Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-73/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-731/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus əmtəə nişanından qanunsuz istifadənin qadağan olunması, cavabdeh tərəfindən ona məxsus əmtəə nişanından qanunsuz istifadə nəticəsində ona dəymiş 26.971 manat məbləğdə maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus “Mangal” əmtəə nişanından cavabdeh tərəfindən qanunsuz istifadə qadağan olunmuş, qalan hissədə iddia təmin edilməmiş, iş üzrə aparılmış məhkəmə ekspertizasının tədqiqatının dəyəri 100 manatın cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verib, iddia təmin olunan hissədə qismən ləğv edilib, iddianın tam rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-177/2020 nömrəli iş üzrə 11.08.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2019-cu il tarixli qətnaməsi iddia qismən təmin olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 212/2021 nömrəli iş üzrə 25.08.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.08.2020-ci il tarixli qətnaməsi iddia təmin edilən hissədə ləğv edilərək, həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Ali Məhkəmənin 25.08.2021-ci il tarixli qərarı qəbul edilən andan qüvvəyə mindiyindən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2019-cu il tarixli qətnaməsi də həmin andan iddia rədd edilən hissədə qüvvəyə mindiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız iddianın qismən təmin edilən hissəsi təşkil edir. İşdən müəyyən edilir ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş N 2015 1510 nömrəli şəhadətnaməyə əsasən, “Mangal Steakhouse” ********* nömrəli, ilkinlık tarixi 28.09.2015 olan əmtəə nişanı iddiaçının adına qeydiyyata alınmışdır. Həmin əmtəə nişanı “43-cü sinif - Kafe və restoran xidmətləri” üçün qeydiyyata alınmış və 28.09.2025-ci il tarixə qədər qüvvədədir. Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa görə, Cavabdeh MMC (VÖEN **********) 05.05.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.10.2019-cu il tarixli 21865 nömrəli ekspert rəyinə əsasən, 2015 1510 nömrəli şəhadətnamə əsasında beynəlxalq qeydiyyata malik “Mangal” əmtəə nişanı Cavabdeh MMC-nin adında olan “Manqal” sözü ilə fonetik və semantik əlamətlərdə eynilik təşkil edir. Cavabdeh MMC-nin adında olan “Manqal” sözü 2015 1510 nömrəli şəhadətnamə əsasında beynəlxalq qeydiyyata malik “Mangal” əmtəə nişanı qarşıdırılacaq dərəcədə oxşardır. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin 31.10.2019-cu il tarixli ekspert rəyinə görə, iddiaçıya məxsus “Mangal Steakhouse” kombinasiyalı əmtəə nişanı ilə müqayisə edilən Cavabdeh işarəsi dizayn, quruluş və görünüş baxımından fərqli olmasına baxmayaraq, işarənin əsas element olan “manqal” transliterasiyada “Mangal” sözü ilə qarışdırılacaq dərəcədə oxşardırlar. İddiaçı bildirir ki, cavabdeh ona məxsus əmtəə nişanı ilə qazandığı nüfuzdan öz mənafeyi üçün istifadə edərək, qazanc əldə edir, nəticədə qeyri-qanuni hərəkətləri ilə iddiaçıya maddi zərər vurulmasına gətirib çıxarır, tanınmış əmtəə nişanı “Mangal Steakhouse” ilə qarışdırılan əmtəə nişanından istifadə etməklə, istehlakçıların diqqətini cəlb etmək məqsədi güdür. Ali Məhkəmənin iş üzrə 25.08.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “45. Cavabdehin firma adında mövcud olan “Manqal” sözünün onun istifadəsində olan bütün ünvanlarda, yaxud konkret olaraq hansı ünvanda istifadəsinin qadağan olunması da apellyasiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Halbuki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2018-ci il 13 sentyabr tarixli qətnaməsində də Cavabdeh yazılan lövhələr hüquqi şəxsə məxsus obyektin adının bildirilməsi kimi qiymətləndirilmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, belə hüquqi yanaşma faktiki olaraq bir tərəfdən cavabdehin firma adının qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçirilməsi faktını qəbul etsə də, tanınan və təminat verilən firma adı kimi istifadənin qeyrimüəyyənliyini yaradır.
