Məhkəmə qərarları › İş №2-2(103)-728/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-728/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-728/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.05.2018-ci il tarixli 025 A saylı müqavilə üzrə 408280 (dörd yüz səkkiz min iki yüz səksən) ABŞ dolları pul məbləğinin, 01.09.2018-ci ildən hal-hazıradək 408280 ABŞ dolları məbləğin üzərinə gələn (altmış dörd min altı yüz qırx dörd) ABŞ dolları faiz borcunun ödəniş gününə manat məzənnəsinə uyğun olaraq və vəkilə ödənilmiş 200 (iki yüz) manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.04.2021-ci il tarixli e-2-2(113)-78/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Üçüncü şəxs Nümayəndə4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 01 may 2018-ci il tarixli 025-A saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüquqi formada ticarət predmeti olan malları alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və müqabilində satıcıya bu müqavilə əlavə razılaşmada nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, həmin müqavilə üzrə 100 ton Polietilin (black) və 120 ton Polietilin (white) məhsulları cavabdehə təhvil verilmişdir. Lakin o, müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və 408280 ABŞ dolları məbləğində ödənişi həyata keçirməmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, həmin müqavilədən məlumatı olmamış, müqaviləni onun qardaşı Nümayəndə4 imzalamış və həmin müqavilə üzrə Cavabdeh MMC-yə hər hansı mal təhvil verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu sübut olunmur. Belə ki, tərəflər arasında malların alqı-satqısı ilə bağlı müqavilə bağlansa da, iddiaçı müqavilə üzrə nəzərdə tutulan malları cavabdehə təhvil verilməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının təqdim etdiyi təhvil-təslim aktının kserosurəti (skan variantı) isə həmin halları təsdiq edən sübut qismində qismətləndirilə bilməz. Belə ki, cavabdeh həmin aktı mübahisələndirdiyi üçün bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür və o, malların təhvil verilməsinin məhz təhvil-təslim aktı ilə təsdiq edildiyinə istinad etdiyi üçün həmin aktın əslini təqdim etməli idi. Çünki Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Lakin o, məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq həmin aktın əslini təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş təhvil-təslim aktının kserosurəti malların təhvil verilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin sənəd Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələblərinə cavab vermir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmiş şahidlər Fərhad İsayev, Elçin Məmmədovun ifadələrində isə yalnız malların İddiaçı MMC tərəfindən “Bakı Fəhləsi Maşınqayırma Zavodu”na təhvil verildiyi və bu zaman orada nümayəndə kimi Nümayəndə4 adlı şəxsin olduğu göstərilmişdir. Göründüyü kimi həmin şahidlər malların Cavabdeh MMC-yə deyil, “Bakı Fəhləsi Maşınqayırma Zavodu”na təhvil verildiyini təsdiq edir. Nümayəndə4 isə həmin malların məhz cavabdehin nümayəndəsi kimi Cavabdeh MMC ilə bağlanmış 01 may 2018-ci il tarixli müqavilə əsasında hərəkət etməsi hər hansı sübutla təsdiq olunmur. İddiaçının nümayəndəsi də etiraf etdi ki, həmin müqavilə bağlanılmamışdan əvvəl iddiaçı ilə Nümayəndə4 arasında işgüzar münasibətlər olmuşdur. Bundan başqa cavabdehin nümayəndəsi bildirdi ki, Nümayəndə4lə telefon əlaqəsi saxlamış və o, iddiaçıya başqa məbləğdə borcu olduğunu etiraf etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, həmin şahidlərin ifadələri 01 may 2018-ci il tarixli müqavilə üzrə malların cavabdehə təhvil verildiyini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi hallar öz təsdiqini tapmır. Ona görə də, Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən borcun tutulması tələblərinin, habelə həmin tələbdən irəli gələn faiz borcunun tutulması tələblərinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar