Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-729/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1150/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçıMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26423.97 manat əsas borcun, Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən əldən çıxmış fayda olaraq borcun əsas borc məbləğinin 5 faizi olan 1321 manatın, 5000 manat əldən çıxmış faydanın, 200 manat mediasiya və 500 manat vəkilə ödənilmiş haqqın ümumilikdə 33444.97 manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1150/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 26423.92 manat əsas borc məbləği, 1321 manat faiz məbləği, mediasiya xərcinin əvəzi olaraq 200 manat və hüquqi yardımla bağlı çəkilmiş xərcin əvəzi olaraq 500 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1150/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını pozmuşdur. Cavabdeh təhvil almadığı mala görə ödəniş etməyə borclu olmamışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən ödəniş əvvəlcədən və ya 20 gün sonra aparıla bilər. Maddi hüquq norması da onu deyir ki, ödəniş ya avans formasında ya də sonradan edilə bilər. Buna baxmayaraq imperativ maddi hüquq norması malın təhvil verilməsi şərtini müəyyən edir. Müqavilənin 2.4-cü bəndində isə təhvil-təslim şərti mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqe də onu deyir ki, elektron qaimələr təhviltəslim aktı hesab olunmur. Birinci instansiya məhkəməsi elektron qaimələri mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, onların mövcudluğu malların cavabdehə təhvil verildiyini sübuta yetirir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarı ilə müəyən edilir ki, həmin elektron qaimələr sübut növlərindən biridir, onlara da obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Birinci instansiya məhkəmə prosessual normanın tələblərini pozaraq həmin sübutlara (elektron qaimələrə) müstəsna əhəmiyyət vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
9. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
10. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
13. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
14. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
18. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
21. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 55/22 saylı alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" (Azərbaycan) ASC-nin istehsalı olan sementi (Optimal, Special, Sprint, Unikal və İnşaatçı) alıcıya satmağı və alıcının pərakəndə satış məntəqələrinə çatdırmağı, alıcı isə öz növbəsində hazırkı müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürmüş və müqavilənin 2.4-cü bəndinə əsasən ödənişlə bağlı şərt, alıcı satıcının "xxxx" ASC-nin AZ64PAHA40060AZNHC********** saylı bank hesabına əvvəlcədən və ya 20 iş günü ərzində ödəniş ediməsi şərtləndirilmişdir.
22. İddiaçı iddia etmişdir ki, malları təhvil versə də, ödənişi almamış, cavabdeh öhdəliyi pozmuşdur.
23. İddiaçı müqavilə, e-qaimələr təqdim etmişdir.
24. Qeyd olunanlardan göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirdikləri, buna dair sübutları təqdim etdikləri halda, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin mövqeyini nəzərə almadan qətnamə qəbul etmişdir.
26. Cavabdeh şikayətində qeyd edilən Plenum qərarına əsaslanmaqla e-qaimənin göndərilməsini malın təhvil verilməsini təsdiq edən sübut kimi qəbul edilməsini mümkünsüz hesab etmişdir.
27. Məhkəmə qeyd etmişdir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, hətta əksinə, cavabdeh şirkətin beş gün keçmədən belə ödənişlərin edilməsi tələb edilən bütün e-qaimələri şəxsən təsdiq etməsi cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdehin nümayəndəsi həmin e-qaimələrin onlar tərəfindən ləğv edilməsini bildirsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
28. İşdə olan xx.xx.2022-ci il tarixli EBBX406676 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 5328,01 manat dəyərində, eyni tarixli EBBX156075 saylı e-qaiməyə əsasən 4824,03 manat dəyərində, eyni tarixli EBBX406603 saylı eqaiməyə əsasən 5328,01 manat dəyərində, eyni tarixli EBBX722490 saylı e-qaiməyə əsasən 5615,86 manat və eyni tarixli EBBS812747 saylı e-qaimə əsasən 5328,01 manat dəyərində mal göndərildiyi qeyd olunmuşdur və göstərilən bütün qaimələr 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********638900 saylı kameral vergi yoxlaması haqqında məlumatına əsasən sistem tərəfindən deyil, cavabdeh hüquqi şəxsin özü tərəfindən təsdiq edilmişdir.
29. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla bir illik 1321 manat məbləğində borc əsaslı olaraq hesablanmışdır.
30. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını ümumiyyətlə təsdiq etməməsi deyil, birbaşa təsdiq etməməsi barədə mövqe bildirilmişdir. Eyni zamanda digər sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verilməsi göstərilmişdir. Göründüyü kimi məhkəmə qeyd edilən Plenum qərarındakı hüquqi mövqeyi nəzərə almış və e-qaimələrə düzgün hüquqi qiymət vermişdir.
31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 26423,92 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 26423,92 manat əsas və 1321 manat faiz məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
32. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Kollegiya qeyd edir ki, cavabdehin şikayətdə göstərdiyi məsələlər üzrə heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1150/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.