47. Beləliklə, hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması üçün istinad olunan normaların tələbləri baxımından iş hərtərəfli, tam və obyektiv araşdırılmaqla yenidən qiymətləndirilərək qətnamə qəbul olunmalıdır.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28.02.2012-ci il tarixli Qərarına əsasən, “MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.” Ali Məhkəmənin qərarının göstərişlərinin icrası ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən mübahisə ilə bağlı rəy alınmışdır. Həmin Agentliyin 31.01.2022-ci il tarixli rəyində göstərilmişdir: “Təqdim edilən İddiaçıZelmxan oğlunun adına qeydiyyata alınmış “Mangal steak house” (qeydiyyat nömrəsi № 2015 1510) nişanı və Cavabdeh nişanı Qanunun tələbləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın (bundan sonra - Qaydalar) 29.4, 29.5, 29.6-cı bəndlərinin tələbləri nəzərə alınmaqla fonetik, qrafik (görünüş) və semantik oxşarlıq baxımından müqayisə edilmişdir. Qeydiyyata alınmış “Mangal steak house” əmtəə nişanında “Mangal” söz işarəsi hüquqi mühafizə obyektidir. Nişanın tərkibində olan “steak house” söz işarələri isə hüquqi mühafizə obyektləri deyildir. Qarşı qoyulan Cavabdeh nişanında “dönər” söz işarəsi əmtəənin növünü bildirir. Qanunun 5-ci maddəsinin “c” bəndinə əsasən əmtəələrin və ya xidmətlərin növünü göstərən nişanlar (işarələr) əmtəə nişanı kimi qeydiyyata alınmır. Bu səbəbdən qeyd olunan söz işarəsi nişanların tərkibində mühafizəsiz element kimi qəbul olunur və onların fərqləndirilməsində əhəmiyyətli rol oynamır. Buna görə də müqayisə hüquqi mühafizə obyekti olan “mangal” və “manqal” sözləri üzrə aparılmışdır. Müqayisə zamanı Qaydaların 29.6-cı bəndinə əsasən nişanlarda (işarələrdə) ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü (yazılış tərzi), səslərin oxşarlığı, işarədə olan hecaların miqdarı və digər əlamətlər nəzərə alınmışdır. Təhlil nəticəsində müəyyən edilmişdir ki, müqayisə edilən “mangal” və “manqal” söz işarələrinin hər biri altı hərf və iki hecadan ibarət olmaqla həm qrafik (görünüş), həm də fonetik baxımdan oxşardır. İlkin təəssürat xidmət sahələrinin eyni xidmət şəbəkəsinə aid olduğu barədə fikir yarada bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq müqayisə edilən nişanlar oxşar hesab edilir. Buna görə də “manqal” nişanı qeydiyyata alınmaq üçün təqdim edilsəydi, qarışdırma ehtimalının yüksək dərəcədə olması səbəbindən, çox güman ki, ekspertizanın rəyi (qərarı) ilə rədd ediləcəkdi.” İşə yenidən apellyasiya qaydasında baxılarkən cavabdeh məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Azadlıq prospekti 107 ünvanda yerləşən, sahibi olduğu Cavabdeh kafesinin adını “Kabab Dönər” adı ilə əvəz etdiyini, digər ünvanlarda fəaliyyət göstərən hər hansı Manqal Dönər adlı kafelərə, həmçinin sosial şəbəkələrdə mövcud olan Manqal Dönər səhifələrə heç bir aidiyyətinin olmadığını bildirmişdir.
İşin müəyyən edilmiş faktiki hallarına mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında “Mangal” əmtəə nişanın istifadəsi ilə bağlı artıq hər hansı mübahisə qalmadığından, qətnamə işə məhkəmədə baxılmalı olmaması əsası ilə iddia qismən təmin edilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, məhkəmənin gedişində cavabdeh iddia ilə razılaşaraq, ondan tələb olunanı yerinə yetirib, iddiaçıya məxsus mübahisəli “Mangal” əmtəə nişanından istifadəni könüllü dayandıraraq, Cavabdeh kafesinin adını “Kabab Dönər” adına dəyişdirmiş, bununla da həmin əmtəə nişanından istifadə etmədiyini əməli hərəkətlə təsdiq etmişdir. MPM-in: Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və MPM-in 261-264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-731/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qətnaməsi iddia qismən təmin edilən - İddiaçı məxsus “Mangal” əmtəə nişanından Cavabdeh MMC tərəfindən qanunsuz istifadənin qadağan olunması hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Vahid Sadıqov İlham Kərimli