Məhkəmə qərarları › İş №2-2(103)-728/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-728/2023

21.09.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-728/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, X3 qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2-2(113)-3285/2023 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin halları ondan ibarətdir ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs xx.xx.2023-cü il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Maraqlı şəxs övladı xx.xx.2021-ci il təvəllüdlü X1 genetik xəstəlik olan Marshall- Smith sindromundan əziyyət çəkməsi səbəbindən, övladının müayinə və müalicəsinin Türkiyə Respublikasında həyata keçirilməsi ilə əlaqədar təcili müalicə lazım olduğu üçün istənilən zaman Türkiyəyə getmək məcburiyyətində qaldığını, həmçinin borc məbləğindən ödənişlər həyata keçirdiyini bildirərək ərizənin təmin edilməməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 18.942,24 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 18.942,24 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 18942,24 manat) olmaqla, ümumilikdə 18.942,24 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********543400 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

5. Maraqlı şəxs tərəfindən ərizə tələbinə qarşı etiraz təqdim edilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2-2(113)-3285/2023 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.

7. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə məhkəmənin istinad etdiyi ödəniş təqdim edilmiş ərizədə qeyd olunan borcun yalnız bir hissəsini əhatə edir. Eyni zamanda qeyd edilən məbləğ əvvəlcədən könüllü şəkildə deyil, iş məhkəməyə göndərildikdən sonra ödənilmişdir. Vergi ödəyicisinin hazırda ərizə üzrə ödənilməmiş borcu mövcuddur. MPM-in tələblərinə əsasən vergi ödəyicisinin borcunun olması kifayət edir ki, vergi orqanı tərəfindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təqdim edilsin. Yuxarıda qeyd olunan hal MPM-in tələblərinə əsasən ərizənin rədd edilməsi üçün əsas ola bilməz. Eyni zamanda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması onun övladının müalicə olunması imkanlarını istisna etmir. Həmçinin məhkəmə özü də qeyd edir ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcu mövcuddur. Məhkəmə ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı qanunvericilik normalarını nəzərə almamışdır, halbuki, fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir: 1) Hüquqi şəxsin dövlət büdcəsinə borcunun olması; 2) Maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması. Qeyd edilənlərə baxmayaraq məhkəmə kollegiyası tərəfindən bu amillərə diqqət yetirilməmiş, maraqlı şəxsin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması üçün bütün şərtlər mövcud olsa da, ərizə rədd edilmişdir. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə ödənilməmiş borcu mövcuddur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, işə əlavə edilmiş xx.xx.2023cü il tarixli qəbzdən görünür ki, qeyd edilmiş borc məbləğindən tərəfindən 3.000 manat məbləğində pul ödənilmiş, hazırda xx.xx.2023-cü il tarixində 2000 manat ödəniş etməyimə dair mədaxil qəbzini iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edir. Kiçik övladı xx.xx.2021-ci il təvəllüdlü X1 genetik xəstəlik olan Marshall-Smith sindromundan əziyyət çəkir, övladının müayinə və müalicəsi Türkiyə Respublikasında həyata keçirilir. Bu səbəbdən təcili müalicə lazım olduğu üçün istənilən zaman Türkiyəyə getmək məcburiyyətində qalır.

11. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

13. Konstitusiyanın 17-ci maddəsinə görə Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Konstitusiyanın 27-ci maddəsinə görə hər kəsin yaşamaq hüququ vardır. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır

15. Konstitusiyanın 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariyaepidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

16. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

17. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

18. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.1-ci maddəsinə əsasən həmin Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

19. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır.

22. Ərizədən məlum olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 18.942,24 manat məbləğində borcu olduğuna görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edir.

23. Ərizəçi ərizəsində Maraqlı şəxs xx.xx.2023-cü il tarixinə 18.942,24 manat məbləğində borcunun olduğunu qeyd etsə də, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, qeyd edilmiş borc məbləğindən maraqlı şəxs tərəfindən 3.000 manat məbləğində pul ödənilmişdir.

24. Bundan başqa Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilən övladı X1 Türkiyədə verilmiş analiz nəticələrindən görünür ki, Maraqlı şəxs genetik xəstəlik olan Marshall-Smith sindromundan əziyyət çəkir və xəstəliyin “klinik olaraq dəyərləndirilməsi” tövsiyyə edilmişdir.

25. İşə əlavə edilmiş həm Maraqlı şəxs və onun azyaşlı övladı X1 pasportunun surətindən görünür ki, Maraqlı şəxs övladını müayinə və müalicə olunmaq üçün Türkiyə Respublikasına aparmış və geri dönüş etmişlər. Eyni zamanda, maraqlı şəxsə məxsus Azərbaycan Respublikası vətəndaşının C01800608 nömrəli Pasportundan və onun oğluna məxsus Azərbaycan Respublikası vətəndaşının C03849008 nömrəli Pasportundan məlum olur ki, Maraqlı şəxs övladı X2 ilə hər ikisi eyni tarixlərdə (xx.xx.2022- xx.xx.2022, xx.xx.2022-xx.xx.2022) qısa müddətli ölkədən çıxmış etmiş və ölkəyə qayıtmışlar.

26. Birinci instansiya məhkəməsi tərəfindən açıq internet resusrlarından əldə edilmiş məlumatlara əsasən, Marshall-Smith sindromu genetik xəstəlik olmaqla, ilk vaxtlardan müalicə olunmanı tələb edilən xəstəlikdir. Belə ki, qeyd edilmiş xəstəliyin ilk çağlarında müalicə olunmaması sonradan əqli və fiziki geriliyə səbəb olmaqla nəticələ bilər.

27. Belə vəziyyətdə məhkəmə maraqlı şəxsin övladının yaşamaq hüququnun və sağlamlığının qorunması hüququnun təminatı baxımından onun ağır xəstəlikdən əziyyət çəkməsini nəzərə almaya bilməz. Düzdür dövlət büdcəsinə vergi və digər məcburi ödənişləri ödəmək hər bir şəxsin borcudur, bu vəzifə heç bir hada istisna edilə bilməz. Hazırkı vəziyyətdə isə maraqlı şəxsin övladının Konstitusiyada göstərilən yaşamaq hüququnun və sağlamlığının qorunması hüququnun təminatı daha zəruridir.

28. Apellyasiya baxışı zamanı məhkəmə iclasında maraqlı şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən qeyd edilmiş borc məbləğindən 2000 manat məbləğində pul ödənildiyi görünsə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmədiyindən məhkəmə kollegiyası tərəfindən qiymət verilməmişdir.

29. Məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq olunması üçün kifayət deyildir. Ölkədən getmək məhdudiyyətinin tətbiqi üçün maraqlı şəxsin vergi borcunu ödəməkdən yayınma məqsədilə ölkədən getmək ehtimalı olmalıdır. Şəxs müalicə məqsədi ilə bağlı olaraq qısa müddətə xaricə getməlidirsə, bu onun borcdan yayınması mənasına gəlmir. Ərizədə qeyd olunan, borc məbləğindən də Maraqlı şəxs tərəfindən ödənişin edilməsi, onun borcu ödəməkdən yayınmamasına işarədir. Hazırkı işdə maraqlı şəxsin övladının xəstəliyi ucbatından müəyyən müddətə xarici ölkəyə gedib qayıtması, həmçinin məhkəmə icraatı zamanı vergi orqanının tələb etdiyi borcun bir hissəsini ödəməsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məqsədəuyğun olmadığına dair əminlik yaradır.

30. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməməli, 14 iyun 2023-cü il tarixli, e-2-2(113)-3285/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2-2(113)-3285/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar