübahisəsi satıcının, yəni hazırkı mübahisə üzrə iddiaçının hüquqi ünvanına üzrə aidiyyəti məhkəməyə verilməlidir. İddiaçının hüquqi ünvanı ünvan 2zrə ərazi aidiyyətlə bağlı qaydalar pozulmamışdır. Həmçinin cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan “işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” vəsatəti də Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1286/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə təmin edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil və nümayədəsi X2 apellyasiya şikayətinə etiraz etdilər.

18. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 21.Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 22.Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 23.Həmin Məcəllənin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

24. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.

25. Həmin Məcəllənin 40.3-cü maddəsinə görə Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər.

26. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

28. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli Qərarının 20.5-ci bəndinə əsasən Bakı şəhəri Nərimanov rayonu Bakı Kommersiya Məhkəməsinin ərazi vahidinə aiddir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Belə ki, tərəflər arasında 01 oktyabr 2022-ci il tarixli, AB/B-36/1022 nömrəli alqı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir.

32. Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.

33. Hazırki işdə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə malı cavabdehə təqdim etməsi də işin mübahisəsiz halını təşkil edir. Çünki, cavabdeh bu faktı mübahisələndirməmişdir.

34. Eyni zamanda, iş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 990554, 994388, 999798, 000619 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 999667, 976187, 968600, 606070, 607295, 742962, 605932, 605772, 605783, 605888, 605706, 605765, 605623, 605692, 605544, 605336, 605410, 605432, 604922, 604953, 605242, 605266, 605294, 601621, 601835, 603630, 604595, 600235, 600385, 600545, 601242, 601412, 586038, 599223, 599666, 600032, 600064, 600111, 573541, 580195, 581951, 582612, 583367, 584002, 584581, 554986, 555561, 555990, 558135, 558135, 560186, 560637, 548784, 549623, 550804, 551432, 552304, 554256 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 740449, 755067, 755827, 764173, 768885, 775226 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 756366, 761536, 771420, 774603, 744373, 804081, 810313, 811425, 812344, 814271, 814969, 829391, 805875, 834419, 853472, 866838, 869156, 879116, 882656 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 68924,98 manat təşkil edir. Sonradan həmin qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz verilməmişdir.

35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı üzərinə düşən vəzifəni yerinə yetirərək, cəmi dəyəri 68924,98 manat təşkil edən malların cavabdehə təhvil verildi təsdiq olunur.

36. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış mallara görə ödənilməyən ümumilikdə 68924,98 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

37. Cərimənin tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

38. Tərəflər arasında bağlanmış 01 oktyabr 2022-ci il tarixli, AB/B-36/1022 nömrəli müqavilənin 5.2-ci bəndinə görə alıcı müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya əsassız olaraq malın təhvil alınmasını gecikdirdikdə, hər gecikən gün üçün satıcıya ödənilməyən məbləğin 0.5% həcmində cərimə ödəməlidir. Cərimə satıcı tərəfindən bildirildiyi tarixdən etibarən üç gün ərzində ödənilməlidir.

39. İşin hallarını, yəni cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirildiyi günlərin sayını və cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 3500 manat məbləğində cərimənin tutulmasını tələb etməkdə haqlı idi.

40. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda göstərilən (Paraqraf 26-29) normalarından göründüyü kimi tərəflər müstəqil şəkildə saziş üzrə ərazi aidiyyatını müəyyən edə bilərlər. Bunun üçün tərəflər arasında yazılı qaydada, gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək saziş bağlana bilər. İşin hallarından görünür ki, tərəflər müqavilə bağlayarkən müqaviləyə “Tətbiq edilən qanunvericilik və mübahisələrin həlli” başlığı altında olan 7.3-cü bəndini əlavə etmişlər. Həmin bəndə görə tərəflər arasında hər hansı razılıq əldə edilmədikdə, aralarında yaranmış mübahisə üzrə mediasiya sessiyaları Bakı şəhərində yerləşən mediasiya təşkilatı tərəfindən aparılmaqla, mübahisələrə tərəflərin müraciətinə əsasən satıcının hüquqi ünvanı üzrə məhkəmədə baxılacaqdır. Göründüyü kimi tərəflər müqavilə üzrə ərazi aidiyyət qaydalarını fərqli müəyyən etmişlər və cavabdeh buna öz razılığını bildirmişdir. Belə olduğu təqdirdə cavabdeh Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinin “hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir” müddəasına istinad edə bilməz. Bu baxımdan hazırkı mübahisə üzrə iddiaçının hüquqi ünvanı ünvan 4araq, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli Qərarına əsasən Bakı şəhəri Nərimanov rayonu Bakı Kommersiya Məhkəməsinin ərazi vahidinə aid olduğuna görə mübahisəyə həmin məhkəmədə baxılmalıdır. İş üzrə ərazi aidiyyəti məsələsinin ayrıca aktla həll edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin vəsatətinə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1286/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə münasibət bildirilmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1286/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar